12px14px16px18px

Fərqli “Sahə”

Pərviz SADIQOV
00:05 / 19.03.2012
 
Vicdan susanda, insan özünə haqq qazandırmaq üçün danışır, əl-qolunu ölçür. Jestlərini, mimikalarını artıqlamasıyla göstərir, qarşısındakını danışmağa qoymur... Amma vicdan dinəndə, danışmaq arzuolunmazdır, hansısa daxili qüvvə sənin dilini, ağzını zorla açır, səni danışdırır. Vicdan bütün olanları, keçənləri yada salır... Qorxularını, itirdiklərini, qaçdıqların gözünün önünə alırsan. Burdan qaçış yoxdur. Vicdan məhkəməsi qurulur. Amma hərdən bunlar elə fərqli məkanda baş verir ki... Qorxulardan qurtulmaq üçün, onlarla bir daha qarşılaşmaq məcburiyyəti yaranır. Haqqında danışacağım filmin qəhrəmanı kimi...
“Sahə” filmi 2008-ci ildə çəkilişləri bitsə də, 2010-cu ildə təqdim olunub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.  Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Tənqidçilər filmi “art-house” adlandırmaqla yanaşı, kommersiya üçün də uğurlu olduğunu düşünürlər.
Filmin qəhrəmanları məşhur fotoqraf Qədir (Zaza Bejaşvili) və nışanlısı Səbinə (Melissa Papel Qobustanda qəzaya uğrayırlar... Və o andan etibarən qəribə hadisələr baş verir. Onlar xəstəxanaya deyil, polis SAHƏsinə düşürlər. Bu məkan həm tanış, həm yaddır, qəribədir. Sanki bu dünyadan ayrılmış, tamamilə azad məkandır. Qərib keçmişiylə üzbəüz qalır. Dosyelər, keçmiş fotoqraflar, hətta yandırdığı gündəliyi də dəlil sübut kimi qarşısındadır...
O, nişanlısının timsalında qadınlara olan fobiyasını dəf etməlidir ki, düşdüyü polis SAHƏsindən çıxa bilsin. Nişanlısı Səbinə də qaçdığı həqiqətlə üz üzədir. Polis rəisi (Vaqif İbrahimoğlu) isə bütün bu intriqaların açılması üçün hər şeydən xəbəri olan, “Qəribin fanatıdır”. O, faktları, qəhrəmanların gizlətdiklərini, keçmişlərini deyir və filmdə ən güclü personajdır. Qəhrəmanlar hələ də, harda olduqlarının fərqinə deyillər. Qərib isə uşaqlığına “qayıdır” və onun “mistik səyahəti” olduğu Sahədən çıxmaq üçün şanslar verir. Amma ssenarist (İlqar Safat) Qəribin ailəsi haqqında məlumat vermir, evi, valideynləri, gecələr harda yatdığı tamaşaçıya qaranlıq qalır. Qəribin uşaqlığı rolunu oynayan azərbaycanlı aktyor Timur Oduşevin kinoda debütü uğurlu alınıb. Qəribin platonik məhəbbəti, özündən yaşca böyük Alina (Nina Rakova) rolu rəzadlı qadındır. Psixi xəstə olan azyaşlı qardaşı Sevanı Qəribə etibar edir. Amma özü əxlaqsızlıqla məşğuldur.
Filmdə tarixlə bağlılıq da var. Azərbaycan kinosunun ilk addımlarına rəng qatan fotoqraf Mişonun nəvəsi, Qəribin müəllimi Bakıda fotoqrafiyanın tarixindən danışır. O, Qəribə fotoaparat verir və öz yanında işlədir, lakin Qərib Pərvizdən (Ruslan İsmayılıov) qorxduğu üçün müəlliminin (Ramiz İbrahimov) inamından istifadə edir. Pornoqrafiya yayıcılarına kömək etdiyi üçün Qərib işindən qovulur. Polis işçisi filmdə ikinci dəfə fərqli zamnda Qəriblə qarşılaşır. İndiki zamanda qəzadan sonra qəhrəmanları polis sahəsinə gətirən də eyni adamdır. Daha sonra isə Alinanın erotik şəkillərini çəkmək məcburiyyətində qalan Qərib öz “vicdanını asır”. Həyatına qadın fobiyası daxil olur, və ömrü boyu psixoloji gərginlikdə yaşayır. İndi düşdükləri sahədə isə bu gərginlik özünün kulminasiyasını yaşayır. Bu sahədən sağ-salamat çıxmağın bir yolu var-bütün qorxularını burda qoyub çıxmaq lazımdır.
Qəribin uşaqlıq həyatı, Pərviz və onun dostları Elçin Musaoğlunun “40-cı qapı”sıyla kəsişir. Hər iki filmdə yeniyetmələrin səhv qərarlarını və düşdükləri mühitin təsirini göstərir. “Sahə” mənzərələrin natamamlığına görə uduzur, heç bir personaj tam olaraq təqdim edilmir. Azərbaycan kinosuna xas olan süni dialoqları qəhrəmanların dilində tez-tez eşitmək mümkündür. Əsas qəhrəmanların birinin Gürcüstan, birinin Fransa vətəndaşları olduğu üçün onların danışığının sonradan dublyaj olunması bu hala nə qədər haqq qazandırsa da, tamaşaçı üçün bu nüans qəti maraqlı deyil. Uzun ədəbi cümlələr,intonasiya filmin psixoloji gərgin aorasını asanlıqla dağıdır. Ancaq xarici dilə dublyajda bu hiss olunmaya bilər.
Filmdə polis işçisi rolunun ifaçısı Məmməd Səfa digər aktyorlardan daha təbii və peşəkardır. Yardımçı obraz olsa da, yaddaqalandır. Sona Mikayılova və Midnət İsmayılov kiçik epizodlarda rol alsalar da peşəkar ifaları ilə fərqlənirlər. Eləcə də Ruslan İsmayılov da rolunun öhdəsindən layiqincə gəlib. Filmin əvvəlində model Deborah Kidd gedişata rəng qatmaqla, ilk intriqanın əsasını qoyur.
Rejissor və operator işi peşəkar tələblərə cavab verir və çox maraqlı məqamlar və kadrlara rast gəlmək mümkündür. Absurd kino üslubunun elementlərinə də rast gəlməklə İlqar Safatın Tarkovskiyə istinad etdiyini demək mümkündür.
İlqar Safat 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə il təmsil etmiş “Dağın nəvəsi” filmini çəkib. 2003-cü ildə “Səma kökləri” filminə görə Xabarovsk Diyarı Qubernatorunun diplom və mükafatına layiq görülüb. “Səma kökləri” filmi dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilib, bir çox Rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leyptsiq, Barselona, Praqa, Auqsburq və b.) iştirakçısı olub. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna daxil edilib. “Səma kökləri” filmi Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin kitabxanasına salınıb. (Wikipedia)
“Sahə” filmi Kann festivalında ilk dəfə təşkil olunan Azərbaycan pavilyonunda da nümayiş olunmuşdur. 2010-cu ildə “Sahə” “Xarici dildə ən yaxşı film” kateqoriyasında 83-cü illik Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülüb. Əsas rollardan birinin ifaçısı olan Timur Oduşev Hollivudun Gənc İstedadlar Mükafatının (Hollywood Young Artists Award) 32-ci təqdimetmə mərasimində “Best Performance in an International Feature Film” nominasiyasında mükafat alıb. Bundan əlavə ekran əsəri Moskvada keçirilən XIII beynəlxalq detektiv filmlər festivalının xüsusi mükafatına, baş rolun ifaçısı Zaza Bejaşvili VI Beynəlxalq Kipr Kino Festivalında “Ən yaxşı kişi aktyor” nominasiyasında “Golden Aphrodite” mükafatına, Ukraynanın Truskaves kurort şəhərində “Zolotaya pektoral” kinofestivalında “ən yaxşı operator işi”, Moskvada keçirilən “DedektivFest” adlı 13-cü Beynəlxalq Dedektiv Filmləri Festivalının xüsusi mükafatına layiq görülüb mükafatına layiq görülüb, ABŞ-da keçirilən “Kaliforniya film mükafatları – 2011” (2011 California Film Awards) müsabiqəsinin nominantları sırasına daxil olub.
Bütün bu uğurlar “Azərbaycanda kino yoxdur” deyənlərə, kiçik də olsa, cavablardır. “Sahə” filmi də Azərbaycan müasir kinosunda atılan növbəti uğurlu addımlardan biri idi. Telviziyalarımız və kinoteatrlarımız milli filmlərin təbliğində rollarını artırmış (ya da ümumiyyətlə elə işə başlamış) olsalar, tamaşaçılar da bu filmlərdən məhrum olmazdılar.
 Pərviz SADIQOV



Bu yazı ( 730 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar