12px14px16px18px

Güzgüdə MƏN mən deyiləm

Fərid HÜSEYN
00:08 / 19.03.2012
 
(esse)
 
 
Güzgüyə baxarkən bizi daha çox nə düşündürür: xarici görünüş, yoxsa daxili dünya – mənimiz? İnsan güzgüdə özünün öyrənmək, tanımaq, eyiblərini aşkarlamaq istəyir. Niyə? Niyə məhz güzgüdə tanımaq istəyir özünü?
Güzgü sənin məninə, məninin sənə verdiyi ruh-vücud hesabatıdır. Sən hər dəfə güzgü önünə keçəndə Allahla “rastlaşırsan”, varlığını görürsən. Yaradılışı görmək, Yaradanı virtuallıqdan “xilas edir”.
Güzgü qalibdir, sən məğlub, çünki sən ona baxıb özünü düzəldirsən, deməli, o, sənin üçün ölçüdür, qiymət verəndir.
Güzgüdə sənin ruhun cild, forma qazanır.
Güzgü qırmızıdır, sözü üzə deyəndir. O, sənisəndən gizlətmir, səni sənin “üzünə çırpır”.
Güzgü səni istəmir, əksini özünə qaytarır, səni-sənə verir. Güzgüyə baxıb ayrılandan sonra əksini də özünlə aparırsan. Sən özünü ona vermək istəsən də güzgü səni qəbul eləmir.
Güzgüyə təsir edə bilmirsən, onun beyni yoxdur deyə ancaq inkarçıdır. İnkarçıdır deyə həm eşitmir, həm də qulaq asmır.
Güzgü insanı düşündürür, o, səni gizlədə-gizlədə özünü özündən fərqlənməyə, fərqinə varmağa qoymur, məsələn, on il güzgüyə baxmasaq, sonra qəfil baxsaq, nə qədər dəyişdiyimizi fərqində olarıq. Yaxud elə olur ki, bəzən dieta saxlayan insanlar güzgüyə baxmağı qadağan edirlər.
“Ölüb Tanrı dərgahına çıxanda Yaradanımız bizdən “Niyə Məsih olmadın?” deyə soruşmayacaq. Yeganə sual: “Niyə özün olmadın?” olacaq” (Berk Yüksel). Biz özümüzü kiməsə oxşatmaqla həmin kəsi güzgüyə çeviririk və özümüzü ona baxaraq düzəltmək istəyirik, deməli, yad güzgülər bizi saxtalaşdırır.
Güzgü mənini sənlə paylaşır, deməli, səni bölür.
Sən korsansa, güzgü kor deyil, o sənin korluğunu da görür və göstərir.
Güzgü tanışlıq vasitəsidir, biz – müasir insanlar birinci dəfə özümüzü güzgüdə görüb-tanımışıq. Güzgü bizi bizlə tanış edib.
Güzgü heçlik fəlsəfəsidir, o var, amma həm də yoxdur. Bu məqamda güzgünün Allaha bənzərliyi aydın olur. Əksin görünür, amma həm də toxuna bilmirsən.
Güzgü səndən asılıdır, çəkilsən itir, gəlsən gəlir, amma sən yorulursan, o yox. Yəni əksin və mənin qalib və məğlubluq funksionallığı var.
Güzgü tolerantdır, o, hamını qəbul edir, amma həm də heç kəsi “yadında saxlamır”.
Güzgü insana həm də başqasını düşünmək bacarığı verir. Güzgüdəki əsl sən deyilsən, əgər sən güzgüdəkinin necəliyini düşünürsənsə, deməli, başqasını düşünürsən.
Güzgü virtuoz yalançıdır, bizim varlığımız çox ustalıqla uydurur.
Güzgü azadlığımızı çərçivələyir. Güzgüsüz əksimiz yoxdur, bəlkə də var, amma səpələnib, güzgü əksimizi öz “obyektiv”inə cəmləyir. Azadlığımızı cilovlayır.
Güzgü bizi lüləyə qoyur, amma atmır. Mənimizi əksimizlə toqquşdurmaq fikrindən uzaqdır.
Güzgü önündə dayanmış adam əgər xəyal edirsə ki, onun arxadan boynundan tutub güzgüyə vururlar, deməli, o xəyalını sındırır, əksini parçalayır.
Güzgünü arxasında həmişə təmiz dünya umuruq, ona görə də aynaları silirik, biz həm də güzgünün arxasına ümid edirik.
Güzgünün içi boşluqdur, ona görə də sən daim ona doğru gedirsən, başın dirənir, amma yenə də dalmaq istəyirsən.
Aydın Talıbzadə “Güzgü və kölgə” məqaləsində yazır ki, “Qaranlıqda güzgülər kor olur: görmür və göstərmir”. Amma yəqin bu fikir doğru deyil, çünki güzgü qaranlığın sirr saxlancıdır, güzgü qaranlığı içində saxlayır, o qaranlıqda belə qaranlığın əksini daşıyır. A.Talıbzadənin fikrinin kobud analoqu: sirr saxlayan adama lal deməkdir.
Güzgüdə əsl dəyər ummaq yanlış fikirdir. Güzgü əsl göstərənin İlahi olduğuna qarşı çıxmır və çıxa bilmir.
Vaqif Bəhmənlinin “Güzgü” adında maraqlı bir şeiri var:
 
Mən ikiüzlü güzgünün
Sirrini belə yozdum
Böyük göstərən üzü:
düşmənimdi,
Kiçik göstərən üzü:
dostum.
 
1. Şeir ilkin mənası ilə aydındır: Böyük göstərən üzü düşmən, kiçik göstərən üzü dost. Bəs güzgüdəki insanı özü, əsl məni boyda göstərən kimdir? Böyük və kiçik (dost-düşmən) verilib, bircə Qızıl Orta qalıb. Qızıl Orta, hər şeyi özü boyda göstərən isə Tanrıdır. Bu mənada Vaqif müəllim Qızıl Ortanı göstərmir, gizlədir. Niyə?
2. Çünki Qızıl Ortanın, əsl nəzərin gizlədilməsi, dünyəvi əbədi-əzəli qanuna işarədir: “Biz onu görməsək də, o bizi görür”.
3. Böyük göstərən üzü düşmən, kiçik göstərən üzü dost: Kəsəsi, nə dost bizə düzgün qiymət verə bilir, nə düşmən. Düzgün dəyər olmayan yerdə, düzgün qiymət hardan olsun?!
4. Dost bizi öz güzgüsündə (yəni, gözlərində) kiçik, düşmən böyük bilib qiymətləndirəcəksə, deməli, bizim əsl mənimizi təhrif edəcəklər. Sözümün canı: Biz hər dəfə kiminsə tərəfindən qiymətləndiriləndə, həm də təhrif olunuruq.
Brüs Linin “Əjdahanın yolu” filmində o düşməni ilə çoxlu güzgülər olan otaqda qalır. Güzgüdə rəqibinin əksini tapa bilmir, çünki güzgü düşmənin əksini çoxaldır. Düşmən öz nüsxəsini artıra-artıra özünü itirir. Li ağıllı bir yola əl atır. Düşməni ilə üz-üzə qalmaq üçün güzgüləri sındırır. Belə olan təqdirdə düşmənlə üz-üzə qalır və onu öldürür. Bu məqamın fəlsəfi yozumu var: Əsl həqiqətə – Mənə çatmaq üçün içindəki güzgüləri (həqiqətə çatana qədər həqiqətə oxşar nəsnələri) sındırmalısan.
Niyə xəyalımızda aktyorları sırf bir qiyafədə canlandıra bilmirik? Çünki onları min dürlü qiyafədə görmüşük, ona görə də onları əsl qiyafəsi itkindir, “köçəri”dir. Onlar öz güzgü nüsxələrini çoxaldıblar. Buna görə də onlar çoxqiyafəlidir, həm də yaxşı mənada simasızdırlar. Bir qum heç bir işə yaramır, qumlarda bir-birinin sürətidir, ona görə bir qum heç nəyi ifadə eləmir, qumlar kontekstində isə qum öz bənzərinə tabedir, yoxluq fəlsəfəsinin ən normativ funksionallığı da məhz bu cür oxşarlıqlarda öz təsdiqini tapır.
 
Fərid HÜSEYN
 



Bu yazı ( 258 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar