12px14px16px18px

Qədim Şərqdə qurbankəsmə mərasimləri və öncəgörmələr

Aida QASIMOVA
01:16 / 04.02.2010
 
Qurbankəsmə mərasimi yəqin ki bəşər tarixində ən qədim mərasimlərdəndər. Müqəddəs kitablarda Allaha deyilən ilk qurbanın Adəmin oğullarına aid olduğunu görürük. Habil və Qabil Allaha qurban deyir. Habilin qurbanı qəbul olur, Qabilinki isə qəbul olmur. O, paxıllıq edib qardaşını öldürür ( Quran, əl-Maidə 5; Tövrat, Varlıq, 4). Bu hekayətdə insan oğlunun qurban mərasimində Allahla mistik bir yaxınlıqda bulunmasına işarə var. Eyni qıza aşiq olan Adəmin oğlanlarının məqsədi onları düşündürən bir suala, yəni hansının həmin qıza layiq bilinməsinə cavab almaq idi. Allahın cavabı qurbana göndərilən odla bilinir. Adətən bu mərasimlərdə qəbul olunan qurbanlar alışıb yanır, qəbul olunmayanlar isə yanmırdı. (Bu yerdə biz Musa peyğəmbərin hekayətində Allah Təalanın yanar ağacda təcəllisini də xatırlaya bilərik.)
Ərəb dilində “qurban” sözü “yaxınlıq” anlamına gəlir. Yəni Allaha deyilən qurbanla insan bir növ Ona yaxınlaşır. Mərasimin mistik əhvali-ruhiyyəsi Əl-Bəqərə (İnək) surəsində də əks olunub. Surənin 67-73-cü ayələrində qurbanlıq inəkdən söhbət gedir, onun təsviri verilir. Burada həddindən artıq incəliklərə varılması, sözsüz ki, bu hadisənin xüsusi önəmi ilə bağlı idi. Məqsəd qətlə yetirilmiş bir nəfərin qatilinin kim olduğunu müəyyənləşdirmək idi. İbn Kəsirin təfsirindən aydın olur ki, inək kəsilərkən öldürülmüş adamın ruhu ilə əlaqə yaranmış, və o, dilə gəlib qatilinin kim olduğunu bildirmişdir.
Qurbankəsmə mərasimi zamanı fövqəltəbii qüvvələrlə əlaqələr yaranması və öncəgörmələr edilməsi qədim Misirdə və Babilistanda, eləcə də xaldeylər arasında geniş yayılmışdı. Öncəgörmənin bu növü ekstispitsiya adlanır. Bu mərasimlərdə öncəgörmələr ya kəsilən qurbanların daxili orqanlarının vəziyyəti, ya da onların can verərkən çıxardığı səslərə və yaxud çabalamalarına görə edilirdi. Babilistanda falın bu növü inkişaf edib bir elm halına gəlmişdir. Onların bu barədə kitabları olmuş, ekstispitsiya kahinlər tərəfindən tədris edilmişdir.
Qədim şumerlər baş kahinlərini seçərkən mütləq qurban kəsir, qurbanlıq heyvanların daxili üzvlərinin vəziyyətinə əsasən kimin bu vəzifəyə daha münasib olmasını müəyyənləşdirirdilər. Mərasimdən əvvəl onlar xüsusi dualarla tanrılara müraciət edir, öz buyuruqlarını kəsiləcək heyvanın daxili üzvünə yazmağı onlardan diləyirdilər. Sonra kahinlər diqqətlə kəsilmiş heyvanın qara ciyərini, dalağını, ürəyini və sairə üzvlərini yoxlayıb müəyyən qənaətə gəlirdilər. Bu zaman hər bir ləkə, normadan kənar hər bir hal, daxili üzvlərin rəngi və sairə nəzərə alınırdı. Ən çox qara ciyərə diqqət yetirilirdi. Ayrıca olaraq, məhz qara ciyərlə bağlı fal növü də var idi. Buna hepotoskopi deyilir. Deyilənə görə, böyük fateh Makedoniyalı İskəndər bu fal növünə çox inanmışdır. Qədim və Orta əsrlərin düçüncə tərzində varlığın bütövlüyü anlamı güclü olduğundan, insan özünü ətraf aləmin bir parçası bilir, təbiətdə baş verən hadisələrin birbaşa insan taleyinə təsir edəcəyinə inanırdı. Ona görə də, Makedoniyalı İskəndərə bir eybəcər quzu balasının doğulmasını bildirərkən, o, məyus olub bunu öz hakimiyyəti üçün bəd bir xəbərdarlıq hesab etmiş, tanrıları razı salmaq üçün qurbanlar kəsmişdir.
Öncəgörmələrin bu növü qədim ərəblərə də məlum idi. Onlar qara ciyərlə bağlı öncəgörmələrə üstünlük verirdilər. Amma zaman-zaman ərəblər arasında qurban kəsilən heyvanın çıxardığı səslər və etdiyi çabalamalarla bağlı deyimlərə üstünlük verilmişdir. İslamın yaranmasından sonra kahinlərin fəaliyyətinə xitam verildiyindən bu cür öncəgörmələr də qadağan edilmişdir. Bununla belə, ekstispitsiyanın izlərini Hz.Məhəmməd peyğəmbərin tərcümeyi-halını əks etdirən “sirə” əsərlərində də görmək mümkündür. İbn Hişamın əsərində göstərilir ki, İslamı qəbul etməzdən öncə həzrəti Ömər belə bir mərasimdə iştirak etmiş, qurban kəsilən heyvan möcüzəli bir tərzdə dil açıb danışmış və demişdir: “Yaxşı bir günün gəlməyinə lap az qalıb. Bir kişi gələcək və “Lə iləhə illəllah” deyəcək!”
Qədim ərəblər qurban kəsiləcək heyvanların sağlamlığına xüsusi diqqət yetirmişdilər. Çünki, heyvan sağlam olardısa, təbii ki, onun daxili üzvləri də sağlam olur və bu da yaxşı əlamət sayılırdı. Əgər heyvanın daxili üzvələrinə görə deyil, səsinə görə öncəgörmlər söylənilərdisə, bu zaman onun yaxşı səsinin olmasına fikir verirdilər. Türkmən şamanları uca səslə qışqıran keçini qurban kəsib, onun çıxardığı səslərə görə gələcəkdən xəbər verirdilər. Digər tərəfdən, şamanların ruhunun göyə qalxması (levitasiya) ilə bağlı mərasimlərdə də bu məqsədlə qurban kəsilməsinə rast gəlinir. Ural-Altay şamanları indi də levitasiya etmək üçün ağ rəngli at qurban kəsirlər. Mərasim zamanı şamanın ruhu atın ruhu ilə göylərə qalxıb baş tanrı sayılan Bey Ulgenlə əlaqə yaradır və ondan xəbərlər gətirir. 
Öncəgörmələrin bu növü barədə İbn Xəldunun “Müqəddimə” əsərində də maraqlı məlumatlar əks olunub. İbn Xəldun göstərir ki, bu öncəgörmənin mahiyyəti qurban kəsilən heyvanın canvermə anının izlənməsi ilə bağlıdır. Yəni can verən heyvan bir növ insanla fövqəltəbii qüvvələr arsasında medium rolunu oynayır. Bu zaman onun iki dünya arasındakı durumu insanın diləklərini eşidilən edir. Daha sonra İbn Xəldun yazır ki, insanlar bu fal növünə o qədər aludə olmuşlar ki, hətta bəzi zalım hökmdarlar vacib bir məsələni bilmək istərkən, həbsxanadakı məhbuslardan birini gətirdib qətlə yetirtdirir, həmin insan can verərkən ona maraqlandıqları məsələlər barədə suallar verirdilər. Çünki can verən insan sanki iki dünyanın astanasında tərəddüd edir. O, bu dünyanı tamamilə tərk etmədiyi kimi, o dünyaya da tam daxil olmamışdır. Aralıq vəziyyətdə olduğundan o, qeyb aləminin sirlərini bu dünyaya çatdırmağa qabil olur. Bəzən bu məqsədlə daha müdhiş üsullara əl atılırdı. Bir nəfəri, demək olar ki, ac-susuz 40 gün çəlləkdə yağın içində saxlayırdılar. Bu zaman ona cüzi qoz və əncir qurusundan başqa yeməyə heç nə vermirdilər. 40 gün müddətində həmin adam büsbütün quruyur, dərisindən və damarlarından başqa bədənində heç nə qalmırdı. 40 gündən sonra çəlləkdən çıxarılarkən o, dil açıb danışır, gələcəkdən müdhiş xəbərlər verirdi.
Bəzən qurban kəsilən heyvanlar ibadət edilən totem olurdu. Məsələn, qədim Misirdə və Yəməndə Günəş tanrısını təcəssüm etdirən öküzün müqəddəsləşdirilməsi sayəsində qurban kəsilən öküzün çabalamaları əsasında öncəgörmələr söylənilib.
Qədim dünyanın mistik düşüncəsinin formalaşmasında əsas rol oynayan toplumlardan biri də adları Qurani Kərimdə kitab əhli ilə yanaşı çəkilən sabilər olub. Göy cisimlərinə xüsusi önəm verən sabilər Günəşin simvolu sayılan xoruzu qurban kəsir, bu zaman onun can vermə anındakı çabalamalarına əsasən üncəgörmələr söyləyirdilər. 
Qurbankəsmə mərasimi ilə bağlı bu cəhət İslamda yer almasa da arxaik misteriyalara biganə olmayan bəzi sufi təriqətlərinə yol aça bilmişdir. Ekstispitsiyanın izləri Şimali Afrikadakı bəzi sufi qardaşlıqlarında qurbankəsmə mərasiminə xüsusi diqqət yetirilməsində əks olunub. Onlar qurbankəsmə zamanı ölülərin ruhu ilə əlaqə yaradırdılar. Bəzən ayrı-ayrı övliyaların qəbri üzərində qurban kəsilərkən ancaq müəyyən heyvanlara üstünlük verilməsinin də kökləri, görünür ki, arxaik misteriyalara bağlanır.
 
Aida QASIMOVA professor  [email protected]
 



Bu yazı ( 698 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar