12px14px16px18px

İrəvan tribunası

Elnura CAVADZADƏ
00:11 / 19.05.2010

 

Öz Vətəninin azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edə biləcək qüvvə yoxdur, deyiblər. Mənfur qonşularımız ermənilər də Azərbaycanın 20 faiz torpağını işğal etdilər, 1 milyondan çox insanın doğma yurdundan didərgin düşməsinə nail oldular, qoca, qadın və uşaqlara divan tutdular, tarix səhifələrinə əsrlərin şahidlik etmədiyi Xocalı soyqırımını yazdılar, zülmün ərşə qalxması həzzini yaşadılar. Lakin ... Dağlıq Qarabağ münaqişəsi həllinin uzandığı vaxt ərzində bu üç nöqtənin apardığı sonsuzluq qədər ürəklərində ağrı düyünü yarandı. Nə idi o? Bizim ruhumuzu məhv edə, ümidmizi qıra bilməmək acısı. İllər boyu qurduğu evi gözünün qabağında talan edilən, qaçqınlıq adı altında yaşamağa məcbur olan bir insanın “Ermənilər bizim evimizi, mədəni abidələrimizi məhv etdilər, lakin mənəviyyat abidəmizi talaya bilmədilər” sözlərini eşidəndə həm kövrəlir, həm də qürurlanıram. Qılınc yarası sağalar, söz yarası yox misalını xatırlayıb rahatlanıram. Qoy, bu sözləri eşidən erməninin qəlbi də odladığı xanimanlar ki, tüstülənsin. Qan yaddaşı – bir xalqın milli mənsubiyyətinin yaşadılması və istiqlaliyyətinin qorunması üçün vacib anlayışdır. Bir neçə gün öncə yeril və xarici kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olan bir hadisəni mən də diqqətlə izlədim. Kənd təsərrüfatı naziri İsmət Abbasovun İrəvan səfəri. Bu səfər mətbuatda birmənalı qarşılanmadı. “Nazir erməni dilində danışdı; Yaşadığı evə baxdı və s...” Xəbər jurnalisti kimi bu xəbərə dərhal münasibət bildərmək istəsəm də, bir qədər gözləməyə qərar verdim. Dedim ki, bəlkə tələskənliyə yol verərəm. Dünyanın bir çox xəbər agentliklərində səfərlə bağlı bu sözləri oxudum. “Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov: “Bizim ölkəmizin başçısı münaqişənin sülh yolu ilə, qan tökülmədən həllinə tərəfdardır. Bu, mümkün olmadığı təqdirdə, alternativ variantlar nəzərdən keçiriləcək, həmçinin hərb yolu!” Erməni agentlikləri isə “Azərbaycan naziri İrəvanda Dağlıq Qarabağ münaqişəsinin hərb yolla həllindən danışdı” başlıqlarını anonsa çıxartdı.
Bizdə yazılanları oxuyanda tüklərim ürpəşdi. Mənim İsmət Abbasovun kənd təsərrüfatına cavabdeh şəxs kimi rəhbərlik etdiyi sahədə edib və etmədiklərindən təfsilatı ilə xəbərim yoxdur. Bu, başqa söhbətin mövzsudur. Amma qədim torpağımız olan İrəvanda dövlətimizin hər zaman bəyan etdiyi fikirləri bir daha, özü də bu dilbilməzlərin öz dilində söyləməkdə pis nə var ki? Məgər görmüsüz ki, ATƏT-in Misk qrupunun ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlərinin həmsədrləri belə onları haqq yoluna gətirib, nəyisə anlatmaqda çətinlik çəkir? Niyə? Çünki dillərini bilmirlər. Kənd təsərrüfatı nazirinin ermənilərin öz torpaqlarında, gözlərinə baxa-baxa dedikləri – ölkə başçısından tutmuş-adi vətəndaşa kimi hər birimizin sözüdür. Söyləmək arzusudur. Düşmənin dilini yaxşı bilmək, o qədər güclü olmaq deməkdir. Sözü söyləmək üçünsə başlıca şərt istedad, dediyinin eşidilməsi üçün mühakimə yürütmək bacarığı, mənəvi haqq və nəhayət sözün deyilmə tribunasıdır. Özgə torpağını mənimsəyən işğalçı ölkəyə söz söyləmək üçün ən yaxşı tribuna elə İrəvanda idi. O ki qaldı İsmət Abbasovun yaşadığı evə baş çəkməsinə, bu, onun nazir kimi deyil, vətəndaş İsmət Abbasov kimi mənəvi haqqı idi. Ermənilər ürəyimizin dağı, könlümüzün qübarı Şuşa, Kəlbəcər, Laçında heç bir haqqı olmadan, qırmızı-qırmızı gəzə bilirlər?! Heyhat. Gün o gün olsun ki, hər birimiz həsrət qaldığımız oylaqlarda gəzib, ata-babalarımızın məzarını ziyarət haqqına qovuşaq.Amin!
Elnura CAVADZADƏ




Bu yazı ( 520 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar