12px14px16px18px

Dünya dəyişir

Elnura CAVADZADƏ
02:11 / 30.03.2010
 
On ildir ruhum narahat və həyəcanlıdır. Yaşadığımız dünya çox böyük sürətlə dəyişir və biz hamımız bu dəyişikliyi öz köynəyimizdə yaşayırıq. Dünya o qədər dəyişib ki, hərdən elə bilirəm, mən bu həyatdan heç nə qanmıram... – bunu kolumbiyalı yazıçı Qabriel Qarsia Markes deyib. Amma lap ürəyimdən deyib. Çünki mən də son vaxtlar bir çox şeyləri anlamamağa başlamışam. Yəqin düşünəcəksiz ki, problem özündədir. Get həkimə, müayinədən keç. Amma, xahiş edirəm, tələsməyin. Əgər fikirlərimlə razılaşmasanız, xub. Günü sabah mən yollanım mərizxanaya. Ancaq izah edin görüm, niyə axı bu zamanda hər kəs özünü hamıdan ağıllı sayır. Baxıram ki, ömrünü elm yolunda şam kimi əridən ,gözünün işığını gündüzlər günəşin, gecələr ayın nuruna calayıb yorulmadan çalışan akademik qalıb bir yana, cahilliyi alnına yazılan kəs özündən qat- qat təcrübəli və ağıllı birinə akademik dillə ağıl aşılamağa çalışır.
Hamı tənqidi təhqir kimi qəbul edir və kimsə özündə qüsur görmür. Mən dili yanmışın da yadına “ən bədbəxt adam özünə olduğundan ağıllı görünəndir” misalı düşür. Əcəba, bədbəxtlərin sayımı artıb... Əstəğfürullah! Başlayıram narahat olmağa.
Hər yerindən duran şeir, hekayə, yaxud (150 vərəq söz toplaya bilsə) roman yazır. Amma kimsə kimsənin kitabını oxumur. Bu azmış kimi, vərəqləmədiyi, ideyasını qavraya bilmədiyi əsər haqqında “oxumağa dəyməz” deyir. Ən dəhşətlisi isə ədəbiyyat adlı dəryada damla olmağa çalışanlar klassik söz ustadlarının bostanına daş atır. Özü də utanmadan.
Səməd Vurğuna “aşıqdır”, Anara “yaza bilmirsən, yazma”, Çingiz Abdullayevə “onun əsərlərini yazmaq üçün yazıçı olmaq lazım deyil”, “ürəyinizdə oxuyun Füzulini”, “Nizamini çox şişirtmişik” sözlərini eşidəndə Allaha üz tuturam ki, daha yerdə qalmaq olmur, ya rəbbim. Əcdadlarımız qopuz çalıb, şeir deyən Qorquda dədə, el atası deyirdilər, biz isə...
Mirzə Cəlil sağ olsaydı, bu yerdə deyərdi ki, susun mənim türk qardaşlarım, insan nə qədər sabit və sakitdir, o qədər gözəldir. Elə ki başladı danışmağa, dəxi gözəllik də çıxıb getdi.
Necə ki, işə təzə başlayan, balaca pişiyə bənzər birinə deyirsən ki, qızım və ya oğlum, bilmədiklərini, çəkinmə, soruş, sözün ağzında qalır, pişik dönür olur şir. Hücum çəkir sənə ki, sübut elə, mən nəyi bilmirəm. Qəfil sıçrayışdan həyəcanlanıram. Təlaş içində onun üzündə izi qalmayan gözəllik və məsumluğu axtarıram. Hədəqəsindən çıxan gözlərimə yiyəlik edə bilməyən başım fırlanır. Niyə də fırlanmasın, “axı dünya fırlanır!”
Sonra ətrafdakılar başlayır qınamağa ki, gəncliyə fürsət vermirsiniz. Niyə, ona görə ki, adamlar ağıllı danışanı deyil, yüksək səslə danışanı eşidirlər. Daha bilmirlər ki, gəncliyin qayğısına biz də qalırıq. Amma niyə axı gənclərimizdə belə fikir formalaşıb ki, hər şeyi inkar etmək, yazılanı pozmaq, tikiləni sökmək, yaxşını pis, düzü əyri, ağı qara görmək – sivilizasiyadır. Məgər vəhşilikdən daha pis şey saxta sivilizasiya deyilmi. Özünü ifrat mədəni hesab edən insanlara baxıram, münasibətlər nə qədər dəyişib. Kimsə kimsəyə etibar etmir. Dost dostun dərdini şərik olmaq üçün deyil, onun zəif nöqtəsini, vurula biləcək yerini müəyyənləşdirmək üçün öyrənir. Qəmi nəinki gözlərindən, arxasınca sürüklədiyi ayaqları, havada yellədiyi əlindən süzülüb axan adamdan “nə isə narahatsan” sorduqda yazıq dilini dişləri arasında qanına qəltan edib, köks ötürərək “hər şey yaxşıdır” söyləyir. Sonra deyirlər, zob xəstələrinin sayı artıb, yod çatışmır. Vallah çatışmayan yod deyil. Əhdə vəfadar, etibarlı, comərd olanlardır. Gör dünyanın hansı yeridir ki, günün 10 saatını bir yerdə çalışan, tonlarla çörək yeyənlər biri digərinin yanında telefon zənginə cavab verə bilmir. Bundan ötrü qışın soyuğu, yayın istisində dəhlizin o baş-bu başında var-gəl edənləri görüb dəhşətə gəlirəm. Bu qəbildən olan biçarələr sərsəm filosoflar kimi dünyanın axırına neçə il qaldığını hesablayırlar. Məgər bu dünyanın axırı deyilmi ki, insan oğlu insandan qorxduğu qədər heç cin-şeytandan da qorxmur. Bəlkə təkamülün yırtıcılıq mərhələsindəyik? Tüküm ürpəşir. Əxlaqın ən əhəmiyyətli qanunlarından biri özü haqqında az danışmaqdır. Bunu anlasam da, “Segah” üstə “mənəm-mənəm” sızıldayanları başa düşmürəm. İnsanın mənəvi məziyyətinə edilən hörmət əsildir. Mən nisbi hörmətləri görəndə odlanıram: öldürün məni. Amma nadanlara başa salın ki, tale üçün nə dünən, nə də sabah var. Onun üçün yalnız bu gün var. O da bütün gün yox, bəlkə bir an. O anları ali məziyyətlərlə yaşayaq!...
 
 
Elnura CAVADZADƏ


Bu yazı ( 632 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar