12px14px16px18px

Əsl alim və müəllim kimi...

Aida QASIMOVA
03:09 / 22.10.2009






  Misir yazıçısı Mahmud Teymurun “Səlva küləklərin qoynunda” adlı bir romanı var. Romanın qəhrəmanı Səlva təlatümlü həyatı olan gənc bir qızdır. Həyatın burulğanı onu o qədər çaşdırır ki, anasının ölüm xəbərini eşidərkən, Mahmud Teymurun öz sözləri ilə desək, “pis olur, ancaq o qədər də fikir etmir”.
Bizə bu romanı müasir ərəb ədəbiyyatından dərs deyən müəlliməmiz Aida İmanquliyeva keçmişdi. Roman maraqlı hadisələrlə dolu süjetə, dolğun məzmuna malikdir. Amma nədənsə Aida xanım bütün əsərdən məhz bu hissəni seçib diskussiya mövzusu etdi. Müxtəlif mülahizələr səsləndi... O zaman mən nə üçün məhz bu epizodun diskussiya mövzusu olduğunu anlamamışdım. Bunun mənasını İbn Ərəbiyə həsr edilmiş konfransda Nərgiz xanımın anası ilə bağlı məruzə edərkən titrəyən səsindən duydum. Aida xanımın övladları ilə həddindən artıq xoş, sevgi dolu bir münasibəti olduğundan o, Səlvanı başa düşə bilmirdi. Övladlarından daim sevgi görən Aida xanımın həyatda istədiyi də məhz bu idi: xatırlanmaq, yad edilmək, unudulmamaq. Son vaxtların hadisələri, İbn Ərəbi konfransı ilə bağlı olaylar mənə qarşı həmişə xeyirxah olmuş Aida xanımı bir daha yadıma saldı və mən bu yazını yazmağı özümə mənəvi borc bildim.
   Dinlər tarixində insan talelərinin qabaqcadan yazılıb saxlandığı “Lövhi-məhfuz” (Qorunan lövhə) anlamı var. Bunun bütün hadisələrin qabaqcadan proqramlaşdırıldığı bir substansiya, psixofiziki sahə olduğu söylənilir. Həmin proqramlaşdırılmış tale məni ərəb ədəbiyyatı üzrə iki böyük mütəxəssis – Aida İmanquliyeva və Malik Mahmudovla qarşılaşdırdı. Malik müəllim klassik ərəb ədəbiyyatının, ərəb-azərbaycan ədəbi əlaqələrinin, Aida xanim müasir ərəb ədəbiyyatının və Şərq-Qərb əlaqələrinin bilicisi idi. Bu iki alimin elmi-pedaqoji fəaliyyəti qəribə bir tərzdə bir-birini tamamlayırdı. İmtahanı da bir götürərdilər. Malik müəllimin zəhmi Aida xanımın mehribanlığı ilə həm gözəl bir təzad, həm də misilsiz bir mütənasiblik təşkil edirdi. Biz imtahan verərkən, qorxu, həyəcan və sevinc dolu qəribə hisslər keçirərdik. Sonra universiteti bitirərkən hər iki müəllimim mənə iş təklif etdi.
Aida xanım mənə qarşı həmişə qayğıkeş, diqqətli və ürəyiyanan olub. O, hərtərəfli, mükəmməl bir insan idi. Məsələn, bir seminar mövzusu verib hansı ədəbiyyata müraciət etməyi, problemə necə yanaşmağı tapşırar, arada da qulağıma “belini həmişə düz tut” kimi sözlər pıçıldayardı. O vaxtlar Şərqşünaslıq fakültəsində müəllim-tələbə münasibəti valideyn-övlad münasibətindən seçilməzdi. Aida xanımın dərsləri Sovet dövrünün sxolastik tədris üsulundan çox fərqlənərdi. Hələ sovet dövründə bu dərslərdə Qərbə xas demokratik ruh duyulurdu. Tədris prosesində geniş diskussiyalara yer verən Aida xanım bizim nəzərimizi həmişə mənfi hesab edilən qəhrəmanlara, onların problemlərinə, onları pis edən cəmiyyətdə hökm sürən neqativ hallara cəlb edirdi. Biz indi təhsilimizi yaxşılaşdırmaq üçün az qala bütün Avropa metodlarını Azərbaycan tələbəsi üzərində sınayırıq. İndi can atdığımız ucalığı “durğunluq” adlandırdığımız dövrün alimləri uğurla tətbiq edirdilər. Yüksək keyfiyyətli tədris nədir? Müəllimin savadı, xarizması və qayğıkeşliyi. Bunların hamısı Aida xanımda var idi.
  Aida xanım daim övladlarının şəklini özü ilə gəzdirər, onlar haqqında xoş sözlər eşidərkən özünəxas bir tərzdə gülər, qəribə bir qürur duyardı. Əgər bir kəs ona böyük qızının gözəl olduğunu deyərdisə, o razılaşmaz, kiçik qızının daha gözəl olduğunu bildirərdi. Əgər kiçik qızının gözəl olduğunu söyləsəydilər, “Yox, Nərgiz daha gözəldir” – deyərdi.
   Aida xanımın bir alim kimi məziyyətlərindən çox danışılıb. Mən iki məsələni xatırlatmaq istərdim: Aida İmanquliyeva Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun xətti ilə kitab nəşr etdirmiş azsaylı azərbaycan alimlərindən biridir. İkinci təqdirəlayiq hal kimi, alimin haqqında dissertasiya yazdığı Mixail Nueymə ilə şəxsən görüşməsini, həyat və yaradıcılığı barədə ədibin öz dilindən eşitməsini göstərə bilərik.
Aida xanımın yubiley tədbirlərindən sonra elmi ictimaiyyətimizin diqqətini mühüm bir məsələyə cəlb etmək istərdim: Malik Mahmudovun mühazirələri 2001-ci ildə “Klassik ərəb ədəbiyyatı” adlı dərslik şəklində çap olunub, tələbələrin istifadəsinə verilib, Aida xanımın mühazirələri isə hələ də işıq üzü görməyib. Məhz bu səbəbdən də, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində müasir ərəb ədəbiyyatı fənninin tədrisi ilə bağlı daim problemlər yaranır. İndi bu işi görməyin vaxtı gəlib çatıb. Mən inanıram ki, bu mühazirələr nəşr olunarsa, onlardan yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də dərslik kimi istifadə edilə bilər.
Aida QASIMOVA  BDU-nun Ərəb filologiyası kafedrasının professoru



Bu yazı ( 772 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar