12px14px16px18px

Sərhədləri özündən başlayan...

Fərid HÜSEYN
01:57 / 09.01.2010
 
 
 
 
Bəxtinin qarpızı çox vaxt kal çıxıb, amma qarpızı yox, bəxtini söyüb. Tələsəndə tıxaca düşüb, tələsməyəndə də getməyə yeri olmayıb. Telefonundakı bütün nömrələrə zəng çatmayıb bəzən. İçindəki boşluğu hərdən şərabla doldurmağa çalışıb, ayılanda anlayıb ki, dünya boşdu, evdəki əşyalar evi, çöldəki adamlar dünyanı doldurmağa yetmir ki yetmir. Bəzən adamlara baxıb görüb ki, adamlar heç nəyə yaramır, sadəcə hərəsi bir qəbir yeridir. Yaşlandıqca daha boyu yox, tənhalığı böyüyüb. Sonra daxilində narahat bir filosof doğulub, axşamlar stolun üstünə qoyub şeir yazıb onunla. Sonra yenə ürəyinə qoyub filosofunu, hamı kimi salamlaşıb, gülümsünüb, gedib, qayıdıb. Hamıya hirslənib, amma nəticədə özünü danlayıb, insan nə yaxşı ki, özünü bağışlaya bilmir. “Tanrı ölüm hökmü kəsib Doğulmaq günahımıza”. Az qətl də törətməyib ha! Hər gecə özünü boğub axşamın qaranlığında. Düşünəndə ümidlərini, düşünməyəndə yeməyini yeyib. “Gec gələn qonaq öz kisəsindən yeyər”. XX əsrdə dünyaya gəlib, kifayət qədər gecdi!... Adi adamlar kimi gündəlik qayğılara qoşula bilməyib. Adi adamlar “dünyaya işə girənlərdir”. Ölənədək işləyirlər. Dünyanın faniliyini anlayıb, bilib ki, çox şey gəldi-gedərdi. Beyninə fikirlər gəlib-gedib, əlqərəz, şair olub. Axırı da belə...
Yuxarıda yazılanlar mənim Salam Sarvanın təxmin etdiyim ömür yolu idi, adamı gözlərindən oxuyarlar, dilindən anlayarlar. Mən onu belə başa düşmüşəm. Onun ömür konturlarını ancaq belə təsvir edə bilərdim. Olsun ki, bu düzdü. Olsun ki, əksinə.
Tənqidçilərin yaxşı oxucu olduğu məlumdur. Amma mən tənqidçi deyiləm, ol səbəbdən də oxucu duyumu ilə Salam Sarvanın şeirlərində mənə özəl görünən bir neçə cəhəti vurğulamaq istəyirəm. Onun şeirlərində birinci mənə fərqli görünən nəsnə, sıravi oxucunun dilini dolaşdırmasıdır. Belə ki, ənənəvi heca şeirini çox oxumuş hər hansı oxucu Salam Sarvanın şeirlərini oxumağa çətinlik çəkir. Çünki Salamın şeirlərində müəyyən qaydalar xüsusi tərzdə pozulur. Məsələn, “ki” bağlayıcısı ilə misranın başlanması, ədatların sətrin əvvəlinə keçrilməsi və s. Bu yolla Salam xüsusi bir intonasiya yaradır. Ən azından qulaq vərdişimizi pozur. Dilin imkanlarından başqa cür, hamının vərdişkar olmadığı kimi yararlanır. Rüstəm Kamal deyir ki, Salam Sarvan dilin fövqündə olan şairlərdəndir. Razıyam. İçimdəki həqiqət əlini “Okey” düyməsinin üstünə qoyur.
Salamın poeziyası həm də çoxcəhətliliyi ilə diqqəti cəlb edir. Necə? Belə ki, onun şeirləri oxucunu, kobud desək, azdırır. Kübar deməli olsaq, onun şeirləri qədim şaman nəğmələri, gündəlik yuxular kimi yozulur.
 
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
 
Bir dəfə bu misranı aydınlaşdırmaqdan ötrü gənc şair dostlarımla mübahisə etmişdik. Hərə bir söz deyirdi. İzah olunan variantlara baxaq:
1. Sadəcə söz oyunudur, dərin mənaya varmamaq, maraqlı poetik tapıntı kimi qiymətləndirmək olar.
2. Qızın yanından biganə keçməsini nəzərə çatdırmaq üçün sadəcə maraqlı bir müqayisədir.
3. Şair göstərmək istəyir ki, arxadan ötmək yarış əlamətidir, qarşıdan ötmək isə vəfasızlıq, saymamazlıqdır.
4. Arxadan ötəndə çatmaq istəyin artır, qarşıdan keçməsini məlum edərək, məyusluğu nəzərə çatdırır.
Şeir barədə müxtəlif fikirlər olması, hətta bir dostumuzun dərindən anlamaması məni bir il öncə təəccübləndirmişdi. Mən sadəcə həmin mübahisədən yadımda qalan dörd variantı dedim. Mübahisə zəminində 10-dan çox fikir üzə çıxmışdı.
Onun şeirlərinin mayasını ironiya təşkil edir. Salam dərdi də başqa cür çəkir, hamıdan fərqli sevir. P.Pikassonun məşhur fikrində deyildiyi kimi: “Dünya necədirsə bunu hamı bilir, mən öz dünyamı çəkirəm”. Bəllidir ki, ironiya bir çox şairlərdə var, amma Salamın ironiyası da fərqlidir.
Sən mənə dözməyi öyrətdin, sağ ol...
Elə bu... ayrı nə sözüm olacaq?
O dözüm, yolunu gözləməkçün yox,
Səni unutmağa lazım olacaq.
Biri soruşur:
– Burdan şərab dükanına neçə dəqiqəlik yol olar?
Müsahibi gülümsəyərək deyir:
– Burdan ora 3 dəqiqəlik yoldu, ordan bura yarım saatlıq.
 
Bu lətifəni Salam Sarvanın “At ili, şir bürcü, it günü” kitabına da aid etmək olar. Belə ki, ilk dəfə kitabı oxuyanda bir saata bitirirsən, fəqət bir-iki gün yeriyəndə ayağın torpağa “toxunmur”, şeirlərin sehrindən çıxa bilmirsən. Onun şeirləri özü özünə bərabərdir, kənaraçıxmalar yoxdur, o, mistik quş kimi özü özünü yeyir, yalvarmır, hər şeyi özü ilə bağlayır, bütün sərhədləri özündən başlayır.
Sancıldı köksünə oxun itisi –
Hayıf pozdu köynəyinin ütüsün...
Arzum yox, pulum yox, nəzir qutusu,
Mən nə niyyət edim, nə atım sənə?...
Necə ki, Molla Cümə “ismi pünhan”, yaxud Ramiz Rövşən “atam balası” xitabı ilə orijinaldırsa, Salam Sarvan da “qadın” və “dostlar” müraciəti ilə yadda qalır. Təkcə sevgi lirikasıyla yekunlaşmır onun yaradıcılığı, bəzi məqamlarda sosioloji qatı ilə də oxucunu büyüləyir.
Dişlər pulla çıxarılır,
başlar havayı kəsilir,
 
Yaxud da:
 
Saatı düz dünyanın yenə nahaq vaxtıdır.
 
Bəziləri qeyd edirlər ki, ölüm, başdaşı, qəbir sözlərinin çox işlənməsi Salamın şeirlərində ifadə yeknəsəqliyi yaradır. Hardasa bu fikirlə razılaşmaq olar, fəqət düşünürəm ki, Salamın yazdığı ölüm təkcə insan ölümü deyil. Ümumiyyətlə ölümlə bağlı olan elementlər də ancaq insana aid edilə bilməz. Yaradan da öləriliyi təkcə insana bəxş etməyib, o cansızlara da tale (yaranma, əyilmə, sınma, ərimə taleyi) verib. Danışdığımız şairin də təsvir etdiyi ölüm əslində yalnız insanlarla bağlı deyil. Bu ölüm ölümün özünü, elementlərini öldürən ölümdür. Nə yaxşı ki, Salam Sarvanın şeirlərində ölüm anlayışı məhz belədir.
 Fərid HÜSEYN [email protected]



Bu yazı ( 943 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar