12px14px16px18px

Şah tutun altındakı kədər

Esmira FUAD
03:51 / 04.02.2012
 
“Sizin tərəflərdə kollar, ağaclar
Bizim tərəflərdə... kişilər sınır!”
(Vaqif Bəhmənli)
 
O, vəfasız dünyaya gəlişinə heç də peşman deyil, hətta günlərin bir günü bu dünyanı itirəcəyini düşünəndə belə, qəlbi acıyla, hədsiz bir kədərlə dolur. Və gəlişinə peşman olmadığı bu dünyada onun üçün insandan qiymətli heç nə yoxdur. Həyatının bura qədərini əslində ona bəslənən ümidləri doğrultmağa sərf edib, dağlardan, düzlərdən, çaylardan, ağaclardan və otlardan daha çox insanlara, ünsiyyət qura biləcəyi ali varlıqlara can atıb. Yazdıqlarının, dediklərinin hamısı da həmin varlıqlara, “Hamı”ya və özünə yaxınlaşmaq istəyindən başqa bir şey deyilmiş...          
Eyni olsa da hamı, tərsə çəkir dərs məni,
Anlayıram... anlamır bəs niyə hər kəs məni?
Həm ata, həm ana tərəfdən bəy nəslindən olan şair Vaqif Bəhmənli... bu misraları yazanacan uzun bir yol gəlib. Öncə kənd həyatı yaşayıb, bütün ailənin yükünü çiyinlərində çəkən anasının həzin və kədərli laylaları ilə böyüyüb Füzuli rayonundakı min evli Bəhmənli kəndində. Ancaq bəy babalarından onlara “bir çöp də qalmayıb” və bu titul yalnız doğma adamlarla zarafatlaşanda onun gərəyi olub...
Vaqif Bəhmənlini bir fərd, bir şəxsiyyət kimi tanımaq, yaradıcılığına azacıq bələd olmaq üçün, təbii ki, xarakterinin bəzi cizgilərini göz önünə gətirmək lazım gəlir. Bax, bu tanışlıq məqamında ortaya çıxan tərəfləri onun qan yaddaşına söykəndiyinə, “kökünün üstündə bitdiyinə” şübhə yeri qoymur. Bir sözlə, inanırsan ki, həlim təbiətinin, mehriban rəftarının, bəzilərinin dediyi kimi, “başıaşağılığının” mayasında da məhz nəsil şəcərəsindən gələn irsi cəhətlər dayanır və bu, “bəy babalarından” ona qalmış ən böyük mirasdır.
Ancaq nankorluğu özünə bir addım da yaxına qoymaq istəməyən V.Bəhmənli bu mirasa görə ən çox anasına minnətdardır və: “Naturamdakı bütün xeyirxah vergilərə görə anama borcluyam. Hamının anası özünə görə şirindir. Mən isə bütün yer üzündə öz anamdan nəcib ikinci bir qadın tanımıram”, – sözlərini ürəklə deyir.
Ömür-gün yoldaşını itirəndə anası Diləfruzun 33 yaşı olub və doqquz uşağı böyütmək, boya-başa çatdırmaq, insan kimi yetişdirmək düşüb öhdəsinə. Taleyin bu ağır sınağına çətinliklə də olsa, sinə gərən fədakar ana balalarını onlara çox da əziyyət vermədən böyüdüb pərvazlandıra bilib. Hərdən yaddaşına yazdığı nağıllları, şeirləri dilə gətirərək yorğunluğunu unudub. Ancaq bu nağılları, bayatıları söyləyərkən heç özü də bilmədən yazıb-yaratmaq toxumu səpərdi balaca Vaqifinin ürəyinə, ruhuna. O da yavaş-yavaş hopdurardı yaddaşına o əziz xatirələri, ürəyindən asılı qalan aydan arı, sudan duru yaddaşına. Və o yaddaşdan üzün bir cığır keçərdi, elə bir cığır ki, kənarında ot yerinə həsrət bitib. Həsrət, hicranyüklü o yaddaşa ulu yurdu çəmən-çəmən, çiçək-çiçək köçürüb. Araz adlı “ayrılıq çayının” suyunu damla-damla içirib. Böyük Şəhriyarın niskilli şeirləri dərindən-dərin izlərini qoyub... Bu həmişə oyaq yaddaşda at yerinə qarğı minən qayış-baldır bir kənd uşağı da heykəlləşib:
Eh, qəribə yaddaşım var,
Gecə-gündüz yuxu bilməz.
Hər an oyaq yaddaşım var,
Çox yanıqlı yaddaşım var;
Yaddaş adlı adaşım var!
Əslində insanın xarakteri onun özü ilə birgə doğulur, qandan, gendən gəlir. Gözü, könlü tox, heç kimin pisliyini istəməyən bir ananın övladı kimi Vaqif başqa cür ola da bilməzdi. Heç şübhəsiz, lap özünün dediyi kimi, anasının balası olmalıydı – “dikbaşlıq eləməyən, kələk gəlməyən, insanı incitməyən, şərəf və ləyaqətini itirməyən, mərdümazarlıq etməyən, bir tikə çörək üçün alçalmağı“ özünə rəva bilməyən...
O xatirələrdə, o yaddaşda daşlaşmış bir insanı, hər zaman ona əziz olan anasını sevə-sevə xatırlamışdı. O xatırlamalardakı səhərlər süd sağan, təndirə çırpı doldurub çörək yapan, bostan-tərəvəz alağı edən, toza-torpağa bulaşdırdıqları paltarlarını övkələyən bir ananın illər öncə alnından axan tərin istisini lap o illərdəki kimi yaxından duymuş, bu tərin hesabına qazanılan çörəklə böyüdüyünə bəlkə də ilk dəfə sevinmişdi. Elə o vaxtlardan təmənnasız yaşamağı hər şeydən üstün tutmuşdu “atının qabağında ətdən, itinin qabağında otdan savayı bir şeyi olmayan bu nağıl dünyada...”
Nə nəsillərində, nə də kəndlərində ədəbiyyat adamı olmamışdı. Xatirələrində o vaxt 20 yaş özündən böyük olan Mürşüd adlı mexanizator və onun yazdığı gözəl şeirlər qalıb. Gözəl səsli anasının sinə dəftəri də ki, öz yerində. S.Rüstəmin “Gün o gün olsun ki”, Nizaminin “Görünür”, “Gecə xəlvətdə bizə sevgili yar gəlmiş idi”, qəzəllərini, Sabirin satiralarını ilk dəfə onun dilindən eşidib əzbərləmişdi. Ana laylasının sehri qəlbində ədəbiyyata sevgi ocağı çatmışdı. Kiçik yaşlarından şeir yazır, yazdıqları yerli “Araz” qəzetində çap olunurdu. Hamı şeirlərinin birində “Mən bir gül kolpanı, gül topasıydım, Bəhmənlidə, Həsənqulu oğlu Qəbilin yurdunda, – deyən Vaqifin şair olmaq istədiyini bilirdi. Çox sonralar o günləri xatırlayanda da: “Düşünürəm ki, o yeddi yaşımın zəlzələ gücündəki duyğularıyla müqayisədə arzu və niyyət dediyimiz, sadəcə olaraq, bir bəhanə imiş! Əslində mən ordan qopmaq istəyirəmmiş! Bitdiyim yerdən, lələkləndiyim yerdən!” söyləmişdi...
O, Bəhmənlidən, Həsənqulu oğlu Qəbilin yurdundan əsla qopa bilmədi, ancaq şair, hətta publisist də ola bildi və tanındı. Hər iki sahədə 40 ildən artıqdır ki, külüng çalır. Özünün fikirlərinə əsaslanaraq onu deyə bilərəm ki, şair kimi bir az qabarıq təqdimat Vaqif müəllimin daha ürəyincə olur. Çünki “İnsanlığın və ədəbiyyatın tarixi mahiyyətini öz idrakından və qəlbindən keçirmək, üstəgəl bütün elmlərdən xəbərdar olmaq və ən nəhayət, mənaya uyğun şəkildə sözün tərkibini dəyişmək məharəti”ni həqiqi şairliyin ən sadə şərtləri sayan və əgər təbii vergi (səs) yoxdursa, bunlar da bir işə yaramaz.... düşüncəsində, “Mən sağlığında Allaha qovuşan yeganə şairəm, başqaları yalan deyir” inancında olan Vaqif Bəhmənli, əslində yaradıcılığı ilkin başlanğıc, yəni, Tanrı tərəfindən insana verilən həvəs, ilham kimi dəyərləndirir. Və təbii ki, nə vaxtsa anasının söylədiyi şeirlərin təsiri altında yaradıcılıq adlanan özünüifadəyə həvəs də onda, şübhəsiz ki, elə hobbi kimi başlayıb. O vaxt misraları alt-alta düzəndə qafiyələrin bir-birinə oxşaması xoşuna gələrdi, indi isə yaradıcılığı artıq həyat tərzi, peşə, sənət sayır və istəyir ki, ”ruhundan keçirib yaratdığı şeirlər başqalarının, lap elə hamının xoşuna gəlsin”. Ancaq təkcə xoşa gəlmək üçün yazmadı Vaqif Bəhmənli. Həyatın hər üzünü gördükcə nəyin və nələrinsə düzələcəyinə inanmaq istədi, çox ehtiyatla, asta-asta həqiqəti söylədi, nəyisə izah etməyə, anlatmağa çalışdı, heç kəsi incitmədən, heç kəsin qəlbinə toxunmadan. Ancaq özünün, doğmalarının və yaxın adamlarının da yaxşı yaşamaq imkanı ola bilmədiyini görüncə asi düşmədi Yaradanına, əziyyətlərə qatlaşdı, yaxşılığından qalmadı. Özündən razılıq hissləri, təkəbbür də qəlbinə yol tapa bilmədi “İkihədli” şeirində dediyi kimi: “Mən sənin ucalığına qalxa, Sən mənim alçaqlığıma yenə bilmirsən. Yaxşı ki, belədi – yoxsa hər şey bitərdi, diriykən bütün istəklərə çatmaq ölümdən də betərdi... Ancaq ilbəil üz-gözünü qocaldan, saçlarını ağardan zaman ona yaxşını və pisdən seçməyi öyrətdi: “Həyatım yaxşılıq, evim yaxşılıq... Heyif yaxşıların yaxşılığına”. Bu, həm də bir təəssüf hissidir, zamanın özü ilə süpürüb apardığı, yaddaşlarda nə bir səs, nə də səda qoymadan unutdurduğu yaxşılıqlara:
Bir iş var, əməlin pisi də qalmır-
Uçur qanadında hər ötən anın.
Torpaq elə örtür izi də qalmır
Onçün pis adamlar gəzir arxayın!
Və bu yaxşılıqların yerini pisliklərin, haqsızlıqların tutduğunu görən şairin real müqayisələri düşündürücüdü... “Yeger” şeirində bu müqayisələr qabarıqdı; şair meşədə yolunu itirir, azaraq yegerə rast düşür və dərdləşir onunla... sizin tərəflərdə yağış əsasdı, bizim tərəflərdə göz yaşı, sizin tərəflərdə qarışqa marşı, bizim tərəflərdə maşın tıxacı, sizin tərəflərdə quşlara atırlar, bizim tərəflərdə quş ürəklərə, sizin tərəflərdə quşlar qırılıb, bizim tərəfləri “quş” basıb, ən dəhşətlisi isə bizim tərəflərdə qapıbir qonşunun qoyun... canavar olması, maral anaların ağlaması və kişilərin sınmasıdı:
Sən yeger, mən şair...
Bəllidi açma,
yüz dəfə bükülüb eşilən;
Sınır...
sizin tərəflərdə kollar, ağaclar,
Bizim tərəflərdə... kişilər sınır!
Müsahibələrinin birində maraqlı fikir səsləndirib və deyib ki, jurnalistlərin və tənqidçilərin maraq dairəsində olmayan şairlərdəndi: “Ola bilsin ki, bir qrup qələm sahibi dialoq, bir qrupu isə monoloq üçün doğulub. Mən özümü ikincilərdən sayıram. Monoloq mənim həyatımdır, sarsıntılarımdır, xarakterimdir”. Bu da səbəbsiz deyil, görünür, təbiətindəki tənhalıq onun elə uşaqlığından iliklərinədək işləyib. Özünün də etiraf etdiyi kimi: “Abır-həya və şərəf hissi mənə çox erkən yaşlarımdan tanışdır. Hesab edirəm ki, bu hiss məni sonralar da laübalı şair azadlığından məhrum etmişdir... Bütün bunlarla yanaşı, bəlkə də yaşıdlarımın ən tənhası idim. Kəndimizdə heç bir uşaq o yaşda mənim qədər öz içində öz-özü ilə danışmayıb. Mən insan gücündən min dəfə böyük sevgiləri abır-həya və şərəf hissinə qurban vermişəm”...
Ağrımayım, neyləyim?-
Zalım dünya boş, gidi!
Vüsalına yetməmiş
İtirdiyim sevgidi-
Mənim ağrıyan yerim!
Kim bilir, bəlkə də onun bu qədər həlimliyinin, üzüyolalığının başqa bir səbəbi də atasızlığı olub!.. ”Ata” şeirindəki etiraf atasızlığın acı dadını dadanların oxşar ağrılarının ümumi poetik mənzərəsini yaradır:
Atasız uşaqlar anaya çəkir
Onçün fağır olur, utancaq olur.
Şair atasız qalmağın nə demək olduğunu yaxşı bilir. Bilir ki, atalılar hər təzə kəsilən heyvanın ciyərini, ürəyini yediyi halda, atasızlar öz ürəyini yeyə-yeyə böyüyürlər. Bəlkə valideynə bu hər şeydən uca sevgi, mərhəmət elə öksüzlüyün-dəndi? Amma yox, bu, bəlkə də belə deyil, Vaqif Bəhmənli yaradıcılığında, ümumiyyətlə valideynlərə, ata-anaya, böyüklərə hörmət, sevgi hissi çox güclüdü...
İlan yuxuma girir,
Çayan yuxuma girir,
Anamı ağlar qoyan
Atam yuxuma girir.
Anam yuxuma girmir...
“Anam yuxuma girmir” şeirinin maraqlı tarixcəsi var: “Əslində bu mərhəmət haqqında şeirdir. O şeiri qazanmaq üçün anamı itirmişəm. Kaş ki, tərsinə olaydı. Bütün yazdıqlarım itib-bataydı, təki anamı itirməyəydim. Bir gün mən bu həyatda olmayanda yoxluğumun həqiqi ağrısını kim çəkəcək, bilmirəm. Heç nəyi, öz həyatını belə bizdən qızırqamayan anam belə bir səadəti mənə çox gördü”. Vaqifin söylədiklərinin səmimiliyinə inanırsan. Anaya sevginin özünəməxsus ifadəsi kimi nə qədər ağrılı olsa da, bu sevgi başa düşüləndi. O da başa düşüləndi ki, heç bir ana övlad dağı yaşamağı ömrü boyu özünə arzulamaz. Tanrıdan bircə diləyi bu dünyadan övladının çiyinlərində köçmək olar anaların ... Bu düşüncələrin içində qıvrıldığı günlərin birində anası gəlir yuxusuna, üzü, çöhrəsi bir məzar tək soyuq, somsoyuq. Sevimli balasına qəzəblə baxaraq: “Yerdə qalan ömrünü sənə halal etmirəm,” – deyir və o gedən, gedir. Sonralar çox istəsə də, dəlicəsinə arzulasa da, bir daha yuxusuna gəlmir ki, ona: “Axı niyə? Məgər mən pis övlad olmuşam? – sualını verə bilsin. Ancaq ümidsiz deyil, əmindir ki, nə vaxtsa anası yenidən gələcək yuxusuna, oğlunu bu qədər intizarda qoymayacaq: “Əlbəttə, günahlarımı bilirəm. Amma anamın ürəyinə də bələdəm. Biz bu məsələni araşdıracağıq. O, yenə gələcək və mən mütləq ondan soruşacağam: “Axı niyə?”
Nə bilmək olar, bəlkə bu sualın cavabı elə Vaqifin özünü günahlandırmalara söykənən düşüncələrindədi, anasına yoxluğunun ağrısını yaşatmağı özünə səadət sandığı o ağrılı istəyindədi. Yəqin Diləfruz ananın ruhu bütün bunları duyubmuş... Bu şəksizdir, keçən il qələmə aldığı “Heyrət” şeirində müqəddəs bir missiyanı-hamını heyrətə və qeyrətə gətirmək kimi dağdan ağır missiyanı yerinə yetirmək üçün yuxularında, həm də başının üstündə məhz anasının ruhu pərvaz etməliymiş...
Sularda batırıb yer gəmisini,
İsanı çarmıxdan azad eyləyib,
İşığa çıxardıb qaranlıq dini,
Məhəmməd mülkünü abad eyləyib
Mən sizi heyrətə gətirəcəyəm,
Nə heyrət, qeyrətə gətirəcəyəm!
“Hamı tamahına uyanda, gözü-könlü tox yaşayıb Allah tamını adamdan duyan” Vaqif Bəhmənli hər kəsi insanları Xaliqindən də çox “sevməsi ilə heyrət-ləndirəcəkmiş...”
Bənzərsiz obrazlar və ahəngdar duyğular şairinin 1970-2005-ci illərdə yazdığı poeziya nümunələrindən ibarət üçcilidliyinə ön söz əvəzi yazan və “muncuq boyda xırda-para qeydlər” edən şair Qulu Ağsəsin qənaətinə görə: “Vaqif Bəhmənli üzündən oxunan şairdir. Həm də Vaqif Bəhmənli yol adamıdır – hardan gəldiyini də bilir, hara getdiyini də”:
Bir ovuc dənik,
Zaman dənlikdi.
Dünya nə sənlik
Nə də mənlikdi...
Vaqif Bəhmənli çöl adamıdır – doqquz mərtəbəli evin balkonunda bitməyinə baxmayın!... Qulu Ağsəsin bu fikri də həqiqətdən, onu tanımasından doğur. Oxumaq, təhsil almaq üçün Bakıya gələn və bir daha geri dönməyən soydaşlarının çoxu kimi Vaqif də el-obaya bağlı insandı. 1973-cü ildə yazdığı
Bir kənd qoyub gəlmişəm,
Bir kənd gözləyir məni,
Bu kəndin qoxusu saçlarımdadı,-
misraları ilə başlayan “Bir kənd” şeirindəki həzinlik doğma yurdla bağlı şeirlərində hələ də qalır, başından kəndin havası da hələ çıxmayıb... Təkcə kəndin havası deyil, saflığı, təmizliyi, danışığı, gözəlim ifadələri... Nə qədər ki xatirələri var, nə qədər ki söz deməyə təbi qalıb, bu hisslər, heç şübhəsiz, tərk etməyəcək ruhunu.. Bürüyəcək varlığını əbədi bir kədər... Lap “Şah tutun altındakı kədər” kimi ...
Bu mənəm, əynimdə kətan köynəyim,
Yetmiş birinci il, ötən yüzillik...
Anam qoca tuta kürək söykəyib –
Qopur gözlərindən yaş çilik – çilik!
Ümumiyyətlə, şah tutla bağlı xatirələri və bu xatirələrin dilə gətirdiyi şeirləri çoxdu Vaqifin. ”Söyüddən asılan beşik” şeirində yansıyan kədər qarışıq bir etiraz zaman-zaman boşalmış kəndlərə, zaman – zaman kəsilib doğranan, çartaçartla yandırılan palıdların, çinarların harayına hay verir:
Belə ocaq olar, belə yurd olar?
Yəqin ki, yəqin ki, çatar dözümüm,
Allahın altında bir şah tut ola
Canlı qanadından asam özümü!
Onun qələminə məxsus orijinal üslub, doğmalıq və səmimiyyət, lokanizm, ifadəlilik Vaqif Bəhmənlini XX yüzilliyin ikinci yarısında yaranan milli poeziyanın öncüllərindən, çağdaş şeirimizin yükünün daşıyıcılarından birinə çevirmişdir. Onun şeirlərində sevgi və nifrət, mərhəmət və qəzəb, yaxşılıq və pislik, zülm və ədalət və s. anlayışların bədii təsvirinə geniş yer verilir. Məhz bu notlar üzərində qurulmuş poetik parçalar insanı düşündürür, hər kəsi insanlıq məqamına yüksəlməyə səsləyir.
Şair Vaqif Bəhmənli həm də dəyərli publisistik yazılar müəllifidi. Bu yazılar janr və mövzu etibarilə çoxçalarlı, rəngarəngdi. Ayrı-ayrı mətbuat orqanlarında müxtəlif vaxtlarda dərc edilmiş məqalələrini topladığı kitabına qəribə və maraqlı, həm də qlobal bir ad seçib: “Sınıq güzgü...”
Çox qəribədi, şairin ön səhifədəki: – Bəri başdan deyirəm ki, dünyada pis adam yaşamır və dünyada heç zaman pis adam doğulmayacaq. Bu kitabı dünyanın ən yaxşı adamına – özümə həsr edirəm, – epiqrafı kitabın adını və onun tale hekayətini nə qədər dəqiqliklə tamamlayır...
Ola bilər ki, bəziləri bu ifadələri təvəzökarlıqdan uzaq fikir kimi də dəyərləndirsin, ancaq Vaqifi yaxından tanıyanlar başqa cür düşünəcəklər “Mən yaxşı ada-mam” demək insandan böyük cəsarət və mənəvi haqq tələb edir. Düşünürəm ki, Vaqif Bəhmənli bunu söyləməyə özünü haqlı bilir. Bu haqqı o, qələmi ilə qazanıb, özü demiş, ciblərini eşələyib-eşələyib tapdığı qələminin gücü ilə. Əslində elə ən böyük güc onun özünə düşür. Hamı kimi düşünmədiyi, hamı kimi yazmadığı, ancaq elə “Hamı” üçün yazdığı və həm də yalnız özü olduğu üçün. Yazdıqlarını kiməsə oxutdurmağa çətinlik çəkmədiyi üçün. Və nəhayət, sözə dəyər verdiyi, ilkinliyindən qaçmadığı, kökündən qopmadığı üçün...
Mən şeir yazanda öz dilim kimi
qəşəng anlayıram külək nə deyir,
Su kimi içirəm suyun səsini.
Kolda işıldayan böcək nə deyir,
söz dəyib qızaran çiçək nə deyir,
Hələ bunlar nədir, bunlardan əfzəl
mükəmməl qanıram ürək nə deyir...
Bütün bunları anlayan, hətta “şeir yazanda boyu da ucalan, dikələn başı yeddi qat çatını dəlib keçən, əlini gözünün üstünə qoyub baxanda uzaqdan Allahın gəldiyini görən”, yəni Uca Tanrı ilə həsbi-hal etmək məqamına yüksələn Vaqif bəzən şeirlə yazmaq mümkün olmayan mətləbləri publisistik yazılarında deməyi bacarır və bu yazılar özünəməxsus ifadə tərzi, fərdi üslubu ilə seçilir. Əsasən söz, sənət adamlarından, bu sahəyə ruhən bağlı olanlardan yazan Vaqif Bəhmənli publisistik yaradıcılığında da nədən, necə və nə zaman yazmağı çox dürüst müəyyənləşdirə bilən qələm sahiblərindəndi...
Yenidənqurma siyasətinin başlaması ilə yanaşı, on beş müttəfiq respublikada, o cümlədən Azərbaycanda da azadlıq mücadiləsinin baş qaldırdığı dövrlərdə ”Birləşək... Ayrılarıq” adlı bir məqalə yazılmışdı. O dövrün mənzərəsini bütün dəqiqliyi ilə açıb göstərən müəllif: “Nə filosofam, nə də siyasətçi. Məsələ burasandadır ki, köhnə həyat tərzinin sürətlə uzaqlaşdığını duymaq, dərk etmək üçün normal ağıl da kifayətdir. İnkişafın ayaqlarında buxova çevrilən köhnə həyat tərzindən qopma anında Azərbaycan xalqı elə mərhələni yaşayır ki, onun sabahını bu gün atdığı addımların uğuru, yaxud uğursuzluğu müəyyən edəcək. Həm də qismət zənbillə göydən düşməyəcək. O, damla-damla qazanılmalıdır. Tələsmə-dən, səbr və təmkinlə uşaqdan-böyüyəcən, fəhlədən-prezidentəcən birləşərək qazanılmalıdır...” deməklə, bəlkə də neçə-neçə siyasətçinin nail ola bilmədiyi nəticəni əldə edə bilib desək, heç də yanılmaz və heç kəsdə narahatlıq doğurmarıq.
“Qorxaq bələyə doğulmaz”, “Bu yükü biz çəkməliyik”, “Müxalifətin yeri deyil”, “Sözün sərhədi” və s. yazılarından tutmuş, “Rekviyem. Kədərli Yanvar notları” yazısınadək özünü güclü publisist kimi təsdiqləyir. Həm də sözünün sərhədini bilir. Bu sərhədi heç zaman, heç bir yazıda aşmır. Rəğbət bəslədiyi insanlar barəsində yazanda da, dünyadakı haqsızlıqlara etiraz səsini ucaldan da həyat qanunlarının, publisist əxlaqının çərçivəsindən çıxmır. İstər vaxtsız həyatdan köçmüş şair Eldar Baxış, istər Azərbaycanın bənzərsiz yazıçısı Elçin, “hamının bir, amma, hər kəsin də öz Bəxtiyarı olan Bəxtiyar Vəhabzadə, Vaqif Səmədoğlu, Anar, Əkrəm Əyrisli, Ramiz Rövşən, Musa Yaqub, Rafiq Tağı, Zəlimxan Yaqub ... və daha neçə-neçə yaradıcı insan haqqında yazı, onlarla sinə söhbəti” hər kəsin ürəyinə, sinəsinə yatan yazılardır. Müəllifin əsas məqsədlərindən biri əsl ziyalılığın ölçülərini müəyyənləşdirmək və seçdiyi müsahiblərin simasında bu parametrləri göstərmək olub: “Ziyalı titulunu qazanmaq çətindir. Çünkü bu, yaşın hər mərhələsində insana təqdim edilən rəsmi mükafat deyil, ziyalı vətən və xalq yolunda şüurlu gənclik illərindən qəbirəcən olan daimi hərəkətlərdir, əməldir, işdir. Ziyalılıq barəsində yazı yazmaq da düşünüldüyü qədər asan deyil. Ziyalılıq insanlığın kulminasiya nöqtəsidir!”
O, həm də “Oxumuşlarımızı ziyalı olmağa qoymayan hansı cəhətlərdir?” sualına da cavab axtarmağa çalışır. Yazılarında hər zaman ustadlara istinad etməyi xoşlayan Vaqif Bəhmənli bu suala cavab vermək istərkən yazır: “Yazıçı Yusif Səmədoğlu “Qətl günü” romanında bu suala belə cavab verir: Şöhrət və qorxu azarı! Allah-tala bu torpağın cəmi oğul və qızlarını şöhrət və qorxu səbəbindən bala başı kəsib, vətən torpağını satıb, haqq yolundan azmaqdan hifz eləsin!..”
Vaqifin musiqi dünyasının öncüllərinə, səhnə adamlarına həsr olunan yazıları da səmimiliyi ilə diqqəti cəlb edir. Böyük Bülbülün yadigarı Polad Bülbüloğlu, İslam Rzayev, Laləzar Mustafayeva, Firəngiz Mütəllimova, Hicran Nəsirova, Cənnət Səlimova, Zərnigar Ağakişiyeva, Amaliya Pənahovaya həsr olunmuş yazılarda Azərbaycan mədəniyyətinin inkişafında az – çox əməyi olan insanların fəaliyyətinə münasibət bildirilmir, sənətlərinə qəlbən bağlanan və qəlbən bağlandıqları işi gördükləri üçün həm də özlərini xoşbəxt sayan insanlardan danışılır.
“Sınıq güzgü”də həmişə sual verib-cavab almağa çalışan Vaqif Bəhmənli özü suala tutulur. Bu müsahibələrdə Azərbaycan mədəniyyəti və cəmiyyətində saflıq və səmimiyyət fiquru olduğu yansıyan Vaqif Bəhmənlinin öz potreti cızılır, indiyədək bəlli olmayan keyfiyyətləri üzə çıxır:
Nə bir oxam, nə təkər,
Nə şəkərəm, nə zəhər,
Nə müslüməm, nə kafər –
Balaca bir adamam...
Yenə də Vaqif Bəhmənli sadəliyi, təvazökarlığı... özü də tərcümə ədəbiyyatı ilə məşğul olan Vaqif Bəhmənlinin Azərbaycanda tərcümə işinin vəziyyəti ilə bağlı fikirləri: “Dünya bizi nə dərəcədə duyur?” sualına cavabında belə səslənir: ”Belə görürəm ki, hələlik dünya bizi duymur. Bunun üçün ağlamağa dəyməz. Ola bilsin ki, dünya hələlik hansısa dəyərli əsərin yanından sakitcə keçib getsin, ona gözünün ucuyla baxmasın. İnanmıram ki, Füzulini, yaxud da Nizamini öz vaxtında dünya indiki kimi tanıyıb. İmkanlarımız artar. Tərcümə böyük pul tələb edir. Amma bu Azərbaycan xalqının zövqünə, gələcəyinə, mənəviyyatına qoyulan vəsait olacaq, itib – batmayacaq...” Və o, tərcümə ədəbiyyatına yanaşdığı kimi, tərcüməçiyə də ciddi yanaşır, dəyərləndirmələr aparır: “Ana dili də daxil, ən azı iki dili mükəmməl bilən, başqa dildə yaradılmış ciddi əsəri bir başqa dildə olduğu kimi yenidən yaradan sənətkara tərcüməçi deyilir”.
Türk dilini at üstündə, yüyrək və əbədiyaşar sayan təəssübkeş şairin Vətənində yad bir dilin-ingilis dilinin hegemon dilə çevrilməsi prosesinin sürətlə getməsindən dolayı narahatçılığı da onun vətəndaş mövqeyini ortaya qoyur:
Dil deyil ki, andır;
imandı, dindi...
Günaha yazmasın Şekspir baba;
İngilis dili indi
Xalça, palaz, çarpayı, yorğan, döşək deməkdi.
Yalıncaq Qarabağ camaatı
İngilis dilində üşüyür,
ATƏT ingiliscə nağıl döşəyir!
Bu dil cavan dili, qoca dilidi,
Pul dilli, bal dili, beçə dilidi.
Sanma əruz dili, heca dilidi;
Yorğanlar altında gecə dilidi,
Çöl dili, yol dili, küçə dilidi.(“Dil”)
Tənqidimizdə Belinski üslubunun yaranmasını istəyən, ancaq şair bolluğuna münasibətində bir qədər “səxavət” göstərən Vaqif Bəhmənli: “Düşünürəm ki, şeir yazanda unutmamalıyıq ki, biz kimik, hansı xalqın övladıyıq, xalqımız hansı vəziyyətdədir. O boyda Qarabağ dərdimiz var. Bu problem həll olunmayınca Azərbaycandan sağlam bir orqanizm kimi danışmaq olmaz.” Elə bu üzdən “Qarabağ” ağrısını muğam üstə rahat oxuna bilən qəzəllə-dərdi anlatmağın ən təsirli üsulu ilə ifadə etməyi düşünüb:
Hər can altında muğam sirri
yatır da... bilirik,
Gövhərin məskənisən,
dürdü dodağın, Qarabağ!
Arazın lilli suyu kölgə salıb ağ üzümə-
O səbəbdən də solub lalə yanağım,
Qarabağ!
Yol tutub geydi çarıq,
körpə canım düşdü iraq:
Anasan bağrıyanıq, itmiş uşağın,
Qarabağ!
Cənnətin ortasına taydı qırağın,
Qarabağ!
Sənə qismətdi niyə indi bu çağın,
Qarabağ!
Özünü orta nəslin nümayəndəsi sayan Vaqif Bəhmənlinin bugünkü ədəbi gənclik barədə fikirləri də maraqlıdır. “Bizim 70-80-ci illərlə müqayisədə ədəbi gənclik sözünün anlamı da yeni keyfiyyətlər qazanıb. Ədəbi tənqid yaxasını qırağa çəkdiyinə görə ədəbi nəsillərin təsnifatında kobud təhriflərə yol verilir. Yeni imzalar altında şeirlər çox çap olunur. Amma hələ ki, şairlər arasında gəncliyin Məmməd Arazını, Fikrət Qocasını, Əli Kərimini, Vaqif Səmədoğlusunu və s. görmürəm. Əlbəttə, söhbət kiminsə özünü kimə bənzətməsindən getmir. Sadəcə adını çəkdiyim şairlərin əsərlərindən davamlı olaraq Azərbaycan poeziyasına təmiz hava axır. Mən gənc şairlərdən bax, bu havanı istəyirəm...”
Hər şeyin başlanğıcı olduğu kimi, sonu da olur. Biz də yazının sonuna yaxınlaşırıq və “Sınıq güzgü”dən süzülən “Uzaqdakı işığa” tuşlamışıq gözümüzü. Vaqif Yusiflinin o işıqdakı axtarışları, qənaətləri karımıza gəlir... 1978-ci ilin avqustunda “Azərbaycan” jurnalında 23 yaşlı Vaqif Bəhmənlinin yazdığı “23 yaşlı” şeirini oxuyandan ta bugünədək addım-addım izlədiyi yaradıcılığı barədə çox maraqlı fikir səsləndirən müəllif yazır: “Bəhmənli şeiri öz ahənginə görə qışqıran şeir deyil. Pıçıltıdan bir az yuxarı, sakit və həzin səsin qopardığı şeirdir.” Bax beləcə:
Yuxusuz gözümdə tonqal qaladım,
Tutdum qız qalanı, oğlan qalanı.
Qazancım budu ha... Olan – qalanım.
Qaynayan beyindi, bir də göz yaşı.
Əsrlər boyu şairlər göz yaşı axıdıblar. Bəzilərinin isə göz yaşı axıb, amma heç qurumayıb, şeirlərində mirvarilərə dönüb... Şübhəsiz ki, Vaqif Bəhmənli bu ikincilər qisminə aiddir. Çünki Vaqif Bəhmənli poetik sözün təsir gücünə həmişə inanıb, elə onun yaradıcılığına şöhrət və ucalıq gətirən də bu inam olub. Onu əsl söz sahibi edən, sənət dünyasında çıraq yandırmağa aparan da məhz bu inamdır:
Kim ki, sözü böyütdü,
Söz də onu böyütdü.
Sözə söykə ürəyini,
Sözə söykə kürəyini.
Dost sandığın
Bütün əllərdə bıçaq var,
Düşmən bildiyin
Ən qəddar söz əlində  
Çıraq var!
“Yaxındakı işıq” yazısının müəllifi Kamran Nəzirli Vaqif Bəhmənli yanğısı, Vaqif Bəhmənli ağrısının sətiraltı mənasının dərinliyindən boylanaraq yazır: “Vaqif klassik şeir üslubunu qorumaqla yanaşı, orijinal bədii məzmun və məntiqinə gözəl şeiriyyət yaratmışdır. Var olsun bu şeiriyyəti qanıyla, canıyla, ruhuyla yaşadan qələm dostum.” Əslində bu şeiriyyətin işığı şairin özünün dediyi kimi, heç də “uzaqda olan işıq” deyil. Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Vaqir Bəhmənli poeziyasının işığı lap yaxındadı, lap elə bizim hər birimizin içindədi. Və bu işıq çoxlarının qəlbini, ürəyini isidir. Özü necə demişdi: “O şair xoşbəxtdir ki, anlayanı var və yaxud olacaq...”
Esmira FUAD
 



Bu yazı ( 607 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar