Yay gecəsinin röyası
ANAR
03:14 / 09.10.2010
Ekranda televiziya diktoru. Diktor:
– Hörmətli televiziya tamaşaçıları! Xəbər verildiyi kimi bu gün Çıldağ mağarında Az. Yaz. Poz cəmiyyətinin növbədənkənar səyyar məclisi keçirilmişdir. Mağara adamları... üzr istəyirəm, bağışlayın, mağara toplaşan adamlar kadr məsələsini müzakirə etmişlər. Məclisi qocaman ağsaqqal və başbilən Ata Babalı açmışdır.
Ekranda mağar. Ata Babalı toplantını açır:
– Hörmətli baytarlar... bağışlayın, bayanlar və baylar, xanım-xatunlar, nanəciblər... bağışlayın... alicənablar. Məlumunuz olsun ki, cəmiyyətimizin Başqanı Çinar Cirdimani – Beyləqani səhhətiylə bağlı olaraq istefa haqqında ərizə verib.
Yerdən səslər: – axır ki.
– nəhayət...
– ölmədik bu günü də gördük
– yastığı ağır olsun
– Allah şəfa verməsin
Ata Babalı:
– Sakit yoldaşlar, toxtayın cənablar!Allah şəfa versin ya verməsin bu bizim səlahiyyətimizə aid olan məsələ deyil. Biz Allahın və yuxarı təşkilatların işinə qarışa bilmərik. Allah və yuxarı təşkilatlar özləri bilən yaxşıdır. Biz yalnız qaldırılan məsələyə öz münasibətimizi bildirməliyik. Kim cənab Çinar yoldaşın istefasının qəbul olunmasının tərəfdarıdır, qoy əlini qaldırsın. Bir, iki, beş, on, on beş, cənab Qələndərli yoldaş iki əlinizi qaldırmağa ehtiyac yoxdur, bir əlinizi qaldırsanız yetər.
Cənab Qələndərli yoldaş:
– Mən onun qanını şərbət kimi içərəm, üstündən də, əlbəttə qonaq edən olsa, yüz əlli qram araq.
Ələkçinin qıl verəni (Ata Babalının qulağına):
– Bu Qələndərli bir vaxtlar Hollüvudda vampir rolunda çəkilmək üçün qan içməyi vərdiş etmişdi. Sonra bu baş tutmadı, bu qan hərisindən zəli olmayan yerdə zəli kimi istifadə etməyə başladılar. Haqq üçün demək lazımdır ki, qanını zəli kimi sorub neçə xəstəni sağaltdı...
Nazlı Qəmzəli:
– Mən bu təklifə nəinki iki əlimi, lap iki ayağımı qaldırmağa hazıram.
Ata Babalı:
– Çox gözəl, çox da pakizə. Pakizə xanım deyəsən sizin də sözünüz var. Buyurun.
Pakizə:
– Mən təklif edirəm ki, istefanı can-başla qəbul etməklə bərabər cənab Çinar yoldaşa pasportuna yazılmaq şərtilə şiddətli töhmət də verək.
Ata Babalı:
– Bu barədə əlaqədar təşkilatlardan hələ ki, heç bir təlimat almamışıq. Beləliklə kim təklifin lehinədir? Gözəl. Əleyhinə yoxdur, bitərəf qalan yoxdur. Cənab Çinar Girdimani-Beyləqaninin istefası qəbul olunur.
Gurultulu alqışlar. Hamı çəpik çalır.
Ata Babalı:
– İkinci məsələ yeni Başqan seçməkdir. Nə kimi təkliflər olacaq?Buyurun cənab Bəhməz Ballı yoldaş.
Bəhməz Ballı:
– Mən təklif edirəm ki, Başqan vəzifəsinə istedadlı gənc dostumuz, fərasətli, məharətli, mətanətli, sədaqətli, səxavətli, kəsafətli... bağışlayın, kəramətli, əzəmətli, həşəmətli, həcəmətli, ədalətli, cəsarətli, şücaətli, fəzilətli cənab Canbala yoldaşı seçək.
Gurultulu alqışlar. Hamı çəpik çalır. Yerdən səslər:
– Yaşasın Canbala!
– Var olsun Canbala!
– Canbalaya eşq olsun!
– Canbalaya can qurban!
Ata Babalı:
–Lehinə – bir iki, bizimki, üç dörd qapını ört, üç, beş, on beş... Əleyhinə –yoxdur. Bitərəf –yoxdur. Beləliklə gələcəyin böyük yazıb –pozanı cənab Canbala yoldaş Az. Yaz. Poz. cəmiyyətinin Başqanı seçilir.
Bəhməz Ballı:
– Ayağı sayalı, qədəmi mübarək, yolu uğurlu-xeyirli, yıqvalı açıq, günü xoş, axşamı boş, gecəsi meyxoş, sabahı sərxoş olsun Canbala müəllimin! Ura!
– Urra! Vurrey! Vur hey! – sədaları mağarı bürüyür.
Ekranda yazı:
SƏHƏRİSİ GÜN. SƏHƏR SAAT 7. 00
Az. Caz. Poz cəmiyyətinin binası qarşısında Canbala QAZalaqdan enir. Hardasa güncdə-bucaqda gizlənib marıqda durmuş qəzetçilər hər tərəfdən yarasalar kimi onun üstünə cumurlar.
İncə-mincə qız:
– Mən “Avamlıq” qəzetinin müxbiri Ofelya Hamletqızı Maqbetzadəyəm. Oxucularımızı bir sual maraqlandırır: Doğrudanmı Çinar Girdimani-Beyləqaninin idarədəki gizli seyfində 40 min rus rublu, əlli min ABŞ dolları, altmış min avro, yetmiş min funt sterlinq, səksən min alman markası, doxsan min yapon ieni və üç manat yetmiş qəpik Azərbaycan manatı saxlanırmış?
Canbala:
– Bilmirəm. Seyf hələ açılmayıb.
Yaşıl eynəkli oğlan:
– Mən “Ədavət” qəzetinin köşə yazarı Kərbəlayı Əmanətəm. Adının açıqlanmasını istəməyən bəzi mənbələrdən məlumat almışıq ki, Az. Yaz. Poz cəmiyyətinə üzv olmaq üçün rəhbərliyə qırx qoyun, iyirmi qoç, on keçi, yeddi inək, səkkiz buzov, yüz otuz beş toyuq-cüçə, iki yüz otuz üç kənd yumurtası, iki paket smetan verilirmiş? Bu barədə nə deyə bilərsiz?
Canbala:
– Hələ ki, bu barədə məlumatımız yoxdur. Yoxlayarıq, baxarıq.
Qaşqaldağa oxşayan oğlan:
“Mən “Şər qarışanda” jurnalının şərçi şərhçisiyəm. Məşhur toy tamadası Ağzıköyçəyov bəyan edib ki, “Az. Yaz. Poz” cəmiyyətinin birinci mərtəbəsində yapon restoranı açılıb, ikinci mərtəbəsində kişi bərbərxanası, üçüncü mərtəbəsində qadın hamamı, hətta redaktorumuz orda qadınlarla çılpaq şəklini də çəkdirib, dördüncü mərtəbsində avtomobil dükanı, beşinci mərtəbəsində kazino, altıncı mərtəbəsində Gecə klubu-Striptiz-bar yerləşdirilib. Bu məlumatı təsdiqləyə bilərsinizmi?
Canbala (binaya nəzər salaraq):
– Axı bina beşmərtəbəlidir. Altıncı mərtəbədə necə striptiz klub yerləşdirmək olar?
Qaşqaldağa oxşayan oğlan:
– Altıncı mərtəbə olmasın, dam olsun. Məgər damda soyunmaq olmaz?
Cüllütə bənzər qızcığaz mikrofonu Canbalanın ağzına soxur:
– “Perdinq” qəzetinin redaktoru Alla Bəzək. Yaradıcılıq planlarınız haqqında nə deyə bilərsiz, cəmiyyətin işində dönüşü necə yaratmaq fikrindəsiniz, Afrikada aclıq çəkənlərə yardım üçün hansı tədbirlərə əl atacaqsınız, Haiti zəlzələsindən roman yazmaq fikriniz varmı, velosiped yarışlarına qatılmaq barədə nə düşünürsüz, donuz qripinə üstünlük verirsiz ya quş qripinə, üzvlərinizdən donuz qripinə yoluxanlar varmı? Yazmaq və pozmaq planını bu ilin sonuna qədər doldura biləcəksinizmi?
Canbala:
– Üzr istəyirəm, bu qədər suala birdən cavab vermək çətindir, özü də yaman tələsirəm. Telefonlar məni gözləyir.
Canbala bir təhər jurnalistlərin əlindən canını qurtarıb hövlnak iş otağına daxil olur. Otağındakı yeddi telefonun yeddisi də zəng çalır. Canbala cumub bir-bir bütün telefon dəstəklərini qaldırır və hamısına bir yerdə cavab verir:
– Çox sağ olun, var olun, minnətdaram, Allah əskik eləməsin, baş üstə, gözüm üstə, həmişə qulluğunuzda hazır, buyurun gəlin.
Növbəti telefondan qadın səsi gəlir:
– Salam əzizim, gözüm-canım, əfəndim, sevdiyim, dövlətli sultanım, nəhayət ki... axır ki... otuz beş illik həsrətimiz sona yetdi, axır ki, otuz doqquz illik arzumuz həyata keçdi, inan ki, doxsan səkkiz illik həyatımda bu ən xoşbəxt gündür. Tanımadın? Elə olar tanımazsan da, yoxsa sən də vəzifə başına keçən kimi heç kəsi tanımırsan?Güləndam xanımdır da, bibin, xalan, nənən Güləndam. Canınçün, canımçün, balalarımın, nəvələrimin, nəticələrimin, kötücələrimin canıyçün bu gecə ilan çalan yatıb, mən yatmamışam. Əlbəttə ki, sevincimdən, bəs necə?Az qala bir əsr gözlədiyim gün nəhayət gəldi. Arxayın oldum ki, gələn il mənim yüz illiyim axır ki, layiqincə qeyd ediləcək, öləndə də şərəf bağında dəfn olacam. Bilirsən mən şöhrətpərəst adam deyiləm, fəxri ad, orden-medal, xüsusi qəbiristanlıq filan tamarzısı deyiləm. Amma axı dost-düşmən var, milyonlarca oxucum məndən xəbər alır, necə olur ki, siz indiyəcən beş-altı orden, dörd-beş fəxri ad almayıbsınız, necə olur ki, Sizi elə sağlığınızda klassik elan edib aparıb Şərəf bağında basdırmayıblar? Yəni Şərəf bağına da layiq deyilsiz? Üç il bundan qabaq yetmiş yaşım tamam olanda mənə Dövlət yazıb-pozanı fəxri adı vermək istəyiblər. Çinar (istehzayla) Girdimanski-Beyləqanski gedib mənim adımı pozdurub yerimə öz adını yazdırıb. Belə də biabırçılıq olar?Axı mən yeganə yazıçıyam ki, İt ilində Çində poemam çıxıb. Bilirsən də, İt ili Çində ən şərəfli il sayılır, həmin il bütün atları qırırlar və itlər il boyu bayram edir. Neçə vaxtdır çimmirdim, amma bu şad xəbəri eşidən kimi son otuz ildə ilk dəfə, yerin məlum, duş qəbul elədim. Bilirəm ki, sən bütün ədalətsizliklərə son qoyacaqsan, layiq olduğum adları, orden-medalları layiq olmayanlardan alıb mənə verəcəksən. İnşallah öləndə də ki,.. day nə deyim, özün bilirsən... Xalanın, bibinin, nənənin, yəni mən Güləndam xanımın dünyadan nigaran getməsinə razı olmayacaqsan. .
Canbala telefonun dəstəyini təzəcə yerə qoymuşdu ki, qapının arasından bir baş göründü, dalıycan da iri bir gövdə içəri daxil oldu. Salam-kəlamsız:
– Kaneşna-dedi
– Nə?
– Kaneşna, biz yada düşmərik. Yetmiş yeddi yaşım var, nə qədər və se, nə qədər və be, nə qədər ia olar? Elə ia, ia, ia...
Katibə qapıda göründü, baxsın görsün ki, bu səs hardan və kimdən çıxır. Müsafir isə elə hey : ia, ia, ia – deyirdi.
Canbala:
– Axı sözünüz nədir?
– Sözüm ia... Yəni il axır... Hansı siyahı tərtib olunursa mənim adım gələndə “i. a”, il axır yazırlar. Ya da və se, ya da və be.
– Və se, və be nə deməkdir?
– Və sairə, və başqaları. Görürsən siyahı tuturlar – filankəs, bəhmənkəs çıxış etdi, mənim adım gələn yerdə və s. yəni və sairələr, və b. yəni və başqaları yazırlar. Bir şey olan kimi hamının yazdığı-pozduğu yada düşür, mənə gələndə elə ia, ia. ia... ia. ia. ia...
Katibə ikinci dəfə qapıda göründü, təəccüblə baxdı, səsin mənbəyini hələ də təyin edə bilməmişdi.
– İa, ia, ia...
Canbala:
– Arxayın olun – dedi – tapşırarıq bundan sonra və “se”ni da, və “be”ni də, “ia”nı da sizin adınızdan sonra yazarlar.
– Bir də ki, bu il mənim yetmiş səkkiz yaşım tamam olur. Cəmiyyətimiz qırx, qırx beş, əlli, əlli beş, altmış, altmış beş, yetmiş, yetmiş beş yaşımı təntənəli şəkildə qeyd elədi, amma nə səbəbdənsə cənab Çinar yoldaşın yetmiş altı, yetmiş yeddi yaşım yadına düşmədi. Odur ki, güman edirəm, 78 yaşım mənim nəhəng, azman, fövqəladə, xaruquladə, cahanşümul, planetar xidmətlərim nəzərə alınaraq layiqincə qeyd olunacaq. Bilirsiz ki, mən şöhrətpərəst adam deyiləm, heç vaxt fəxri ad, orden dalıycan qaçmamışam. Yeddi ordenim, on yeddi medalım var, bəsimdir, amma axı dost var, düşmən var, yəni yetmiş səkkiz yaşımda cahanşümul xidmətlərinə görə dünya şöhrətli yazıçı, yəni mən səkkizinci ordeni alsam bu ədalətin təntənəsi olmazmı?. Fəxri ad da ki, öz yerində. Hamı mənə deyir ki, sən çox təvazökarsan, odu ki, it dəftərində adın yoxdu. Təvazökar olmağına həqiqətən, təvazökaram , amma məgər bunu bilən var?Yoxsa elə ia, ia, ia...
Canbala gördü ki, bu “ia”lar bitməyəcək, odur ki, düyməni basdı, katibəyə:
– Yoldaş katibə yoldaş-dedi-orda gözləyən varsa buraxın gəlsin.
Otağa arıq, cılız bir kişi daxil oldu:
– Olar?
– Buyurun
– Gəlmək olar?
– Bəli, buyurun
– İçəri girmək olar?
– İçəridəsiniz də. Əyləşin.
– Əyləşmək olar?
– Olar, əyləşin.
– Salam.
– Əleykəssalam.
Ayağa durub əlini uzatdı:
– Mənzil Məsləkli.
– Çox gözəl. Əyləşin,
– Əyləşmək olar?
– Əlbəttə, buyurun, əyləşin.
– Doğrudan?
– Bəli, bəli, əyləşin.
– Fəxrimizsiniz...
– Nə?
– Deyirəm fəxrimizsiniz, başımızın ucalığı, millətimizin iftixarı, vətənimizin şərəfi, ölkəmizin qeyrəti, məmləkətimizin namusu, ədəbiyyatımızın vicdanısız...
– Çox sağ olun, amma...
– Bir xahişlə gəlmişəm, olar deyim?
– Buyurun.
– Bilirsiz, xasiyyətcə mən çox utancaq adamam, bir söz deyəndə, bir xahiş edəndə az qalıram yerə girəm. Amma bıçaq sümüyə dayanıb, heç belə çətin vəziyyətə düşməmişdim. Heç kəsin dalınca danışmaq istəmirəm, amma sizdən əvvəl bu vəzifədə oturan adam məni başa düşmədi, kömək etmək istəmədi, indi göydə Allahı, yerdə Sizi deyib, sizə pənah gətirmişəm.
– Buyurun, sözünüzü deyin.
– Olar deyim?
– Olar, buyurun.
– Başınızı ağrıtmıram ki?
– Yox, buyurun, sözünüzü deyin, orda gözləyənlər var.
– Olar sözümü deyim?
– Bəli, bəli, bəli...
– Başınızı ağrıtmaq istəmirəm, vaxtınızı çox almayacam, bir iki kəlmə sözüm var, onu demək üçün gəlmişəm. Olar?
– Deyin görək.
– Heç bilmirəm necə başlayım, nədən başlayım. Əlqərəz sizdən əvvəl bu vəzifəni tutan adam mənim vəziyyətimi başa düşmək istəmədi.
– Bunu bildim, buyurun xahişiniz nədir?
– Olar da deyim?
– Əşi olar, çoxdan olar, di deyin görək nə istəyirsiz?
– Sizdən əvvəl bu vəzifədə oturan adamdan xahiş etmişdim ki, mənə mənzil versin, vermədi. Verməməsi bir yana dursun, bilirsiz mənə nə dedi?
– Nə dedi?
– Olar deyim?
– Deyin.
– Dedi ki, axı sovetin vaxtında bu təşkilatdan dörd otaqlı mənzil almısan. Təsəvvür edirsiniz, mənə bu sözü dedi.
– Doğrudan da dörd otaqlı mənzil almısınız?
– Bəli, o vaxt almışdım
– Bəs onda...
– Olar deyim?
– Deyin.
– O dörd otağı oğluma verdim, oğlumu evləndirdim, üzüm ayağınızın altına, uşaqların anasının xasiyyəti bir az tünddür, bildim ki, gəlinlə yola gedə bilməyəcək, odur ki, dörd otağı oğluma verdik, qaldıq üç otaqda...
– Üç otaq hardan çıxdı?
– Olar deyim?
– Deyin.
– Onu hələ sovetin vaxtında Sizdən əvvəlki Başqanlardan biri vermişdi mənə, Allah ona qəni-qəni rəhmət eləsin.
– Bəs onda...
– Allahdan gizli deyil, sizdən nə gizlədim? O üç otaqlını da nəvəmə verməli olduq. Demə gəlinimizin xasiyyəti də çox tünd imiş, heç cür nəvəmin arvadıyla yola getmək istəmədi, odur ki, o üç otağı nəvəmə verdim, qaldıq iki otaqda.
– Bəs o iki otağı kimdən aldınız?
– Olar deyim?
– Bəli.
– Kimdən alacam, Çinardan. Təşkilata iki mənzil vermişdilər, birini mənə verdi. Mən sözü açıq deyənəm, fəxrimizsiniz, iftixarımızsınız, başımızın ucalığısınız, millətimizin...
– Yaxşı indi xahişiniz nədir?
– Sizdən əvvəlki başqana yaxşılıqla, xoşluqla izah elədim ki, nəvəmin arvadının xasiyyəti bir az tünddür. Heç vaxt nəticəmin arvadıyla yola gedə bilməyəcək.
– Nəticənizin neçə yaşı var?
– Doqquz. Maşallah elə tez böyüyür ki, papağını belə hərləyəcəksən hədd buluğa çatacaq, bir də görürsən iki ayağını dirədi bir başmağa ki, evlənirəm. Yaxşı, arvadını hara gətirəcək? Axı qulluğunuza ərz etdim ki, iki qoçun başı bir qazanda qaynamaz...Mən biçarə, mən başıbəlalı, mən bədbəxt bu iki otağı da nəticəmə verəndən sonra harda qalacam, çölü-biyabanda? Heç insafdır ki, Çinar bu zülmü mənə elədi. Düzdür mən də bu hayfı onda qoymadım. O ki, iki otaqlı mənzili mənə verdi, o saat bir yaxşı məqalə tutuzdurdum ki, Az.Yaz.Poz-da mənzillər ədalətli bölünmür, mənzil maxinasiyası var. Misal istəyirsiniz, elə biri mən. Ev növbəsinə durmaya-durmaya mənə mənzil verdilər. Mən yaxşılığı unudan adam deyiləm. Bu yaxında Monqolustana getmişdim, hamı bir ağızdan sizi tərifləyirdi. Ürəyim dağa döndü. Fəxrimizsiniz...
– Monqolustanda məni hardan tanıyırlar?
– Necə hardan? Bə mən ölmüşəm bəyəm. Qabağıma kim çıxırdı sizdən danışdım, ağlınızdan, zəkanızdan, istedadınızdan, alicənablığınızdan, humanmizminizdən... Fəxrimizsiniz...
– Siz məni hardan tanıyırsınız axı?
– Necə hardan, neçə aydır söz- söhbət gəzmir ki, sizi Başqan eləyəcəklər? Biz də çörəyi burnumuza yemirik ha...Odur ki, bu mənzil məsələsi üçün Mirzə Cəlil rəhmətlik demişkən “sizi deyib gəlmişəm”.
– Təəssüf ki, indi sovet vaxtı deyil, bizim də ev vermək imkanımız yoxdu. Odur ki, çalışın doqquz yaşlı nəticənizin evlənmək vaxtı gələndə elə arvad alsın ki, qayınanasıyla yola gedə bilsin.
Birdən-birə Mənzil Məsləklinin sifəti dəyişdi:
– Deməli belə, deməli sən də Çinarın tayıymışsan. Çox gözəl. Mən gecə gündüz vətən, millət dərdi çəkim, işğal olunmuş torpaqlarımızın, bir milyon qaçqınımızın fikrini eləyim, sən də belə vətənpərvər insana bir mənzili qıymayasan? Eyib etməz, mən ömrüm boyu çox başqanları yorub yola salmışam, “Ayaq yolu” qəzetinin sabahkı sayında özün haqqında iki qoşa səhifəlik yazını oxuyarsan, ağlın başına gələr. Bura gələndə bərayi-ehtiyat yazımı qəzetə vermişdim ki, məsələ yoğunlasa çap eləsinlər. İndi bir himimə bənddirlər. Xüdahafiz, sabah qəzet səhifələrində görüşənədək... Olar gedim?
– İxtiyar sahibisiniz.
Mənzil Məsləkli qapını gurultuyla çırpıb çıxan kimi, Qaragül Sarıbazarlı içəri daxil oldu:
– Ay səni xoş gördük, eloğlu – dedi – axır ki, arzumuz ürəyimizdə qalmadı, nəhayət ki, biz də fələkdən doyunca kam aldıq. Təbrik, təbrik... Səndən nə gizlədim, neçə ildir bura gələndə ilk öncə tualetə baş çəkirəm. Həmişə də burnumu tutub çıxıram. Başqa idarələrin urvatlı tualetlərini görəndə ağzımın suyu axırdı həmişə. İndi sən birinci gündür ki, iş başındasan, hər şey dərhal kökündən dəyişib. Tualetə girdim, ürəyim açıldı. Gül qoxuyur, yovşanlı, bənövşəli, laləli, yarpızlı çöllərimizin, başı qarlı, döşü barlı, buz bulaqlı, al duvaqlı dağlarımızın ətri gəlir tualetimizdən, adamın qəlbinə doğma yerlərin rayihəsi dolur, bahar nəsimi gəlir, heç ordan çıxmaq istəmirsən. Sağ ol, eloğlu, sağ ol ki, ilk addımından bura millət ruhu, xalq qoxusu gətirdin. Başın haqqı bilirəm, daha böyük işlər də görəcəksən. Bəzdir daha saray ədəbiyyatı yarandı. Tövlə ədəbiyyatı yaratmağın vaxtı çoxdan çatıb. Çoxumuz ordan çıxmamışıq bəyəm, insan da ilk eşqini unudarmı? Yeri gəlmişkən, gələn il mənim də yubileyimdir. İndiyəcən heç bir orden medal, fəxri ad almamışam. Eloğlu, indi gərək elə edəsən ki, hamısını birdən versinlər mənə – nə qədər orden-medal var, fəxri ad var, hamısını. Təzə mənzildəki, rus demiş, sama saboy...Yoxsa bilirsən də, bizim çobanlar demişkən çevirərəm çomağın o biri başını. Hələ bilmirlər ki, mənim necə boz üzüm var. Ümumiyyətlə bilmirlər ki, mənim neçə sifətim var. O dəhlizdə şəkillər asmısınız ha, hamısının gözünə siqaret basaram.
Sarıbazarlı otaqdan çıxmamış Məmo Qonaqoğlu otağa varid oldu.
– Vaxtınızı çox almaycam, qəbul otağında bir sürü adam gözləyir-dedi-bir neçə xahişim, daha doğrusu təklifim, daha doğrusu tələbim var. Birincisi Nizami muzeyinə dədəmin adını versinlər, qarşısındakı bağda Nizaminin yanında dədəmlə mənim heykəlimi qoysunlar. Rəhmətlik məni yaman istəyirdi, indi istəməsin. Heykəli belə qayırsınlar ki, dədəm bir əlini göylərə, günəşə uzadır, yəni ki, oğul bala, günəş kimi işıqlı, göylər kimi uca ol. O biri əliylə yeri nişan verir ki, yəni doğma torpaqdan heç vaxt ayrılma. Bir əliylə qoluma girib məni yüksəklərə dartır, o biri əliylə başımı sığallayır.
– Bağışlayın, dədənizin neçə əli vardı ki?
– Əl deyəndə mən rəmzi mənada deyirəm. Bunlar öz yerində, amma mənə çoxdan layiq olduğum adları, mükafatları verməsələr dədəmin ruhu şad olmaz. İndi baxın da... Biz də papaq altında qalan oğlanlardan deyilik, bizə hörmət edənə on qat artıq hörmət edərik, şəhərdə neçə obyektim var, bircə dəfə papaq elə, sənə Rols-Roys da, lap vertolyot da bağışlaya bilərəm. Daha o əfəl Çinar kimi olma, nə özü yedi, nə xalxı qoydu yeməyə. Bizim nəslin adəti budur ki, bizə yaxşılıq edən yaxşılıq görər, pislik edən – pislik. Dədə-baba qaydamızdır, düşmənimizin başını bir qocaman palıd kötüyünün üstünə qoyub baltayla bədənindən ayırarıq. Sonra da cəsədinin üstündə köhlənləri oynadıb yallı gedərik. Ümumi düşmənimizi məhv edərik. Ümumi düşmən də bilirsiz də kimdir?
– Ermənilər?
– Əşşi ermənilərlə nə işimiz var, özümüzünkülərə nə gəlib bəyəm?
Qonaqoğlu sözünü qurtarmamış otağa üç cüt bir tək müsafir daxil oldu –altı sütül dəliqanlı və bir nərmə-nazik qız... Dəliqanlılardan biri:
– Biz ostmodern qurumunun üzvləriyik – dedi-Memonu göstərərək-belə mühafizəkarların, retroqradların, geriçilərin özlərinə də, dədələrinə də düşmənik. Bu bizim qurum üzvlərinin məramıdır.
Məmo:
– Qurumunuza və qurum üzvlərinə-qurumsaqlara salam olsun- deyə tələsik sivişib otaqdan çıxdı.
Canbala cavanlara müraciətlə:
– Haçansa sizlərlə GİC-də – “Gənc İstedadlar Cəmiyyətinin” özəl çayxanasında görüşmüşdük. Gör üstündən neçə il keçib, amma siz, maşallah, hələ də ümidverən gənclərdənsiniz, hələ də ümid verirsiniz. Hələ də əsərlərinizi gözləyirik.
Qaraeynəkli birisi:
– Biz əsərlərsiz də ümidləri çoxdan doğrultmuşuq –dedi- əsər yazmaq mənfur sovet rejimindən qalma fikirdi. Yazıçı əsər yazmamalıdı, yazıçı mütəkəfkir olmalıdı.
Gələnlərdən başqa birisi:
– Qüsura baxmayın, əfəndim-dedi-dostumuz, ləhcəmizi təzə-təzə öyrənir. Mütəkəfkir yox, mütəfəkkir –demək istədi. Beləliyinə baxmayın, çox istedadlı yazıçı və pozuçudur. Respublika pornoqrafik yazılar yarışında “Mən maviyəm” mükafatına layiq görülüb. Əsərləri ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb. Ayrapetlə Aydəmirin saunada sevişmələrinə həsr olunmuş “Dalqabaq” şeirini Hollandiyada cinsi azlıqlar Ocağı ayrıca şəkilli kitab şəklində buraxıb. Bəli, biz Yaxın və Orta Doğunun ilk ostmodernisləriyik. “Ost” deyəndə ağlınıza ayrı şey gəlməsin, “ost” – doğu, şərq deməkdir, yəni biz şərq modernistləriyik. Çox şirin, yapışıqlı söyüşlər yazan küçə yazarımız Qantəpər Nökəroğlu bizim ən istedadlı ümidverənlərdəndir.
Qantəpər dedikləri birdən hönkürüb ağlamağa başladı. Dostları onu bir təhər sakitləşdirməyə çalışdılar,
– Bir toxta görək, sakit ol, ürəyinə salma
Canbala da təşvişlə:
– Axı nə olub, bu niyə ağlayır-deyə xəbər aldı.
Qantəpər cibindən əzik, kirli yaylığını çıxarıb göz yaşlarını sildi:
– Nə qədər... nə vaxtacan...niyə axı... – deyə donquldanmağa başladı.
– Nə nə vaxtacan, nə nə qədər?
– Nə qədər mənim adımı çəkməyəcəklər. Axı hamı bilir ki, QANsız, QANacaqsız, QANmaz deyəndə məhz məni nəzərdə tuturlar, amma bir dəfə də olsun adımı olduğu kimi QANTƏPƏR deyə bütünlüklə yazmırlar.
– Ağlama Qançik, ağlama – deyə dostları bir təhər onu sakitləşdirdilər.
Canbala bayaqdan bəri susub danışmayan, qaşqabağı yernən gedən əlli-əlli beş –altmış yaşlarında cavanı göstərdi.
– Bəs bu kimdir, bu nə istəyir? – deyə soruşdu
– Bu hələ yazılmamış “Köhnə tas” romanının gələcək müəllifi Mı Köhnəhamamdır. Biz dostlar ona nəvazişlə və zarafatla Mı Köhnə HAM-HAM deyirik, çünki çox böyük məharətlə cizgi filmlərində itləri və küçükləri səsləndirir. Heç əsl itlər, küçüklər də bunun kimi hürə, zingildəyə bilmir. Tiyən alta yatdığı vaxtlardan həmişə tulalarla ünsiyyətdə olduğu üçün onlar kimi səs çıxarmağı əla bacarır. Özü haqqında əla avtobioqrafik beyti də var:
Belə çoxlu yal alan,
gərək söyləsin yalan.
– Yaxşı, sözünüzün canı nədir, bura niyə gəlmisiz?
– Sizi məhv etməyə, buranı darmadağın etməyə gəlmişik. Biz min illik əsgi ədəbiyyatı tarmar, alt-üst edib, hamının adını tarixdən bir dəfəlik büs-bütün silib, tamamilə yeni ədəbiyyat yaradacayıq. Bugünkü ədəbiyyatımız dəhşətli dərəcədə geri qalıb, dünyanın çağdaş cərəyanlarından, çağdaş konulardan çox-çox uzaqdır. Biz internet vasitəsiylə bir neçə Batı yazıçısının adını əzbərləyib onlar çapında yapıtlar yapacayıq. Bu binanın da bəzi otaqlarını od vurub yandıracaq, qalan otaqlarını satıb, birə zavodu tikəcəyik. Yemin edirik ki, hərəmiz bir Nobel ödülü alandan sonra bu mutlu günü Biləcərdən o yandakı pivəxanada doyunca birə içib qatıqlayacaq və qutlayacayıq.
– Çox gözəl, uğurlar olsun.
– Biz ədəbiyyata bu günkü planetin, bu günkü kainatın, yəni speysin, yəni kosmosun, yəni uzayın, bugünkü zamanın, ən mühüm mövzularını, bizə ən yaxın olan ən vacib problemlərini, ən əsas məsələlərini- gətiririk – nekrofiliya, zoofiliya, pedofiliya sorunlarını.
Mi Köhnəhamam:
– Biz dünyaya gəldiyimiz gündən “Az. Yaz. Poz” –a qarı düşmən, qatı yağı, barışmaz rəqib olmuşuq. Onlar yazıb, biz pozmuşuq. Onlar pozduqlarını biz yazmışıq. Bəs görəsən nə üçün bizim indiyəcən atdığımız böhtanlar, istedadlı yalanlarımız, misilsiz iftiralarımız layiqincə qiymətləndirilməyib?
Yaxşı bilirik ki, burada tez-tez yel əsir qoz tökülür, bəs bu qozlardan bizə niyə pay düşmür?
Məsələn götürək elə məni. Mən “Beşmərtəbəli evin zirzəmisi” adlı yetərincə dahiyanə roman yazımışam. Doğrudur, hələ bitirməmişəm və bitirib bitirməyəcəyim də məlum deyil. Amma iş əsla bunda deyil. Romanda hadisələr zirzəmidə cərəyan edir və personajlar sıçanların gözüylə təsvir edilir. Axı nəyə görə sıçanlara insan gözüylə baxmaq olar, amma insanlara sıçan gözüylə baxmaq olmaz? Nəsrdə, şeirdə bu boşluğu, bu geriliyi, sıçanlara qarşı bu ədalətsizliyi, haqsızlığı, etinasızlığı biz, ostmodernistlər dəf edəcəyik. Şair dostumuz Dayan Doldurum yaxşı deyir ki, biz sənətdə yazıb-pozanlara qalib gələ bilmiriksə, şərlə, böhtanla, yalan və iftirayla rəqiblərimizi çərlədlib öldürə bilmiriksə, mühafizəkarlar heç cür ölüb getmək istəmirlərsə, əksinə əvvəllərdən də fəal yazıb-pozurlarsa biz də gizli toplantımızda qərara gəldik ki, terrora əl ataq, bir killer tutub onu bura göndərək, hamını qırıb çatsın, bircə biz qalaq.
Ostmodernistlərlə gələn Gülmə Şəkər xanım:
– Qadınlardan da bircə mən...Yoxsa arvad yazıb-pozanlar başlayırlar namusdan, qeyrətdən dəm vurmağa. Başa düşmürlər ki, ədəbiyyatın namusu olmaz, şeirin, nəsrin qeyrətini çəkmək lazım deyil. Biz heç vaxt yaşlı yazıçılara bənzəməyəcəyik- istər kişi olsun, istər qadın. Biz o yaşlı bığlı-saqqallı yazıb- pozanlara nifrət edirik, heç nədə onlara oxşamaq istəmirik. Şəxsən mən and içmişəm ki, heç vaxt yaşlı yazıçılar kimi bığ-saqqal saxlamayacam. – deyə Gülmə Şəkər xanım sözünü bitirib sumkasından güzgüsünü çıxartdı. .
Üç cüt bir tək ostmodernist ayağa durdu:
– Biz sözümüzü dedik, sizi xəbərdar etdik, indi seçiminizi özünüz edin, ya bizimlə gələcəyə, aya, Marsa, Veneraya gedəcəksiniz, ya bütün yazı pozanlarla məzara, qəbiristanlığa. Hər halda ölüm gününüzü səbrsizliklə gözləyirik. Öləndən sonra sizə son borcumuzu da verəcəyik. İstedadlı dostumuz Mürdəşir Mirbəşir əla ölü yuyandır. Çoxdandır işsiz qalıb, bekarçılıqdan şeir yazır, əhd eləyib ki, siz ölən kimi, şeirin daşın atacaq, meyidinizi şəxsən özü yuyacaq. Amma sizin də insafınız olsun, Mürdəşir Mir Bəşiri çox gözlətməyin. Qəbiristanda görüşənədək... hələlik... arivederçe Roma, bay-bay Paris...
Ostmodernistlər çirkə çıxıb getdilər. Canbalanın yamanca başının ağrısı tutmuşdu, əvvəlcə bir xeyli alnını ovuşdurdu, sonra saçlarını qarışdırdı.
Sonra düyməni basıb:- yoldaş katibə yoldaş, – dedi, – başımı qaşımaq istəyirəm, macal tapa bilmirəm. Xahiş edirəm, beş dəqiqə heç kəsi yanıma buraxma...
Elə bu vaxt qapı taybatay açıldı və məşhur şou ulduzu Röya qapıda göründü:
– Mənidəmi? – deyə işvəylə soruşdu.
Canbala gözlərinə inanmadı, yumruğuyla gözlərini ovuşdurdu, elə bu dəm dızıltıyla gəlib alnına qonan mığmığanı baş barmağıyla əzdi və sıçrayıb yerindən durdu.
Öz çarpayısındaydı, hər tərəfdən üstünə hücum çəkən mığmığalar onu yuxusundan oyatmışdı.
Televizor ekranında Röya “Sən danışma, evlisən” mahnısını oxuyurdu.
Canbala dərindən köksünü ötürdü:
– Ah, lənətə gəlmiş mığmığalar, – dedi, – röyamın ən şirin yerində məni yuxudan oyatdınız...
15 iyun 2009,
Zuğulba
ANARBu yazı ( 814 ) - dəfə oxunmuşdur