12px14px16px18px

Səs

Fərid Hüseyn
06:41 / 28.04.2012
Yol boyunca boylanıram, nə görsəm yaxşıdır? Hündür-hündür, sıra-sıra dağlar. Ay Allah, adamın təbiətə elə qanı qaynayır ki, istəyirsən bütün yolları bu yaşıllıqlardan, təbiətin zərli-zibalı bu yerlərindən salasan. Dağlar elə bil yol qırağında dayanıb avtobus gözləyirlər, amma illərdi bu yollarla gəlib-gedən, bu yolları yorub gedən adamlar dağları maşınlarına mindirmirlər ki, mindirmirlər.
Dağların çiyninə quş qonub, yamacların sinəsindən ot yolan qoyunlar uzaqdan elə görünürlər ki, elə bil sarı qarışqadırlar, daraşıblar şirəyə. Qoyunlar da dağların qarışqasıdır. Dağa yaxın axan çayın yanından keçəndə, maşının kölgəsi çaya düşür, elə bilirsən ki, maşını çayda sürürsən, maşın da gəmi kimi gedir. Allah bu yerlərə nə nemət desən verib, tüfü-tüfü göz dəyməsin. Mənzil uzaqdır, hələ çatmağıma iki gün var, o şərtlə ki, gərək ayağımı qazdan çəkmədən 140-150 sürəm. O da hardadır məndə elə təpər, elə fərasət. Bu yollardan etinasız keçmək üçün gərək adam yox, daş olasan. Gedə bilmədim, gözüm yolları aşa bilmədi. Eləmədim tənbəllik, saxladım maşını, saxladım ki, maşının pəncərəsindən yuxu kimi görünən bu gözəlliyi yaxından görə bilim. Düşdüm maşından, dağın döşü boyunca şırıldaya-şırıldaya axan çayın səsi qulağıma gəlir, siz də qulaq asın, görün necə şırıldayır. Çayın kənarındasa Haq Taalanın nurunun əskik olmadığı bir qız paltar yuyur. Yaxınlaşdıqca nuru içimə girir, elə bil içimə işıq sallayıblar, bütün qaranlıqlarıma işıq düşür...
– Salam.
– Əleyküsalam.
– Qabın varsa ver bir az su içim, dilim-dodağım quruyub.
– Var, amma get özün götür. Odey düz ağacın dibindədi – Qız öz utancaqlığını gülüş pərdəsinin altında gizləyirdi, utandığından qıpqırmızı qızarmışdı.
– Qabı özün niyə vermirsən ki?
– Qorxuram ki, qabı sənə uzadanda Cahandar ağa, Mələyi qaçıran kimi qaçırdarsan məni – qımışır, çiyinləri daha da daralır.
– Mənim atım yoxdu, narahat olma.
– Nolsun, maşının ki var.
– Qaçırsam nolar ki, bir qız bir oğlanındı onsuz da.
– ...
– Get qabı gətir, zəhmət olmasa.
– Çaydan qabla su içməzlər, ay şəhərli oğlan. – Dodağımı dişlədim: qız mən düşündüyüm qədər də utancaq deyilmiş.
– Bəs nətər içərlər, dizimi atım yerə içim?
– Çayın yatağı çayın qabıdı, qabdan qaba su tökəndə suyun dadı qaçır. Əyilib ovuc-ovuc iç da, maşallah cavan oğlansan.
Heç nə demədim, özgə çarə də qalmamışdı, əyilib sudan ovuc-ovuc içdim. Suyu içdikcə ləzzətdən gözlərim süzülürdü. Elə bil su içmirdim, içimi söndürürdüm. Sudan bəs deyincə içdim, qarnım nağaraya dönmüşdü, sonra da hıqqıldaya-hıqqıldaya ayağa qalxdım. Qız susurdu, görünür, kimsə söz soruşmasa, dil tərpətməklə arası yox idi. Mənsə qırsaqqızam, tutduğumu qoparmayınca əl çəkmirəm. Qızı danışdırmaq üçün söz atmaq istədim, sonra fikrindən daşındım. Doğrusu, beynimin qan vaxtı idi, qız “hə” desə maşına mindirib aparasıydım, axırı nətər ola-ola. Yenə sözə mən başlayası oldum:
– Hə sudan doyunca içdim, indi qaçıra bilərəmi səni?
– Hara qaçırassan?
– Bizə, evimizə.
– Olmaz. Yaxşı olar ki gedəsən, səni burda belə arın-arxayın qıza sataşdığını görən olsa burnunun qanını axıdarlar ha.
– Pah, qorxdum. Mən heç kəsdən qorxan oğlan deyiləm, amma istəklin varsa bu başqa məsələ.
– Hə var istəklim. Bir azdan çağıracaq məni, gedəcəm.
Murdar süd əmmişlərdən deyiləm, bilirəm ki, özgə malına göz tikmək kişilikdən deyil. Amma marağımı da gizlədə bilmirəm.
– Hansı bəxtəvərə nişanlısan, adı nədi? – cavab gözləmirdim, daha əlim yerdən-göydən, o qızın üzündəki o İlahi nurdan üzülmüşdü, amma sadəcə gap eləmək istəyirdim..
– Bilmirəm bəxtəvərdi, ya yox. Mən SƏSİ sevirəm, istəklim SƏSdir...
– Necə bəyəm?
– Hə bir SƏSƏ vurulmuşam, hər gün məsciddən qopur gəlir, hamını çağırır, amma bircə mən çıxıram o SƏSin hüzuruna. O SƏS gələn kimi camaat ilim-ilim itir, hamı çəkilir evinə, işıqları söndürür və başlayırlar qulaqların tutmağa, hərə özün gizlin bir yerə təpir.
– Camaat SƏSi eşidib niyə çıxmır ki?
– O SƏSi hamı eşidir, amma heç kəs o SƏSin hüzuruna çıxa bilmir, qorxurlar, çəkinirlər.
– Sən, deyəsən, şir ürəyi yemisən? – qımışdım, düzü, çox da inanmadın, elə bildin qız məni ələ salır, ağlımı sınağa çəkir.
– Yox söhbət ürəkli-ökbəli olmaqdan getmir, sadəcə, adamların üzü qaradır, o SƏS ağ SƏSdir, ağ adam, təmiz adam istəyir. Kənddə mənə heç kəs dəyib-dolaşmır, elə ki, o SƏS gəldi, hamı məni verir qabağa ki, get bizim yerimizə də, öz yerinə də cavab ver. Məni heç kəs almayacaq, ərə də getməyəcəm, heç kəs mənə göz dikmir, baxmır.
– Niyə, nolub sənə, maşallah gözəl qızsan.. Hələ bəxtin-taleyin qabaqdadır.
– Yox yenə də başa düşmədin. Bəyənirlər, çox oğlanın xoşuna gəlirəm, sadəcə, məni alıb qaraltmaq istəmirlər, istəmirlər ki, qaralım. Yoxsa o SƏSi ovudan olmaz, mən o səsi ovuduram, sakitləşdirirəm.
– Bəs necə olub ki, bir belə adam qaralıb?
– O qaralıq elədir ki, üzdən üzə keçir, xəstəlik kimi bir şeydi. Adamın ürəyindən üzünə sıçrayır, Allah heç kəsə göstərməsin.
– Anan, atan da qaradır?
– Hə kömür kimidirlər, rəngləri mənə keçməsin deyə mənə kəndin ayağında daxma tikiblər orda qalıram.
Söhbətimiz çox çəkdi, bir o dedi, bir mən dedim, dağın arxasındakı məsciddən azan səsi eşidildi, dağın döşündəki kənddə bütün evlərin işğı söndü, dünyanın içi-çölü qaranlıqlaşdı. Qız səsi eşidən kimi pərvazlandı “sağ ol” da demədən üz qoydu məscidə sarı. Qız qaçdıqca ağarırdı, olurdu ağappaq. Birdən dayandı, arxaya tərəf çevrildi, mənə sarı qaçmağa başladı. Mənə tərəf gəldikcə qaralırdı, kömürə dönürdü. Özü hiss etməsə də mən onun qaraldığını aydın görürdüm. Sürətlə qaçıb maşıma mindim və ordan uzaqlaşdım. Qız mənim ondan qaçdığımı görüb dayandı, neyləmək istədiyimi başa düşdü və təzədən geriyə SƏSə tərəf qaçmağa başladı. O SƏSə tərəf qaçdıqca, uçunduqca ağappaq ağarırdı, mələk donuna bürünürdü. Mən bütün olanları maşının içindəki kiçik güzgüdən görür və yavaş-yavaş ağarırdım.
Fərid Hüseyn


Bu yazı ( 197 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar