12px14px16px18px

Tənhalıq qıfılbəndi

Muxtar KAZIMOĞLU
03:48 / 14.09.2011
 
Sona Vəliyevanın imzasına qəzet və jurnalların şeir səhifələrində o qədər də çox rast gəlmirik, çünki S.Vəliyeva az yazır və şeirlərini az-az hallarda çapa verir. Az yazmaq və az çap olunmaq nöqsandırmı? Xeyr, nöqsan deyil. Nöqsan ardı-arası kəsilməyən sicilləmələrlə mətbuat səhifələrini tutmaq, oxucunun gözünü və beynini döyənək etməkdir. Bunu çox gözəl bilən S.Vəliyeva arif oxucu qəlbinə yol tapmağı şeir yazmağın başlıca ölçüsünə çevirir və çox çap olunmağa maraq göstərmir.
Bir çox başqa şairlər kimi S.Vəliyeva da özünəqədərki ədəbiyyatdan tanıdığı və könlünə yaxın bildiyi obrazlara üz tutur, onların məlum cizgiləri əsasında öz obrazlarını yaradır. S.Vəliyevanın tez-tez xalq mahnılarına, xalq dastanlarına, məşhur sənətkarların yaradıcılığına müraciət etməsi, Qaragilə, Banıçiçək, Kefli İsgəndər və s. kimi obrazları xatırlatması məhz həmin ehtiyacdan – məlum hava üstündə öz nəğməsini oxumaq ehtiyacından irəli gəlir. Əlbəttə, Qaragilə, Banıçiçək və Kefli İsgəndər bir-birindən xeyli fərqlənən obrazlardır. Bu fərqli obrazların hər birində S.Vəliyeva öz qəlbinə yaxın bir cəhət görüb kağızla üz-üzə dayanır, qələmlə baş-başa verir. S.Vəliyeva qələminin Kefli İsgəndər obrazından aldığı başlıca qida mənəviyyat dəllalları ilə barışmazlıqdır. Müəllif mənəviyyat alveri yapanlara göz yummağı bacarmayıb istər-istəməz Mirzə Cəlili yada salası olur, bir bacı məhrəmliyi ilə əlini Kefli İsgəndərin çiyninə qoyubmuş kimi, gözünü Kefli İsgəndərin pərişan üzünə dikibmiş kimi qüssəli-qüssəli danışmağa başlayır:
 
Sən keflisən, qardaş,
Düz ya əyri-
nə desən, inananın tapılmaz...
Tək çəkmə bu millətin dərdini-
Qədrini bilən olmaz.
...Dərd elə köhnə dərddir.
Sadəcə eni, uzunu,
bir az da licimi dəyişib.
(“Əziz qardaşım Kefli İsgəndər”)
 
Dərd odur ki, Xudayar bəylər, Şeyx Nəsrullahlar cin kimi, şeytan kimi bu gün də fəaldırlar, onlar bu gün də meydan sulayıb, at oynatmaq istəyirlər. Şairi narahat edən bu şeytani fəallıqdır, şairin istəyi bu fəallığın qabağını almaqdır.
Yeri gəlmişkən qeyd edim ki, S.Vəliyevanın M.Cəlilə ehtiramı həm də onun (S.Vəliyevanın) tədqiqatçılığı ilə bağlıdır. Filologiya üzrə fəlsəfə doktoru olan S.Vəliyeva ədəbiyyatımızda milli mücadilə məsələsinə dair dəyərli elmi əsərlərin müəllifidir və həmin əsərlərdə o, M.Cəlil yaradıcılığına xüsusi yer verir. Alim S.Vəliyevanın şair S.Vəliyevanı tamamlaması, əlbəttə, təbiidir. Amma bu yerdə aydınlaşdırılmasına ehtiyac duyulan bir məsələ var. Bu, publisistik ahəngin S.Vəliyeva şeiri üçün səciyyəvi olub-olmaması məsələsidir. S.Vəliyeva lirikasına bu baxımdan nəzər saldıqda aydın olur ki, onun vətəndaşlıq yanğısı ilə yazılan xeyli şeiri var. Həmin şeirlərdə müəllif ən çox nədən narahatdır? Vətənin taleyinə biganə qalmaqdan! Vətənin taleyinə biganə qalanlar, şairin fikrincə, yalnız Xudayar bəylər, Şeyx Nəsrullahlar yox, həm də Pərnisələr, Gülnisələrdır:
 
Yox, sən Burla xatın qızı deyilsən,
Qanında bir özgə qan yaşar sənin.
Bir oğuz gözəli, oğuz anası,
Dərdinə oynamaz bu məmləkətin.
   (“Özgə havalara oynayan gözəl”)
 
Bu şeirin qınaq hədəfi Vətənin dərdli çağında gününü eyş-işrət içində keçirən, çalıb-oynamaqdan başı ayılmayan vecsiz xanımlardır. Vecsiz bəylər kimi vecsiz xanımları da qınaq hədəfinə çevirib Vətənin taleyindən nigaran qaldığını diqqətə çatdırması S.Vəliyeva şeirində publisistik ahəngin aparıcı olmasından danışmağa əsas verirmi? Məncə, yox. Ona görə ki, S.Vəliyeva ictimai məsələlər barədə mənzum jurnalistika dili ilə yox, şeir dili ilə danışmağa çalışır, hər hansı ictimai məsələni lirizm süzgəcindən keçirməmiş oxucuya təqdim etmək istəmir. Lirizm müəllif subyektini önə çıxarır və məlum ədəbi obrazlar əsasında öz obrazını yaratmaq da məhz subyektin ön plana çıxması sayəsində mümkün olur. Lirik qəhrəman bivec xanımlardan danışanda bir inkarçı mövqeyində dayanırsa, dərddən havalanıb oynayan xanımlardan danışanda haqqında söhbət açdığı insanın həmdərdinə çevrilir. Subyektlə obyektin bu cür qaynayıb-qarışması Banıçiçək obrazının təqdim olunmasında daha qabarıq şəkildə özünü göstərir. Müəllif şeirin (“Bir havasız hava çalın” şeirinin) heç bir misrasında Banıçiçək adını çəkmir. Amma “Çal, gora gedən qız mənəm” misrası göstərir ki, şeirdəki dərdli qadın obrazı və sevmədiyinə ərə getməyi müsibət kimi qəbul edən Banıçiçək obrazı arasında bir səsləşmə var:
 
Bir havasız hava çalın,
Durub oynayım, oynayım.
Başımdakı havam yetər,
Süzüm oynayım, oynayım.
                         (“Bir havasız hava çalın”)
 
Bu şeirdə Banıçiçək obrazına işarə etmək, yəqin ki, dərddən qol götürüb oynamağın mümkün olduğuna oxucunu inandırmaq üçündür.
Oxucunu inandırmağı şeir üçün vacib şərt sayan S.Vəliyeva görüb duyduqlarından, daxilən yaşadıqlarından yazanda daha çox uğur qazanır. Təsadüfi deyil ki, S.Vəliyevanın ən uğurlu şeirləri doğma kəndə, ata-anaya, ömür-gün yoldaşına, ümumiyyətlə, məhəbbətə, tənhalığa həsr olunub. Həmin mövzulara həsr etdiyi şeirləri müəllif bir-biri ilə həm məzmun, həm də üslubca əlaqələndirməyi bacarır. Müəllifin avtobioqrafik yazılarını oxucu şeir silsiləsi kimi yadda saxlayır. Şeir silsiləsi kimi oxunan həmin yazılarda tez-tez eyni obrazlarla qarşılaşırıq: dəli külək, tənha ağac, saralan yarpaq, narın payız yağışı, uzanıb gedən yol ... Bu obrazlar içərisində yol obrazının xüsusi yeri var. Müəllifin poetik dünyasında yol ilk beşikdən, ata ocağından başlayır. Ata-anadan bəhs edəndə müəllif sadəcə valideynlərə sevgi və ehtiram bildirməklə kifayətlənmir, eyni zamanda yurd-yuva nisgilini ifadə etməyi şeirin əsas xəttinə çevirir. Nisgil övladın ata ocağına təzədən qovuşa bilməməsindədir. Övlad ata-anaya baş çəkə bilir, amma ata-ananın şəhərdə yaşamağı mümkün olmadığı kimi, övladın da kəndə qayıtmağı heç cür mümkün olmur. Əlac ona qalır ki, kənd həsrəti çəkə-çəkə ömür-gününü şəhərdə keçirəsən. Əlbəttə, şəhərdə kənd həsrəti ilə yaşamaq və bu həsrətə şeirlər həsr etmək heç də kəndi ideallaşdırıb şəhərə qarşı qoymaq demək deyil. Aydın məsələdir ki, şəhərdə insanı hövsələdən çıxaran Xudayar bəylər, Şeyx Nəsrullahlar, Pərnisələr və Gülnisələr ab-havası bu və ya digər ölçüdə kənddə də var. Bəs onda kənd həsrətinin kökündə dayanan nədir, hansı hiss, hansı duyğudur? Kənd həsrətinin kökündə dayanan ən başlıca duyğu uşaqlıq həsrətidir. Kənddə keçən bu uşaqlıq insanı məhz kəndə çəkir. Şair xəyalən uşaqlığın qayğısız günlərinə qayıdır, nağılvari uşaqlıq aləmi ilə bu gün yaşadığı gerçəkliyin təzadlı məqamlarını həzin şəkildə şeirə gətirməli olur. S.Vəliyeva şeirində dəli külək yaşanan gerçəkliyin sərt üzünü ifadə etmək üçündür:
 
Bu qaraca şəhərin, ağca şəhərin
Küləksiz günü yox.
Günəşindən, ağacından, yağışından
Toz-dumanı çox.
Nəyinə aşiqəm, nəyini sevdim bu şəhərin?
Xəzərə laylalı anam dedim,
Küləklərə dəlisov balam.
                          (“Küləklər”)
 
Bu dəlisov külək küçələri, adamları, ağacları bir-birinə qatır, ağacların budaqları küləyin əlində kimsəsiz qız uşaqları kimi əsir-yesir olur. Külək – ağac paralelini müəllif “Tənha sarı yarpaq”, “Əllərim”, “Səndən yaman küsmüşəm” və s. şeirlərində də davam və inkişaf etdirir:
 
Külək payıza dəstək-
Bağı talan etməyə.
İçimi bir söz didir,
Gücüm çatmır deməyə.
         (“Səndən yaman küsmüşəm”)
 
Payızın bağ-bağçanı soldurmağı məlum məsələdir. Amma küləyin payıza qol-qanad verməyi artıq bağ-bağçaya divan tutulması deməkdir. Küləkli bir payız gününü bu cür qələmə almaqla müəllif lirik qəhrəmanın naçarlıq əhvalı barədə aydın təsəvvür yaradır və bu əhvalın sözlə tam ifadəsinin mümkün olmadığını bildirir. Yeri gəlmişkən xatırladım ki, S.Vəliyevanın poetik obrazları sırasında söz özü də bir obrazdır:
 
Sözlər gilə-gilə
Töküləcək vərəqə
Göz yaşı əvəzinə.
                          (“Ağlaya bilməyəndə”)
 
Naçarlıq içində qalan və sözləri göz yaşı kimi gilə-gilə vərəqlərə süzülən lirik qəhrəmanın ən yaxın həmdəmi küləkdə – yağışda boynunu büküb göynəyən – sızlayan bənövşədir, yol qırağında ucalan tək-tənha ağacdır:
 
Gəlmişəm yanında sirdaş olmağa,
Dayanaq əl-ələ, budaq-budağa.
İçimi göynətdi çəkdiyim dərdlər,
Gəlmişəm yanında ağac olmağa.
                         (“Tənha ağac”)
 
 
Bu köç hardan gəlib, haraya gedir?
Çağırdım, harayım kimsəyə yetmir.
Mən ruhu tənhanı yanında bitir,
Yol üstə yolların aşiqi çinar.
 (“Yol üstə yolların aşiqi çinar”)
 
Özü ilə boynubükük bənövşə arasında bir bənzərlik görən, tənha ağacı özünə ən yaxın sirdaş bilən lirik qəhrəman sözün hərfi mənasında da tək-tənhadırmı? Xeyr, tək-tənha deyil. Onun huşyar ömür-gün yoldaşı var, ömrünə ömür calayan övladları var. O, övladları ilə fəxr edir, ömür-gün yoldaşına mənəvi dayaq kimi baxır:
 
Sən bildin, mən bildim, bir də dörd divar,
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün papirosların
Kül yeri, köz yeri ürəyimdədi.
 (“İlləri əl-ələ verib gəlmişik”)
    
     
Bu misralar maddi və mənəvi sıxıntılara qatlaşıb evin sirrini-sözünü dörd divar arasından çölə çıxarmayan bir xanımın sədaqətli ömür-gün yoldaşına münasibətini aydın şəkildə göstərir və oxucunu sövq edir ki, tənhalığın daha dərin qatları barədə düşünsün, bədii fakta geniş müstəvidə yanaşsın.
Bədii fakta geniş müstəvidə yanaşmağa cəhd göstərib S. Vəliyevanın bu misralarına nəzər salıram:
                                
İçimdə dərd qıfılbəndi,
Qapına gəldim, İlahi!
                           (“Qapına gəldim, İlahi”)
 
Burada diqqəti daha çox cəlb edən “dərd qıfılbəndi” ifadəsidir. Müəllif özü qəlbindəki qəm-qüssəni mübhəm bir qəm-qüssə, qıfılbənd sayağı qəm-qüssə adlandırırsa, bu, o deməkdir ki, məsələnin kökü, doğrudan da, dərindədir.
S.Vəliyeva şeirində lirik qəhrəmanın tənhalığı adi məişət tənhalığı yox, gündəlik qayğılardan yüksəkdə dayanan şair tənhalığıdır. Bu həmin tənhalıqdır ki, dünyanın, demək olar ki, bütün şairlərində özünü göstərir. Poeziyamız tarixində nikbin şair kimi tanınan M.P.Vaqif özü də tənha deyilmi? Tənhadır, özü də bu tənhalıq onun zəmanədən şikayət motivləri üstündə yazılan son şeirləri ilə məhdudlaşmır, nikbinliyə misal çəkdiyimiz əvvəlki şeirlərini də əhatə edir. Sadəcə əvvəlki şeirlərində M.P.Vaqif öz tənhalığını gözəllərə məhəbbət pərdəsi arxasında gizlədir. S.Vəliyeva isə tənhalığı məhəbbət pərdəsi arxasında gizlətməyə ehtiyac görmür. Əksinə, S.Vəliyeva şeirində tənha olduğunu dönə-dönə bildirən lirik qəhrəman tənhalıq sıxıntısından qurtarmaq istərkən, adilik çərçivəsindən çıxmaq istərkən başqa birinə yox, ömür-gün yoldaşına üz tutur:
 
Gəl gedək bu şəhərdən,
Bu payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıq əl eləyir.
(“Gəl gedək bu şəhərdən”)
 
Yağışa, küləyə, qara qoşulaq,
Çıxaq adiliyin çərçivəsindən.
Bir ömrün, bir evin qayğı selindən,
Qohum küsüsündən, dost gileyindən.
Köç edən quşlara qoşulaq gedək.
(“Adi qayğılardan bezmişəm daha”)
 
Lirik qəhrəman kədərini məhz ömür-gün yoldaşı ilə bölüşür. Uşaqlıq həsrətinin, nadanlar arasında darıxmaq hissinin nə demək olduğunu da hamıdan yaxşı başa düşən məhz ömür-gün yoldaşıdır. Ömür-gün yoldaşının ortaq olduğu ən böyük dərd isə Vətən dərdidir. Təsadüfi deyil ki, müəllif məhəbbətdən danışanda da birbaşa, yaxud dolayı şəkildə Vətən dərdini dilə gətirir, məhəbbətlə bağlı saysız-hesabsız obrazlar içərisində Qaragiləni seçir. Məşhur xalq mahnısından bizə bəlli olan Qaragilə obrazını özünün məhşur “Ay Qaragilə” şeirində müəllif hicran rəmzi kimi götürür və oxucu bu hicranın geniş məna daşıdığını, sadəcə iki insanın yox, ikiyə bölünmüş bir xalqın hicranını ifadə etdiyini çətinlik çəkmədən anlayır. Fərdin yalqızlığından danışarkən “dərd qıfılbəndi” ifadəsini işlədən S.Vəliyeva xalqın yalqızlığından bəhs edərkən “dərdin də şahı bizimki” misrasını işlədir və şeiri (“Şahım, şeyxim, Savalanım” şeirini) həmin fikir üzərində qurur:
 
İçim də, çölüm də qəm tarixidir,
Dərbənd bağlı qapım, Təbriz lal anam.
Şuşa baş örtüyüm, üzümdən düşüb,
Şahın hüzurunda necə dayanım?
 
Vətən torpaqlarının itirilməsindən, xalqın zaman-zaman gücsüzləşməsindən doğan kədər hissi müəllifin “Arazbarı” şeirində də dolğun ifadəsini tapır:
 
Göyçədi, Şuşadı, Təbrizdi,
Dərd köhnəldi, təzələndi.
Yanan küldüm, közərdim,
Odum boyumdan yuxarı-
Arazbarı.
 
Araz boyu, eləcə də başqa çaylar, göllər, dənizlər, dağlar, dərələr boyu kəsilən, doğranan Vətənin ağrısını çəkərkən, acısını daxilən yaşayarkən müəllifin Şah İsmayılı xatırlaması təsadüfi deyil. Şah İsmayılı xatırlamaqla müəllif məmləkəti qüdrətli görmək arzusunda olduğunu bildirir və arzunun gerçəkləşməsini “Leylisiz Məcnuna bənzəyən kimsəsiz yollar”ı qət etməkdə, “yol içindən yol başlamaqda” görür. Müəllifin poetik qənaətinə görə, dəli küləklər, aramsız yağan payız yağışları ürəyə qəm-qüssə gətirə, ürəkdə tənhalıq hissi oyada bilər, amma yolçunu yolundan döndərə bilməz.
Mən də elə düşünürəm və şairə “yolçu yolda gərək” deyirəm.
Muxtar KAZIMOĞLU,
filologiya elmləri doktoru 



Bu yazı ( 223 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar