12px14px16px18px

Ağacəfər Həsənlinin “Ağac kitabxanalar”ı

Mina RƏŞİD
13:46 / 05.04.2012
Yazıya, şərti də olsa, hansısa bir ad verə bilərdim. Amma bu yazıya Ağacəfər Həsənlinin kitabına verdiyi addan –”Ağac kitabxanalar”dan gözəl bir başlıq tapmadım, odur ki, müəlliflə kitabın adını qoşalaşdırdım sərlövhədə.
Özünə və qələminə böyük rəğbətim olan bu müəllifin kitabında, adından tutmuş tərtibatınadək, hər bircəhət xoşuma gəldi. Həyata, dünyaya xüsusi yanaşma və maraqlı deyim tərzi məni bir oxucu kimi qeybət, giley-güzar ədəbiyyatından uzaqlaşdırdı. Şairin ağac, yarpaq, çiçək, daş, qaya dilindən söylədikləri insanda aqressiya yox, düşüncə içində qəribə, xoş bir ovqat yaradır. Bu da ondan irəli gəlir ki, müəllifin daxili təbiəti əsrarəngiz təbiətlə çuğlaşır və söylədiyi kimi özünəməxsus şeirlər meydana gəlir.
Misraların uyutduğu
Qəribəm – özüməməxsus.
Hecaların soyutduğu,
Qəlibəm – özüməməxsus.
Demə ağac da bir kitabxana imiş, yarpaqları kitablar
...Qızılı, gümüşü, sarı kitablar,
cildinə qırış düşmüş,
Qocalmış qarı- kitablar
Təkrar-təkrar keçir çap maşınından.
Elə bilirdim, təkcə mən kitabxanadan yazmışam. Sonra gördüm yox, kitabxanaya vurğun şairlərin sayı çoxmuş. Ağacəfər Həsənlinin sevgisi isə lap qədim, həm də çox təbii imiş.
... “İndi həsrət açıb xatirə gülü” misrası mənə xüsusi bir zövq bağışladı. Əslində xatirə sözündə bir kədər var. Amma o xatirə yazarın təmiz könlündən süzülüb qələmində çiçək açanda oxucunun da qəlbində qəribə bir sevinc qığılcımı yaranır. A.Həsənlinin bu cür yadda qalan, maraqlı misraları olduqca çoxdur. “İşıq dırmaşmışdı sənin üzünə”, “Dəmyə torpağıdı üzümün əti”, “Sənin gülüşünü oğurlayarlar”, “Çinarlar hamısı Uzun Həsəndi”, “Ağbəniz mürgülü səhər” və.s...
...Çılpaq qaya kimi susub, dururam
Beçə kəklik kimi söz uydururam.
A.Həsənlinin şeirlərində oxucunun əxz edəcəyi çox mətləblər var.
Hər gün ömrümün sonudu,
Hər gün ömrün əvvəlidi
– söyləyən müəllif bu qarmaqarışıq dünyamızda hər kəsin bir qonaq olduğunu bir daha yada salır. Amma bununla belə hər günü təzə, yəni xeyirli bir iş görməyə həsr eləmək, heç olmasa ağac, qaya, dəniz kimi faydalı olmağı arzulayır özünə və oxucusuna...
Dünya –Yaradanın tam sığortası,
Yarı qaranlıqdı, yarı işıqdı.
Bilinməz haradır göyün ortası-
Şimşəyi, buludu, qarı işıqdı.
Sözün düzü, oxucu kimi mənə nə qədər kədərli olsa belə, şeirin içindən boylanan zəif bir işıq daha çox doğmadı. Müəllimim olmuş gözəl yazıçımız rəhmətlik Əlibala Hacızadənin bir sözü yadıma düşdü. “Bizi saxlayan elə o qəlbimizdəki işıqdı”, – söyləmişdi . Ağacəfər müəllim özü işıqlı, xeyirxah insandı.
Vətən – sevgimizdən bir boy da uca,
Silsilə dağları tutub uc-uca.
Dadı baldan şirin, adı quruca,
İgidi dağ boyda Vətən üşüməz.
Onun hər qarışını sevə-sevə vəsf elədiyi doğma Yurda münasibəti də təmənnasızdı. Elə ona görə də
Ovcumda yemişan tər çiçək açıb,
Mən yurda çəkmişəm,
yurd mənə çəkib
– söyləyir.
...Uçurdardım bütün divarları,
beton divarları...
hər kəs keçə bilsin,
hər kəs aça bilsin,
hər quş səkə bilsin.
Şairin bu gözəl bəndi ilə bitirirəm yazını. Bilirəm ki, Ağacəfər müəllim şeirlərində olduğu kimi xaraktercə də konkret adamdır. Odur ki, uzun-uzadı yazmaqdan əl götürüb ona çiçək topalarının üzündəki gün işığı və aydınlıq kimi könlündə xoş ovqat yaradan uğurlar arzulayıram.
Qeyd edim ki, Ağacəfər Həsənlinin “Ağac kitabxanalar” adlı şeirlər kitabı ötən il “Təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru yazıçı Mustafa Çəmənlidir.
Mina RƏŞİD




Bu yazı ( 202 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar