12px14px16px18px

Bəkir Nəbiyev “Gözəllərin axıra qalmışı”nda açılmış söz süfrəsində...

Esmira FUAD
00:48 / 24.04.2012
Möhtəşəm sənət abidələri həm də əlçatmaz olurlar. Əslində sözdən ucalan abidələr də belədir. Ancaq söz zirvəsinə ucalmaq elə də asan iş deyil. O zirvəyə yüksəlmək, onun məna və əsl sənət kimi kəramətindən mənəvi zövq almaq da, heç şübhəsiz, çətin və şərəflidir. Bu yol çətin, ziqzaqlarla müşayiət olunan keşməkeşli yoldur. Bu yola çıxdınsa, gərək ayaq saxlamayasan! Gərək durmadan yeriyəsən, lazım gələndə yüyürəsən... Sözümün canı ondadır ki, ədəbiyyatla, ədəbiyyatşünaslıqla, yəni, söz sənəti ilə əhd-peyman bağlamaq hər kişinin hünəri deyil. Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli də məhz bu fikirdədir...
...İlk azərbaycanlının ədəbiyyatla və ədəbiyyatşünaslıqla birgə bu fani dünyaya gəlib elə bu yol yoldaşlarının sayəsində də fənadan bəqayə, xaosdan kosmosa, küskünlükdən məhəbbətə, nifrətdən səmimiyyətə doğru nəhəng bir addım atdığına inanan və bunu əminliklə söyləyən söz sənətinin sevdalısı Teymur Kərimli bir qədər də dəqiqliyə varıb söylədiklərinə qəti inam yaratmağa çalışır. O, ədəbiyyat adamının hər şeydən öncə humanist, insansevər, ədəbli, romantik birisi olduğu və “bu sifətlərin üçünün də köklü-köməcli azərbaycanlıda” görməyin mümkünlüyü qənaətindədir: “Elə hər bir xoş məramlı bəşər övladında da, İblisə “təbəiyyət etməyən” (Hüseyn Cavid) hər bir xoşgörülü Tanrı bəndəsində də...” – bu, var! deyir.
O, böyük ustalıqla, sevgi və ehtiramla yazdığı “Gözəllərin axıra qalmışı” kitabını sözdən abidə ucaltmağı bacaran bir söz xiridarı, bu abidənin işığında arzu və istəklərinə əsasən qovuşan, çağımızın ən çox tanınan ədəbiyyat adamlarından biri və bəlkə də elə birincisinə – Bəkir Nəbiyevə həsr edib... Düzünü deyim ki, Bəkir Nəbiyev şəxsiyyəti barədə yazılanlar arasında şirin təhkiyəsi, romantik üslubu və əsaləti ilə ruhuma daha yaxın bildiyim bu kitab təkcə bir nəfərin çəkici bədii dillə qələmə alınmış həyat səlnaməsi, zəngin yaradıcılıq dünyasına açılan pəncərə olduğuna görə deyil, həm də sanki bütünlükdə Azərbaycan ədəbiyyatşünaslıq elminin tərənnümü kimi də dəyərlidir.
Teymur müəllim insanı beşikdən qəbir evinəcən elm öyrənməyə çağıran, alimin mürəkkəbini şəhid qanından üstün sayan sevimli Peyğəmbərimizin (S.Ə.) elm haqqındakı yüzlərlə hədislərindən birini nümunə gətirir: “Elm Allahın Yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır” (“Biharül-ənvar”-Nurlar dəryası, 2,36.). Müəllif məhz bu kəlamla da işlədiyi mövzuya, qəhrəmanının mənəvi dünyasına boylanmaq üçün bir pəncərə açmış olur. Çünki ustadı, müəllimi “böyük alim və böyük Tanrı aşiqi Bəkir Nəbiyevi” o, məhz bu mərtəbədə, bu səviyyədə görür. Tanrı əmanəti olan elmin təkcə qoruyucusu deyil, həm də istedadlı bir müəllim kimi yüzlərlə şagirdi arasında yayıb sahibinə qaytaranlardan biri olan Teymur Kərimli bir şagird qədirbilənliyilə yazır ki, ustadı “verilən əmanəti nəinki bütöv və mühafiz şəkildə qaytarmış, həm də Allahın xoş saatda ona bəxş etdiyi vergi sayəsində bir qədər də artırmış və zənginləşdirmişdir.”
“Əmanətə xəyanət olmaz,”- deyib ata-babalarımız... Elm aləminə xəstə təxəyyüllü insanların gəlməsi də xəyanətdir. Elm öyrədənlərin bir vəzifəsi də Tanrı əmanətinin şeytan şagirdlərinin mənfur əllərinə düşməsinin qarşısını almaqdır. Müəllifin böyük Füzulidən nümunə gətirdiyi kəlamların birində bütün dövrlərin müəllimlərinə xəbərdarlıq edilir ki, fitnə-fəsad əhlinə elm öyrətməyin:

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
Qılma əhli-məkrə təlimi-məarif, zinhar!

T.Kərimlinin qəhrəmanı dinimizin buyurduğu yolla gedən adam, “süfrəli, ürəkli, ciyərli, insansevər, haqqsevər kişidir. Təbii ki, o bu keyfiyyətlərə malik böyük şəxsiyyət haqqında yazmağın məsuliyyətini dərindən dərk edirdi. “Ədəbiyyat aləminə qədəm qoyduğu ilk gündən ədəbi ictimaiyyətin qanuni diqqətini cəlb edən Bəkir Nəbiyev haqqında 55 ildən bəri bir müddətdə çox yazıldığını”, onun tərifinə çox qələmlər çalındığını bilə-bilə belə bir xidmətdə bulunmağının, bu addımı atmağının hansı zərurətdən yarandığını Teymur müəllimin bu fikirlərindən öyrənmək aydın olur: “Akademik Bəkir Nəbiyevin tədqiqatçılığı, alimliyi, ədəbiyyatşünaslığı söz qarşısında heyrətdən, sözə məhəbbətdən, şəxsiyyəti isə insana məhəbbətdən yoğrulub və bu səmimilikdə, bu şirinlikdə şəxsiyyətdən ancaq səmimi – səmimi, şirin – şirin, sevə – sevə danışmaq olar...” Və məmnunluqla söyləyim ki, Teymur müəllim ayrı-ayrı bölmələrdə vədinə xilaf çıxmayaraq ustadının yaradıcılığını ürək dolusu təhlil obyektinə çevirmiş, ona olan böyük sevgisini də gizlətməmişdir.
Kitabın “Usta-şəyird araşdırmaları” bölməsində bəşər övladının özünü dərk etdiyi gündən bəri mövcud olan öyrənən-öyrədən münasibətlərini özünəməxsus tərzdə təhlil edən Teymur Kərimli “... iki adamın birləşib bir işi yerinə yetirməsi adi hal olur və bəzi kollektivləri istisna etsək (məsələn, qarışqalar, arılar və s.), bu hal insanlara aid olur,” – deyərək insanın lazımlı bir işi görərkən öz həmcinsindən və çox vaxt da həmkarından “kömək ummasına” təbii baxır, “görülən müştərək iş”in öz keyfiyyət və səmərəsi, praktik əhəmiyyəti ilə başqalarından seçildiyini” söyləyir.
Təbrizin ən gözəl, qədim memarlıq abidələrindən biri – “Usta-şəyird” məscidinin belə möhtəşəm alınmasında usta ilə şəyirdin birgə işinin böyük rol oynadığını əks etdirən rəvayətlərə əsaslanması, əslində onun akademik Bəkir Nəbiyevlə müştərək araşdırmalarının uğurlu tərəflərini, bəzi incə məqamlarını ortaya qoyması üçün bəlkə də bir təkandır. Bu işlərin özü üçün böyük əhəmiyyət daşıdığını etiraf edən şəyird Teymur Kərimli birgə uğurun əsasında Bəkir müəllimin “xarakterindəki açıqlıq və səmimiyyətin gücü ilə tərəf-müqabilini fikri-psixoloji baxımdan çox asanlıqla qəbul” etməsi, eyni zamanda özünün də məmnuniyyətlə qəbul edilməsi faktının dayandığını qeyd edir və fikrini bir az da konkretləşdirir: “Bəkir müəllimin, təbii ki, mükəmməl tandem yaratmaqda da yədi – beyzası var”. Məhz bu səbəbdən onunla müştərək araşdırma aparmaq çox maraqlı və xoşagələndir. Bu fikirlərə qüvvət olaraq deyək ki, bu iki tədqiqatçının birgə işinin keyfiyyətcə seçilməsində üslublarının, yazı maneralarının arasında bir yaxınlıq olması da böyük önəm daşıyır. Başqa, daha tutarlı əsas: “...hər ikimizin türkün açıq ana dilində, sadə və anlaşıqlı bir üslubda yazmağa meyl göstərməyimizdir. Əlbəttə, aydındır ki, elmi və xronoloji iyerarxiyada tutduğumuz yerlərin gücü ilə o məndən deyil, mən ondan öyrənmişəm və bunun üçün ustada həmişə minnətdaram”.
Onların ilk müştərək işi 2003-cü ildən başlayır. “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində özünə yer almış 24 səhifəlik “Minilliklərin və min ilin ədəbiyyatı” adlı araşdırmada, əslində ədəbiyyat tarixinə təqdimat janrında yazılmış bu yazıda “Bəkir müəllimin zəngin elmi yaradıcılığından və həyat təcrübəsindən, ədəbiyyatşünas peşəkarlığından doğan bir sıra orijinal fikirlər vardır ki, onlar, doğrudan da, bir tədqiqat əsərinin tezisləri sayıla bilər”.
“Başqasına nifrət edən özünü sevə bilməz”. Məhz Azərbaycan ədəbiyyatının başqasına sevgisi onun özünə də sevgi ilə yanaşmasına, öz xalqını ciddi bir kişi məhəbbəti ilə sevməsinə səbəb olan başlıca cəhətlərdəndir. “Qadan alımsız”, “başına dönümsüz”, “qurban olumsuz” və bu kimi bir çox boğazdan yuxarı sözlərsiz ciddi və bir az da qaşqabaqlı kişi məhəbbəti, ümumilikdə bizim xalqın mentalitetini müəyyən edən bu ülvi duyğu, doğrudan da, ədəbiyyatımızı tarix boyu müşayiət etmişdir. Çağdaş ədəbiyyat tarixi də nəsillərə örnək olacaq bu məhəbbətin araşdırılmasından və qiymətləndirilməsindən ibarət olmalıdır.
Həmin yazıdan götürülmüş bu abzasda son dərəcə maraqlı bir ifadə var: “Ciddi bir kişi məhəbbəti”. Nədənsə, mən bu məqamda türk dünyasının iki böyük şəxsiyyətini xatırlamalı oldum: Mövlana Cəlaləddin Rumini və Məhəmməd Şəms Təbrizini...
Dünya türklüyünün bəşər mədəniyyətinə ulu şəxsiyyətlərdən biri də Mövlana Cəlaləddin Rumidir (1200-1273). Yazıqlar olsun ki, bu başı buludlardan da yuxarı olan mütəfəkkir barəsində biliklərimiz çox azdır. Tarix boyu türkün düşmənləri bizlərə çox şeyləri unutdura bilmiş, mənəvi dəyərlərinə sahiblənməsi, milli kimliyini tanıyıb dəyərləndirə bilməməsi üçün qövmümüzün başına çox müsibətlər gətirmişdir. Mövlana da unutdurulmuşlardan biri idi. O, bir türk dühası kimi bizə doğmadır, həm də Azərbaycanın qüdrətli şairlərindən biri – Məhəmməd Şəms Təbrizinin müasiridir və onunla “zamanları aşan dostluğu yönündə mötəbərlik qazanmış bir vəlidir”.
Zamanları aşan həmin ilahi dostluğun şirin və acı nəticələri ürfan sahiblərini həmin dövrdən etibarən düşündürüb: “Şəmslə tapışandan sonra özündən olan faqihlərdən belə əl çəkib onun peykinə çevrilən, ətrafında böyük vəchlə dövr eləyən Mövlana yeni poetik ruzgara düşür, qarşısında əsrarəngiz poetik üfüqlər açılır, özündən, əvvəlki dostluqlardan, dünyasından sıyrılıb bu Təbrizli mütəfəkkirə sığınır, indiyəcən qəlbindən, misrasından xəyalatından tapmadıqlarını onda tapır. “Xamdım (çiydim)” deyən Mövlana Şəmsin könül iqlimində “bişməyə” və bu ilahi məhəbbətlə “yanmağa”–yetkinləşməyə, mükəmməlləşməyə sanki iksir əlavə edir. “Xamdım, bişdim, yandım,” – zirvə yolçuluğunun, əbədiyyət ucalığı qazanmağın sözsüz düsturudur!”
Bu, tapışmanın ürək açan tərəfidir, lakin ətrafdakıların qısqanclıqları nəticəsində dostunu itirə biləcəyi əndişəsi və Təbrizli Şəmsin qəflətən yoxa çıxması Mövlananın dünyasını alt-üst edir, ondan sonra dəli-divanə olur, dinmir, danışmır, uzun müddət evdən çölə çıxmır, əqidə dostunun xəyali ilə baş-başa qalır, həsrət dolu şeirlər yazır:

Ey könlümün nuru, gəl!
Ey diləyim, ey məqsədim, gəl!
Ey sevən, ey sevilən
...Ey Təbrizli Şəms,
Gəl, tez-tələsik gəl, nolur!..

Şair fəryad edir, ayrılıq onu məngənə kimi sıxır, bu acı fəryad, ilk növbədə, insana verilən yüksək dəyərin ifadəsidir. Çünki “Mövlanə insanı könül qibləsinin mehrabı olaraq görür və buna əsaslanıb ömrü davam etdirir. İnsani – kamilin bu aləmdə bir əlaməti olsaydı, ilahi rəmzlərin cəminə könül yoluyla tərcüman edərdiniz...”-deyirdi (Osman Nuri Tonbaqi. “Mövlana dərgahından əsintilər”).
Könlünün səsini dinləyən insan elə o andan da özünü tanıyır və tapır. Özünü tanıyıb bilən insan isə Rəbbini biləcəkdir. Bunun başqa bir çözümü yoxdur! Elə bu üzdən də Mövlanadakı dost sevgisi də, insana məhəbbət də uca Tanrıdan gəlir. O, Şəmssiz dünyanı zindan sanır, oğlunu, dostlarını Şəmsin arxasınca Şama, Şərqin bir sıra şəhərlərinə göndərir, onu yenidən tapmaq üçün varından-yoxundan keçməyə belə hazır olur...
Teymur Kərimli də haqqı itirməyən bir şəyirddir, həm də sədaqətli, sevgili dostdur və bu qədirdanlıq ən azından ustadı barədə yazdığı hər bir yazıda aydınca sezilir. “Nəzmin qaydalarını yaxşı bilməsi” bəzən onu şairliyə də çəkir. Şairlik iddiasında olmasa da, etirafına görə, “orta səviyyəli qafiyəpərgar”dır Teymur Kərimli. Ağdaşda, Bəkir müəllimin dünyaya göz açdığı doğma vətənində ustadının 80 illik yubiley təntənəsində bədahətən aşağıdakı misraları söyləmişdi:

Könül arzulara çatmış kimidir,
Dünyanın fitnəsi yatmış kimidir.
Bir az səksənərdim “səksən” sözündən –
Şükür ki, səksən də altmış kimidir...

Müəllif bu şükür-sənalığı elə ürəkdən deyir ki, bu iki insan arasındakı “əsl kişi məhəbbəti”nə qibtə etməyə bilmirsən. “Səksən”i “altmış” səviyyəsində saxlamağa nail olan ustadının bu uğurunun səbəbini də neçə illərin birgə əməkdaşlığında, yol-yoldaşlığında, əqidə birliyində axtarmağa çalışır və qəti qənaətə gəlir. Əslində cavab lap sadə imiş: “...Bəkir müəllimdə müşahidə etdiyim və hər bir insanın qibtəsini doğura biləcək yüksək insani sifətlər arasında səmimiyyəti, xoşgörünü, xeyirxahlığı, ən əsası isə bağışlamaq bacarığını böyük məmnunluq duyğusu ilə zaman-zaman izləmişəm”.
Və bu uzun illərin müşahidələri Teymur müəllimin şəxsiyyətinə pərəstiş etdiyi insan haqqında düşüncələrini belə ümumiləşdirməyə əsas verir: “Bəli, “dəryalar mürəkkəb olsa, meşələr qələm”, mollalarsa operator, yenə də Bəkir Nəbiyevin humanist şəxsiyyətinin və alim zəhmətsevərliyinin tərifini yazıb bitirmək mümkün deyil...”
“Ey oğul! Bütün dünyanı ağzına qədər elmlə, gözəlliklə dolu bir kuzə bil,”- Həzrəti Mövlananın kəlamıdır.
Mövlana Cəlaləddin Rumi 30 yaşlarında ikən o zaman Xarəzmşah (Özbəkistan) dövlətinin inkişaf etmiş şəhərlərindən biri olan Bəlxdən Konyaya köçür və bir müddət sonra təhsilini tamamlamaq və Şərq mütəfəkkirləri ilə yaxından tanış olmaq məqsədilə Hələb və Şam şəhərlərinə səfər edir. Bir gün Şamın böyük qələbəlik yaşanan bazarlarından birində qarşısına qeyri-adi libasda bir kişi çıxır. Onu qeyri-adi baxışlarla süzüb: “Ver əlini öpüm, ey aləmlərin sərrafı!” – deyir. Mövlana buna imkan vermək istəməsə də, qəfil ortaya çıxan bu şəxs onun əllərinə sarılıb hərarətlə öpür. Sonra da qəfil göründüyü kimi, qəfil də qələbəliyin içində itib-batır. Çaş-baş qalan filosof bu hadisəni unuda bilmir, fikri-zikri o insanın ətrafında dolaşıb qalır, rahatlığını itirir.
Aradan bir neçə il keçir. Konyadakı mədrəsədən dərsdən çıxıb tələbələri ilə söhbət etdiyi vaxt həmin şəxs yenə də qəflətən onun qarşısında dayanır. Bu, Təbrizli Şəms idi. Tələbələrə qoşulub qəlbində çoxdan bəri gəzdirdiyi sualları verməyə başlayır. Elə o andan Ruminin dünyasını bir daha sarsıdır, onun dünyasına müdalimə edə bilir. Beləcə, bu iki mənəviyyat ulduzu arasında bir qığılcım yaranır. Təbrizli Şəms Mövlananın daxili dünyasında elə bir atəş yaxır ki, bu alovlar içində özü də alışıb yanır. Şəmslə görüşməzdən əvvəl bir alim kimi tanınan bu insan sonralar alim aşiqə və bağrı yanıq bir arifə çevrilir.
Şəmsin Mövlanaya verdiklərinin dərin fəlsəfi izahı var. Hər şeydən öncə, Şəms ona ağlın əsarətindən qurtulmağın yollarını öyrətdi.
Nə üçün? Çünki ağlın hüdudu müəyyəndir. Arxası dəlilikdir. Könlün hüdudu isə sonsuzdur. Təskin nöqtəsi isə fənafıllahdır (Allahda yox olma).
Şəms: “Bundan sonra sənin qolun-qanadın olmaq üçün qolumu və qanadımı qırdım...” deyən Həzrət Mövlanaya “ilahi təcəllalar ilə dolu əbədiyyət üfüqlərində yanması üçün bir qanad taxdı...” və vəzifəsi bununla da bitdi. Eyni zamanda onadək heç kəsin tanımadığı dünya şeyxi olduğunu bilmədikləri “Həzrəti Şəms Həzrəti Mövlananın məhəbbət işığı ilə aydınlaşdı”, dillərdə dastan oldu: “Fəxri-Kainatın üğba aləminə təşrifiylə mənim üzərimə elə bir müsibət gəldi ki, bu müsibət qaranlığın üzərinə çöksəydi, qaranlığın rəngi dəyişərdi...” deyən Mövlana Şəmsin həsrəti ilə qovrulduğu məqamlarda 26 min beytlik ölməz “Məsnəvi”sini yaradır. “Məsnəvi” insanın dost insan üçün yanıb qovrulmalarından bəhs edən lütfnamə, könül iztirablarından dolub-daşan bir fəryadnamədir. O, başqa bir könül həmdəmi tapa bilməməsi səbəbindən itirdiyi Şəmsi üçün fəryad edir:
“Mərifət sahibi insanı təmsil edən neyi dinlə!”, “Ayrılıq şikayətlərinin həyəcanını iç!”- deyə Həzrəti Mövlana: – Şəms sağdır! – xəbərini gətirənə üzərində yaxşı, qiymətli nə varsa, bağışlayır. Xəbərin doğru olmadığını biləndə isə: – Mən onun yalanına bunları verdim. Həqiqət olsaydı, canımı verərdim,” – söyləyir.
“...İnsanın insana məhəbbətinin, onu itirincə qəlbində fəryada başlayan həsrətin əbədi abidəsi, bir sözlə, “Məsnəvi” firqətnameyi–tahanədir!” Bu da əsərə müdriklərin verdikləri dəyər... Şübhə etmirəm ki, özünü tanıyıb bilənlər, ürfan aləminə də az-çox vaqif olanlar məhz bu səviyyədə dostluğun arzusunda və həsrətindədirlər daim...
Mövlana həzrətlərinin: “Ey oğul! Bütün dünyanı ağzına qədər elmlə, gözəlliklə dolu bir kuzə bil...” kəlamı elm adamları üçün bir həyat düsturudu...
Çox ibrətamizdir, deyilmi? Sözün əsl mənasında, xoşbəxt insan məhz bu deyilənləri dərk edib o kuzədən gərəyincə, ehtiyacını ödəyəcək qədər içə biləndir. Elm dünyasına gələnlərin hər biri bu kuzədən dada-dada ruhlara dad qatmağa çalışır. Lakin hamı istəyinə çata bilmir. Dedikləri hamı tərəfindən qəbul edilən alimlər çox az olur. Bəkir Nəbiyev haqqında görkəmli ədəbiyyatşünas alim, istedadlı tənqidçi Yaşar Qarayevin dedikləri onun xarakteristikasını tamlıqla əhatə edir: “Halala və haqqa inanan, tanrını tanıyan adam qiyməti və şöhrəti qazanan Bəkir Nəbiyev haqqında səmimi və xoş etirafları mən dəfələrlə eşitmişəm. O, həm də tanrının tanıdığı, fitri, ilahi qismətin və baxtın alnına, taleyinə yazıldığı bir adamdır...”
Orijinallığa baxın! Elə Teymur Kərimli də öz baxış bucağından boylanaraq ustadının portretinə özünəxas ştrixlər edə bildiyi üçün “Gözəllərin axıra qalmışı” kitabını bu dərəcədə maraqlı və oxunaqlı qələmə ala bilmişdir. Bu yolda məqsədin yarısına çatmaq belə, böyük mutluluq sayılır.
Kitabda həm də elmdən, dünya elminin klassiklərindən söz açan müəllif zaman-zaman dövrün yetişdirdiyi, yaradıcılıqları araşdırıldıqca bu irsin yeni-yeni sosial-praqmatik çalarlarını üzə çıxaran alimlərin Azərbaycanda da nümayəndələrinin olduğundan bəhs edir. Bu siyahıya Dədə Qorqudla başlayan müəllif ardıcıllıqla Bəhmənyarın, IX-X əsrlərin böyük din alimlərinin, Xətib Təbrizinin, Hinduşah Naxçıvaninin, Şah Qasım Ənvarın, Nəsirəddin Tusinin, Şeyx Mahmud Şəbüstərinin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Mirzə Cəfər Topçubaşovun, Mirzə Kazım bəyin, Məhəmməd ağa Şahtaxtlının, Firudin bəy Köçərlinin adlarını çəkir...
Bu böyük alimlərin son dövrdəki ardıcıllarından “klassik zirvəsinə çatmış” fikir adamlarının da az olmadığından bəhs edərək yazır: “Mən yalnız ədəbiyyatşünas-alimlərin bir neçəsinin adını xatırlamaqla kifayətlənəcəyəm. Qoy adları namərd yadıma düşməyənlərin ruhu məndən inciməsin: Salman Mümtaz, Vəli Xuluflu, Əli Nazim, Heydər Hüseynov, Mikayıl Rəfili, Mir Cəlal, Həmid Araslı, Əli Sultanlı, Məmmədcəfər Cəfərov, Məmməd Arif, Məhəmmədhüseyn Təhmasib, Əkrəm Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Azadə Rüstəmova, Rüstəm Əliyev... Bunlar da bizim müasirimiz olmuş klassiklərdir. Bizim görkəmli ustadlarımızdır. Onları unutsaq, bizi kim yada salacaq?” AMEA-nın müxbir üzvü, klassik ədəbiyyatımızın dərin bilicisi olan Teymur Kərimli ədəbiyyatşünaslıq elmimizin “minillərin hüdudlarını aşıb-daşan bu ənənələr”ini qoruyub saxlayan, yaşadan alimlərin adını çəkir və: – Bəli, bu gün Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas ağırlığı iki canlı klassikin – akademik Bəkir Nəbiyevin və akademik İsa Həbibbəylinin çiyinlərindədir”, – qənaətinə gəlir. Bütün bu qənaətlərini müəyyən dərəcədə 2009-cu ildə akademik İsa Həbibbəylinin 60 illik yubileyinə həsr etdiyi “Şərqin qapısından dünyaya” kitabında desə də, ürəyində qalmış, lakin deməyə imkan tapmadığı fikirlərini də Bəkir Nəbiyevin 80 illik yubileyinə həsr etdiyi “Gözəllərin axıra qalmışı” kitabında cəmləşdirməyə nail olmuşdur.
Bu məqamda kitabın adına, onun məhz belə adlandırılmasının səbəblərinə müəllifin öz fikirləri əsasında aydınlıq gətirməyə ehtiyac yaranır.

Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr döndülər,
Məhəbbətin çıraqları söndülər,-

bəndinin “İndi ki, Şəhriyar babamızdan iqtibas etdiyim çox simvolik adı olan bu kitab üzərində, yəni akademik Bəkir Nəbiyevin şəxsiyyəti və elmi yaradıcılığı haqqındakı kitab üzərində işləyirəm, sidqimi ulu Tanrıya bağlayaraq ondan yardım diləməklə əvvəlki kitablarımdan geri qalmayan bir əsər ərsəyə gətirəcəyimə çox umudluyam. Çünki kitabımın qəhrəmanı istər şəxsiyyəti etibarilə, istərsə də yaradıcılığının siqlətinə görə öncəki qəhrəmanlarımdan heç də geri qalmır və onlarla bir sırada akademik elmimizin dünya səviyyəsinə qalxması üçün əlindən gələn hər şeyi edir”.
Müəllif kitabın janrına da münasibət bildirir, oxucu ilə qabaqcadan “şərti şumda kəsir”: “Bəri başdan, şumda o şərtimi də əziz oxucularla – bəkirsevərlərlə kəsim ki, bu kitabı oxuyarkən ensiklopedik bir monoqrafiyadan, akademik elmi təhlil üslubundan, zəngin elmi-nəzəri apparatura ilə təchiz edilmiş fundamental bir tədqiqatdan iştahlarını çəksinlər və Bəkir Nəbiyevin elmi yaradıcılığı haqqında monoqrafik araşdırma oxuyacaqları həvəslərinə də əlvida desinlər... Və bir də tükü-tükdən seçən dərrakəli oxucu yəqin ki, elə kitabın adından onun janrını təxmin etdi və barmağını dişləyərək, “ey dili-qafil, bu, monoqrafiya deyil, bu, bir essedir, məhəbbət dastanıdır” deyərək, inkisari-xəyal ilə başqa yazılara, daha elmi səciyyəli əsərlərə rücu etdi. Neyləməli, hər mətahın öz alıcısı, hər janrın öz oxucusu, hər incinin öz sərrafı var və umudum çox böyükdür ki, “Gözəllərin axıra qalmışı” kitabının da bir xiridarı tapılar, inşallah...
“Usta-şəyird araşdırmaları”. Məhz kitabın bu bölməsində müəllif akademikin özünəxas bəzi keyfiyyətlərini açmağa imkan tapır. Özünü bu böyük alimin “şəyirdi” sayan Teymur Kərimli bu tanışlığı “Taleyin xoşməramlı gərdişi” ilə bağlayıb onunla sonrakı müştərək araşdırmalarının, ona edilən etibarın böyük əhəmiyyət kəsb etdiyini məmnunluqla dilə gətirir: “Bəkir müəllimin, təbii ki, mükəmməl tandem yaratmaqda da yədi-beyzası var. Məhz bu səbəbdən onunla müştərək araşdırma aparmaq çox maraqlı və xoşagələndir. Ötə yandan, bizim üslublarımız, yazı maneralarımız arasında da bir yaxınlıq var ki, bu da hər ikimizin türkün açıq ana dilində, sadə və anlaşıqlı bir üslubda yazmağa meyl göstərməyimizdir. Əlbəttə, aydındır ki, elmi və xronoloji iyerarxiyada tutduğumuz yerlərin gücü ilə bu üslubu o məndən deyil, mən ondan öyrənmişəm və bunun üçün ustada həmişə minnətdaram”.
Teymur Kərimli ilə Bəkir müəllimin əməkdaşlağı akademikin Nizami adına Ədəbiyyat İnstitutunda direktor gəldiyi, Teymur müəllimi direktor müavini təyin etdiyi 2003-cü ilə təsadüf edir. İlk müştərək işləri “Azərbaycan ədəbiyyatı tarixi” kitabı ilə bağlıdır. Sonra isə “Azərbaycan ensiklopediyası”nın xüsusi “Azərbaycan” cildində “Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslıq” oçerklərini də müştərək işləmişlər. Publisistika tariximizin incilərindən olan “Füyuzat” toplusu və “Molla Nəsrəddin” dərgisinin transliterasiya olunmuş mətnlərinin redaktəsi də ustad-şəyird əməkdaşlığının bir istiqamətidir.
Yaşının bu çağında yazıb-yaratmaqdan usanmayan, bezməyən ustadı haqqında yazılanları isə yalnız qibtə hissi ilə oxumaq lazımdır: “Həyata, gələcəyə nikbin baxış bu adamın mayasında, cövhərindədir. Səhər saat 9-dan axşam saat 6.00-ya qədər fil dözümü ilə oturduğu geniş kabinetinin yaz-qış açıq olan qapısından onu həmişə gənclik enerjisi ilə işləyən görərsən. Çox adam işin axırında yorulur, hövsələsi daralır, qanı itin qanına dönür. Bəkir Nəbiyev üçün isə sanki bütün bu anlayışlar yaddır. O, səhər də, axşam da, lap elə gecə yarısı zəng eləsən, gümrah səsi, aydın diksiyası, xoş sözləri, can-can deməyi ilə həmsöhbətini də öz nikbinliyinə və səmimiyyətinə yoluxdurur və yeri düşəndə orijinal, şux zarafatlarından da qalmır. Niyə də qalsın? Məgər ömür adlanan mif, ya təxəyyülü ağlaya-ağlaya keçirmək sonunda peşmançılığa səbəb olmazmı?
Teymur Kərimlinin ustadı haqqında yazdığı, dediyi fikirlər arasında Bəkir Nəbiyev və Füzuli bənzətməsi də maraqlıdır: “Bəlkə Füzuli ilə Bəkir Nəbiyev arasında bir bənzərlik var? Bəlkə Mövlana, Füzuli və akademik Bəkir Nəbiyev eyni məssəbə qulluq ediblər, eyni əqidənin daşıyıcısı olublar? Əlbəttə belədir! Mənim sualım elə mənim cavabımdır. Bəlkə ona görə mən bayaqdan Füzulinin sözü ilə Bəkir Nəbiyevin özü arasında müqayisə aparmaq üçün hey Füzuliyə dönürəm? Dönə-dönə dönürəm?”
Müəllif dahi Füzulinin

Ey Füzuli, nola gər saxlar isəm canı əziz,
Vaxt ola kim, ola ol şuxi-sitəmkarə fəda,

– beytindəki fikirləri öz tərzində ifadə edən Mövlana Cəlaləddin Ruminin

Hasili-ömrüm olub üç söz fəqət:
Mən çiy idim, bişdim, axır yandım oy!

– beytinə söykənərək kitabının necə dəyərləndiriləcəyini zamanın ixtiyarına buraxır: “Bişə bildimmi? Yana bildimmi? Əgər yana bildimsə, o yanğının zəif də olsa, alovları bu kitabın yanmayan səhifələrindən keçib ürəkləri isidə biləcəkmi?
Əgər böyük ustadıma – akademik Bəkir Nəbiyevə bəslədiyim hörmət və məhəbbəti dilimin və qələmimin naqis imkanları ilə az da olsa, ifadə edə bildimsə, onda yuxarıdakı suala müəyyən mənada müsbət cavab vermək olar.
Möhtərəm Teymur Kərimlinin narahatlığına cavab olaraq əminliklə deyə bilərik ki, “Gözəllərin axıra qalmışı” kitabının Bəkir müəllim haqqında saysız-hesabsız yazılan kitablar arasında böyük oxucu marağına səbəb olacağı şəksizdir. Adından bəllidir. Çünki o, insan gözəlliyinin ən ali zirvəsinə ucalan, Tanrı əmanəti elmin layiqli qoruyucusu bildiklərini, qoruyub saxladıqlarını şagirdlərinə ötürüb yetirdiyi davamçıları ilə fəxr edən, qürur duyan bir müəllim, nəhayət, böyük bir alimin bitkin obrazını yarada bilmişdir. Ona çətin yaradıcılıq yolunda yeni uğurlar diləyirəm...
...Çox təəssüflər ki, akademik Bəkir Nəbiyev martın 18-də dünyasını dəyişərək Tanrı dərgahına qovuşdu və bəyəndiyi bu yazının dərc olunduğunu görə bilmədi. Allah rəhmət eləsin!

Esmira FUAD












Bu yazı ( 434 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar