12px14px16px18px

“Mənimlə dərd ortaqlığı çətindi...”

Esmira FUAD

ƏBÜLFƏT MƏDƏTOĞLUNUN POETİK DÜNYASINA QISA BİR SƏYAHƏT

00:27 / 13.10.2011
Dərd ortaqlığına güc yetməyən çağımızın kədər yox, məhz dərd şairi kimi adını ədəbiyyat tariximizin səhifələrinə yazan dəyərli qələm sahibi Əbülfət Mədətoğludu... Ona bu dəyəri ilk öncə verənlərdən biri Qarabağ və bütöv Azərbaycan yanğılı böyük şairimiz Bəxtiyar Vahabzadə olub: “Əbülfət, sözün əsl mənasında, şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim. Bax, budur sənətin qüdrəti.” Bəxtiyar Vahabzadənin tüstüsünü təpəsindən çıxaran Əbülfətin qəmin kölgə saldığı, kədərin naxış vurduğu misralarıdı:

Olubdu daş atan qaçqın adıma,
Olubdu əl tutan, çatan dadıma.
Özüm sarğı qoyub qol-qanadıma,
Kədər şairi tək adnan gəlmişəm...

ömrümün yazısı təzələnmədi,
ancaq dərd daşıdı məzələnmədi,
nə qədər cəhd etdi bəzənəmmədi,
əridi zamanın, bəxtin əlində...

çətindi mənimlə dərd ortaqlığı
ancaq dərd tökülür, dərd yağır məndən.
əvvəldən deyəydim bu sözü gərək:- incimə, dünyaya qəm baxır məndən...

Gözlərindən dünyaya qəmin baxdığı şairin qəm dəftərini vərəqləmək istəyirəm... Bu gün şeirlərində özünü “bir az dərd dəlisi (dəliliyin azı-çoxu olmaz ki, Əbülfət müəllim, o da ola dərdin dəlisi-E.F.), dərdin oğlu, dərdin balası, bir az da söz adamı” kimi təqdim edən Əbülfət Mədətoğlunu əlli iki il, düz yarım əsr əvvəl Əlahəzrət Tanrının qədim oğuz yurdunda-Dağlıq Qarabağ adlı başı bəlalı elin elə başının bəlası olan erməni vandallarının sıx məskunlaşdığı bir ərazidə – M.F.Axundovun “Hacı Qara” komediyasında da adı çəkilən Xocavənd rayonunun məşhur Tuğ kəndində dünyaya bəxş etməsi təsadüfi deyilmiş... Bu doğuluşuyla sevinclə qəmin təzadlı ortamını görəcəkmiş, “Qismətini gözündə, ümidlərini daş üstündə qoyan, işığını qibləsində, arzularını sac üstündə yandıran, yuxusunu ulduzların ətəyində” edən bəndəliyinə aparan yol da başlanğıcını elə onun təsadüfi olmayan bu doğuluşundan götürməliymiş.... TV kanallarında və radio dalğalarında dostluq nəğmələrinin, “Qardaş olub Hayastan, Azərbaycan” mahnısının tez-tez səsləndirildiyi çağlarda, keçən əsrin ən şən, təntənəli qeyd edilən yeni il bayramında – 1959-cu təqvim ilinin ilk günündə-yanvarın 1-də dünyaya göz açması da təsadüfi deyilmiş. Deməli, o, zahirən sakit görünən, “qurdla quzunun birlikdə otladığı” bir dövrdə dünyaya gəlməliymiş, ermənilərlə göz-gözə, iç-içə yaşamalıymış, illərlə dost bildikləri həmkəndlilərinin – hayların elə gözünün qabağındaca yağıya, qarı düşmənə çevrilib qoca, cavan, qadın, uşaq bilmədən qırğına verərək xalqının qanını içdiklərini görəcəkmiş. Hələ Qarabağ ellərini qazdan ayıq ermənilərin vəhşicəsinə yağmaladığının, türk ailələrinin yeni fəlakətlərinin, müsibətlərinin başlanacağının, yüzlərlə say-seçmə qadının, qız-gəlinin Xocalıdan əsir aparılacağının yana-yana, çarəsiz-çarəsiz şahidi olacaqmış. Və günlərin birində aram, rahatlıq tapmayan ürəyinin səsini dinləyərək qüruru, ləyaqəti tapdalanmış xalqının müdafiəsinə qalxmış ordumuzun igid döyüşçülərinin mərdlik səlnaməsinin özünəxas səhifələrini yazmaq üçün cəbhəyə yollanacaqmış və məmləkətimizin Müdafiə nazirliyinə ərizə ilə müraciət edərək döyüş bölgəsinə könüllü yollanan ilk hərbi jurnalisti – cəbhə müxbiri olacaqmış ki, hər şeyi – savaşı, xəyanəti-rayonlarımızın bir-bir düşmən əlinə keçdiyini, ölüm-itimi öz gözləri ilə görsün, şəhid olan hər mərdlə birlikdə ölüb-dirilsin... Gördüyü dəhşətlərdən, yaşadığı vəhşətlərdən ürəyində-könlündə dərddən bir səltənət, dərd qalası qurulsun və bu qaladan bir ah, fəryad kimi göylərə yüksələn odlu misralar Qarabağ həsrətli oxucularının da düz ürəyinə millənsin:

Gecə-gündüz arası,
Üzümdə dərd qarası.
Şəhidlikdi çarası
Dərd məni oyur, eşir.

Qaranlığa mayak ola bilmədim,
Qarabağa dayaq ola bilmədim,
Tuğ kəndində bayraq ola bilmədim
Mən özümü belə namərd bilməzdim!

Bu, şair yanğısıdı, şair qəlbinin təəssüfü, utancı, özünü qınağıdı, həm də Qarabağ olaylarının indiki dəhşətli durumu almasında günahkar olan hər kəsə, çinli-çinsiz bütün günahkarlara, şairin, xalqın və Vətənin üzünü qara edən namərdlərə tuşlanmış bir ittihamdı...
Lap körpəliyindən guşənişinliyi, saflığı, həm də ayıqlığı, asan və tez qavrama qabiliyyəti ilə ailədə və elat içində diqqət çəkirmiş, sözü sözə calayıb bədahətən şeir də qoşurmış və beləcə, söz yaradıcılığına sevdalı böyüyür, könlündə qövr edən mətləbləri ipə-sapa düzüb ağ kağızlara köçürürmüş, hətta şeirləri oxuduğu məktəbi divar qəzetində də dərc edilirmiş və balaca şair bu özəlliyinin sevincini də yaşayırmış ta 1991-ci ilin məşum payız günlərinədək. Dədə-baba torpağından didərgin salındığı tarixədək... Ev-eşiklərini bütün cah-cəlalı ilə yağıya qoyub ellə birgə qaçqınlıq həyatı yaşamağa məhkum edilən Əbülfətin şeirlərində həmin gündən taledən, zamanın gərdişindən şikayət ana xəttə, baş mövzuya çevrildi, canında isə sevinc, nəşə duyğularını birdəfəlik qovan dərdin özü yuva qurdu, “taleyi də qəmi ilə bağırdaş” oldu:

dərdə köynək biçmişəm,
bir az sıxır-dar gəlir,
dərdim, keç dur arxada-
görüşümə yar gəlir,
qorxuram, kölgən düşər üstünə!

Nəsə bu məqamda İradə Tuncayın “Sarı odalar” kitabından xalqın məhz canıyananlarının – sənətkarların yaşadığı kəm tale-qədərlə bağlı fikirlərini xatırladım: “...Mənim bu xalqın sənətkarlarına, bu xalq üçün yananlara ürəyim yanır. Bu xalq onu yaşadanları, bir əsrdən o biri əsrə aparanları özü məhv eləyir. Hərəsini bir adla-birinə kafir deyir, birinə əyyaş, birinə dəli, birinə satqın, lap başqa sözlər də deyirlər. Öz sənətkarlarına dürlü-dürlü “titullar” yapışdıranlar bu şəxsləri yaşatmaq üçün nə edirlər? (Biri qatıq-süd satır, biri daş-dəmir, biri böyü-böyük binalar, biri torpaq... Sənətkarın sata biləcəyi sənətidi. Onu da xalq almırsa, hakimlər alır. Və bu sathasatın içində sənətkarın satdığına maddiyyat çatmırsa, deməli, xalqın mənəviyyatı yoxsuldur. Qarnını doyurur, amma beyini və ruhu acdır.)” Bəlkə “satdığına maddiyyatı çatmayan” Əbülfətin də, kipriyində bircə damla yaşı donduran sosial problemlərinin həllini tapmamasının (O bu gün də ailəsi ilə birgə kirayənişindi!..) səbəbi “al-ver adamı”, “zəmanə adamı” ola bilməməsindədi? “Ayağı üzəngidə, əli yalmanda” bircə gününün də qayğısız ötməməsindədi!
“Mən qabıq qoysam da dil yalmanmadı, məmur qarşısında, para önündə”- deyən şairin vəzifələrinin əsiri olan məmurlar qarşısındakı məğrurluğu, “Döymək istədiyi qapıları” döyə bilməməsindədi?

Mən zaman adamı ola bilmirəm,
içimdə min cürə fikir dolaşır.
hara üz tuturam özüm cəhənnəm-
qeybətə, gileyə sözüm bulaşır.

Sönmüş, puç olmuş ümidlərinə, bu ümidlərin yerində at oynadan qəmə, onu, hətta həyatdan əlüzmə anlarına yetirən kədərə, fələyin yazdığını bəndə poza bilmir həqiqətinə və bu həqiqət qarşısında göstərdiyi dözümə bəzən laqeyd-laqeyd əl sallamalı olur Əbülfət. Və bu çarəsizlik ona “Onsuz da mən yaşayan bu ömrün yazı yox, qışı gəlir payızının önündə”... misralarını yazdırır:

Dərdli-dərdli gəzməklə
guya dərdə dözməklə,
tək canımdan bezməklə-
nə dəyişdim dünyada?
Ömür-gün yoldaşına içində bir minnətdarlıq duyğusu bəsləyir. İllər keçsə də, ona və uşaqlarına isti bir yuva, başlarının üstündə bircə dam qurub ocaq çata bilməyən bir kişiyə-şair ərə gileylənmədən, mövcud vəziyyətinə asi düşmədən, müəyyən dərəcədə “fərasətsizliyini” başına qaxınc etmədən onunla qoşa addımlayan fədakar qadınına şükranlıq duyğusu ilə yazır:

Yol gəlmişik sənlə odsuz ocaqsız,
Keçinmişik biz bir isti bucaqsız.
Min şükürlər, neyləyərdik bu çağsız?-
İndi bizə “gözlə” qalıb, ”döz” qalıb.

Bu misralardakı kinayə, mövcud duruma acıma, həm də ironiyaya bükülmüş acıq, qəzəb, taleyə-qədərə üsyan notları insanı dövrün paradoks-ları barədə düşünməyə kökləyir. Düşünürsən ki, həmin paradokslar, əksliklər dövrün şairinə “Hərdən üzüquylu düşüb ölümümü ağlamaq istəyirəm – nə vaxt gələcəyini bilməsəm də... hərdən əllərimi uzadıb Tanrının gözlərini bağlamaq istəyirəm – mənim necə ağladığımı gördüyünü bilsəm də...” misralarını yazdırır.
Yurdsuz, Qarabağsız, doğma kəndi – Tuğsuz o, yarımçıqdı, aldığı nəfəs də ciyərlərinə tam çatmır, o yerlərdə qurulan obalar, ata evlərinin daş-divarı, odu-ocağı, həyət-bacası üçün burnunun ucu göynəyir, ağılı başından çıxır:

Zamanımın olammadım adamı
Həyat məni şişə çəkdi görk üçün.
Sellər yuyub aparıbdı odamı-
Tay hara var, həyətində görüküm.

Beləcə, dərdin qoynunda öz yerini tapıb el-obasız, ev-eşiksiz şair. Və sinəsinə bu dərd deyilən sağalmaz azarı əbədi sakin eləyən yurdsuz şair üzüntülərini, çəkdiyi acıları kimsə ilə bölüşmək istəmir, həmdərdinin də canının üzülməsindən, yükün ağırlığına dözə bilməməsindən qorxur. Bəzən özünü: –Ancaq qəm paylayan bu dünyanın nəyindən inciyim, nəyindən küsüm? – sualı ilə qarşı-qarşıya qoyur, lakin bu zaman hər şeyin yaxşılığa doğru dəyişəcəyinə bəslədiyi ümid də qeybə çəkilir və bu halda o, unutmaq, doya-doya yaşadığı dərd qismətindən qaçmaq istəyir və üzünü göylərə tutur: “yerdə yerim qalmayıb, göy üzü, aç qapını! Yaman düyün salmışam-dərdlərimin sapını, dərdlərim xəstə, qısır-Allahım baxır, susur üzə-üzə canımı,” – deyir... İncə şair ürəyi anidən Tanrıya qarşı haqsızlıq etdiyini hiss edir və geri çəkilir: – Allahın nə günahı, mən bacarmıram başqa cür olmağı, hamı kimi yaşamağı...Və həyatımın bir adı var: solmuş şair gündəliyi!
Hamı kimi yaşamağı bacarmayan şairin köz-köz yanan sinəsindən üzü sabaha doğru doğulan sözlərin əksəriyyəti göz yaşlarındaca boğuldu... və qəmə bükülən bu şeirlərində nazını çəkdiyi dərdin özünəməxsus obrazını yaratdı... Beləliklə də Əbülfət çağdaş ədəbiyyatımıza yeni söz, yeni düşüncə gətirən şair kimi daxil olmağı bacardı.

Cənnət-sənli anlarım
Cəhənnəm təkliyimdi!
Dünyada ən ağır yük,
Mən, sənsiz çəkdiyimdi!!

Arif oxucu, əlbəttə, inanmadı ki, bu bayatı “Ürəyimdəki sənsən” kitabına yazdığı ön sözdə oxucularına: unutmayın ki, bu, sevgililərin kitabıdı,- ismarıcını göndərən Əbülfətin bir qadına-real gözələ olan sevgi təşnəlyi, özləmidi... Elə mən də inanmadım... Könül verdiyi gözələ “sənə damla sevinc, damla təbəssüm bəxş edə bilmirəm, bacarmıram mən, sevgim göz önündə, amma ki, gülüm – sənə çox dərdimi açammıram mən” yazan və hətta isti duyğulara söykənən sevgi şeirində belə “sığal çəkib oxşadığı” dərdlərini də unutmayan şairin sıradan bir aşiq kimi qayğısız-qayğısız sevə bildiyinə necə inansın? Lap əvvəldən, sənətdə ilk addımlarını atmağa başladığı andan poeziyanın əsrarəngiz dünyasında Füzuli eşqi, Füzuli dərdi onu ovsunlamışdı... Bu günədək də məhəbbət və kədər, eşq və iztirab mövzusunda yaranmış şeirin peyğəmbəri sandığı dahi Füzulinin güclü təsirindən çıxa bilməyən şair ustadına qibtə və xoş həsəd duyğularını, dünyanınsa türlü-türlü oyunlarına heyrətini gizlətmir:

Heyrətim dünyanın oyunlarına,
həsədim Füzuli sevgisinədi.
Baxıb qurdlarına, qoyunlarına,
görürəm kimlərin sevgisi nədi?

Füzuliyanə saf məhəbbət, Vətən, yurd eşqi, torpaq təəssübü, insana hörmət, dəyərlərə qiymət, yaxşılıq və s. kimi ruhuna yaxın olan, qəlbinə təsir edən, ürəyini titrədən doğma mövzulardan kənara çıxmayan Əbülfət üçün şeir ruhun ehtiyacıdır. O zaman əlinə qələm alır ki, yazmamaq onun üçün fəlakətdir.
O, güclü müşahidə qabiliyyətinə malik poetik tapıntılar şairidir. Metaforik düşüncənin məhsulu olan orijinal ifadələr istər-istəməz oxucunu düşündürür: “Sənsizliyim dil bilməyən qəm-kədər, Məni onlar ürəyimdə asırlar! Sonuncu qara kağız, ya vida nəğməsi kimi göz yaşları ilə yazılmışam; Onsuz da vaxt hakimdi, dərd sinəmə sakindi; bu gecənin aydınlığı, içimdə uyuyan işıq; arxanca bir dəli ürək mələyir, bircə yol üzümə dönüb gülsənə; ömrü xırmanında ələkdən keçir, dəyirman qapısı hələ dumandı, tale yazısını könlümə köçür, çiyninə düşəsi şələ gümandı...” və s.
“Edəməm tərki Füzuli səri kuyin yarın, vətənimdir, vətənimdir, vətənimdir, vətənim,” – deyirdi ölməz qəm şairimiz... Əslində Vətən yarın kuyindən, hər evin kandarından başlayır. Çox yəqin ki, belədir. Çünki doğulduğu evi, küçəni, kəndi, rayonu, şəhəri, sonra isə ölkəni, onu yaradan atanı, dünyaya gətirən ananı sevən kəs, böyük Vətənini, millətini və xalqını da sevməyi bacarır və sonunda elə özü də əsil vətəndaş olur, məmləkətinin təəssübünü çəkməyə qüdrəti, qeyrəti çatır. Tökdüyüm göz yaşları hansısa günahlarımın bədəlidi...- deyibən düşdüyü sosial vəziyyətin-bəlaların səbəbini özündə, xarakterində axtaran Əbülfət itirdiyimiz Qarabağın bir vaxt millətin, xalqın əlində al bayrağa dönəcəyinə və tezliklə azad olunacaq Vətən torpaqlarında dalğalanacağına ümid edir...

Heyrət də, qeyrət də düşdü ayağa,
Ümidim üz tutdu o son dayağa.
Mənim Qarabağım dönər bayrağa
Millətin əlində, taxtın əlində!

Esmira FUAD



Bu yazı ( 803 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar