12px14px16px18px

Açıq söhbət?

12:49 / 05.05.2012
2006-cı ilin sonlarında lisenziya müddətinin uzadılmaması səbəbindən ANS telekanalı bir neçə günlük bağlandı. Həmin dövrdə ictimaiyyət, ziyalılar, yazıçılar telekanala dəstək birliyi nümayiş etdirdilər. Mənim də ilk yazım elə ANS-in yayımının dayandırılmasıyla bağlı idi. Milli mənəvi dəyərlərə sadiqliyi, efirində ucuz şounun ayaq açmaması yüksək qiymətləndirilən ANS həqiqətən də, zaman-zaman öz ciddiliyini qorumağa çalışıb.
Son illər efir məkanında mənəvi dəyərlərə, mədəniyyətimizə, tamaşaçı zövqünə ziyan vuran verilişlərin, ucuz şou-proqramların sayı artıb. Düzdür, indinin özündə ANS başqa kanallarla müqayisədə mümkün qədər bu qeyri-ciddilikdən uzaq qaçmağa çalışır, daha obyektiv və qərəzsiz olmağa səy göstərir. Amma ara-sıra bu kanalın da verilişlərində keyfiyyət və məzmun baxımından ciddi axsamalar müşahidə olunur, ya proqramlara çağrılan qonaqların düzgün seçilməməsi, ya da aparıcının mövzudan bixəbər olmaları verilişin uğursuz alınmasına rəvac verir. Vaxtilə adıçəkilən telekanalda yalnız vətənpərvərliyi və ciddi təfəkkürü ilə seçilən adamları görürdüksə, hazırda bu barədə bəlkə də lazım olmayan “demokratiya”ya yol verilir.
“Açıq söhbət” verilişinin aparıcısı Sevinc Osmanqızı peşəkar və işgüzar jurnalist kimi tanınıb. Onun vaxtilə BBC-də işləməsi, ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri olması, uzun illərdir televiziyada baxımlı proqramlara aparıcılıq etməsi təcrübəsinin zənginliyindən xəbər verir. Amma son verilişlərin birində İradə Tuncay və Seymur Baycan debatının aparıcısı kimi ikincinin tərəfini saxlamağa cəhd etməsi, fikirlərinə dəstək çıxması peşəkar bir jurnalistin qərəzli mövqeyi və məlumatsızlığı kimi görünürdü. Mövzu son vaxtlar Azərbaycan Yazıçılar Birliyi və bu qurumdan kənar yazarlar arasında baş verən anlaşılmazlıqlar idi. Aparıcı xanım “Yazıçılar Birliyində qütbləşmə nə ilə bağlıdır?” deyərək məsələnin nə yerdə olduğundan tam xəbəri olmadığını elə ilk cümlələrində bildirdi. Bəlkə də, aparıcı xanımı mövzu haqqında yetərli qədər bilgisi olmadığı üçün qınamaq lazım deyil. Çünki Sevinc Osmanqızı, əsasən, siyasət, tarix sahəsində fəaliyyəti və verilişləriylə fərqlənib.
Verilişin qonaqları isə heç də tamamilə əks qütbdə dayanan insanlar deyildi. S.Osmanqızı hərdən təzad yarada biləcək sual və atmacalarından istifadə etsə də, qonaqlar çox vaxt qarşı tərəfin fikirlərinə cavab vermirdi. Seymur Baycan iddia edir ki, bu mübarizə AYB ilə yox, yeni və köhnə təfəkkür arasındadır. Amma bircə detal kifayətdir ki, kimin köhnəfikirli və mühafizəkar, gerilikçi olduğu bilinsin. Qadınlara münasibətdə demokratik olmayan, Şərqin ən qatı mühafizəkar kişisi mövqeyindən çıxış edən Seymur zahirdə özünü tamamilə fərqli, demokratik dəyərlərə qulluq edən, tabuları qıran postmodernist yazar kimi təqdim edir. Ədəbiyyatımızın nəinki, dünya səviyyəsinə, heç keçmiş MDB səviyyəsinə qalxa bilməməsinin səbəbini özlərində yox, yazıçı Anarda axtarmaq onların istedadsızlıqlarına bəraət qazandırmaqdan başqa bir şey deyil. Seymur da bir neçə roman müəllifidir, bu kitablarla Azərbaycan oxucusunun sevimlisinə çevrilməyibsə, problemi AYB-də axtarmamalıdır.
İradə xanımın dediyi kimi, bu mənzərə şou-biznesin “maqazin” proqramlarına bənzəyir. Seymur və bəzi gənc yazarlar yeni, istedadsız müğənnilər kimi özlərindən əvvəlkilərə söz atmaqla, şəxsi həyatlarını müzakirəyə çıxarmaqla gündəmə gəlməyə, reklam olunmağa çalışırlar. Yaşlı nəsil də məcburiyyət qarşısında cavab verir ki, elə bu cavablarıyla da onlara dəstək olsunlar, cavandırlar. Amma qarşı tərəf susmur, sevincək olub yersiz ittihamlarını davam etdirir. Sonra məlum olur ki, yenilərin paxırları açılmayınca susan deyillər.
Kim üzr istəməlidir? 1937-ci ildə SSRİ siyasətinin bir hissəsi olan repressiyalara görə Yazıçılar Birliyi, yoxsa yaxın keçmişdə “yuxarıdakı” bir adamdan pul alaraq, digər “yuxarı”nı şantaj edən, böhtanlayan gənc yazarmı? Seymur Baycan repressiyalara görə də indiki yaşlı nəsli günahlandırır. İradə xanım “gənc nəslə nifrət aşılamaq lazım deyil” deyərək haqlı olaraq bu neqativ halların gündəmə gəlməsinin cəmiyyətə heç bir xeyir verməyəcəyini deyir. Çünki repressiyalar dövründə yaşamış heç bir yazıçı indi həyatda yoxdur. Amma müasir tarixdə müəyyən məbləğə görə dinini dəyişən yazar xalqa ağıl öyrətməyə çalışırsa, o, üzr istəməyə məcbur edilməlidir.
“Ümumiyyətlə Yazıçılar Birliyi olmamalıdır”-deyən S.Baycan bununla da ədəbiyyatın inkişaf edəcəyini fikirləşir. Əcəba, bununla da kütləvi şəkildə istedad artımı baş verəcək? Yoxsa gənc yazarlarımızın hamısına ilahi vəhylər gələcək? Vəziyyət nə qədər pis olur-olsun, Azərbaycan ədəbiyyatı xalqın bundan qat-qat pis yaşadığı dövrdə şedevrlər yaradıb, nəinki Azərbaycan, dünya ədəbiyyatında əlyazmalarını sataraq pul qazanan və ya onları yandıraraq evində istilik yaradan insan az deyil.
Aparıcı Sevinc Osmanqızı İradə xanıma “37-ci ildə baş verənlərə görə müstəqil araşdırma qrupu yaradılmamalıdır?” “Bəs o adamların ruhu?” kimi müstəntiqsayağı suallar ünvanlayır, S.Baycanın dediklərini isə müzakirə etmədən ittihamlarını əks tərəfə yönəldir. İradə Tuncay Anarın ədəbiyyat üçün gördüyü işlərdən danışanda isə kinayə ilə “Beşmərtəbəli binanın altıncı mərtəbəsi?” deyərək sanki Anarın yaradıcılığının elə bu əsərdən ibarət olduğunu qabartmağa çalışır, İradə xanımın “Anarın Azərbaycan ədəbiyyatı üçün gördüyü işlər çoxdur” cümləsinə şübhə ilə yanaşaraq ironik nidalarını davam etdirməsiylə bir aparıcı kimi verilişdə tərəfsizliyini saxlaya bilmir.
“Yazıçılar Birliyi o kəslərə təqaüd ayırır ki, Rəsul Rza, Anar haqqında mənfi fikirləri olmasın” deyən Seymur özlərini açıqgörüşlü, demokratik insan kimi tanıtmağa cəhd göstərən bəzi “gənc yazar”ların rəhbərlik etdiyi saytlarda da Anarı tərifləyən və yaxud Qan Turalı, Seymur Baycan haqqında tənqidi fikirləri olan yazılara da rast gəlinməməsini unudur. Ən sadə oxucu da tənqid etdikdə qıcıqlanan, bir qaşıq istedadları olan bəzi “40 yaşlı gənclər” (gənclərin adından danışmaq haqqını kim veribsə bunlara) Anarın və digər 60-cıların tənqidə dözümlülüyündən nümunə götürsünlər.
Artıq İradə Tuncayın S.Baycan və S.Osmanqızıya qarşı debatı olduğunu fikirləşdiyim verilişdə tamaşaçı qismində iştirak edən Cəlil Cavanşır də danışdı. “Təqaüdlər hansısa qəzetlərin redaktorlarının oğullarına verilir” desə də, İradə xanımın “Bir ad de” təkidinə heç bir tutarlı fakt gətirə bilmədi.
İradə xanım haqlı olaraq soruşur ki, siz yeni yaranan qurumlarla nə uğur qazanmısız? Təbii ki, Seymur Baycanın cavabı bəllidir: “Bizə imkan vermirlər, qeydiyyatdan keçə bilmirik”, Qeydiyyatın, rəsmiyyətin yaradıcılığa, istedada təsirinin olmamasını yəqin Seymur da bilir. Yəqin, dava elə “yorğan davası”dır. Sevinc Osmanqızı isə bu fikirdədir ki, nəşriyyatların qeyri-peşəkar işləməsi də, kitab mağazalarının azlığı da “Anarın günahı”dır. Halbuki unudur ki, Yazıçılar Birliyinin elə bir səlahiyyəti yoxdur ki, kitab satışına nəzarət etsin. S.Osmanqızı isə İradə Tuncaya üz tutub ittihamlarını davam etdirirdi: “Amma siz bayaqdan AYB-ni müdafiə edirsiz. Yazıçılar Birliyinin sədri bu barədə nəsə etməlidir ki, yazıçı öz kitabının çapının dalınca düşməsin”. Seymur Baycandan təəccüblə “Hətta kitabınızın mağazalara daşınmasını siz təşkil edirdiniz?” soruşaraq yəqin elə fikirləşir ki, bunu nəşriyyat deyil, Yazıçılar Birliyi etməlidir. İradə xanım isə izah eləməyə çalışırdı ki, adıçəkilən qurumun əvvəlki imkan və səlahiyyəti yoxdur, hansısa yazıçının sosial-iqtisadi durumu düzəltmək iqtidarında deyil.
“Açıq söhbət” verilişinin ümumən qeyri-peşəkar səviyyədə olduğunu demək insafsızlıq olar. Amma nəzər saldığımız buraxılışda aparıcının müzakirə olunan mövzudan xəbərsiz olması heç bir peşəkar telekanala yaraşan hal deyil. Yəqin ki, bu mövzuda debatlar hələ davam edəcək. Çünki yazarlarımızın çoxu yazmaqdan çox, danışmağa meyllidir.
Pərviz SADIQOV



Bu yazı ( 485 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar