12px14px16px18px

Azərbaycan naminə

Elnura CAVADZADƏ
03:06 / 16.10.2010
Bir əsrin fəlsəfi müdrikliyi sonrakı nəsillərin sağlam düşüncəsinə çevrilir. Mən də dəyərli həmkarlarımın insan və cəmiyyət haqqında yazdıqları və söylədiklərini diqqətlə oxuyur və dinləyirəm ki, bizdən sonra gələnlər təfəkkür və təxəyyül mirasımızdan yararlana biləcəklər, ya yox? Son zamanlar ölkə mətbuatında, veb səhifələrdə – “təfəkkürlərdə inqilab lazımdır”, “ölkə inkişafa doğru dəyişməlidir” , “dəyərlər dəyərləndirilməlidir” bu qəbildən – məsləhət xarakterli fikirlər tez-tez rastıma çıxır. Elə hey düşünürəm. Tutalım, hörmətli qələm sahiblərinin “məlidir”ləri doğrudan da edilməlidir.Amma kim və necə etməlidir axı?! Bax onu deyən yoxdur. Heç kim inciməsin, bizdə elə bil göstərilən problemin təkcə bir cəhəti çərçivəsində qapanıb qalmaq adət halını alıb. Hamı hər şeydən narazıdır və razı olmağın yolunu da bir nəfərdən gözləyir. Bəlkə inkişaf sözünə yanaşma paradiqmasını ümumiyyətlə dəyişməliyik? Əslində böyük inkişafa o zaman nail olunur ki, hər kəs üzərinə düşən məsuliyyətin dərkinə varır. Bu isə bütün vətəndaşlara şamil edilir. Adi fəhlədən tutmuş, ən ali vəzifə sahibinə qədər. Bax, bundan yazılmalıdır, bu barədə müzakirələr, yazışmalar aparılmalıdır. Deyirlər, ağıllı yazıları oxuyan tapılmır. Çünki camaatı pis öyrətmişik. Bəzi mətbuat, internet səhifələrindəki köşə yazılarını döndərmişik qeybət bazarına. Allaha min şükür olsun, indi 5 yaşında uşağın da mobil telefonu var. Şəxsi söhbətlərinizi şəxsi telefonlarınızda etsəniz, yaxşı olmazmı? Şəxsən mənə kimin kimə hansı münasibəti var, kim vəzifəyə kimə və nəyə görə gəlib, maraqlı deyil. Deyəcəksiz ki, maraqlı deyil, oxuma. İcazə verin, sizinlə razılaşmayım. Çünki yetişməkdə olan nəsil sizdən örnək alır axı. Elə dövlətin əsasını da gənc nəslin düzgün tərbiyəsi təşkil edir. Cəmiyyətdə mənəvi aşınma gedir. İnanın mənə və bizim bəlamız da budur. Mən başbilənlərdən, öndə gedən ziyalılarımızdan bunun qarşısının alınması istiqamətində fəallıq gözləyirəm. Son 100 ildə dünyanın inkişaf mənzərəsində görünənlərlə yanaşı, görünməyən qüsurlar da az deyil. Nöqsanlar barədə deyilənlərsə, heç kəsin vecinə deyil. Haqq nahaqqa qalib gələ bilmir, əzizlərim, dünyanın dərdi dərmanından çoxdur. İnsanlar mənəvi dəyərləri iqtisadi qazanca qurban verirlər. Qazanc çoxaldıqca qurbanların da sayı artır. İt saxlamaq uşaq saxlamaqdan sərfəli görünür. Hərdən yadıma Molla Nəsrəddinin sözləri düşür. “Dava yorğan davasıdır”. Bu davakarların qarşısında millətin dərdinə dəva yoğurmaq istəyənlər isə yorulub-əldən düşür. Axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulanda, axırıncı çay zəhərlənəndə insanlar başa düşəcəklər ki, pulu yemək olmur. Bu isə mənim yox, qərb mütəfəkkirinin fikirləridir. Daha doğrusu, bəşər övladına ünvanlanan ismarıcdır. Pul yeyilmədiyi halda insan qurd-quşa yem olacaq, axı! Bəli, yenə də intensivləşən mənəvi aşınma fikrinə qayıdıram. Ailələr zəifləyir, fitnə-fəsad çoxalır. Çoxalan azarlarımızı azaltmaq, hər şeyin axırına çıxmamaq üçün çıxış yolu axtarmalıyıq. Bu axtarış yolunda fikir karvanımız isə yorulmayıb, azıb. Qumlu səhrada azmaq isə ölümə bərabər şeydir. Özümüzə qayıtmaq üçün gəlin, dənizkənarı parka çıxaq. Bəlkə, üzümüzə dəyən payız küləyi fikirlərimizə aydınlıq gətirər. Ayıq başla da qarşıdan gələn parlament seçkilərinə gedək. Arzuladığımız inkişaf strategiyasının müəyyənləşdirilməsində bu qanunverici orqanın rolu da az deyil. Seçkidə isə nə yorulmaq, nə azmaq, nə də aşmaq olar. Küləyin istiqamətini nəzərdə tuturam. İrəli, Azərbaycan və Azərbaycançılıq naminə!
Elnura CAVADZADƏ





Bu yazı ( 595 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar