12px14px16px18px

Sınaq qapısı və ya kasıb filmdəki mənəvi zənginlik

Pərviz SADIQOV
01:56 / 03.12.2011
Qapını açmaq üçün, azacıq da olsa, cəsarət lazımdır. Ən doğma, hər gün açdığın qapıya çatdıqda da elə bilirsən, bir qədər ayrı atmosferdəsən, bir addımla çox fərqli – ya rahat, ya da məcburi gəlməli olduğun məkana daxil olacaqsan. Üstündə “Satılır” yazılan qapılar isə yiyəsinin ayrılıq nisgili, alıcının yenini sevmə məcburiyyətidir. Qapı – ədəbiyyatımızın, folklorumuzun simvollarından, tez-tez adıçəkilən elementlərindəndir. Nağıllarda padşahın da, kəndlinin də oğlu 40-cı qapıda tərəddüd edir. Amma o qapı hər zaman açılır. Arxasında ölüm də olsa, “Min bir gecə” nağıllarındakı kimi yatağında qıvrılıb yatan gözəl də olsa, o qapı hər zaman açılır. Bəlkə də qapını açmayanlar da olub, amma onlar haqqında nağıllar yazılmayıb. Qəhrəmanlar cəsarətlidir. Qapını açanlar cəsarətlidir. Tərəddüdsüz yaşayanlar cəsarətlidir. 40-cı qapı sirlidir, ondan əvvəlki 39 qapı isə məhz sonuncu qapıya hazırlıqdır, getdikcə artan həyəcan isə sonluğun əslində kuliminasiya olmasının xəbərçisidir. Tərəddüdlərə son qoymaq üçün 40-cı qapı vasitədir, bəhanədir, şansdır. Onunla düzgün davranmasan, cəzalanacaqsan, divin canı elə şüşədə qalacaq, ya da gözəl bir qız qapı arxasında səni gözləyərək qarıya çevriləcək.
Kino ədəbiyyat deyil, Tarkovskinin dediyi kimi, ədəbiyyatın xarabalıqları arasında ucaldılmış saraydır. Rejissor Elçin Musaoğlunun “40-cı qapı”sı belə gözəl saraylardan biridir. Son illərdə Azərbaycanda çəkilən uğurlu filmlərdən sayılır. Film 2009-cu ildə “Ritm Prodakşn” tərəfindən çəkilib. İndiyə qədər beynəlxalq festivallarda 10-dan çox əsas mükafat qazanıb, müxtəlif nominasiyalar üzrə qalib olub. Bunların sırasında Hyustonda (ABŞ) keçirilən 42-ci Beynəlxalq Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafat, ABŞ-ın Beynəlxalq Tiburon Film festivalının əsas bölməsində müsabiqədə İtaliya kino rejissoru Federiko Fellini adına mükafat, “New York Eurasian Film Festival”da “Ən yaxşı ssenari” nominasiyasında mükafat və digər dünya miqyaslı festivalların mükafatlarını sadalamaq olar. Filmdə Qara Qarayevin musiqilərindən istifadə edilib. İlk baxışı elə 2009-cu ilin 25 fevralında Səməd Vurğun adına Rus Dram Teatrında olan filmin böyük premyerası 2010-cu Heydər Əliyev Sarayında keçirilsə də, ondan sonra heç bir kinoteatr, telekanal dünya arenasında yetərincə uğur qazanmış “40-cı qapı”nı nümayiş etdirmək məsuliyyətini boynuna götürməyib, müxtəlif obyektiv və subyektiv səbəblər göstəriblər. Amma noyabrın 23-də “40-cı qapı” Azərbaycanda Fransız İnstitutunda nümayiş olundu. Həmin mərasimə filmin rejissoru Elçin Musaoğlu da qatılaraq, ekran əsəri ilə bağlı ona ünvanlanan sualları cavablandırdı.
Günümüzün reallıqları ilə müqayisədə çox kasıb bir büdcəylə – cəmi 200 min manata çəkilən filmin keyfiyyətinə maddi vəsaitin azlığı mənfi təsir göstərə bilərdi, təbii ki. Ancaq yaradıcı heyətin fədakarlığı, istedadı, gərgin zəhməti ortaya müsbət mənada tamam fərqli bir ekran işi çıxarmağa imkan verib.
Filmin adını iki cür yozmaq olar. Abşerondan 40 kilometr uzaqda yerləşən qəsəbə ilə bağlı olan filmin adı həm də seçim etmək – 40-cı qapı qarşısında xeyiri ya şəri seçmək anlamındadır. 14 yaşlı Rüstəm (Həsən Səfərov) sovet dövrünün süqut etdiyi dövrdə atasının ölümündən sonra evin kişisi olmaq məcburiyyətindədir. Leyla (Gülər Nəbiyeva) isə ərinin yoxluğunu hiss elətdirməməkdə acizdir. Oğlunun işləməsinə, dərslərini axsatmasına laqeyd qala bilmir. Sualtı qayıqda işləyən qardaşından telefon zəngi gələcəyinə də ümidini itirərək, ərindən yadigar qalan xalçanı satmaq məcburiyyətindədir. Ana və oğulun psixoloji durumu eyni deyil. Leyla ərinin ölümündən sarsılıb, çörəkpulu qazanmaq üçün şorgöz Surxaydan iş istəyir, amma burda kişilik instinktiylə, “atasının adının batmaması üçün” meydana çıxan Rüstəmlə üzbəüz gəlməsi filmin ən dramatik səhnələrindəndir. Xalça elementi ilə rejissor filmdə milli Azərbaycan adət-ənənəsinə də yer ayırmış olur. Ədəbiyyatımızda belə bir motivə Mir Cəlalın “Bir gəncin manifesti”ndə rast gəlirik. Rüstəm anasını inandırmağa çalışır ki, o, artıq işləyə bilər. Gizlicə şəhərə gedərək maşın yuyur. Həm də onun kimi küçə ticarətinin qurbanı olan uşaqlar tək kiməsə “haqq vermək” istəmir. Rüstəmin azadlığı, sərbəstliyi daha çox önəmsəməsi ona baha başa gəlsə də, atasızlığın acısı qarşısında mənliyini qoruyaraq əyilməməsiylə tamaşaçının rəğbətini qazanır, üzünə bağlı qapıları öz daxili tərəddüdləri və cəsarətiylə açır.
Rejissor və ssenarist Elçin Musaoğlu filmdə qonşuların yığcam portretlərini yaradıb. Fatma xala (Elmira Şabanova) onun evinə telefonla danışmaq üçün gələn Leyladan sanki utanır, axı Leyla ərinin ölüm xəbərini onun evindəki telefondan eşidib, hər dəfə qardaşından zəng gəlməsi ümidiylə onun evinə gəlsə də, xalçasını satmaq məcburiyyətindədir. Digər qonşu şorgöz Surxay (Adil Zeynalov) xalçanı satmaq üçün Leyladan alsa da, qarajda yerə sərib pozğun bir qadınla onun üstündə sevişmək istəyir. Ancaq Rüstəm həm atasının xatirəsini qorumaq, həm də Surxaydan heyfini çıxmaq üçün qarajın qapısını çöldən bağlayır. Qapı arasından əlini uzadan Surxayın yaltaqcasına açarı istəməsi, 40-cı qapıdan çıxan divin şahzadənin əlindəki şüşədə olan canını qurtarmaq üçün hiylələrə əl atmasına bənzəyir. Yenə qapı, yenə qəhrəman, yenə cəsarət... Qonşular arasında Sabir dayı (Rafiq Əzimov) daha parlaq və aydın xarakterdir. Rüstəmin “atasından xəbərsiz” Ediklə (Rövşən Ağayev) dostluğundan narahatdır. O, Rüstəmin atasını hörmətlə anır, kömək edə bilmədiyi üçün səmimi şəkildə acizliyini bildirir. Bütün bu gərginlik arasında Rüstəm Ediklə dostluq etsə də, yolunu azmır, normal gələcək haqda düşünür. Nağara, Edikin diliylə desək, “dumbul” alıb sənət sahibi olmaq istəyir.
Kasıb filmin qəhrəmanlarının dünyası, daxili aləmləri zəngindir. Rüstəm Edikin həbs olunmasından sonra onun kor qardaşını evinə gətirir. Elçin Musaoğlunun Edik surəti cəmiyyətə, dövrə istehzadır. Avaradır, oğrudur, evində haqqında heç kəsin bilmədiyi kor qardaşı var. Onun qayğısına qalan Edik tipikləşdirilmiş obrazdır. Ata-anasını itirən, ya da 18 yaşdan uşaq evlərindən çıxarılanlar xeyiri, yoxsa şəri seçirlər? Rüstəmlər, Ediklər, maşın yuyan digər uşaqlar küçə uşaqlarının eyni məhrumiyyətlərlə başlayan, lakin bəxtdənmi deyim, şansdanmı, yoxsa ağıllarının fərqli inkişafındanmı müxtəlif məcralara axan həyatları kasıb “40-cı qapı”da həqiqət güzgüsü kimi təqdim olunur...
... Sonuncu qapıya yaxınlaşırıq. 40-cı qapı... Bundan sonrası, davamı bizim o qapının qarşısında aciz durmağımızdan, ya da qarşıdakı səddi keçəcəyimizdən asılıdır. Qapının arxasında yatmış gözəl yox, divdir, qaranlığa aparan yoldur. Filmdə qəhrəmanımızın küçədə söykəndiyi dirəkdə yanıb-sönən işıq çaşqınlığımızdır. O həmişə eyni ampuladadır – yanır, sönür, yanır, sönür, yanır... Rüstəm bəlkə də onunla eyni taleyi yaşayan, amma fərqli yolu seçən, onun qarşısını kəsərək döyən uşaqlardan qisas almaq niyyətindədir.
Bıçaq... 40-cı qapı... Cəsarət... İşıq... Tərəddüdlər...
Seyrçi son ana qədər Rüstəmin əlində bıçaqla dalınca qaçdığı uşağı öldürüb-öldürməyəcəyini bilmir. Sonda hər ikisi bağlı qapı qarşısında yorulub pilləkənlərə sərilirlər. Rüstəm isə tərəddüd edir. Öldürmək və ya div olan qapını açmaq qaranlığa aparan yoldur. Amma qəhrəmanlar hər zaman qapını açmalıdırlar. Yoxsa onlar haqqında nağıl yazılmaz...

Pərviz SADIQOV



Bu yazı ( 319 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar