12px14px16px18px

“Niyyət” və niyyətə inamın gücü ekranda

Pərviz SADIQOV
00:29 / 10.03.2012
 
Niyyəti reallaşdıran nədir? İnadcıllıq və məqsədə çatmaq üçün atılan addımlar. Hər kəs məqsədinə, niyyətinə çatmaq üçün müxtəlif yollar seçir. Pul lazımdırsa, bunu qazanmaq üçün halal yolla uzun müddətə, haram yolla isə daha qısa müddətə niyyəti gerçəkləşdirmək mümkündür. Nə fərqi var? Hər ikisində əsas hədəf deyilmi? Amma halallığı niyyət etmiş insanla haram pula öyrəşmiş insanın dostluğu mümkündürmü? Çətin olsa da, niyyət pakdırsa, şər xeyiri təsir altına sala bilər. Xeyir isə şərə təsir edə bilər. Həm də xeyirlə şər mübarizə aparmırlarsa, hər ikisinin hədəfi eynidirsə, bu daha asandır. “Niyyət” filminin qəhrəmanları da belədir. Cahangir (Canik) Şər deyil, amma o halal yolla qazanmağı boşuna vaxt itirmək hesab edir. O, fırıldaqçı, avantürist, qadın düşkünü, sabahını düşünməyən biridir. Arif isə əyləncədən, qumardan, içkidən uzaqdır, niyyətinə çatmaq üçün oyuncaqlar düzəldib satır, dindardır, İslam dininin əsas şərtlərindən birini həyata keçirmək istəyir. Kəbəni ziyarət etmək istəyir. Onun məqsədi də, ona aparan yol da niyyəti kimi safdır. Canik isə tamaşaçı üçün təzadlı obrazdır. Universiteti qırmızı diplomla bitirib, savadlıdır, yəni onun pozğun həyat sürməsi mənəviyyatından gəlmir, o dəyişə bilər, sadəcə iradəsi zəif olduğu üçün əyləncəni, qumarı, sonu görünməyən yolu seçib. Bu yoldan qurtulmaq üçün Arif ona kömək etməlidir, o isə Arifə kömək edir ki, pulu asanlıqla qazansın, niyyətinə çatsın. Filmdə Cahangirin sevgilisi ona deyir ki, “sənin kimi insanlar dəyişə bilməz”. Cahangirin cavabı isə həm sevgilisinə, həm tamaşaçıya qaranlıq qalır. O dəyişmək istəyir yoxsa Arifə kömək etmək niyyətindədir, bəlli deyil.
Filmin çəkilişləri Bakıda və Məkkə şəhərində aparılmışdır. Filmin bədii rəhbəri görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovdur. Rejissor Samir Kərəmoğlu, ssenari müəllifi Yavər Rzayev, operator isə Nadir Mehdiyevdir. Filmdə baş rollarda Fuad Axundov və Rövşən Məmmədli çəkilib. Digər rollarda isə əməkdar artist Münəvvər Əliyeva, Nahidə Əliyeva və başqaları çıxış edirlər. S. Kərəmoğlu “Niyyət”dən əvvəl “Sırat körpüsü” tammetrajlı filmində özünü sınamışdı. İlqar Fəhminin ssenarisi əsasında çəkilən filmdə uğurlu bir neçə məqam olsa da, peşəkar aktyorlara az yer verilməsi ekran işinin peşəkarlığına kölgə salmışdı. Amma böyük rezonansa səbəb olan bu filmin təqdimatından bir neçə ay sonra onun soundtrekinə – “Sonsuz Yol”a çəkilən klip Beynəlxalq Audiovizual Festivalda “ən yaxşi klip” və “ən yaxşı rejissor işi” nominasiyasında “Qran Pri” qazandı. “Qanadlarıma sığal çək” qısametrajlı filmi isə “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi olub.
Arif – azərbaycanlı dindarların ümumiləşdirilmiş obrazıdır. O, Cahangiri namaz qılmağa, dindar olmağa çağırmır, əməlləri ilə düzgün yolu göstərir. Niyyəti ilə Cahangirin kirlənmiş həyatını xilas edir, Cahangir də ona niyyətinin gerçəkləşməsində kömək edir. Filmdə Arif obrazı bəzi streotipləri qırır. İslam dininin qorxu, vahiməli məfhum kimi deyil, gözəl dəyərləri olan, paklıq aşılayan nümayəndəsini canlandırır. Arif obrazı bütövlükdə İslamın cahillik üzərində qələbəsinin obazıdır. Arif namaz qılır, pərdənin o tərəfində, arxa fonda isə Cahangir içki içir. Cahangirlər bu həyatın qaranlıq tərəfləridir. Və pərdənin o tərəfi bizə qaranlıqdır. Cahangir cahil, avara deyil, onların təsiri altında dəyişərək sabahını düşünməyən savadlı, bir neçə xarici dil bilən gəncdir. Ancaq cəmiyyətdə tutduğu səhv mövqe onu yolundan azdırıb.
Arifin bacısı rolunu oynayan Münəvvər Əliyeva və Canikin məşuqəsinin ifaçısı Nahidə Əliyeva cəmiyyətdə iki fərqli qadın obrazının keçirdiyi hissləri tamaşaçıya ötürə biliblər. Fərqli personajlar olsalar da, hər ikisi filmin əsas qəhrəmanlarına bağlıdırlar və filmdə dramatik səhnələr birbaşa onlarla bağlıdır.
Filmdə təsirli səhnələr, rejissor dəqiqliyi, gizli mesaj çox azdır. Bunu mənfi hal kimi qələmə vermək niyyətində deyiləm. Film o qədər açıq, aydın, hər kəsin çətinlik çəkmədən başa düşə biləcəyi üslubda çəkilib ki, sonda ruh yüksəkliyi və islama sevgi insanın bütün varlığını bürüyür. Aktyorların oyunu Azərbaycan filmlərinə xas olan sünilikdən uzaqdır, lakin dialoqların zəif alınması, musiqinin daha çox “danışması” qulağa xoş gəlsə də, bəzi səhnələrdə çatışmazlıq hiss olunur. Samir Kərəmoğlu filmdə gənc bəstəkar Elvin Əmrahlının bəstələrindən istifadə edib. Musiqilərin aranjimanı isə Vüqar Camalzadəyə məxsusdur. “Niyyət” filmi musiqilərin yerində və zamanında səslənməsiylə tamaşaçıya daha yaxşı təsir edir.
“Niyyət” filminin uğurlu məqamı odur ki, məzmununa görə tolerantlığıyla da seçilir. Cahangirin sevgilisinin katolik kilsəsində dua eləməsi, kilsədə İsanın, Məryəmin ikona və heykəllərinin göstərilməsi filmin digər qəhrəmanlarının Kəbəyə getməsi, Kəbənin nümayiş olunmasıyla dinə münasibəti balanslaşdırılmasıdır.
Filmə tamaşa edən ateist tipli gənclərdən birinin filmin sonunda “lap müsəlman olmaq istədim”-deməsi rejissorun və ssenaristin ötürdüyü mesajın uğurlu olduğunun sübutudur. Məhz bu amillərə görə də film “Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edib. Ən maraqlı məqam festival tarixində ilk dəfə olaraq filmin öncədən xüsusi mükafata layiq görülməsidir. Belə ki, festivalın təşkilat komitəsi “Niyyət” filmini “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edib.
“Niyyət” filmi 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.
Niyyətin paklığı və ona olan inam bütün maneələri və çətinlikləri dəf etməkdə əsas yardımçıdır. Bir də, ən əsası, filmdə Cahangirin dediyi kimi, “Bəxtinə inanan bəxtəvərdir”.
Pərviz SADIQOV



Bu yazı ( 239 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar