12px14px16px18px

Folklor və “Qafqaz evi” problemi

Muxtar KAZIMOĞLU
11:43 / 02.05.2012
"Qafqaz evi", əlbəttə, daha çox siyasətçilərin işlətdiyi bir ifadədir və bu ifadəni tez-tez işlədən siyasətçilərin heç də hamısına inanmaq olmur. İnanmaq olmur ki, dilindən "Qafqaz evi" ifadəsi düşməyən siyasət adamlarının hər biri ev tikməklə məşğuldur, ev yıxmaqla yox. Beynəlxalq təşkilatlar qarşısında xal yığmaqdan ötrü xalqlar dostluğundan dəm vuran, amma altdan-altdan xalqlar arasında düşmənçilik toxumu səpən və qanlı toqquşmalara bais olan siyasət adamlarını az görmədik, həmin adamlar ucbatından başımız az bəlalar çəkmədi. Amma bütün bunlara baxmayaraq, gəlin etiraf edək ki, "Qafqaz evi" heç də pis ifadə deyil və həmin ifadəni saf niyyətlə işlədib Qafqaz xalqlarının mehribanlığı, qarşılıqlı mədəni əlaqələri yolunda xeyli iş görmək olar. Bu istiqamətdə işlər görüb böyük uğurlar qazanacağımıza inanmaq üçün dönüb keçmişə baxmaq, folklor adlı mənəvi məkanda bir vaxtlar xalqlarımızın necə qaynayıb-qarışdığını xatırlamaq kifayətdir.
Fərəhli haldır ki, qonşuluq münasibətlərində folklor əlaqələrinin nə qədər böyük rol oynadığını görkəmli folklorşünaslarımız vaxtında dəyərləndirib, bu sahədə ciddi araşdırmalar aparıblar. Məsələn, çağdaş Azərbaycan folklorşünaslarından bir çoxunun ustadı olan M.H.Təhmasib dastanlara həsr etdiyi fundamental əsərində mövzuya Qafqaz xalqlarının folklor əlaqələri fonunda yanaşmağı əsərin vacib xətlərindən biri sayıb. M.H.Təhmasib "Dədə Qorqud" eposunda mühüm yer tutan Təpəgözlə vuruş motivini araşdırarkən ərəb və yunan mənbələri ilə yanaşı, Qafqaz xalqlarının folkloruna, xüsusən də Şimali Qafqaz, Dağıstan və Abxaziya xalqları ilə bağlı "Nart" eposuna nəzər salmağı yaddan çıxarmayıb. M.H.Təhmasib "Nart" eposunun mənşəyini skif və monqol mifləri ilə əlaqələndirən V.İ.Abayev və V.A.Kaloyevdən fərqli olaraq, diqqəti "Dədə Qorqud" üzərinə yönəldib .
Folklorşünas Valeh Hacılar M.H.Təhmasibin araşdırmalırını davam və inkişaf etdirərək, Basatla gürcü eposunun qəhrəmanı Amirani arasında müqayisə aparıb. "Amirani" eposunun svan variantına müraciət edən V.Hacılar həmin variantda Amiraninin Təpəgözlə vuruşmasını və Təpəgözü onun öz qılıncı ilə öldürməsini xatırladıb, qeyd olunan epizodun Basat - Təpəgöz qarşılaşmasına çox yaxın məzmun daşıması üzərində dayanıb.
Qafqaz eposları arasında süjet-motiv səsləşmələri başqa bir görkəmli folklorşünasın - Y.B.Virsaladzenin də diqqətini cəlb edib. Y.B.Virsaladze "Dədə Qorqud" eposundakı "Bəkil oğlu Əmran" boyu ilə gürcü eposu "Amirani" arasında süjet-motiv oxşarlığı müşahidə edib. Epos səsləşmələri barədə Y.B.Virsaladzenin gəldiyi qənaət M.H.Təhmasibin gəldiyi qənaətdən bir az fərqlidir. M.H.Təhmasib Təpəgöz süjet-motiv səsləşmələrindən danışarkən Şimali Osetiya və Azərbaycan-türk variantlarını müstəqil variantlar sayır. Amma Y.B.Virsaladze "Amirani" - "Dədə Qorqud" səsləşmələrindən danışarkən "Bəkil oğlu Əmran" boyunun gürcü mənbəyi əsasında yaranması qənaətinə gəlir və bu qənaəti Y.M.Meletinskinin də dəstəklədiyini xüsusi olaraq qeyd edir .Əlbəttə, Y.B.Virsaladze və Y.M.Meletinski ilə mübahisə etmək, misallar çəkib "Bəkil oğlu Əmran" boyunun ümumtürk mifologiyası və folklorundan gəlmə bir süjet olduğunu əsaslandırmaq mümkündür. Yeri gəlmişkən qeyd edək ki, belə bir əsaslandırma işini folklorşünas V.Hacılar müəyyən qədər yerinə yetirib .Mübahisəni davam etdirməyi lüzumsuz sayırıq. Çünki bu yazıda başlıca məqsəd xalqları (o cümlədən biz ədəbiyyatşünasları) ayıran yox, birləşdirən məqamlar üzərində dayanmaqdır.
Gəlin boynumuza alaq ki, keçib gəldiyimiz tarixi yolda qonşu xalqın danılmaz mədəni təsirindən heç də həmişə ürək açıqlığı ilə danışmamışıq, siyasi şərait və belə demək mümkünsə, milli eqoizm bizə mədəni əlaqələr tarixini necə var, o cür öyrənməyə mane olub. Məsələn, fars ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsir göstərməsi uşağın da bildiyi bir həqiqətdir. Çünki uşaq Nizami Gəncəvi kimi dünya şöhrətli şairin fars dilində yazmağından xəbər tutan kimi məsələnin nə yerdə olduğunu az-çox anlamağa başlayır. Amma gəlin görək, uşağın da bildiyi bir faktdan siyasi rejim və rejimə dəm tutan ədəbiyyatşünaslıq necə istifadə edib?! İkinci Dünya müharibəsindən cəmi iki il sonra N.Gəncəviyə yubiley keçirmək, onun 800 illiyini təntənə ilə qeyd etmək tədbirləri arxasında siyasi bir oyun da gizlənməyibmi? Bəli, sovet rejimi N.Gəncəvinin farsdilli olmağından siyasi təbliğat faktı kimi istifadə edib və təntənəli Nizami tədbirlərinin arxasında antitürk kampaniyası da aparılıb. Həmin siyasi kampaniyanın bir zərəri etnik mənşəyin unutdurulması idisə, başqa bir zərəri də ifrat milli təəssübkeşlik meylinin, gizli də olsa, formalaşmasına rəvac vermək idi. İfrat təəssübkeşlik meylinin nəticəsi idi ki, milli ruhlu ədəbiyyat adamlarımız fürsət düşən kimi antiiran əhvali-ruhiyyəli yazılar yazırdılar. Məsələn, S.Vurğun XX əsrin qırxıncı illərində Sovet İttifaqının İranla bağlı siyasi maraqlarının olmasından istifadə edib "Yandırılan kitablar" adlı şeir yazdı və o şeirdə hiddət hissi ilə Azərbaycan dilinə və mədəniyyətinə İrandakı "cəllad" münasibətindən bəhs etdi. Yaxud N.Gəncəvinin "Leyli və Məcnun" poemasını dilimizə çevirərkən S.Vurğun türk dilini fars həqarətindən qorumağa yönəlmiş misralara xüsusi fikir verdi. Söhbətin nədən getdiyi aydın olsun deyə "Leyli və Məcnun" poemasından məşhur epizodu yada salaq: farspərəst Şirvan hökmdarı Axsitan N.Gəncəviyə fars dilində məhəbbət dastanı yaratmaq sifarişi verir. Farspərəst hökmdarın N.Gəncəviyə sifarişini S.Vurğun "müəyyən qədər orijinaldan fərqli" ( M.İbrahimov) şəkildə tərcümə edir:
Türk dili yaraşmaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə .
Bu təhqiramiz sözlər müqabilində N.Gəncəvinin hiddətləndiyini S.Vurğun tərcümədə xüsusi olaraq nəzərə çatdırır:
Qulluq halqasına düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım
Orijinaldan müəyyən qədər uzaqlaşmağa S.Vurğunu vadar edən məhz sovet dövründə aparılan antitürk kampaniyası idi. Bəli, S.Vurğun imkan daxilində antitürk təbliğatına qarşı antiiran mövqeyi nümayiş etdirməyə məcbur olurdu.
Farspərəstlik - türkpərəstlik qovğası bizdə 40-50-ci illərdən sonrakı mərhələlərdə daha açıq və daha kəskin şəkil aldı. Amma həmin kəskin və açıq qovğadan misallar çəkməyi də bu yazıda artıq və yersiz bir iş hesab edib, ifrat təəssübkeşliyin həqiqəti üzə çıxarmağa mane olduğunu bir daha xatırlatmaq və əsl mətləbə - folklor əlaqələri mövzusuna qayıtmaq istəyirik.
Qeyd etməyi vacib bilirik ki, Şərqin müxtəlif xalqlarının yazılı ədəbiyyatında farsca əsərlərin yaranmasına bənzər bir hadisə şifahi ədəbiyyatda da baş verib. Bu, Azərbaycan folklorunun təsir dairəsinin genişlənməsi və qonşu xalqlarda (ermənilərdə, gürcülərdə, Dağıstan xalqlarında) türkcə folklor nümunələrinin yaranması hadisəsidir. Əsrlər boyu davam edən bu proses ilk növbədə aşıq sənəti ilə, bu sənətin regionda geniş yayılması ilə bağlıdır. Azərbaycan yazılı ədəbiyyatına əsaslı təsir göstərən və onu yeni bir inkişaf istiqamətinə yönəldən aşıq sənəti tədricən qonşu xalqların mənəvi dünyasına daxil olmağa, onların da mədəniyyətinin tərkib hissəsinə çevrilməyə başladı. Erməni ədəbiyyatşünası V.Papazyan 1910-cu ildə Tiflisdə çap etdirdiyi "Erməni ədəbiyyatı tarixi" əsərində yazır ki, XIII-XVI əsərlərdə erməni ədəbiyyatı böyük dəyişikliklərə məruz qalıb. Son üç-dörd əsrin içərisində erməni ədəbiyyatı fars, sonra isə türk dilinin təsiri altında inkişaf edib. Elə həmin təsirin nəticəsidir ki, erməni şifahi poeziyasının bəzi nümunələrində fars, türk söz və ifadələri özünə geniş yer tapıb . Erməni dilinə və erməni mənbələrinə yaxından bələd olan folklorşünas İsrafil Abbaslının araşdırmalarından onu da öyrənirik ki, erkən orta əsrlərdən etibarən erməni ədəbiyyatında ikidilli poeziya nümunələri yaranmağa başlayır. Misralarının, bəndlərinin yarısı ermənicə, yarısı türkcə olan həmin nümunələr, xüsusən də xalq mahnıları Azərbaycan ədəbiyyatının erkən orta əsrlərdəki təsir dairəsi barədə aydın təsəvvür yaradır. Bu təsir XVII əsrdən sonra daha da güclənir və həmin dövrdə türkcə şeirlər qoşan erməni aşıqları (Qul Yeqyaz, Tatur, Dostu, Sayat Nova, Nağaş Hovnatan, Qul Artun və b.) yetişir:
Ay ağalar, ay qazılar,
Gög çadırda duran kimdi?
Əzəl mizan-tərazuni
Ora çəkib quran kimdi?
Salmaslı Qul Artundan gətirdiyimiz bu gəraylı-qıfılbənd XVII-XVIII əsrlər türkdilli erməni aşıq şeirinin səciyyəvi nümunəsidir. Belə nümunələrin sayı və sanbalı sonrakı əsrlərdə, təbii ki, daha da artıb:
Çərxi-fələk, sənin dövranın dönsün,
Əcəb məni bu seyrana yetirdin.
Necəsən ah çəkim, gərdənin yansın,
Çərxi dönmüş bu zamana yetirdin.
(XIX əsr, Keşişoğlu Mkrtıç. )

Nazlı dilbər, sənin siyah tellərin
Qiymət bilən üçün İrana dəyər.
O qələm qaşların, ala gözlərin
Misir, İsfahana, Tehrana dəyər.
(XIX əsr, Artunoğlu. )
Azərbaycan aşıq şeiri üstündə türkcə qoşma, gəraylı, divani yaradan erməni sənətkarları sırasında Şamçı Melko, Əzbər Adamı, Miskin Bürcü, Karapet Kalayfan, Musesoğlu Vartan, Sumbat, Gərdişi, Zəhri, Şükrü, Pərişan, Atəş, Fikri, Çırağı və başqalarının adını çəkmək olar.
Bəs aşıq sənəti özünə Gürcüstanda necə meydan tapıb? Yaxşı olar ki, bu suala gürcü həmkarlarımızın sözləri ilə cavab verək. 1958-ci ildə Tiflisdə çap olunan "Gürcü ədəbiyyatı tarixi"ndən öyrənirik ki, "XVII-XVIII əsrlərdə Gürcüstanda bədahətən şeir deyən şair - aşıqların, nəğməkarların poeziyası xüsusən geniş vüsət aldı. Onlar şeir qoşur, həmin şeirlərə musiqi bəstələyir, çox zaman öz əsərlərini özləri xalq çalğı alətlərinin müşayiəti ilə ifa edirdilər. Aşıqlar öz şeirlərində şəhərin aşağı sosial təbəqələrinin, xırda tacir və peşəkarların hiss-həyəcanlarını ifadə edirdilər. Elə bu da aşıqların, ümumiyyətlə, ədəbiyyata, o cümlədən gürcü ədəbiyyatına gətirdiyi özünəməxsus bir yenilik idi" . Gürcü həmkarlarımızın dediklərindən aydın olur ki, aşıq yaradıcılığının bizim yazılı ədəbiyyatın xəlqiləşməsində oynadığı rol gürcü yazılı ədəbiyyatına münasibətdə də özünü göstərib. Gürcü aşıqlarının türkcə şeirlər qoşması məsələsinə gəlincə, bu sahədə V.Hacıların araşdırmalarını xüsusi qeyd etmək lazımdır. Gürcüstandakı gürcü, həmçinin yunan və aysoru aşıqlarının yaradıcılığını hərtərəfli şəkildə araşdıran V.Hacılar gürcü mənbələri və özünün şəxsi müşahidələri əsasında Gürcüstandakı aşıq mühiti barədə geniş məlumat verir. V.Hacılar 1917-ci ildə Mesxet-Cavaxetə səfər edən akademik E.Tağaşvilinin gündəliyindən maraqlı qeydlər təqdim edir: "Biz burada ermənicə, ya gürcücə yaxşı danışa bilənə təsadüf etmədik. Burada daha çox işlənən dil tatar (türk) dilidir. Tatarca böyük də bilir, kiçik də, ailədə də bu dildə danışırlar. Bu, mədəni irsdir, ənənənin məhsuludur. Mənim yol yoldaşım Markoz yolda tatar mahnıları oxuyurdu. Soruşduqda - gürcü mahnısı bilmirəm, - dedi… Balantada 40-a yaxın ev var, hamısı gürcüdür, çoxu tatarca danışır.
Çixarulada gürcülər erməni dilini, ermənilər də gürcü dilini bilirlər, lakin ən çox tatarca danışırlar. Koteliyada 90 evdən üçü erməni evidir, qalanı gürcü. Burada hamı tatarca bilir. Buranın camaatı deyir ki, tatar dilində danışdığımız kimi gürcücə danışa bilmirik, ailədə də tatarca danışırıq" .
Yeri gəlmişkən xatırladaq ki, oxşar dil mühiti Ermənistanda da müşahidə edilib. Ermənistanın da əksər bölgələrində ermənilər uşaqdan-böyüyə Azərbaycan türkcəsində danışmağı bacarıblar və bu vəziyyəti erməni maarifçilərindən bir çoxu vaxtilə öz əsərlərində qeyd edib. X.Abovyan belə maarifçilərdən biridir. Erməni folkloru ilə yanaşı, Azərbaycan folklorunun da toplanması ilə məşğul olan, öz əsərlərində Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinə dönə-dönə üz tutan X.Abovyan ermənilər arasında Azərbaycan folklorunun geniş yayılmasının başlıca səbəblərindən birini dil amili ilə əlaqələndirib: "Özünün şairanəliyi, səslənməsi və axıcılığına görə tatar (türk) dili... bütün dillər arasında yeganə dildir!" .Əlbəttə, Azərbaycan türkcəsinin "yeganə dil" adlandırılmasını bu dilə rəğbətin qabarıq ifadəsi kimi başa düşürük və belə hesab edirik ki, E.Tağaşvili və X.Abovyan kimi ziyalılara bugünkü qarışıq bir şəraitdə daha böyük ehtiyac var. V.Hacılar o cür ziyalıların yolunu davam etdirərək, XVIII-XX əsrlərdə türkcə şeirlər qoşan neçə-neçə gürcü aşığı ilə bizi tanış edir: Aşıq Ruhani (İoseb Beridze), Aşıq Şivğa (Luka Beridze), Aşıq Levan Tavrişvili, Aşıq Zeyin (Topo Beridze), Aşıq Sandro Zendgidze, Aşıq Pəktayi (Yakob Zazadze), Aşıq Mixeyil Zazadze, Georgi Saracişvili, Aşıq Niko Davlaşeridze, Səfil Lado (Vladimir Beruaşvili), Sandro Qavrelişvili, Aşıq Eto (Ekvtime Davlaşeridze). V.Hacılar adları çəkilən bu sənətkarlar barədə bioqrafik məlumat verməklə kifayətlənmir və onların türkcə onlarla şeirini oxucuya təqdim edir. V.Hacıların ayrı-ayrı arxivlərdən topladığı və folklor ekspedisiyaları zamanı müxtəlif söyləyicilərdən şəxsən lentə aldığı bu şeirlər bayatı, gəraylı, qoşma, təcnis, cığalı təcnis, dodaqdəyməz qoşma, divani, dodaqdəyməz divani, müxəmməs və s. janrları əhatə edir. Nümunələr arasında hətta deyişmələrə də rast gəlmək olur:
Hayıf olmuş, pərdələrin sökülmüş,
Əl dəyməmiş, qulaqların bükülmüş,
Ağ sinəndən qamışların tökülmüş,
Hanı, sazım, hanı sənin tellərin?

Qış olanda yel səninçün əsərdi,
Barmaqların pərdələrim basardı,
Dostlar söyünərdi, düşmən küsərdi,
Hanı, Şivğam, hanı sənin əllərin?
Bu, XIX əsrin adlı-sanlı gürcü aşıqlarından sayılan Şivğanın (Luka Beridzenin) sazla məcazi deyişməsindən bir parçadır. Bu parça aşıq sənətinin müxtəlif ənənələrinin gürcü aşıq yaradıcılığında ortaya çıxması baxımından maraq doğurur. Gürcü aşıq yaradıcılığında qarşılaşdığımız ən maraqlı faktların biri isə dastan janrı ilə bağlıdır. Gürcü aşıqları nəinki məşhur Azərbaycan dastanlarını məclislərdə söyləməklə məşğul olublar, həm də həmin dastanlar üstündə yeni-yeni dastanlar yaratmağa təşəbbüs göstəriblər. Aşıq Zeyinin (Topo Beridzenin) "Cəlal-Sayad Səlvinaz" dastanı bu təşəbbüsün bariz nümunəsidir. V.Hacıların türkdilli gürcü aşıqları ilə bağlı gərgin və səmərəli fəaliyyətinin bir nəticəsi də həmin dastanı canlı ifadan yazıya alıb çap etdirməsidir.
Son dərəcə yığcam şəkildə nəzər saldığımız bu məsələ ilə, yəni erməni və gürcü aşıqlarının zaman-zaman Azərbaycan türkcəsində yazıb-yaratması ilə bağlı ən düşündürücü cəhətlərdən biri hal-hazırda erməni və gürcü tədqiqatçılarının həmin tarixi həqiqətə münasibətidir. Azərbaycana qarşı ərazi iddiasının irəli sürüldüyü Ermənistanda Abovyanların qonşu xalqa rəğbət ifadə edən fikirlərinin qulaqardına vurulması gözlənilən haldır. Bəs Azərbaycanla mehriban qonşuluq əlaqəsində olan Gürcüstanda vəziyyət necədir, gürcü ədəbiyyatşünasları gürcü aşıqlarının türkcə yazıb-yaratması tarixindən obyektiv şəkildə danışa bilirlərmi? Suala müsbət cavab verməyə çətinlik çəkirik. Çünki əldə olan bəzi faktlar məlum mədəni hadisəyə obyektiv münasibətdən danışmağa o qədər də əsas vermir. Məsələn, çağdaş gürcü tədqiqatçılarından V.Matsaberidzenin fikrincə, gürcü aşıqları başqa dildə yox, yalnız ana dilində yazıb-yaradıblar; yaxud İ.Qrişaşvilinin qənaətinə görə, aşıq sənəti Gürcüstana Azərbaycan türklərindən yox, farslardan keçib . Bu cür faktlar göstərir ki, bizdə farsca yazmaq ənənəsinə müəyyən qədər qısqanc münasibət olduğu kimi, Ermənistan və Gürcüstanda da türkcə yazmaq ənənəsinə müəyyən qədər qısqanc münasibət var. Əlbəttə, heç kim o fikirdə deyil ki, azərbaycanlılar təzədən qayıdıb fars, ermənilər və gürcülər də təzədən qayıdıb türk dilində əsərlər yazmalıdırlar. Amma sağlam qonşuluq münasibəti kimi son dərəcə vacib işi ağıl-kamalla həyata keçirmək tərəfdarı olan hər kəs istəyir ki, "Qafqaz evi" quru söz olmaqdan çıxıb, əməldə öz təsdiqini tapsın, xalqlarımız siyasi iddialar ucbatından üzə-üzə dayanmasınlar.


Muxtar KAZIMOĞLU
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru




Bu yazı ( 107 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar