12px14px16px18px

Yaşamaq zamanı, yazmaq zamanı

ANAR
13:22 / 10.05.2012
Yaşamaq zamanı, yazmaq zamanı
Hər sözün, hər işin var öz dövranı,
Çətin ayırasan yaxşı-yamanı.
Yazıçı ömrünün iki vaxtı var –
Yaşamaq zamanı, yazmaq zamanı.
Qələmim yoruldu, yolundan azdı,
Dünyanın dərdi çox, sevinci azdı.
Tale acısını alnıma yazdı
Yaşamaq zamanı, yazmaq zamanı.
Həyat çərçivəsi nə yaman darmış,
Uzun illərin də bir sonu varmış.
Yaşamaq zamanı bitmiş, qurtarmış,
Çatmış yaşamaqdan yazmaq zamanı.
28 mart 2012
Qafiyəsiz şeir
Gecə saat ikidə
bu zil zülmət şəhərdə
qaranlıq bir binada
altıncı mərtəbədə
yalnız bir pəncərədən
işıq süzülüb gəlir.
O pəncərə ardında
Kim var, nə var görəsən?
Heç kəs oxumayacaq
əsərini yaradan
yuxusuz bir yazarmı?
Yüz dəfə deyiləni
təkrar-təkrar işləyən
yorulmaz bir alimmi?
Ya bəlkə də işıqda
sevişməyi xoşlayan
aşiqlər-məşuqlarmı,
ya balasın itirmiş,
yuxusu ərşə çıxmış
təsəllisiz anamı?
Ya içki məclisində
vaxta məhəl qoymayan
kefcillərmi, rindlərmi
ya bəlkə qaranlıqdan
eymənən bir tənhamı?
Günlərin bir günündə
Bu göydələn binanın
Liftsiz pillələriylə
Mən töyşüyə-töyşüyə
Qalxacam işıq gələn
Altıncı mərtəbəyə
Qapını döyəcəyəm
Açacaqlarmı, bilməm.
Ya qapını döymədən
Enəcəyəm aşağı.
Yenə hər gecə yarı
Seyr etməkçün həyətdən
işıqlı pəncərəni
Agah olmadan heç vaxt
Onun məşum və mübhəm
məchul, gizli sirrinə,
ömrün sonuna qədər
hər gecə baxacağam
işıqlı pəncərəyə,
Ta bir gecə qəfildən
o işıq keçənəcən,
ya mən keçinənəcən.
7 may 2012
 ANAR



Bu yazı ( 227 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar