12px14px16px18px

Ağıllı kimdir, dəli kim?

Muxtar KAZIMOĞLU

“CƏLİL MƏMMƏDQULUZADƏ VƏ XALQ GÜLÜŞ MƏDƏNİYYƏTİ” SİLSİLƏSİNDƏN İKİNCİ YAZI

01:03 / 13.03.2010




Mirzə Cəlil yaradıcılığında dəlilik mövzusu öz təməlini müəllifin əvvəl yazılmış bəzi əsərlərindən, xüsusən də “Ölülər”dən götürür. Bu fikri əsaslandırmaq üçün akademik İsa Həbibbəylinin bir mülahizəsini xatırlatmaq yerinə düşür. İ.Həbibbəyli yazır: “Atası Hacı Həsən, anası Kərbəlayı Fatma xanım, şəhər sakinləri Məşədi Oruc, Hacı Kərim, Hacı Kazım, Mir Bağır ağa kimi “diri ölülər” İskəndərə dəli kimi baxırlar”. İskəndərin dəli hesab edilməsinin səbəbi məlumdur: İskəndər Hacı Həsənlərin davranışını tənzimləyən mövcud qaydaların bir çoxuna etiraz edir, Cəlal və Nazlı kimi uşaqların köhnə və çürük qaydalarla təlim-tərbiyə alıb Hacı Həsənlərin, Kərbəlayıfatmaların davamçısına çevrilməsini narazılıqla qarşılayır. Yəni İskəndərin mövcud qaydaları, o cümlədən təlim-tərbiyə qaydalarını qəbul etməməsi Hacı Həsənlərə məhz dəlilik kimi görünür. Ətraf mühitdə özü haqqında yaratdığı dəli, anormal adam təsəvvürünü İskəndər şərab içib, sərxoş olmaqla daha da gücləndirir. Qəbiristanlıq səhnəsində İskəndərin Şeyx Nəsrullaha dediyi sözlərə diqqət yetirək: “Əgər mən şərab içməsəm, ağlım başımda olar; ağlım başımda olanda birdən gözümü açıb görərəm ki, aha, bizim şəhərimizə bir müctəhid gəlib, adını qoyub ölü dirildən və mömin bacılarımızın başını ricət məsələsilə piyləyə-piyləyə hər gecə bir balaca qız alır”. Deməli, sərxoşluqdan İskəndərin umacağı həm də budur ki, “ağlı başında olmayan” adam şəklinə düşsün və hər şeyi bütün çılpaqlığı ilə görmək əzabından bir az yaxa qurtara bilsin. Konkret vəziyyətdən asılı olaraq geydiyi “ağılsız” adam libası İskəndərin dəli sayılmasının əsas mənbəyinə çevrilir.
Hacı Həsənlər İskəndəri dəli hesab etdikləri kimi, İskəndər də Hacı Həsənləri dəli hesab edir. Ölü diriltmək fənd-felinə uyub evində İsfahan lotusuna hər cür üçün şərait yaradan və yaranmış vəziyyətin əcaibliyindən vahiməyə düşüb özünü itirən atası Hacı Həsən ağaya İskəndər belə deyir: “Qorxma, heç bir şey deyil, ancaq adam dəli olanda elə bir azca gözləri qaralır. Dəxi bundan başqa bir şey yoxdu. Qorxma, bircə bu var ki, sənin başına hava gəlib”. İskəndərin Hacı Həsən ağanı “dəli” adlandırması ilə Mir Bağır ağanı “eşşək”, teleqrafçı Heydər ağanı, həmçinin Hacı Bəxşəlini, Hacı Kərimi “uzunqulaq”, bütövlükdə ətraf hacı, məşədi və kərbəlayılar dəstəsini “ölülər” adlandırması eyni məzmun və məna kəsb edir. İskəndərin dilində səslənən “eşşək”, “uzunqulaq”, “ölü” sözləri kimi, “dəli” sözü də nadanlığın və mənəviyyatsızlığın adına, işarəsinə çevrilir. “Dəli yığıncağı”nda nadanlığın və mənəviyyatsızlığın dəlilik adı altında ayrıca qələmə alınması müəllifə imkan verir ki, mövzunun özünəməxsus bədii ifadəsinə nail olsun. Özünəməxsusluq, hər şeydən qabaq, həqiqi dəlilərlə “ağıllı dəlilər”in qarşılaşdırılmasında ortaya çıxır.
“Dəli yığıncağı”nda biz əsl dəlilərdən qabaq “ağıllı dəlilər”lə tanış oluruq. Və bu tanışlıq “Ölülər”də “diri ölülər”lə tanışlığının ilk səhnəsini xatırladır. “Ölülər”də olduğu kimi, “Dəli yığıncağı”nda da qəfil xəbər öz kefində olan və kefinin pozulmasına qətiyyən imkan vermək istəməyən hacı, məşədi və kərbəlayılar mühitini təlatümə gətirir. Qəfil xəbər ondan ibarətdir ki, Əmristan vilayətindən (yəni əmrlər və hökmlər vermək gücündə olan bir vilayətdən) Lalbyuz adlı bir həkim gəlib. İmkanlı adamlardan pul yığılmalıdır ki, dəlixana açılsın və Lalbyuz şəhərin dəlilərini orada (dəlixanada) müalicə etsin. Təlatüm şəhər hakimi Həzrət Əşrəfin hüzurunda başlayır. Həzrət Əşrəfin hüzuruna çağrılan tacirlər “Pul! Pul!” deyib qışqıran hakimin qorxusundan girməyə siçan deşiyi axtarırlar və rəzilliyin səciyyəvi mənzərəsi yaranır. Məlum olur ki, “Poçt qutusu”ndakı Novruzəlinin köləliyi “Dəli yığıncağı”nda “barı, pərvərdigara, belə hakimlərin sayəsini biz aciz bəndələrin başının üstündən əskik eləmə” deyən Hacı Məhəmmədəlilərin köləliyinin yanında toya getməlidir. Heç şübhəsiz, Hacı Məhəmmədəli, o cümlədən digər imkanlı adamlar dəlixanadan ötrü qəpik də qoymağa razı deyillər. Amma kölə xisləti ürəklərdə və beyinlərdə o qədər dərin kök salıb ki, Həzrət Əşrəfin “pul!” hökmünə qarşı çıxmaq heç kimin ağlına belə gəlmir. Hacıməhəmmədəlilər nəinki Həzrət Əşrəfə, həm də onun “dəstəklədiyi” doktor Lalbyuza təzim etməyi özlərinə borc bilirlər. Hökm sahibləri qarşısında müti qula dönən bu adamların əsas məsələyə – dəlilərin sağalması məsələsinə münasibəti necədir? Onlar dəlilərin sağalmasını istəyirlərmi? Bu sual “Ölülər”dəki məlum vəziyyəti yada salır. “Ölülər”dəki “diri ölülər” heç də ölülərin hamısının dirilməyini istəmədikləri kimi, “Dəli yığıncağı”ndakı “ağıllı dəlilər” də əsl dəlilərin hamısının sağalmasını istəmirlər. Çünki ortada dəli qardaşın canısulu arvadını siğə eləmək kimi böyük bir maraq var. Və bu məsələyə heç bir hakim qadağa qoymur. Marağın təmin edilməsi tədbirlərinin başında isə kifayət qədər səlahiyyəti və nüfuzu olan Fazil Məhəmməd İbn Yaqub Küleyni durur. Fazil Məhəmməd, olsa-olsa, qardaşı arvadı Pırpız Sonanın ağıllanmasını istəyir. Qardaşı Molla Abbasın sağalıb “normal” adamlar cərgəsinə qoşulması Fazil Məhəmmədin, söz yox ki, ürəyindən deyil. Molla Abbasın sağalıb “normal” adamlar cərgəsinə qoşulması yar-yaraşıqlı Pırpız Sonanı siğə eləmək tədbirinin baş tutmaması və bununla da Fazil Məhəmmədin istəyinin ürəyində qalması deməkdir.
Molla Abbas, aydın məsələdir ki, İskəndərə yaxın obrazdır. Amma bu yaxınlıq yalnız onların idrak sahibi olmalarında deyil, həm də idrak sahibi ola-ola özgə bir qiyafədə görünmələrindədir. Obrazın özgə qiyafədə görünməsinin ümumilikdə C.Məmmədquluzadə yaradıcılığı üçün səciyyəvi poetika amili olduğunu nəzərə alan ədəbiyyatşünas Qorxmaz Quliyev yazır: “Azərbaycan (bəlkə də dünya?!) ədəbiyyatında Şekspirin üzvi maska, mahiyyət-maska bədii konsepsiyasını Məmmədquluzadə qədər yaradıcı şəkildə özününküləşdirən ikinci bir sənətkara təsadüf etmək müşkül məsələdir”. Ayıq-sayıq İskəndər sövq-təbii “ölü” qiyafəsində göründüyü kimi, ağıllıdan ağıllı Molla Abbas da istər-istəməz dəli qiyafəsində görünməli olur. İskəndər “ölü” donuna girib mühitə gülmək imkanı qazandığı kimi, Molla Abbas da ətrafdakı adamlara gülmək imkanını məhz dəli donuna girməklə qazanır.
Molla Abbasın dəli qiyafəsində çıxış etməsinin nədən doğduğunu, nədən ötrü olduğunu doğru-düzgün başa düşmək üçün Molla Nəsrəddinə yenidən qayıtmağa ehtiyac var. Molla Nəsrəddini bir də yada salanda belə bir cəhətə diqqət yetirmək lazım gəlir ki, o (Molla Nəsrəddin) həm dəlilərlə dəli dilində danışır, həm də özünü ağıl dəryası sayanlar yanında aqil adam iddiasında bulunmur. Dəlilər arasında özünü dəli kimi aparan Molla Nəsrəddin ağıllı adamın sualına də dəlidən doğru xəbər məntiqi ilə cavab verir: “– Dünyanın ortası haradır? – İndi mən durduğum yer”. “– Göydə nə qədər ulduz var? – Mənim eşşəyimin tükü qədər”. Özünü ölülüyə və dəliliyə vuran Molla Nəsrəddin, heç şübhəsiz, oyun oynayır. Gülmək və güldürmək üçün olan bu oyunda ciddi olmaq, ağıllı adam ədası nümayiş etdirmək Molla Nəsrəddinin yox, onun güldüyü, məsxərəyə qoyduğu dayaz adamların işidir. Bəli, Molla Nəsrəddinin ətrafında ağıldan dayaz adamlar necə var, o şəkildə görünmək istəmirlər. Ağılsız adam özünü alim kimi qələmə verir, vücudu üç qəpiyə dəymədiyi halda qazi, vali, hətta padşah mərtəbəsinə yüksələn adam özünü alicənab şəxs kimi göstərmək istəyir. Heç nə və heç kəs öz yerində olmursa, demək, ətraf mühitdə özünü gizlətmək və başqalaşmaq oyunu gedir. Və Molla Nəsrəddin məhz bu oyuna qoşulur. Amma başqalarından fərqli olaraq, Molla Nəsrəddin alicənab şəxs yox, nanəcib şəxs qiyafəsini seçir və bu qiyafədə görünməyə başlayır. Nanəcib şəxs qiyafəsində görünmək alicənab şəxs qiyafəsində görünənləri məsxərəyə cəlb etməyin əlverişli vasitəsinə çevrilir.
Molla Nəsrəddinin ikiləşmə oyununun dondan-dona, cilddən-cildə girən ətraf mühitə adekvat cavab olduğunu nəzərə alıb “Dəli yığıncağı”nda, ondan əvvəl isə “Ölülər”də bu oyunun hansı şəkildə getdiyinə qısa nəzər salaq. “Ölülər”də alicənab şəxs qiyafəsində görünməyin ən böyük ustası, şübhəsiz, Şeyx Nəsrullahdır. Tək olub, öz-özünə danışdığı bir səhnədə Şeyx Nəsrullah kimliyini, hansı məzhəbə qulluq etdiyini açıq-aydın bildirir: “Camaatın qabağında mən özümü naxoşluğa vuranda Şeyx Əhməd həmişə elə bilir ki, mən adamları ələ salıram; amma bu biçarənin heç xəyalına gələ bilməz ki, mənim mərəzim çox şiddətli mərəzdir”. Şəhvət düşkünü olan Şeyx Nəsrullah öz istəyini vaxt itirmədən, dərhal ona görə həyata keçirə bilir ki, o, özünün Allah adamı olduğuna Hacı Həsənləri tam inandıra bilir. İnam (və qorxu) o qədər dərindir ki, Şeyxin hər gecə bir qız siğə eləməsini Hacı Həsənlər “Allah adamının savab iş görməsi” kimi qiymətləndirməyə məhkumdurlar. Şeyx Nəsrullah kimi bir əjdaha ilə hakim və məhkum münasibətində olan, başını itirib qarabasma halları keçirən Hacı Həsənlərin həmin məqamda (yəni İsfahan lotusunun əsarətində olduğu bir vaxtda) alicənab şəxs qiyafəsində görünməsi xeyli çətinləşir. Dona girməyin böyük ustası (Şeyx Nəsrullah) dona girməyin qismən zəif nümayəndələrini vurub sıradan çıxarır. Şeyx Nəsrullah vahiməsi Hacı Həsənlərin bütün paxırının açılmasına səbəb olur. Paradoksal vəziyyət yaranır. İskəndərə lazım olan nəticə (pərdənin götürülməsi və hər şeyin olduğu kimi görünməsi) Şeyx Nəsrullah vasitəsilə mümkün olur.
Oxşar vəziyyətə “Dəli yığıncağı”nda da rast gəlirik. Molla Abbasa lazım olan nəticə (Fazil Məhəmmədlərin paxırının açılması və hər kəsin necə var, o şəkildə görünməsi) Həzrət Əşrəfin dəliləri sağaltmaq oyunu sayəsində mümkün olur. Xalqın dilini bilməyən hakimin xalqın dərdinə çarə qılmaq oyunu (əslində isə pul qazanmaq məqsədinə xidmət edən bir oyun) Fazil Məhəmmədlərin kürkünə birə salır. Oyun başlanan dəqiqədən Fazil Məhəmmədlərin beynini məşğul edən yalnız və yalnız dəli məsələsi olur. Fazil Məhəmmədlər dəli qardaşların arvadlarını ələ keçirmək tədbirlərini sürətləndirərkən dondan-dona, cilddən-cildə girməyin neçə-neçə səhnəsi ilə qarşılaşırıq. Belə səhnələrdə başqalaşmağın ən başlıca üsulu Allah, peyğəmbər və imam adından danışmaq olur. Pırpız Sonanın “mən imam sahibbəzzəmanı axtarıram”, “mən imam sahibbəzzəmana ərə gedəcəyəm” sözlərinin müqabilində Fazil Məhəmməd özünü imamın nümayəndəsi elan edir: “Qızım, mən özüm imamın naibiyəm, mənim sözüm imamın sözüdü”. Fazil Məhəmməd bu cür sözləri elə-belə demir. Hönkür-hönkür ağlaya-ağlaya deyir. Böyük coşqunluq və bəlağətlə moizə eləmək, arada göz yaşı axıdıb qulaq asanları ehtizaza gətirmək məharətinə görə Fazil Məhəmməd müəyyən qədər Şeyx Nəsrullahı yada salar.
Dəli qardaşların arvadlarına göz dikən başqa mötəbər şəxslər də Fazil Məhəmməd kimi davranıb əsl simalarını möminlik pərdəsi altında gizlədirlər. Qardaşı Sərsəm Heydərin arvadına göz dikən Kərbəlayi Türbətin, qardaşı Həmzad Qurbanın arvadına göz dikən Məkkə Məhəmmədin əlindən təsbeh, dilindən “sübhanallah” kəlməsi düşmür.
Əsl simasını məharətlə gizlədib çirkin əməllərdən çıxan Fazil Məhəmmədlər arasında Molla Abbasın mövqeyinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışaq.
Qardaşı Fazil Məhəmməd kimi Molla Abbas da ruhanidir. Amma Fazil Məhəmməddən fərqli olaraq, Allah, peyğəmbər və imam adından danışıb əlaltından şəxsi istəklərini həyata keçirmək Molla Abbasın bacarmadığı bir işdir. Fazil Məhəmməddən fərqli olaraq, Molla Abbas xurafatı həqiqət adına beyinlərə yeritməyi vicdanına sığışdırmır. Bu vəziyyətdə ya susmalısan, ya da vicdanın səsinə qulaq asıb öz sözünü deməlisən. Molla Abbas öz sözünü deyə bilirmi? Suala cavab verməmişdən qabaq əli təsbehli və ağzı dualı möminlərin bir-iki sözünü xatırladaq: “And olsun Allaha, şeytan deyir, vur başı-gözü yarılsın”. “And olsun Fatimeyi-Zəhraya, səni bu küçədə yıxıb o qədər ayaqlaram ki, beynin torpağa qarışar!” Bu cür qəzəb və hədə-qorxu müqabilində Molla Abbasın xurafatı xurafat adlandırıb ondan (xurafatdan) açıq-aşkar şəkildə danışması baş tutan sevda deyil. Əlac eyhamlarla, atmacalarla danışmağa qalır. Eyhamlarla, atmacalarla danışan Molla Abbas özünü dəliliyə vurmaq yolunu Pırpız Sona dəli olandan sonra seçməli olur. Bu yolu seçməkdə Molla Abbasın bir məqsədi dəli arvadını qorumaqdırsa, bir məqsədi də öz sərbəstliyini təmin etməkdir.
Molla Nəsrəddinin özünü dəliliyə vurması ilə Molla Abbasın özünü dəliliyə vurması arasında oxşarlıq göz qabağındadır. Molla Nəsrəddində olduğu kimi, Molla Abbasda da dəli qiyafəsinə girmək ətraf adamların mötəbər şəxs donuna girməsinə bir cavabdır. Fazil Məhəmmədlər mötəbər şəxs donuna girib ən yuxarı mərtəbələrə can atırlarsa, Molla Abbas da dəli qiyafəsinə girib həyatın dibinə enir, aşağılardan da aşağıda dayanan bir dəstə xəstəyə qoşulur. Dəlilərə qoşulub onlarla birlikdə səfil-sərgərdan küçələri dolaşması Molla Abbasa dəli dilində camaatı bəzi mətləblərdən hali etmək imkanı verir. Molla Abbasın camaata dedikləri, təbii ki, möminlər arasında qəzəblə qarşılanır. Möminlərdən Hacı Mədinə adlı biri deyir: “... bu babi oğlu babi dünən küçədə camaatı başına yığıb, həzrətin tuman bağına lağ eliyir ki, guya nəüzibillah, həzrət eşiyə çıxanda tuman bağını tapşırardı sarbanına. Və çün tuman bağı da xeyli qiymətli imiş, onun üçün də sarbanın gözü düşür tuman bağına və küffarın qoşunu həzrəti şəhadətə yetirəndən sonra sarban gəlir haman tuman bağını həzrətin tumanından çıxartsın, həzrət əvvəl sağ əlini, sonra sol əlini qoyur tuman bağının üstə, amma o haramzada həzrətin əllərini kəsib, tuman bağını qəsb eləyir”. Həzrətin tuman bağına aid lağlağı sözləri ruhani qiyafəsində məscid minbərindən söyləmək ağıla sığmayan bir işdir. Dəli qiyafəsində isə nə istəsən, danışa bilərsən. Məsciddə gülmək şeytan əməli sayıldığı halda, küçə-bacada qarnın yırtılacan gülə bilərsən. Özün ruhani ola-ola baş ruhani Fazil Məhəmmədin moizəsinə şəkk eləmək nəticədə “səngsar” (daş-qalaq) olmaq deməkdir. Dəli qiyafəsində isə Fazil Məhəmmədin qabağında mayallaq aşa, onun moizəsinə öz münasibətini bu yolla bildirə bilərsən. Fazil Məhəmmədin imamın ilahi qüdrətinə həsr olunan və özünün şəxsi istəyinə yönələn son moizələrindən biri belədir: “...həzrət sahibül–əsr vəzzəman cümə günü Qaf dağının dalından min övladı ilə düşmənin qabağına davaya çıxıb, elani-müharibə edəcək... həzrətin ümmətinin törəyib artmağına böyük zərurət müşahidə olunur... Bu vilayətdə olan dəli kişilərin övrətləri bir surətdə ki... ərlərindən boş və azaddırlar, gərək öz ərlərinin qardaşlarına siğə olub, bu kəcavələrə əyləşsinlər, həzrətin ziyarətinə müşərrəf olsunlar. Zəmani ki, həmin dəli kişilərin övrətləri öz dəli ərlərinin qardaşlarına siğə oldular, xudavəndə – zülcəlalın qüdrəti ilə bu övrətlərdən (dəlilərin üç övrətinə işarə edir) yetmiş günün ərzində yetmiş min övlad ərsəyə gələcək və bunlar o büzürgüvarın köməyinə gedəcəklər”. Ağlı üstündə olanların hamısı bu moizəyə huş-guşla qulaq asır və Fazil Məhəmmədin buyruğuna əməl edilməsini müqəddəs borc bilir. Fazil Məhəmmədin dediklərinə Quran ayəsi kimi baxanlar arasında dəlilərin arvadları da var. Həmin arvadlar Fazil Məhəmmədin sözü tamama yetməmiş – siğə mərasimini gözləmədən kəcavələrə tərəf cumurlar. Yəni “istədiyin yar idi, yetirdi pərvərdigar” mənzərəsinin şahidi oluruq. Başa düşürük ki, öz qayınlarına siğə olunmaq buyruğu dəli arvadlarının canına yağ kimi yayılır. Siğə məsələsi dəli arvadlarının o qədər ürəyincədir ki, hətta balalarının sahibsiz qalması belə onları (məsələn, Həmzad Qurbanın arvadı Səkinəni) yolundan saxlaya bilmir.
Həzrətin min övlad ilə düşmən qabağına davaya çıxmasına, öz dəli ərlərinin qardaşlarına siğə olunan üç arvaddan yetmiş gün ərzində yetmiş min övlad ərsəyə gələcəyinə qah-qah çəkib gülən yalnız Molla Abbas və onun dəli yoldaşlarıdır.
Bəs dəli arvadlarının öz qayınlarına siğə olunması oyununa Pırpız Sonanın münasibəti necədir? Bu oyunda Fazil Məhəmməd əsas niyyətinə – Pırpız Sonanı öz caynağına keçirmək istəyinə çata bilirmi?
Fazil Məhəmməd deyir: “Bəli, məlumdur ki, bu vilayətdə hamıdan artıq dəliliyi ilə şöhrət qazanan mənim bədbəxt bəradərim dəli Molla Abbasdır ki, onun biçarə övrəti Pırpız Sonanı həzrətin ziyarətgahına aparmaq zəhməti mənim öhdəmə mühəvvəl olunubdu... Daxil olsun kəcavəyə qol-qıçı açıq, mömin bəndələrin nəzərində küçə və bazarda dolanan Pırpız Sona”. Fazil Məhəmmədin və başqa möminlərin gözləmədiyi bir vəziyyət yaranır – Pırpız Sona kəcavəyə tərəf getmir və bu azmış kimi dəhşətli sözlər deyir: “Molla Abbas, qorxuram! Molla Abbas, məni tut, mən qorxuram! Molla Abbas, o arvadlar ki, öz ərlərini tullayıb, ərlərinin qardaşlarına qoşulub gedirlər, o arvadların ucundan qorxuram dünya və aləm dağıla, külli-kufan ola. Molla Abbas, qorxuram ulduzlar yerə tökülə. Vay, nələr gördüm, Molla Abbas!” Əsər boyu davam edən ağıllı və dəli qarşılaşması bu səhnədə özünün ən təsirli nöqtəsinə çatır. Bu səhnə bir daha göstərir ki, ağıllı və dəli qarşılaşmasını müəllif vələdüzzinalıqla sadədilliyin, riyakarlıqla riyasızlığın, idbar güclə bədbəxt gücsüzlüyün qarşılaşması kimi təqdim edir. Bəli, səfil-sərgərdan kökə düşüb küçələri dolaşan Pırpız Sonalar arxasız-köməksiz, bədbəxt adamlardır. Amma onlar hər cür rahatlıqlarını itirsələr də, adamlıqlarını itirməyiblər. Molla Abbas adamlıqlarını itirib, hər cür əxlaqsızlığı özlərinə rəva bilən Fazil Məhəmmədlər arasında olmaqdansa, riyakarlıq nədir bilməyən Cinni Mustafalar arasında olmağı daha şərəfli yol hesab edir. Molla Abbas Fazil Məhəmmədin kəcavəsinə tərəf getməyən Pırpız Sonaya deyir: “İndi ki, getmədin, getmə, qoy o ...qayın-baldızlar əyləşsinlər kəcavələrə və yetmiş günün ərzində həzrətin qoşunundan ötəri yetmiş min övlad əmələ gətirsinlər və həzrətin düşmənini səğərin dib-bucağına vasil eləsinlər. Gedək biz də öz yoldaşlarımızın içində qalaq. Doğrudur, onlar həzrətin zühuruna inanmırlar, həzrətin zühurunda mayallaq aşırlar, amma heç olmasa, səni də çimdikləmirlər”. Pırpız Sonanı hər fürsət düşdükcə çimdikləyən, ona canavar iştahası ilə tamah salan, əlbəttə, Fazil Məhəmməd və onun mömin yoldaşlarıdır. Amma burada bir suala da cavab vermək lazım gəlir: dəli qardaşların arvadlarını siğə eləmək həzrətin ziyarətinə gedənlərin hamısınamı aiddir? Xeyr, hamısına aid deyil. Sadəcə olaraq, möminlərdən dördü – Fazil Məhəmməd, Hacı Bağdad, Kərbəlayı Türbət və Məkkə Məhəmməd dəli qardaşların arvadlarını siğə eləmək məsələsini ziyarət fürsətindən istifadə etməklə həyata keçirmək istəyir. Siğə məsələsi baş tutmasa belə kəcavə yola düşməli və həzrəti ziyarət etmək kimi müqəddəs vəzifə yerinə yetirilməlidir. Və bu səhnədə müəllifin bir niyyəti qardaş arvadına göz dikənlərin mənəviyyatsızlığını diqqətə çatdırmaqdırsa, bir niyyəti də amorallığın anormallığa, anormallığın amorallığa qatışıb gülməli və ağlamalı bir vəziyyət yaratdığını göstərməkdir. Bu niyyətlə müəllif xatırlatdığımız detallarla yanaşı, Çavuşun bir xurcun insan sümüyünü həzrətin türbəsinə aparması detalından da istifadə edir. Doktor Lalbyuz at üstündəki bir xurcun insan sümüyünü görüb təəccüb içində gözləri bərələ qalanda Çavuş Ələlfəlah sümük əməliyyatının hansı dərin mənalar daşıdığını belə izah edir: “Cənab həkim, bu sümüklər cənnət-məkan atamın sümükləridi... Bu sümükləri aparıram ətabəti-aliyata həzrətin türbəti-mübarəklərinə tapşıram”. Əzizlərinin sür-sümüyünü aparıb həzrətin qəbri yanında dəfn etməkdə Çavuş Ələlfəlahların əsas niyyəti, yəqin ki, əsl mömin olduqlarını nümayiş etdirməkdir. Amma bu möminlik o qədər əndazədən çıxır ki, Ələlfəlahların dəli olduqlarına doktor Lalbyuzun zərrə qədər şübhəsi qalmır.
Şəhər hakimi Həzrət Əşrəf kimi doktor Lalbyuz da bədii funksiyaca “Ölülər”dəki Şeyx Nəsrullaha bir az oxşar obrazdır. Şeyx Nəsrullahın ölü diriltmək sərgüzəşti “diri ölülər”lə həqiqi ölülərin müqayisəsinə necə kömək edirsə, doktor Lalbyuzun da dəli sağaltmaq sərgüzəşti “ağıllı dəlilər”lə həqiqi dəlilərin müqayisəsinə elə kömək edir. Və müqayisədə doktor Lalbyuzun gəldiyi qənaət (Fazil Məhəmmədlərin ağıldan kənar hərəkətlər etməsi barədə qənaət) son nəticədə oxucu və tamaşaçı qənaətinə də çevrilir. Bu qənaətə əsərin lap axırında Molla Abbasın sözləri ilə nöqtə qoyulur. Molla Abbas ziyarətə yola düşənləri nəzərdə tutub deyir: “...indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah, biz “dəli yığıncağına” düşmüşük”. Deməli, “dəli yığıncağı” dedikdə əsərdə daha çox “ağıllı dəlilər” nəzərdə tutulur. O ki qaldı əsl dəlilərə, onlar “ağıllı dəlilər”i daha yaxından tanıtmaqda əvəzsiz rol oynayır.
Maraqlıdır ki, Molla Abbas ikiləşdiyi kimi həqiqi dəlilər də ikiləşirlər. Molla Abbas idrak sahibi ola-ola dəlilik donuna girdiyi kimi həqiqi dəlilər də ən həlledici məqamlarda “ağıl” və vicdan nümayiş etdirirlər. “Ağıllı dəlilər”in ağıldan kənar hərəkətlərinə Molla Abbasla bir yerdə qah-qah çəkib gülmək və qardaş arvadlarını siğə eləmək əxlaqsızlığına Molla Abbasla bir yerdə ağlamaq həqiqi dəlilərin “ağıl” və əxlaq nümayiş etdirməsinin səciyyəvi ifadəsidir. Əlbəttə, Molla Abbas və həqiqi dəlilərin ikiləşməyi Fazil Məhəmmədlərin ikiləşməyindən fərqli mahiyyət daşıyır. Fazil Məhəmmədlərin ikiləşməyi üzdə bir cür, əməldə başqa cür olmaq təzahürüdür və bu ikiləşməyin mayası riyakarlıqdan yoğrulub. Molla Abbas və həqiqi dəlilərin isə riyakarlığından, üzdə bir cür, əməldə başqa cür olmasından söhbət belə gedə bilməz. Dəli ona görə dəlidir ki, o, riya nədir, yalan nədir – bilmir və onun sözündə, əməlində boya deyilən şeydən əsər-əlamət belə olmur. Molla Abbasa gəlincə, bir daha qeyd olunmalıdır ki, ruhani libasını bir kənara atıb, dəli libası geyməkdə onun bir niyyəti də əyri əməldən və saxta sözdən qaçmaqdır. Əyri əməl və saxta sözdən qaçıb dəlilər içində pənah tapmaqla Molla Abbas ağıllı və dəli çərçivələrini dağıdıb tökür, oxucu və tamaşaçını doktor Lalbyuzun cavab axtardığı “ağıllı kimdir, dəli kim?” sualı qarşısında qoyur.
Yeri gəlmişkən qeyd edək ki, ağıllı və dəli yerdəyişməsi, yəni ağıllının dəli, dəlinin də ağıllı yerində görünməsi C.Məmmədquluzadənin Sovet dövründə qələmə aldığı başqa pyesində – “Ər” komediyasında da özünü qabarıq şəkildə göstərir. Amma biz həmin əsərə ayrıca toxunmağı başqa bir vaxta, başqa bir yazıya saxlayıb, “Ölülər” və “Dəli yığıncağı” ilə bağlı fikirlərimizi yekunlaşdırmaq istəyirik.
Yekun olaraq bildiririk ki, “Ölülər” və “Dəli yığıncağı” tragikomediyalarında obrazın ikiləşməsi xalq gülüş mədəniyyətində obrazın ikiləşməsi ilə yaxından səsləşir. Səsləşmə, hər şeydən qabaq, baş qəhrəmanların Molla Nəsrəddinsayaq davranmasında özünü göstərir. Molla Nəsrəddin kimi hərəkət edərək Kefli İskəndər “diri ölülər” arasında ölü qiyafəsini, Molla Abbas isə “ağıllı dəlilər” arasında dəli qiyafəsini seçməli olur. İdrak sahibinin ölü və dəli kimi davranması dondan-dona girən, neçə-neçə sifəti olan ətraf mühitin iç üzünü açmağa, düşüncə adamı ilə kütlə arasındakı münasibətlərin gülməli və ağlamalı cəhətlərinin dərinliklərinə enməyə yaxından kömək edir.
Muxtar KAZIMOĞLU




Bu yazı ( 527 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar