12px14px16px18px

“Əlvida və salam”ın təəssüratları

Mina RƏŞİD
21:34 / 16.01.2010
 
 
 
Rəşad Məcidin “Əlvida və salam” kitabını öz imzasıyla qiymətli bir həddiyə kimi qəbul etdim. Şeiri daha çox sevdiyimi bilən Rəşad müəllim dedi ki, bu, şeir kitabı deyil. Bəlkə də bunu ona görə söylədi ki, kitabındakı yazılar bəlkə mənim üçün o qədər də maraqlı olmaz. Sözün düzü, elə birinci yazıdan qəliz dil, darıxdırıcı, quru, soyuq ovqatla rastlaşsaydım, heç atamın da kitabı olsaydı və nə qədər istəsəm də, oxumağa davam edə bilməzdim. Ancaq nə yaxşı ki, belə olmadı, kitaba daxil edilən konkret mövzulara aid bu yazıların şirin, oxunaqlı dili məni özünə elə cəlb etdi ki, kitabdan ayrıla bilmədim. Bir gecənin içərisində, demək olar ki, oxuyub bitirdim. Sabaha ancaq böyük hörmət bəslədiyim Mustafa Çəmənlinin “Ön söz”ü qaldı. Səhər səbirsizliklə kitabı yenidən nəzərdən keçirib, “Ön söz”ü oxudum. Baxdım ki, M.Çəmənlinin təsadüfən seçmədiyi “Xeyirxahlıq statusu” adlı bu yazı ilə müəllifin yazılarının, belə desək, odu-suyu bir yerdən götürülüb. Heç şübhəsiz ki, bunun da öz məlum səbəbləri var.
Doğrusu, bu yazılarına qədər Rəşad müəllim daha çox şeirləri ilə yadımda qalmışdı. Onun 2008-ci ildə “Poeziya günü-1” adlı topludakı şeirləri xoşuma gəlmişdi. Xüsusilə də gecəqondulara həsr etdiyi “Ev” adlı şeiri:
 
Gizlənpaç oynayan
uşaqlar kimi
Günəş tapa bilmir 
Bu evin qaranlığını.
Bir balaca otaqdı,
Azca işıqgələni,
Pəncərəsi var,
Onun da bu üzünü
Kitablar tutub,
O üzünü –
Qonşunun qır qazanı.
Bu otağın havası ağır,
Havası ağır bu otağın!
Gizlənməkdən bağrı çatdadı
Qaranlığın...
 
Amma sən demə, bəlkə bu günə qədər yazılarına diqqət etmədiyim Rəşad müəllimin esseleri, irili-xırdalı müxtəlif səpgili yazıları da oxucu qəlbinə köklənən yazılarmış. Kitaba daxil edilən yazıların hamısı ayrı-ayrılıqda müəllifin yaşantılarıdır. Onu narahat edən və ya sevindirən məsələləri dərin hiss və həyəcanla, sevgi dolu bir ürək yanğısıyla qələmə aldığından onları bir-birindən daha artıq dəyərləndirmək istəmirsən. Həm də bu daha çox tənqidçilərin, bu işlə məşğul olan filoloqların öhdəsinə buraxılır.   
Bu yazılarda həm də mənə xoş gələn odur ki, Rəşad müəllim tanıdığımız kimi yalnız işi, əməli ilə deyil, həm də yazıları ilə cavanlara, istedadları olsa da, hələ tərəddüd içində özünə yol arayan tələbələrə, ümumiyyətlə qələm sahiblərinə bu qədər həssaslıqla yanaşır, onlara ayrı-ayrı yazılar həsr edir, uğurlarına sevinir və hər cür dəstək olur. Onda olan bu qəlb genişliyinə bəzən heyran qalırsan. Nədən ki, bu gün ədəbi mühitimizdə nəyinsə xatirinə çirkinliklərə, bir-birinə qısqanclıq edib badalaq gələn adamlara da az rast gəlinmir. Odur ki, Rəşad müəllim, həmçinin istedadlı gənclərin təmənnasız olaraq kitablarını çap etdirən, onlara dayaq olan Elçin İsgəndərzadə kimi adamların varlığına görə Allaha şükür edirsən.
Yeri gəlmişkən, balaca bir epizodu da danışmaq istəyirəm. Onda Rəşad müəllim AYB-yə yenicə katib seçilmişdi. Mən “Ulduz” jurnalında şeirlərimin çapı bir az ləngidiyinə görə onları hirslə götürüb geri dönürdüm ki, birdən Rəşad müəllimlə rastlaşdım. Və heç çəkinmədən bunu ona bildirəndə şeirlərimi məndən aldı, şəklimi də istədi. Çantamdan bir şəkil tapıb ona verdim. Heç üç gün keçmədi ki, “525-ci qəzet”in bir səhifəsində iri şəklimlə bərabər şeirlərim dərc edildi. Mənim üçün bundan böyük sevinc olmazdı...Üstündən neçə il keçməsinə baxmayaraq, elə bilirəm dünən olub bunlar. Necə ki, “140 xeyir qapısı” adlı kitabda deyildiyi kimi: “Kimə yaxşılıq edilmişsə, qoy onun əvəzini versin. Əvəz verməyə bir şey tapa bilmirsə, qoy (yaxşılıq edən adamı) tərifləsin. Həmin adamı tərifləsə, ona təşəkkür etmiş olar, elədiyi yaxşılığı gizlətsə, ona nankorluq etmiş olar” (Buxarinin “Ədəbul-mufrad” kitabından).
“Əlvida və salam” kitabı oxucunu ədəbi mühitdə zaman-zaman baş verən çox mətləblərdən hali edir. Məlum olur ki, ədəbi mühitdə bir çaxnaşma, insanlara, xüsusilə ədəbiyyat adamlarına narahatlıq gətirənlər həmişə olub. Rəşad müəllimin “Ölkə” adlı bölümünə daxil etdiyi “Zərdab, Yevlax və elatın dalınca gələn su” adlı yazısındakı dəyərli fikirlər bu baxımdan da diqqəti cəlb edir: “Son illərdə özüm üçün dərk etdiyim həqiqətlərdən biri budur ki, istedad heç vaxt itib-batmır. Necə ki, millətinin ictimai zehniyyətini aydınlatmaq üçün ilk anadilli qəzeti nəşr edən, bu məslək naminə təsvirəgəlməz məhrumiyyətlərlə üzləşən və dünyasını dəyişəndə nəşini örtməyə “Əkinçi”dən başqa varidatı olmayan nəcabət mücəssəməsi Həsən bəyin istedadı, cəfakeş əməyi itib-batmadı. Metafizik qanunlar da təsdiq edir ki, enerji heç vaxt itmir, sadəcə, bir şəkildən başqa şəklə çevrilir. Həsən bəy Zərdabinin enerjisi də itməyərək Azərbaycanın bugünkü jurnalist ordusunun, sivil dünya mətbuatı sırasına qoşulan milli jurnalistikamızın timsalında yenidən təzahür etdi”.
Sonda onu da qeyd edim ki, xeyli vaxt idi, ruhdan düşmüşdüm. Belə şövqlə, sevinə-sevinə yazı yazmamışdım. Buna görə də Rəşad Məcidə təşəkkür düşür.
 Mina RƏŞİD



Bu yazı ( 448 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar