12px14px16px18px

“Sarı odalar”ın qadını

Esmira FUAD
00:30 / 09.09.2011  
İnsanın yaşadığı mühitdən çox şey asılıdı. Xüsusən də söz adamı üçün mühit, ətraf aləm böyük önəm daşıyır. Bəlkə də haqqında söhbət açmaq istədiyim qələm adamının da poeziya ruhlu bir ailədə doğulması, söz sənəti xiridarlarının əhatəsində böyüməsi, ətraf mühit onun elə körpəlikdən qanına-canına yazıb-yaratmaq eşqini hopdurub. Bir də ki, sevib-seçdiklərinə altıncı hiss bəxş edən Ulu Tanrı ondan da bu hissi-istedad payını əsirgəməyib.... Görünür, yazıb-yaratmaq eşqi ilə yaşayan və genetik koduna sadiq qalan İradə Tuncay da elə Tanrının seçilmişlərindəndi. Biz eyni dövrün adamlarıyıq, uşaqlığımız da, gəncliyimiz, tələbəliyimiz də eyni vaxta təsadüf edib. Eyni cəmiyyətlərdə, eyni quruluşlarda yaşamış, eyni hadisələrin şahidi olmuşuq. Hər birimizin həyata öz baxışımız var. Ola bilər ki, baxışlarımız əksər hallarda eyni bucaqdan eyni müstəviyə düşsün. Ancaq bunu qəti olaraq deməyə çətinlik çəkirəm. Əvvəla, ona görə ki, onu yaxından tanımıram, şəxsiyyətinə o qədər də bələd deyiləm. Onu mənə tanıdan imzası olub. Həm də düşünürəm ki, yazdıqlarında daha çox yaşadıqları, xarakter cizgilərinin əks-sədası olan yaradıcı insanı tanımaq üçün elə imzası da kifayətdi... İradə Tuncay sevimli iki övladından birinin adını (Tuncay) özünə təxəllüs seçib. Əlbəttə, bu, onun doğal haqqıdır. Ancaq o, başqa bir imza ilə də gələ bilərdi yaradıcılıq aləminə... Məsələn: – İradə Araz kimi... Təkcə bu imza kifayət idi ki, onun Azərbaycan poeziyasının “vətən daşı” olan, “Dünya sənin, dünya mənim, dünya heç kimin” fəlsəfəsini yaradan və bu müvəqqəti dünyadan haqq dünyasına-əbədiyyətə təmiz adla, alnıaçıq, üzüağ köçən böyük Məmməd Arazın övladı olduğunu biləsən. Mənə elə gəlir ki, İradə xanım bu imza arxasında tanınmağı müxtəlif səbəblərdən istəməyib. Bu, həm bir təvazökarlıqdır, həm də nəsə demək, hansısa mətləbdən söz açmaq istəyirsə, qoy öz dəsti-xətti, öz nəfəsi, öz ruhu, öz imzası olsun qürurudu... Onsuz da tanıyan tanıyır, tanımayan da tanıyacaq və biləcək ki, o, kimin ocağında boya-başa çatıb, pərvazlanıb. Digər tərəfdən, üzərinə bu dərəcədə böyük məsuliyyəti götürmək istəməyib bəlkə də... Axı, yaradıcılığı qədər şəxsiyyətini də sevdiyim Məmməd Araz ədəbiyyatımızın xan çinarıdı... və digər ağaclar, təbii ki, xan çinarın kölgəsində qalır... Nəhayət, üçüncü bir səbəb: – Hansı məqamda nədən və necə yazmağa qüdrəti, qabiliyyəti, istedadı çatırsa, buna qadirdisə, sonda qoyulacaq imzanın nə fərqi var ki?! İradə Tuncayın 2010-cu ildə “Sarı odalar” adında bir kitabı işıq üzü görüb. Bu, onun çap olunan ilk kitabıdı. Ancaq ilk olsa da, çoxqatlı məna yükünə malik dəyərli bir nəşrdi. Atalar deyib ki, az olsun, yaxşı olsun, yaxud gec olsun, güc olsun. Bu məqamda: “Filan qədər kitabın müəllifiyəm, ildə bir neçə kitabım çıxır” deyib öyünən, kitablarının arası heç açılmayan, açılanda isə içərisində mənasız söz yığınının şahidi olduğum müəlliflərə yazığım gəldi. Əlimdəki qara üzlü, lakin üz ağardan bu kitabı vərəqləyərkən belələri gözümdə daha da miskinləşdi. Gəlin, müqəddəslik anlamı ilə adı qoşa çəkilən “kitab” sözünə hörmət edək. Elə özümüzə və imzamıza da... Təbii ki, “Sarı odalar”la ilk tanışlıq “Ön söz”dən başlayır. Məzahir Əhmədoğlunun “çoxlarının onu dərindən tanıya bilməməsi, ya da indi-indi tanıyaraq yaradıcılığı ətrafında qeyri-müəyyən heyranlıqlar göstərməsi” səbəbindən bir qədər geniş, ancaq sevgi və ehtiramla yazdığı yazıdan. Sözün düzü, onun elə ilk başlanğıcda söylədiyi fikirlər mənə çox maraqlı gəldi və... məsuliyyətimi daha da artırdı: “Bütün ənənələri ən yüksək səviyyədə qoruyub inkişaf etdirən, publisistikanın ən cazibədar və modern sistemini (bəli, məhz sistemini) yaradan və quran İradə Tuncay yaradıcılığı haqqında danışmaq çox çətin söhbətdir. Hətta ağır söhbətdir... Ağıl, zəka və gerçəkliklərin söhbətidir”. Düşünürəm ki, yazılarında özünün parlaq və simmetrik obrazını yaradan İradə Tuncayın məhz mənim təsəvvür etdiyim obrazını da cızmağa çalışacağım məqam özünü yetirib... Öncə uzun-uzadı düşündüyüm, fikrimdə ixtiyarsız olaraq hey dolaşan bir suala cavab axtarmağa çalışdım. Görəsən, İradə niyə bu adı seçib kitabına: “Sarı odalar”... (Onu deyim ki, avtomobil qəzasında dünyasını dəyişən DİN-in əsgəri, 19 yaşlı gəncəcik Fuadıma həsr etdiyim, onunla bağlı ağrılı duyğularımı səhifələrinə köçürdüyüm “Əgər bir ömrüm də olsaydı” kitabımın son nöqtəsini məhz ruhumun şarkıcısı məşhur Sezen Aksunun oxuduğu həmin “Sarı odalar”ın misraları ilə qoymuşdum: Ben sənin, həyatından gitdim, oğlum, Hadi, koy yerimə birini, koya bilirsən. Ben sənin, həyatından gitdim, oğlum, Hadi dur o sarı odalarda, dura bilirsən... Ben sən deyə-deyə bitdim, oğlum, Hadi bakalım unut, unuta bilirsən. Ben seni yudum-yudum içdim, oğlum, Hadi, ol əskisi kibi ola bilirsən...Uzak bəndən aşk, uzak artık, Halim budur yasaflı, İnan içim də o fəsatlı, Alırım başımı, giderim efelər kibi hey, efelər kibi hey... Əslində o, mənim həyatımdan getmişdi, geriyə baxmadan... Bəlkə də İradənin kitabını məhz “Sarı odalar” adlandırması, bir də sevimli Aysel Əlizadənin bəzi söhbətləri onu mənə daha da doğmalaşdırdı, ya mən özüm də artıq “Sarı odalar”ın qadını-anası olduğuma görə, bilmirəm). TV-nin “Spase” kanalındakı problemlərə güzgü tutan duzlu çıxışlarından, mükəmməl ssenarilərindən tanıdığım və həvəslə dinlədiyim, iti, cəsarətli danışığına görə bir az da xoş qibtə hissi duyduğum bu mübariz və döyüşkən xanımı deyə bilmərəm, amma məni sarı rəng bir az qorxudur. Bu rəng adətən nəyinsə ömrünün sonuna yaxınlaşdığına işarədir. Ölüm qoxusu duyuram bu rəngdə. Saralmış yarpaqlar, qovluqlar, vərəqlər. Ölümə doğru gedən, əcəlin ömür qapısının kandarını kəsdirdiyi insanın saralmış bənizi... Hətta bir günlük ömrünü başa vuraraq qürub edən Günəşin də sapsarı saralmış üzü... Bəlkə də müqayisə yerinə düşmədi, ancaq içimdəki narahatlığı büruzə verməyə bilmirəm. Onun ”Sarı odalar”ını oxuyuram. Oxuduqca hissim-həyəcanım artır. “Danışmaq üçün bir kimsənə” axtaran müəllifin hədəfi balaca bir uşaq, nəvəsidir (Bəlkə də özünün illərin o üzündə qalmış uşaqlığıdır?!). Yarım əsrlik ömrünün əvvəlki 20 ilini çözələyir, “xatirələr sarır dörd bir yanını”... Yadına saldığı o illərdə “ağlıq qədər bir qaralığın“ da olduğunu söyləyir. Artıq yaxın keçmişə dönmüş o illərdə axtarır özünü, evlərinin eyvanından dənizi görmək, uşaqlıq illərini keçirdiyi, uşaqlarla oynadığı o həyətə getmək, yüyürə-yüyürə beşinci mərtəbəyə qalxmaq, süd rəngli taxta qapını döymək, kandardan içəri boylanıb balaca otaqlarının divarlarına əl gəzdirmək, üzünü söykəyib bu divarlara hopan qoxuları içinə çəkmək istəyir, lakin heyhat... Daxilindəki həyəcanın gücü qulaqlarını batırır sanki: “Görəsən indi həmin balkondan dəniz görünürmü? Yasamaldakı evimizin balkonundan. Çətin, inanmıram. O qədər binalar tikilib, bütün gözəlliklərin qarşısına divar çəkilib... Xatirələrimiz daş-daş sökülür. Elə biz də Sarı odalar...” Və getdikcə artır bu adamların – Sarı odaların sayı: – İndi olmayan “Komunist” küçəsi, oxuduğu universitet... (jurnalistika fakültəsinin əvvəl yerləşdiyi binanı nəzərdə tutur). Bu da bir sarı oda... deyir.” Eh, daha nələr, nələr, hansı ünvanlar, yerlər... Çözələnən xatirələrində it-bata düşən həmsöhbətinə (Mənim də ruhubirim Ayselə) Sarı odalardan uzaq durmağı, şoru yağından baha, atı eşşəyindən ucuz dünyada yalanlara, təmənnalı münasibətlərə öyrəşməyi məsləhət görür: “Qadın olmaq zor bir şey, Aysel. Sən niyə həqiqəti eşitmək istəyirsən ki? İndidən aldatmacalara öyrət özünü. Gəncsən, hələ vaxtın var. Sarı odalardan uzaq dur. Kimsəni də sevmə, dünya qəlbi kor, qəlbi müflis adamların əlindədi. Çox yandıracaqlar səni. Peşiman olacaqsan...” Mən isə nostalji hisslərə qapanıb sonadək oxuduğum “Sarı odalar”ı bitirib bu odalardan çıxmağa çalışıram. Hövsələsizlik edirəm, kitabın iç səhifələrində yer almış “Sarı odalar”ın da daxil olduğu “Ovqat” bölümünün digər yazılarına nəzər yetirirəm. Axtardığımı tapıram. “Mən belə dünyanın”... Hə, Məmməd Arazın doğum gününə yazılıb: ”Biz toplum olaraq öz böyük dəyərlərimizi dəyərsiz eləməkdə çox ustayıq. Bu mənada Məmməd Araz nə 5-6 nəfərin iştirakı ilə dəfn olunan Mirzə Cəlildən, nə ürəyi şişib partlayan Sabirdən, nə məzarının yeri bəlli olmayan Hadidən, Müşfiqdən, nə də indiyə qədər üstü açıq qalan Elçibəydən artıq oğul deyil...” Bu müqayisələrdə bir haqq səsi var, ”insana öz halal haqqının minnətlə verildiyi bir cəmiyyətdə” yaşamağın təəssüf hissi, bir etiraz var: “Bizi dəyişmək istəyən insanların bizə qoyub getdikləri irs ki var, onları cəmiyyətimizə ziyanlı ünsür kimi qadağan etmək lazımdır. Eləcə də Məmməd Araz poeziyasını...” Ardınca da fikirlərini əsaslandıraraq yazır: – Ağlı gödəninə calaq millətin söz nəyinə lazımdır?!.. Bu ruh onun ”Ölən istəklərimiz” yazısından və digərlərindən də izləyir səni: “Mən bir zaman bütün dünyanı sevməyə hazır idim. Sonra içimdəki sevgini elə öldürdülər ki, yeri boş qaldı. Yox, nifrətlə dolmadı, elə boş qaldı. Boş...” İnsanlara edilən haqsızlıqlar, onların arzularını gözündə qoymaq istəyən ürəksizlərin, daş qəlblilərin, öz yerində olmayanların, rəhbərliyə, bəzi vəzifəlilərə-cibi dolu, başı, qəlbi boş nadanlara yarınanların, “adını yaza bilməyənlərin başqalarına necə yazmaq, öyrətmək istəyi...” Maraqlısı da bu nataraz istəklərin deyil, “bizim istəklərimizin ölümə məhkumluğudu.” İradə Tuncayı obyektiv, qərəzsiz, imzasına hörmət edən bir qələm adamı kimi narahat edən, düşündürən bu məsələlər onun, əslində bu gün və sabah haqqında düşünən hər kəsin əqidəsincə, əsl faciədir. Beləliklə də “Kefli İsgəndərləri hələ də qalan bu məmləkətdə” “Qınamayın İsgəndəri” hökmü necə də yerində səslənir... Bəli, bu dəfə də hədəf Mirzə Cəlil və onun məmləkətimizdə görmək istədikləri, lakin dahi fikir adamının və sələfinin (İradənin) görə bilmədiyi nəsnələrdir. Mirzə Cəlilin öz dövrü üçün söylədiyi həkimanə fikirlərini İradə çağdaş dövrümüzlə qiyaslandırır. Qəribədir, üstündən bir əsrə yaxın vaxt keçib, ancaq ciddi bir dəyişiklik yoxdu, yəni, söylənənlərdən heç bir nəticə hasil olmayıb... Və bu dəfə anlamaq dərdinin yamanlığı sələfin ürəyini oya-oya ağ vərəqlərə köçürülüb. Mirzə Cəlil cəsarətinə hörmət, qürur və nisgil qarışıq bir hiss hakimdi yazıya: “Mirzə, mən bilirəm ki, sənin cəsarətinin mində biri bizdə yoxdur. Bundan sonra yüz il yazsaq da, sənin yazdıqlarının bir sətrinin yükünü daşıya bilməyəcəyik.” Düşünürəm ki, İradə xanım bu yerdə təvazökarlıq nümayiş etdirir. Əlbəttə, Mirzə Cəlil cəsarəti hər kəsdə ola bilməz, ancaq ”Sarı odalar”ı oxuyarkən anladım ki, İradə Tuncayın özünəməxsus üslubunun daha bir fərqli cəhəti də elə böyük cəsarətdi. İradə cəsarətli jurnalist, qorxmaz bir qələm sahibi kimi özünü elə ilk yazıdan tanıdır oxucusuna. Və mən də onun yaratmaq istədiyim portretinə bu ştrixləri elə o böyük cəsarətlə, tam məsuliyyətimlə əlavə edirəm. İradə (bu ad xanımsız-zadsız necə də əzəmətli səslənir!) hansı mövzuda yazırsa-yazsın sözünü saxlamaz, məqamı gəldisə deməlidir, onu narahat edən, ürəyini incidən hər hansı bir məsələ varsa, ünvanı düz seçəcək və hədəfə alacaq. Sözü kimə dediyini, niyə dediyini yaxşı bilir. Kiminsə bostanına daş atmaqla işi yoxdur. Buna nə ehtiyac?! Atacağı tək bircə nizəsi var ki, o da əlahəzrət sözdü, ünvanı da ki məlum...İnsan adlananı, dünyaya hakimlik etmək, altını üstünə çevirmək, Tanrının yaratdığı düzəni pozmağa qadir olan bir varlığı öldürən, həm də dirildən söz... Həsəd aparılacaq dərəcədə güclü mütaliəsi, geniş dünyagörüşü, unikal yaddaşı var. Bunu da yazılarından duymaq çətin deyil. Ona görə tarix bütün elmlərin şahıdı, amma həmişə senzor əlində olan və redaktor qayçısı ilə yaşayan elmdi. Özünün etiraf etdiyi kimi: “Tarixi hadisələri müxtəlif mənbələrdən oxumağı sevmişəm və bu mənbələr mənə hər hansı bir fakta öz münasibətimi formalaşdırmağa yardımçı olub”. Elə buna görə də tarixi mövzuda yazdıqları oxucunu maarifləndirir, onu bir çox məsələlərə, bütün türk dünyasının tam mərkəzinə-Türkiyəyə və özümüzə, indiki durumumuza, bütün bunların fonunda dünyada baş verənlərə həqiqətin gözü ilə baxmağa doğru istiqamətləndirir, hətta hadisələrə tənqidi yanaşma istiqaməti də verir. Bu yazılarda onun vətəndaş (bu söz saqqız kimi çeynənsə də, yerinə düşür axı) ziyalı mövqeyi daha qabarıq görünür. “Bəy, xan, sultan və başqan“, “Blokada”, “Bis Sextus... Münhen sövdələşməsi... Və dünyanın görmədiyi çadır”, “Türk məsələsi”, “Qovşaq”, “Yüz cavan oğlan”, “Sevrdən Sürixədək gələn yol”, “Qırmızı gün”, ”Qış gününün romantikası”, ”Mənim səadətim hardasa itdi”, “Yorulmuş atları güllələyirlər” və s. məqalələri – sözün düzü, bunlara məqalə deməyə dilim gəlmir, hər biri sanki əsl tarixçi alim araşdırması, ciddi tədqiqat əsərləridir-tarixi mövzularda yazdıqlarının bir hissəsidir. Bu yazılarda o, özünü əsl vətənpərvər, vətənsevər yazar, vətəndaşı olduğu ölkənin vətən daşı kimi təsdiqləyir. Bu yazıların ana xəttini təşkil edən möhtəşəm bir Türkçülük-Turançılıq ruhu, böyük və bütöv Vətənçilik ideyası içini dəlir, birbaşa ürəyində qərar tutur: ”Mən istəyirəm al-əlvan Vətən bağında Xarıbülbülü dərim. Mən istəyirəm Dəlidağda qartalların səmada süzməsini görüm. Mən istəyirəm vətənin hər guşəsini bağrıma basım. Mən istəyirəm övladlarımıza göstərə bildiyimiz böyük vətəni(!?), heç olmasa, nəvələrimizə göstərim. Mən torpağı bölünməyə öyrəncəli olmaq istəmirəm!” (And olsun ki, mən də istəmirəm. Bilirəm ki, parçalanmış, bölünmüş Vətənin vətəndaşı olmaqdan ağrılı heç nə yoxdu dünyada. Və Güney Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi, bu ağrını hər əsərlə hey yaşayıram...) Deyirlər: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər. ”Sarı odalar”ın müəllifi yazılarında bir səyyah təsiri də bağışlayır. Gəzib gördüyü ölkələrdən aldığı təəssüratlar ona müqayisəli təhlillər aparmaq imkanı yaradır. Haranı, hansı ölkəni gəzib oradakı gözəllikləri, mədəniyyəti görsə, hətta həsəd aparsa da, öz yurdunu bütün dünyaya belə dəyişməz... Çünki İradə Vətənini, xalqını, millətini ürəkdən sevir, onun dərdini, ağrısını (boğazdan yuxarı deyilmiş sözlərlə deyil, həqiqətən! Ən azından bunu onun taleyüklü məsələlərin yer aldığı yazıları diktə edir) çəkir, dünyanın bütün gözəlliklərini (bəxş etmək qüdrətində olmasa da) məmləkətinə, onun sakinlərinə arzulayır. O, tutduğu vəzifənin missiyasını bilir, mahiyyətini dərindən anlayır və bu yöndə bacardığını edir. Nə vaxtsa belə deyib: ”Mən harda olsam, İradə Tuncayam”. Həvəslə, maraqla oxunan bir-birindən fərqli yazılarını xatırlamağa çalışıram: ”Bizim era başlayırmı və yaxud Anno Domini”, “Martın birinci günü”, “Yoldaş Çe”, “Yazıçı və savaş”, “Ay ölkəsi”, “Ədalət və mərhəmət”, “Canavar vaxtı”, ”Qəzəb”, “Təzadlar”, “Seçilmiş”, “Bir də ömrümüzə qayıtmaz daha”, “Ata olmaq haqqı”, “Dorian Qreyin portreti”, “İki sevgi” və s... Bir-birindən fərqli bu yazıların ortaq nöqtələri var: əlahəzrət fakt, orijinal üslub, özünəməxsusluq və bir də... həyat həqiqəti... Qadın olmağı çətin məsələ, “zor bir iş” sayan İradənin bəzi yazılarında feministliyi qabarıqlaşır. O, qadını güclü məxluq hesab edir, ən yaxşı və ən pis halda da kişilərin üzərində böyük təsir qüvvəsinə malik olduqlarını vurğulayır. Əminəm ki, onun bu mövzudan bəhs edən yazılarını oxuyan hər bir qadın mütləq öz gücünə inanacaq, ayaqlarını yerə daha bərk basacaq... İnanacaq ki, “bu millətin sabaha gedən yoluna tökülən daşları həmin qadınların (qara paltarlı gözəl qadınlar) inadı, səbri, cəsarəti və göz yaşları təmizləyəcək”. Açığı, İradənin bəzi yazılarını oxuduqdan – su kimi ruhuna çilədikdən sonra qadınlar gözündə nə qədər ucalırsa, kişilər bir o qədər kiçilir, miskinləşir... Şairlərə son dərəcə həssas, xüsusi münasibəti də nəzərdən qaçmır, böyük Nazim Hikmətin əfv olunması ilə bağlı qəlb göynədən düşüncələrinə qoşulub kövrəlməməksə artıq əlində deyil: “Şairlər üçün bütün dünya Vətəndi, həm də bütün dünya məhbəsdi. Şairlər dünyanı hər zaman bağışlayırlar. Və həm də dünyanı dünyaya bağışlayırlar. Nazim məmləkətinə “infarktım” demişdi və həm də demişdi ki, şairi cənnətə qoymuşlar, ah, məmləkətim, demiş.” Şair qızı olan İradə yaxşı bilir şairliyin nə demək olduğunu, məhz atası kimi şairlərin hansı odlardan, alovlardan, sınaqlardan keçdiyini, qapısında “yamanlıq, yaxşılıq, və ehtiyac adlı üç ağacın bitdiyini, övladının bu ağacın meyvələrini yeyə-yeyə böyüdüyünü...” “Ehtiyacdan da, yamanlıqdan da doyan, yaxşılığın acı olan İradə şairlərin, onların övladlarının, bütün bəxtiyatmışların bəxtinin oyanmasını istəyir yazır: “Şairlər hər yaşda xalqın ən çox ərköyün, dəlisov, küsəyən və həm də ən çox döyülən, əzilən övladlarıdır. Füzulidən bu yana bəxti oyanmayan şairlər.” Onun problemə yanaşması insanda ürək sızıltısı doğura, içini titrədə bilir. Qanan insanların sevib dəyər verdiyi bir şairin – “zülmün, haqsızlığın, alçaqlığın baş alıb getdiyi ən murdar zamanlarda da öz içindəki Vaxtın saflığını qoruyub saxlayan, öz nəfəsini satmayan güclü adamların arasında şairlərin də olduğunu deyən, amma şairliyi insanın gücü yox, zəifliyi sayan” Ramiz Rövşənin “Bir ölkədəki xalqın rəyini soruşmadan, onun fikri ilə hesablaşmadan kiməsə “xalq şairi” adı verilir, həmin ölkədə “xalq düşməni” adı verilməsi təhlükəsi də həmişə mümkündür...” fikrinə verdiyi söykək çox tutarlıdı: “Şair, siz, doğrudanmı belə düşünürsünüz ki, xalqın rəyi var? Və o, ayırd eləyə bilir ki, xalq şairi kimdi, xalqın şairi kimdi? Ətrafa baxaq – bir hissəsi böyüyüb qoyun olası quzulardı, bir hissəsi – nəfəsinə çəkdiyi havanı zəhərə döndərən ilanlardı, bir hissəsi də canavarlar. Özü də təbiətdəkindən fərqli olaraq, bu canavarlar öz caynaqlarına, öz dişlərinə, öz ayaqlarına arxalanmırlar. Vaxta arxayındılar – canavar vaxtına. ” Cəmiyyətin ən xırda məsələsindən tutmuş ən böyük probleminədək nəzərindən qaçmır, bəzən kinayəli, bəzən yumoristik, bəzən də kəskin satirik tərzdə münasibətini bildirir və duzlu ifadələrlə bunları həll etmək iqtidarında olan “obrazovannıların”, “Yazıçılar ölkəsinin”, “oxumayanlar məmləkəti”nin vətəndaş- larının nəzər-diqqətinə çatdırır... Yaşadığımız cəmiyyətin real mənzərəsi, paradoksallığı, həqiqətləri ilə üz-üzə qoyur oxucusunu: “Əgər bu gün bütün önəmli nöqtələrdə oturanlar kişilərdisə və bu məsələni ciddi şəkildə rəsmi tiribunadan qadın deputatlar gündəmə gətirirsə, hər halda bu nəyinsə göstəricisidir. Bizim gələcəyimiz çox böyük təhlükə altındadı. Və həmin təhlükənin ən böyük mənbəyi də TV-lərdi. Çünki sevimli xalqımız virtual xalqdı-oxuyub-öyrənmək istəmir, baxıb öyrənir. Baxdığı, gördüyü də nədi? İndi mənə özəl TV-lərin özlərini saxlamaq üçün nə etdiyi barədə nağıllar danışmaq lazım deyil, aydan gəlməmişəm. Balaca bir ölkədə yaşayırıq, hər hansı bir quruma özəl qanunlar tətbiq eləmək olar. Deyək ki, kanallar liderindəki totuş-motuş oğlana üç-dörd ildən qalma boyat yarışmaları göstərmək üçün şərait yaradılırsa, eləcə də müxtəlif şirkətlərə göstəriş eləmək olar ki, taleyüklü məsələlərdən bəhs edən proqramlara sponsorluq etsinlər. Rusiyada bu prinsip uğurla tətbiq olunur. Bizdə mümkün deyil? O qədər pulları havaya sovururlar ki...” “Bu tarixi həqiqətdi ki, bəzən dövlətsiz də xalqların, millətlərin mövcudiyyəti davam edə bilir. Amma xalqsız, millətsiz dövlət olmur. Bizim başbilənlərimiz sabah hansı toplumun böyükləri olacaqlar? “Sizə zarafat gəlməsin, mükafat dəyərdir, ölçüdür. O yerdə ki, dəyərlər, ölçülər itir, qarışır, o yerdə ki, yaxşı ilə yamanın sərhədi itir orada baş saxlamaq çətin məsələdir. Mükafatlar o zaman qiymətli olur ki, onu alanların qiyməti, çəkisi ağır olsun.” “Millət, sabah bizim nəvə-nəticəmizin anası kim olacaq? Nə qoyub, nə axtarıram ey. Millət on gündü pirojnaya oxşar artistin ev-eşiyindən danışır. Millətin əxlaqi dəyərləri də, sevgisi də haçalanıb. İki sevgi var, amma əziz oxucum, “yaxşı fikir ver bu iki məhəbbətə, daha heç nə demirəm, nöqtə, nöqtə...” “Toy deyil, əməlli konsert proqramıdı, bir-bir çıxırlar, nazirləri tərifləyib sonra oxuyurlar (Dedim axı elit toydu, nazirin biri bir qəpik). Amma gürcü qızı çıxır meydana bizim nazirlərə “Azik” deyir, “Fazik” deyir, onlar da kefi kök əl çalırlar. Çox demokratik ortamdı. Ləzzət eləyir, xarici vətəndaşlar bürokratlarımızdan şikayətçi olmasın gərək. İndi öz vətəndaşlarımız onlara bəy tərifi vururlarsa, bu vətəndaşın öz problemidi. “Bu gün... Dünənlə bu gün arasındakı məsafə o qədər qısa oldu ki... Heç bilmədim necə keçdi. Necə nəhəng insanlar gördüm, necə cılız adamlar gördüm.Gözümün qabağında böyük bir imperiya dağıldı, formasiya dəyişdi, dəyərlər dəyişdi. Dəyərlər dəyməz oldu. Amma dəyişməyən çox şeylər də var. Laqeydlik, biganəlik dəyişməyib, qul zehniyyəti dəyişməyib.” “Ustad (Mirzə Cəlili nəzərdə tutur), Azərbaycan qadınını səhnədə görməyi arzulayırdım. Gərək onları səhnəyə buraxmayaydılar. O qədər çoxalıblar ki, bu gün səhnə onların ağırlığından çökəcək. Öz aralarında da bir pəstah çıxarırlar ki, Kərbəla müsibəti yalan olur.” “Əyilməkdən danışdım. Dövlətçiliyi indi-indi formalaşan bizlərin iki böyük tarixi ənənəsi var- ticarət və şeir, poeziya. Bir-birindən çox uzaq anlayışlardır, elə deyilmi? İndi bu anlayışlar neyçünsə bir-birinə qarışıb. Böyük Azərbaycan poeziyasını – min illər əyilməz poeziyanı XX əsrin ortalarından bu günə qədər neçə tərəfə əyiblər?” “...Cəmiyyətin həyatı da təzadlıdır. Bir tərəfin xəbərlərini oxuyanda bir neçə dəqiqə ərzində arxayınlaşırsan ki, məmləkətdə hər şey əladır, qurdla quzu bir yerdə otlayır, güllü-gülüstandır. Həmin qəzeti yerə qoyub, o biri tərəfin qəzetini götürürsən- gözünün yaşı qurumaq bilmir – kimsə öldü, harasa uçdu-partladı, kimsə yedi-dağıtdı. Televiziyalardan isə heç danışmağa dəyməz.“ “Bu günümüzün, müstəqillik dövrünün qəhrəmanları kimdi? Hansı amallarla yaşayırlar? Hansı əqidəyə qulluq edirlər? Ya bizim qəhrəmanlarımız Vaqif Mustafayevin göstərdiyi kimi idiot, debil və yaramazdılar? Televizorda gördüklərimiz nə deyir? Simaların rəngi niyə solur? Ekranlardan niyə itir? Niyə yenidən ağ-qara görüntülərə qayıdırıq? Bizim ölçü vahidimiz çalıb-oxuyanlardımı? Söz eşitmək olmazmı? Qəliz suallardı, mən cavab tapa bilmədim. Bəlkə siz bilirsiniz?” “Dünya xəritəsində, siyasətində yer birinci şəxslərin nə geyinməsiylə, necə yaşamasıyla da ölçülməz. Yalnız vətəndaşı yaxşı yaşayan, tox olan dövlətin nüfuzu olur, bayrağı uca olur. Biz də bunu anlaya bilsək...” “Mənim içimdə vəzifəyə, kresloya, kabinetə bir qıcıq var. Bəlkə görə-görə gəldiyimdəndir ki, dünənə qədər çox yaxşı tanıdığımı düşündüyüm bir dost, yoldaş balaca bir kürsüdə özünə yer edən kimi, elə gözümün qabağındaca dəyişib. Dünənə qədər hörmət-izzətlə görüşən hansısa bir kabinetin kandarından keçən kimi kiprikləri ilə salamlaşıb. Mən bunları görmüşəm.” “İndi fikirləşirəm ki, nə yaxşı ki, o vaxt “21 Azər” filmi çəkildi. O zaman bizim işlədiyimiz TV kanalı düşük müğənnilərin ad günlərinə yox, Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına xidmət edirdi. (Allah Etibar Babayevi var eləsin) Bu film çəkildi, XX əsrin ən böyük faciəsi olan “21 Azər” hərəkatı və onun nəticələri haqqında bəzi həqiqətləri deməyə çalışdıq. Bəzi həqiqətləri...” və s. və i.a... Bax beləcə, cəmiyyətin gerçək üzünü göstərən və “qarelərin gözlərini bərəldən” bu mübariz xanıma asan başa gəlməyib yaradıcı aləm deyilən çətin, təzadlarla dolu bir dünyada özünü təsdiqləmək. O da haqsızlıqlar görüb, səbəbsiz-filansız işdən kənarlaşdırılıb, dost xəyanətinə tuş gəlib, əsl şair övladı olmağın ağrılarını yaşayıb və təbii ki, dar məqamda ürəyini alanlar, təsəlli verənlər də olub. Bir sözlə, yaşadığı ömrün səhifələrinə sıxıntılı günləri daha çox yazılıb. Mən elə indi – dəyərli kitabını oxuduqdan sonra bildim onun Sarı odalara qapanmağının əsas səbəblərini. Ancaq düşünürəm ki, orada çox duruş gətirə bilməyəcək... Axı, deyəcəkləri hələ çoxdur... Özü demiş: “Sənət marafondu, sənətdə son mənzil olmur”. Elə ədəbiyyat da, yazı-pozu işi də sənətin bir növüdü. Deməli, o da hələ ki, son mənzilə yetməyib...Bir də axı, neyləməli? – “Ağır bir sənətə könül bağlayıb, bəxtinə dərdin də ağırı düşüb”... O da bu ağır dərdə tab gətirə-gətirə onları doğuran səbəbləri göstərməli, xabi-qəflətdə qalanlara səslənməlidi, eynilə ustadı böyük Mirzə Cəlil kimi... “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!..”
Esmira FUAD


Bu yazı ( 1069 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar