Bakı küçələri
ANAR
16:24 / 22.02.2012
Bakımın küçələri –
Ömrümün gündüzləri, ömrümün gecələri.
Bir-birinə calasan - ömrümün yolu olar
Ötüb keçən günlərlə
Lim-həlim dolu olar
O küçənin tinində
Sevgilimlə ilk görüş,
İlk nəvaziş, ilk öpüş
Atamın tabutunu, anamın tabutunu
Çiynimdə apardığım
Küçələrin matəmi
Dostların təsəllisi,
Dərdlərimi ovudan
İllərimin məlhəmi.
Harasa tələsdiyim, harasa gecikdiyim
İş yerin dəyişdiyim
Kimnənsə deyişdiyim
Təsadüfü görüşün
Qəfil sevincdən payı
Qarlı, sazaqlı qışı,
Yandırıb yaxan yayı.
Belə deyib babalar:
«Hər aşığın dövranı var»
Görünür hər küçənin
Özünün novrağı var
Küçələr də dəyişir,
Bir gün qeyb olur, itir
Ağaclar da quruyur
Təzə ağaclar bitir
Yadlaşmış küçələrdə
Göydələn binaların
Günü örtür kölgəsi
Yabançı danışığın,
yabançı musiqinin
qulağımda yad səsi
Küçələr də təklənir
küçələr də qocalır
Mənə elə gəlir ki,
Şəhərimin bu günü
Dünənindən öc alır.
Tanış küçələrin də
indi adı başqadır
Həyatın dadı qaçıb,
Ya da dadı başqadı
Küçələrdən keçdikcə
Ayaqlarım yorulur.
Küçələri keçmək də
Hər gün daha zor olur.
Son dəfə küçələrdən çiyinlərdə gedəcəm
Bilməm neçə yaşımda.
Kim bilir bəlkə qaldım
Bir köhnə küçənin də
vəfalı yaddaşında
10 oktyabr 2010
Ürək qatarı
Atamın yaşını ötəndə onun «Yol. Qatar» şeirini ayrı gözlə oxudum
O gün exoqrammada
Dinlədim ürəyimi
Eynən qatar səsiydi
Relslər üstə
çık-çırık… çık…çırık…çık…çırık…
harasa tələsirdi.
Duraqlarda durmadan
Hey ürəli, ürəli
qatar gedirdi hara?
Haçan çatacaq ora?
Hələ ana bətnində
Yollara çıxır «qatar»
Sonra dünyaya gəlir,
Davam edir bu səfər
Hər axşam, gecə, səhər
Keçib gedir, ötüşür
dəyişir pencərələr
Həftələr, aylar, illər…
Keçir gənclik, qocalıq
Sona az qalır artıq.
Pillələri qalxanda qatar bir az töyşüyür,
Bir az yeyin döyünür.
Bədxahlığı görəndə istidə də üşüyür.
Sonuncu duraq – sükut
Gəlib ora çatanda
bir anda
çık-çırık dayananda
Susacaqdır qatarın
relslərdə döyüntüsü
Başlanacaq əbədi
səssizlik-səmirsizlik.
Bu yolun gerisi yox
Amma hələ ki, gedir,
hələ yoldadır qatar,
Şükür,
dayanmır qatar.
Son durağa bir az var…
Darıxmayın,
bir az var
16 fevral 2012
ANAR
Bu yazı ( 293 ) - dəfə oxunmuşdur