12px14px16px18px

Səsin gəlmir, Əvəzoğlu

Zakir FƏXRİ
07:42 / 21.04.2012
Qızmar gün işığına oyandım. Parlaq işıqdan qamaşan gözlərimi ovxalayıb ayağa durdum. Builki sərt, şaxtalı, sazaqlı qış boyu kip-kip bağlanmış pəncərələri açdım. Çoxdandı ki, otaqların havası dəyişmirdi. İndi artıq pəncərəmin o üzündəki qış ölmüşdü, yaz dirilmişdi. Açıq pəncərələrdən axan yaz mehi otaqlara doldu. Eyvana çıxdım, pəncərədən bayıra qəribə bir nəm qoxusu axırdı. Görünür tərləmiş şüşələrin nəmliyi divarlara hopmuşdu. Otaqlar da çöl havası üçün qəribsəmişdi... Vanna otağına keçdim, əl-üzümə su vurub dağınıq saçlarımı daramaq üçün güzgünün qabağına keçdim. Hər tərəfdən içəri axan meh masanın üstündəki kitabı açıb vərəqləmişdi. Füzulinin qəzəllər kitabıydı, axşamlar yatmamışdan öncə vərəqləyib oxuyuram. Açıq qalmış səhifədəki misralara baxdım;
Ucaldın qəbrim, ey bidərdlər,
səngi-məlamətdən,
Ki, məlum ola dərd əhlinə qəbrim;
ol əlamətdən.
Son günlər getdiyim toylarda çəkilmiş şəkillər yerə səpələnmişdi.
Onları trimonun üstünə, ətir şüşələrinin arasına düzmüşdüm, – düz qalsın deyə...
Ancaq şəkillərdən biri yerində, güzgüyə söykənili halda qalmışdı.
Qəribədi, dayaqsız şəkli külək yerə salmamışdı...
Yəqin bu bir işarədi, düşündüm. Mistik hisslər məni qoynuna aldı. Ciyərlərimə dolan yaz havasından sərxoş düşmüşdüm, – acqarına bir badə ətirli şərab içmiş kimi...
Gözlərim təqvimə sataşdı, aprel ayının 3-ü günüdü, anadan olduğum gündü... Elə qəribsədim ki, ruhum gizildədi... Son illər, başıma gələn dəhşətli faciədən sonra doğum günündə, aprelin 3-də şəhərdən çıxar, maşını Şamaxıya, Ağsu aşırımına sürüb günümü oralarda keçirərdim. Həmişə oturduğum yerdə, sıldırımın ucundakı stolda, üzü dağlara, tək-tənha oturub qurtum-qurtum araqdan içər, siqaretə dəm verə-verə qənşərdəki qərib dağlarla dərdləşərdim, sinəmdəki dağları dağlarla bölüşərdim. 3 aprel günü dağlar məni yumşaltmaq üçün içki içməyə səsləyərdi. Müqəddəs İmam Həsən Bəsri demiş: – “Məni içki içməyə çağıranı, dünya işlərindən hər hansı birinə çağırandan üstün hesab edirəm...”
Bir stəkan çay belə içmədən əynimi geyinib evdən çıxdım. Oturub maşını işə saldım. Qəhərdən boğulurdum, elə qəribsəmişdim ki, dünya gözlərimdən itmişdi. Birtəhər toparlanıb həyətdən çıxdım, hara gedəcəyimi heç özüm də bilmirdim... On-on beş dəqiqə sonra oğlumun məzarı başındaydım... Baş daşıyla üzbəüz oturacaqda əyləşib bir siqaret alışdırdım. Sağ olsaydı yəqin yenə birinci o məni təbrik edəcəkdi... Sübh tezdən yatağıma yaxınlaşıb alnımdan, üzümdən öpəcək, – təbrik edirəm, böyük kişilərdən olasan, Zakir Fəxri, – deyəcəkdi.
Üzünün nuru içimi işıqlandırardı, çox işıqlı oğlanıydı... Tək onun təbriki yetərdi mənə, ruhum toxtayardı...
Ayağa durdum, bir qutu siqareti çəkib qurtarmışdım. Fatihə surəsini oxuyub oğlumla halallaşdıqdan sonra qəbiristanlıqdan çıxıb, maşını Masazıra, Mətanətin qəbrinə gəldim. Orda bir az toxdayandan sonra üzü şəhərə tərəf gəldim. Xırdalan qəbiristanlığına çatanda maşını sağa verib saxladım, düşüb pilləkənlərlə üzüyuxarı, Əvəz kişinin uyuduğu qəbirə tərəf qalxdım. Fatihə surəsini oxuyub salavat çevirəndən sonra bir siqaret alışdırdım, – İlahi, işə bir bax, qamçı vur, dağlarda at qovala, tik, qur-yarat və sonda el-obadan, yurddan uzaq, yol kənarında, kiçik bir təpənin sinəsində qəbir evinə gir... Nə biləsən- qismət...
Son görüşümüzdə üzünü mənə çevirib, mən sizi çox bəyəndim Zakir Fəxri – sözləri qulaqlarımda səsləndi...
Fikrim yenə də o şəkilin yanındaydı, küləyin belə yerə salmadığı şəkilin. Külək də yıxmayıb, qıymayıb dost şəklinə...
Buna heç də təsadüf deməzdim...
Peyğəmbər əfəndimizin sözləridi, “gözəlliyi, yaxşı əməlləri, xeyirxah işləri təqdir edin. Bunları Allah da sevər”.
Ən çətin, ən qərib, ən ağrılı-əzablı günlərində ayaqda qalmağımda ən böyük dayaqlardan biri Sən oldun, məni tək qoymadın, acı taleyin ixtiyarına buraxmadın.
Bəlkə də içdiyin saf bulaqların suyundandı, Əvəzoğlu! Qanın da, qəlbin də bulaq suyu kimi safdı. Düşünürəm ki, bizim dostluğumuzu Böyük Yaradan yazıb alnımıza. Vərəqlə, oxu, görəcəksən!..
Bu dostluğun tarixçəsi də adi bir təsadüfdən doğur. Fəlsəfədə belə bir hikmət var, – “Zərurət təsadüfdən doğar”.
Xatırladıqca bir-bir yadıma düşür...
Gör ki, hansı şeirləri ilk dəfə sənə oxumuşam; –
De, hara getdin baş alıb,
Yerin, yurdun bilinmədi...
Gördüm ki, dünya boşalıb,
Nəydi dərdin, bilinmədi...

Ağaclar quruyur, gördüm,
Çiynimə yarpaq tökülür...
Gözlərimin nuru gedir
Gözümə torpaq tökülür...

Hara getdin, söylə hara?
Kürəklərim buz bağladı...
Gözlərimin suyu getdi,
Bəbəklərim duz bağladı...
Yeni Yasamalda, dairəvi yolun kənarındakı sıldırım qayanın üstündə, dərin uçurumun ucundakı yeməkxanada sən idin, Xanbaba və Hikmət həkimiydi... Mən bu şeiri oxuyanda gözlərinin yaşı damcı-damcı süfrəyə süzülürdü.
Heç özüm də bilmədən, ağlıma belə gətirmədiyim, başıma gələsi faciəni bir neçə son şeirlərimdə qələmə almışam, ilk dəfə də onları sənə oxumuşam.
Ən qiymətli cəhətlərindən biri, bəlkə də birincisi dərin, sönməz insani sevgindir.
Çox şahidi olmuşam, dünyasını dəyişmiş dostlarından, əzizlərindən birini xatırlayıb söz açanda gözlərin yaşarıb, elə bil ki, indicə itirmisən onları...
İsa Məsihin məşhur kəlamları ruhuna biçilib, Əvəzoğlu!
– “Ağlar gözlülər xoşbəxtdirlər – onları ovunduracaqlar...”
– “Həlim təbiətlilər xoşbəxtdirlər-dünya onlarındır...”
– “Saf qəlblilər xoşbəxtdirlər – Allahı onlar görəcək...”
– “Ruhu məzlumlar xoşbəxtdirlər – Göylər səltənəti onlarındır...”
Gözü-könlü tox, paxıllıqdan, kin-kudurətdən, tamahdan uzaq- ruhu sağlam Adamsan, Əvəzoğlu!
– “Bütün dünyanı qazanıb əvəzində ruhunu itirəcəksənsə, son qazancın nə olacaq...”
(İsa Məsih)
Az-az hallarda dilinə mənəm sözü gələr, dostları ucaldıb, özünü kölgədə saxlayarsan, həmişə, hamının dərdinə şərik olub, öz dərdini unudarsan. Gördüyün xeyirxah işləri, yaxşılığı dilinə gətirib qürrələnən görmədim səni...
– “Birincilər axırıncı, axırıncılar birinci olacaq... Bu dünyada özündən deyən çoxdur, seçilmişlər azdır”.
(İsa Məsih)
Bu yazını qələmə aldığım gün İsa Məsihin çarmıxa çəkildiyi günə düşdü deyə Böyük peyğəmbərdən misallar çəkməyi, onu xatırlatmağa bir mənəvi borc bildim özümə...
– “Allahın bütün qəlbinlə, ruhunla, şüurunla sev... Vəsiyyətimin əzəli və əsası budur. İkinci vəsiyyətim də buna bənzər; – yaxınını, özünü sevən tək sev”.
(İsa Məsih)
Allah hər kəsə özünə layiq də dostlar nəsib edər. İmam Həsən Bəsrinin kəlamlarındandır: – “Əqidə dostlarımız bizə əzizdir, onlar İlahinin verdyi dostlardır; ailə və uşaqlarsa bu dünyanın dostlarıdır, bizlərin rəqibləridir”.
Qardaşımız Xəqani, Saleh, Tərlan
... hərəsi ayrı-ayrılıqda dəyər sahibi...
Tələbə dostların – Xanbaba, Hikmət həkim.
Xəqani demiş – bir unudulmaz xatirə yadıma düşdü, işə bax ki...
Gəncədən, hüzür yerindən qayıdırdım, səhər tezdəniydi. Qayıdıb Bakıda iki toyda iştirak etməliydim. Şəhərdən çıxanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə döndüm, yanacaq azalmışdı, Bakıya çatdırmazdı maşın. Əlimi cibimə atanda toylara atacağım puldan başqa pulum qalmamışdı. Nə isə. Fikirli-fikirli ordan uzaqlaşdım üzü Bakıya. Bir az getməmiş təsadüfən (təsadüfənmi?) Xəqaniylə rastlaşdıq, maşınlardan düşüb görüşdük. O da Gəncəyə, hüzr yerinə gedirmiş. Ayrılıb maşına oturdum – sağımda, oturacaqda üç dənə yüzlük vardı...
Telefon açdı, – şair, “perevalda” mən əvəz də bir beş-beş vurarsan...
Kürdəmirdən sola buruldum, maşını ara yolla Ağsu aşırımına sürdüm. Dolama yolları qalxıb həmişə çaya-çörəyə oturduğum yeməkxanaya çatanda, maşını sağa verib saxladım. Bu yer mənə çox əzizdi. Rəhmətlik oğlum Mirsadıqla Qarabağa Şamaxı yolu ilə gedərdik, aşırımda, bu yerdə oturar, çay içib dincələndən sonra yolumuza davam edərdik... Həmişəki kimi uçurumun ucundakı talvarın altında oturdum. Qənşərimdəki dağların ətəyi duman idi. Duman gah dərəyə enir, gah da zirvəyə tərəf qalxırdı, elə bil ki, dağların ətəyində namaz qılırdı duman... Dəftərçəmə bir bənd şeir yazdım. Sonralar yazacağım bir şeirin bir bəndini.
Namaz qılırsan? – deyə bir neçə adam mənə sual vermişdi...
Dörd bir yanı duman aldı,
Quşlar avaza gəlmədi...
Qəriblikdən sərxoş düşdüm
Ruhum namaza gəlmədi...
Xəqaninin istəyini yerinə yetirib ordan ayrıldım, dilimdə min bir şükürlə...
Səninlə yollarda, səyahətlərdə, məclislərdə olan kəs mənən, ruhən darıxmaz, Əvəzoğlu!
Həmişə gözlədiyim, içimi, ruhumu ovunduran telefon zəngi, – “Salam şair, haralardasan, nə işlə məşğulsan?”
– Bekarçılıqdı, evin yanındakı bağda pay-piyada dolaşıb zikr etməklə məşğulam...
– Otur maşina, həmişəki yerə gəl. Qardaş səni gözləyir, amma tez gəl, on-onbeş dəqiqəyə özünü çatdır.
– Əvəzoğlu, on-onbeş dəqiqəyə vertalyotla çatmaq olar, o boyda yolu maşınla necə gəlim o vaxta, yollar tıxacdı.
– Şair, Allah köməyin olsun, Saleh bu yolu cəmi üç dəqiqəyə gəlir...
Ardınca hər ikimizin gülüş səsləri.
Qabaqlar ayda bir yol da olsa yığışardıq. Dostlarla, qardaşlarla bir yerdə olanda ruhuma bir sərinlik səpilərdi, birlikdə olmaq ovundurardı məni, başımı qatardı, qəriblikdən, acı-ağrılardan qopub yüngülləşərdim... Hər görüşdə bir şirin, isti xatirə yaddaşımda yuva salıb tək-tənha günlərimdə mənə həmkar, dayaq olardı..
Son toy istisna olmaqla yeni ildən üzü bəri səsiniz, sorağınız gəlmir.
Axı sənə zaman, məkan anlayışı yaddır... Gecələr olurdu ki, saat 1-də, 2-də zəng edərdin, – şair, könlümə şeir düşüb, mümkünsə “Qaytar ana, qaytar məni beşiyə” şeirini söylə...
Ən çox sevdiyin, əzbər bildiyin bu şeiri sənə ərməğan göndərirəm, zəngsiz, filansız.

Qaytar ana, qaytar məni beşiyə

Ərk etdiyim dostlar da
üzümə durdular
sevdiyim qızlar da
sevgimi üzümə vurdular
Körpə-körpə umudlarım
bu yollarda əldən salıb
məni tamam yordular,
Ömrün cırhacırında
qaldım üşüyə-üşüyə
Qaytar ana, qaytar məni beşiyə.

lll

Avand işim tərs gəldi,
Cüt səbr ötdü məndən,
gətirəndə nəhs gəldi...
Dilim gəlmədi təpinəm
hər səhər
yolüstü
qabağımdan keçən qara pişiyə
Qaytar ana, qaytar məni beşiyə.

lll

Göy üzünün karrığı,
Görən gözlərin korruğu,
Keçdiyim yolun darrığı
oddadı məni, oddadı
Mənə tuş gələsi sevinc
başım üstən addadı
Bənd olmaya bilmədim
hər ağıldan düşüyə...
Qaytar ana, qaytar məni beşiyə.

lll

Hər payız unutdu məni
tanışlar, bilişlər...
üzümə, gözümə qonmağa
yer tapmadı gülüşlər
ciyərim siqaretə alışantək
üzüm-gözüm alışdı
qəm adlı bir nəşəyə
Qaytar ana, qaytar məni beşiyə.

lll

Çəkilmişəm özümə,
yığılmışam içimə
Kədər məni səsləmir
səsləmir sevinc məni
Kimsə səsləməz məni
bu darısqallıqdan
bir hovur çıxam eşiyə
Qaytar ana, qaytar məni beşiyə.

Söylə, hardasan, Əvəzoğlu!
Gəl bu darısqal dünyadan çıxaq eşiyə.
Zakir FƏXRİ



Bu yazı ( 249 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar