12px14px16px18px

Gözün xəzinəsi

Aida QASIMOVA
00:57 / 25.04.2012

Sufi poeziyasında geniş yayılmış deyimlərdən biri qüdsi hədislə bağlıdır: Bu hadisdə Xaliqin dilindən: “Mən gizli bir xəzinə (kənz-i məxfi) idim. Tanınmaq istədim. İnsanları və cinləri yaratdım ki, məni tanısınlar,” – deyilir. Təbii ki, hədisdə İlahi substansiyanı bildirən xəzinə anlamı qaş-daşla bağlı assosiasiyalar yaratmışdır. Təsadüfi deyildir ki, İbn Ərəbi peyğəmbərlərdən bəhs etdiyi əsərini “ Fusus əl-Hikəm” (Hikmət gövhərləri) adlandırmışdır. Allahın özünü Kənz-i məxfi adlandırması Sufi şerində xəzinə anlamı ilə bağlı olan dürr, gövhər, yaqut, ləl və sairə kimi bənzətmələrə geniş meydan açdı. Gözəlin üz cizgiləri bu cür obrazların istifadəsi üçün çox münasib idi. İnci kimi göz yaşları, mirvariyə bənzər ağ dişlər, lələ bənzər dodaqlar, yanaqlar və bir sıra başqa bənzətmələr Gözəlin poetik vəsfində dönə-dönə müraciət edilən ənənəvi deyimlərə çevrildi. Kəsrəti bildirən göz-yaşları, dişlər və s. müqabilində vahid bir gövhər anlamı da təkrarlanan obrazlardan oldu. Bu anlamın arxasında yaradılışla bağlı başqa bir sufi deyimi – Nur-i Məhəmməd dayanırdı.
Nadir gövhərlə bağlı obrazların qaynaqlar şəbəkəsi geniş olub, qədim miflərdən tutmuş qnostik təlimə, ənənəvi islam ədəbiyyatından tutmuş müxtəlif qeyri-ortodosk, o cümlədən, sufi düşüncəsinə xas deyimlərədək cürbəcür fikir laylarından bəhrələnmişdir. Yunan mifologiyasında mirvari sevgi ilahəsi Afroditanın adı ilə bağlıdır. Qnostisizmdə bu təlimin paralleli olaraq İlkin Mirvarini göstərə bilərik. Bu anlamla İlkin Ruh başa düşülmüşdür. Qədim miflərdə və nağıllarda xəzinələrin, qiymətli daş-qaşın ilan və əjdahalar tərəfindən qorunması badədə rəvayətlər haqqında danışdığımız nəğmədə də əks olunmuşdur; burada dənizin dərinliklərinə baş vurub əjdahanın ağzındakı nadir mirvariyə sahib durmaq əsl igidlik sayılır.
Qnostik ideyalardan bəhrələnmiş Sufi təlimində nadir gövhər anlamının xüsusi əhəmiyyətindən bəhs etməzdən öncə, ümumiyyətlə, İslam ədəbiyyatında Nur-i Məhəmmədlə bağlı deyimləri xatırlatmaq istərdik. İslam ədəbiyyatında Məhəmmədin Allahın xəlq etdiyi ilkin cövhər olması ilə bağlı fikirlər həm ortodoks sünni, həm də müxtəlif məzhəb və təriqət ədəbiyyatında geniş əks olunmuşdur. Bir qayda olaraq Məhəmmədin ilkin substansiyasının digər peyğəmbərlərin zatından əvvəl yaranması göstərilir. Bu məsələ ilə bağlı çoxsaylı hədislərdə deyilir: “Mən yaradılış etibarilə peyğəmbərlərin birincisi, dünyaya göndərilmə baxımından axırıncısıyam.” Məhəmmədin nuru anlamı İslam ədəbiyyatında ilkin başlanğıcın material (nütfəvari) və ruhi substansiyası olmaqla iki şəkildə təqdim olunmuşdur. İlk müsəlman mənbələrinə görə, Məhəmmədin ruhu nütfəvari substansiya şəklində onun dünyaya gəlməsindən çox əvvəl əcdadlarının bədənində daşınmış, Məhəmmədin cismani varlığında reallaşanadək nəsildən nəslə, atadan oğula keçmişdir. Peyğəmbərin atası Abdulla ilə bağlı rəvayətlərdə göstərilir ki, nütfəvari substansiya onun belində olarkən, Abdullanın alnında qəribə bir parıltı yaranmışdı.
İlkin cövhərlə bağlı geniş yayılmış deyimlərdən biri də Nur-i Məhəmmədin dünyanın yaradılmasında ilkin kosmogonok başlanğıc kimi təqdim olunmasıdır. Bu halda onun material hala gəlməsindən öncə uzun illər ruhani bir varlıq, nur, loqos kimi mövcud olması söylənilir. Bu ruhani varlıq illər boyu Allaha səcdə etmiş, sonra Allah həmin nurdan Adəmi xəlq etmişdir. Burada maraqlı bir məqam kimi, göz yaşlarının inciyə bənzədilməsinin arxetipik köklərinin də bu rəvayətlə bağlılığına toxunmaq istərdik. Rəvayət olunur ki, Allah Təala ilkin nurdan bir ovuc götürüb ona sevgi dolu bir nəzər salmış, nur həya təri tökmüş, və hər tər damlasından bir peyğəmbər yaranmaqla yüz iyirmi dörd min peyğəmbər dünyaya gəlmişdir. Klassik poeziyada qətrə-qətrə süzülən göz yaşlarının inciyə bənzəməsi təbii bənzərliklə yanaşı, həm də bu deyimlərin və onlar əsasında yaranmış bədii obrazların şair yaddaşında həkk olunmasından doğur. Konkret olaraq, Füzuli şerində dərd, kədər motivlərinin bolluğu da göz yaşı ilə bağlı obrazların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirirdi. Füzulinin sıx bağlı olduğu şiə ədəbiyyatının əsas qayələrindən biri şəhid imamları ağılamaqdır. Sufizmdə də ağlamaq xüsusi önəm kəsb etmişdir. Sufilər ağlamağın Qurani-Kərimdə mərifətlə, göz yaşları sayəsində haqqın sirlərini bilməklə (Maidə;83) bağlı olmasını əsas tutub ağlamaqla bağlı öz təlimlərini yaratmışlar. Annemari Şimmelə görə, Şərqdə istifadə olunan mürəkkəbin su ilə yuyulması əməl kitabındakı günahların da göz yaşları ilə yuyula biləcəyi fikrini doğurduğundan, bəzi sufilər gecə-gündüz ağlayırmış. Təsadüfi deyil ki, Sərrac Tusi ağlamağın on səkkiz növünü göstərmişdir. Bütün bu amillər öz-özlüyündə kədər şairi olan Füzuli şeirində göz yaşlarının əsrarəngiz vəsflərinə gətirib çıxarmışdır:
Gözlərimdən saçılan qətrey-i əşkim gühəri, Ləblərindən tökülən löle-yi şəhvarə fəda.
Bu beytdə şair birinci və ikinci misralar arasında bir-birinə yaxın iki istiarə (gözyaşı anlamında gövhər; söz anlamında şahlara layiq mirvari) işlətməklə fikir parallelizmi yaradır. Məcazi mənada şair sevgilinin sözünü, səsini eşitmək üçün göz yaşları axıdır. Şeirin irfani mənasında aşiqin kəsrətdən keçib vəhdətə çatmaq istəyi dayanır. Gözəlin ləbindən tökülən löley-i şəhvar ilahı kəlam – loqosdur. Buna çatmaq üçün aşiqin gözlərindən yaşlar saçılır. Amma burada təcəlli anlamına yaxın “saçılır” sözünün işlənməsi ilə, sanki İnsan-Allah, Aşiq-Məşuq sərhədləri Füzuliyə xas bir tərzdə aradan qalxır. Aşiqin göz yaşlarını Məşuqun sözlərinə fəda etməsi ilə bu fərq yenidən nəzərə çarpır və bu yaşlar ağlar sufilərin Haqqa qovuşmaq üçün axıtdığı yaşlara bənzəyir. Başqa bir şeirə nəzər salaq:
Göz ki, peykanın qapub, göydən saçar hər yan sirişk, Bir sədəfdir, qətrey-i barani eylər dürr-i nab.
Oldu əbr-i dud-i ahim pərdey-i ruxsar-i mah. Ah kim, almaz cəmalından hənuz ol məh niqab.
Burada olduqca dinamik bir səhnə – döyüş səhnəsi canlanır. Gözün peykanı qapması təşxisdir. Burada müharibəyə aid “peykan” sözü ilə bağlı “qapmaq” sözünün işlənməsi yerinə düşüb döyüş səhnəsinə xas çevikliyi ifadə edir. Ləff-ü nəşr sənəti ilə birinci misradakı gözün ikinci misradakı istiarəsi sədəf, göz yaşınınkı (sirişk) isə qətrey-i baran (yağış damlası) və dürr-i nab (saf mirvari)-dir. Göz yaşının bolluğu onu yağış damcısına, şəffaflığı isə saf dürrə bənzədir. Mirvari sədəfə düşən hər hansı bir yad cisim, qum dənəsi və sairədən yaranır. Amma görünür, Füzulinin zamanında mirvarinin sədəfə düşən su damlasından yaranması fikri olmuşdur ki, bu da ilkin cövhərin su ilə əlaqələndirilməsi ilə bağlı təsəvvürlərə uyğun deyimlər doğurmuşdur.
Füzuli şeirində göz yaşının təzadı kimi alışıb yanan ürəyin odu, alovu, tüstüsü tez-tez təsvir olunur. Göz, baxış, görmə ilahi manifestasiya ilə bağlıdırsa, alov, tüstü hicab anlamı ilə bağlıdır. Füzulinin yuxarıdakı şeirində aya bənzər Gözəli görməyin imkansızlığı, Onun öz niqabını açıb Camalını göstərməməsi anlamı ortaya gəlir. Birinci misradakı pərdə anlamı ilə ikinci misradakı niqab anlamları fikir assosiasiyası yaradır. Mübaliğəli bir tərzdə ayın üzünün aşiqin ğöz yaşları nəticəsində və onun odlu ahının tüstüsü səbəbindən örtüldüyü bildirilir.
Çeşmimi əşk ilə gənc-i dür-i məknun etdin, Mərdüm-i çeşmimi ehsan ilə Qarun etdin. (Q.202)
Əgər göz yaşları dürdürsə, gözün də xəzinə olması ağlabatandır. Xəzinələr isə adətən gizlin yerdə olur. “Gənc-i məxfi” ilə yuxarıda qeyd etdiyimiz və sufi ədəbiyyatında geniş yayılmış “Mən gizli bir xəzinə idim” – deyiminə işarə edilir. Göründüyü kimi, yenə də göz simvolizmi varlığın yaranma səbəbi ilə bağlı sufi təsəvvürləri ilə əlaqələndirilir. Xəzinə olan yerdə Qurandakı Qarun obrazı yada düşür. Burada “mərdüm” sözünün həm bəbəkləri, həm də insanı bildirməsi isə təşxis sənətinə qüvvət verir:
Dəmbədəm gər düşsə gözdən dürr-i əşkim, vəchi var, Yaş uşaqlardır yetim,
onlarda yox rəsm-i ədəb.
Cövrü könlümdür çəkən, gözdür görən rüxsarını, Allah, Allah! Kam alan kimdir, çəkən kimdir təəb.
Göz yaşı Füzuli şeirində ayrılıq, həsrət motivləri ilə vəhdətdə verilir. Göz yaşlarının gözdən ayrılıb düşməsi, həm də ayrılıq dərdi çəkən insanların bir qayda olaraq ağlaması bu deyimlərə rəvac verir. “Yaş uşaqlardır yetim” sözü ilə gözdən ayrılan yaşlar yetim uşaqlara bənzədilir. “Yetim” (ərəbcə: nadir, yeganə) sözü Məhəmməd peyğəmbər və nadir mirvari ilə bağlı assosiasiyalar yaradır.
Füzuli şeirində dürr, mirvari anlamlarının dəniz və sədəflə əlaqələndirilməsi də təbii olub sədəfin məkanının dəniz olmasına əsaslandığı kimi, göz yaşlarının mübaliğəli bir tərzdə dənizə bənzədilməsi kimi ənənəvi obrazlardan da qaynaqlanır.
Qıldı şövqün, əşk ğəvvası gözüm mərdümlərin,/ Ey dür-i tər,mənzilin guya bu dəryadır sənin.
Bu şerdə göz-insan obrazı canlanır. Aşiq eşqdən o qədər ağlayır ki, onun göz bəbəkləri göz yaşları içərisində üzən ğəvvasa bənzəyir. Bununla şair birbaşa olmasa da mübaliğə yaratmış olur; ğəvvaslar ancaq dənizə baş vurur. Deməli, göz yaşları dəniz kimi boldur. İkinci misrada şair yenicə yaranmış mirvariyə (dür-i tər) müraciət edir. Şerin məzmunundan bununla göz bəbəklərinin nəzərdə tutduğu aydınlaşır. Mənzili dərya olan dür-i tər də göz bəbəklərinin istiarəsidir.
Çeşm tar-i cismimə düzmüşdü əşkim gövhərin, Ah kim, çərx üzmüş ol tarı, dağılmış gövhərim.
Bu bənzətmədə də dinamika, hərəkət vardır. Göz öz incilərini (göz yaşlarını) sapa (aşiqin arıqlayıb sapa dönmüş bədəninə) düzür. Amma bu anda çərx gəlib həmin sapı qırdığından göz yaşları sapı qırılmış muncuqlar kimi dağılıb axmağa başlayır. Birinci misrada “ifrat fis-sifət” (konkret olaraq litota) poetik fiquru ilə aşiqin arıqlamış cismi gövhər düzülən sapa bənzədilir. İkinci misrada həmin sapın üzülüb qırılması səbəbindən gövhərlərin dağılıb səpələnməsi bildirilir. Burada şair təlil təxyili (xəyali izah) sənəti yaradaraq göz yaşlarının axma səbəbini “izah edir”; sən demə bu incilərin axmasının səbəbi onların düzüldüyü sapın (aşiqin cismini) dəhr anlamına gələn çərx tərəfindən qırılmasıdır. Çərx həm də üzərinə sap dolanan cəhrəni bildirdiyindən poetik deyim çox uğurlu alınıb. Bu obraz həm də qədim miflərdəki tale ilahələrinin cəhrəsini yada salır. Şerdə olduqca dinamik bir səhnə görsənir: antropomorfik göz incilərini sapa düzür, dəhr isə bu sapı qırır. Dəhrin zalım, ziyankar obrazı şərq ədəbiyyatında möhkəm ənənələrə malikdir. Şərq poeziyasının bir növ obrazlar qaynağı olan İslamaqədərki ərəb şerində dəhrin aşiqlərin (ruhunu) bir-birinə bağlayan sapı qırmasından bəhs edilir. Füzulidə dəhrin inci kimi düzülmüş göz yaşlarının sapını qırması da unikal bir obrazdır.
Göz tökər israf ilə xunabə ləlin guya,
Kim, cigər dağında ol ləlin bulubdur mədənin.
Bu şeirdə gözün sel kimi axıtdığı (israf ilə tökdüyü) inci deyil, ləldir. Ləl, yaqut qanlı göz yaşlarının istiarəsidir. Göz yaşlarının bolluğunu bildirmək üçün şair yenə də təşxis sənəti ilə canlandırdığı Gözün eşqdən alışıb yanan və qəlb anlamına gələn cigərdə ləl mədəni tapdığını bildirir. Yenə də təlil təxyili sənəti işlənir. Şair xəyali bir səhnə ilə göz yaşlarının axmasını “izah edir”.
Füzuli göz yaşı ilə bağlı çeşidli mənalar yaradarkən eşq qəminin çoxluğundan göz yaşlarının quruması, qəlb daşlaşdığından gözlərin ağlaya bilməməsi mənasına da toxunur. İnsanlara tanış olan bu deyim İslam ədəbiyyatında da əks olunmuş, Quran oxuyarkən ağlayan insanları görən Əbu Bəkrin: “Bir zamanlar biz də bu cür ağlayardıq. Sonra qəlblərimiz daşlaşdı”-söyləməsi də geniş yayılmış bir deyim olmuşdur. Füzulidə bu mənanın əksinə nəzər salar:
Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın,
Ki, gər axsaydı ləl eylərdi bişək Bisutin daşın.
Göründüyü kimi, hər bir yaşı, suyu qurudan od olduğu kimi, Fərhadın göz yaşlarını qurudan da oddur – qəlbini yandıran eşq odu. Əgər bu od aşiqin – Fərhadın göz yaşlarını qurutmasaydı qanlı göz yaşları Bisutin dağını lələ çevirərdi, yəni qıp-qırmızı edərdi.
Gövhəridir eşq bəhrinin, Füzuli, ab-i çeşm, Leyk bir gövhər ki, Lütf-i Həqq onadır müştəri. (Q.
Ab-i çeşm göz yaşını bildirir. Şair göz yaşının eşq dənizində gövhər olduğunu bildirir. Bir az öncə qeyd etdiyimiz kimi, geniş yayılmış bir rəvayətə görə, Allah bütün məxluqatı bir dürrdən, gövhərdən yaratmışdır. Məhz buna görə də, şair Lütf-i Həqqin bu gövhərə müştəri olduğunu, yəni ona lütf dolu nəzər saldığını bildirir. Bu şeir İlkin Cövhərin kosmoqonik mahiyyəti ilə bağlı deyimlərə çox uyğun gəlir.
Bütün bu obrazlar, çalarlı poetik ifadələr bir daha Füzuli sənətinin ecazkarlığından, onun şair təxəyyülünün intəhasızlığından xəbər verdiyi kimi həm də onun poeziyasının xalq ədəbiyyatı və sufi rəvayətləri ilə sıx bağlılığına dəlalət edir.
Aida QASIMOVA professor



Bu yazı ( 211 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar