12px14px16px18px

Balış anaya yeni il məktubu

Zakir FƏXRİ

BALIŞ ANA QARABAĞ MÜHARIBƏSINDƏ ŞƏHID OLMUŞ, AZƏRBAYCANIN MILLI QƏHRƏMANI ŞAHLAR ŞÜKÜROVUN ANASIDIR

12:37 / 07.01.2012
İlin son gecəsi qızım Aynurgildə, nəvələrimlə baş-başaydım. Qızım əriylə birlikdə İngiltərədə səfərdədi, yeni ili orda olacaqlar. Elmi işi ilə bağlı tez-tez İngiltərəyə gedəsi olur.
Süfrəmiz dost sovqatlarıyla bəzədilmişdi. Hər şey geninə-bolunaydı.
Oğlum Mirsadığın, şəhid qardaşım Kamilin, dostlarımın əzizlərinin məzarını gün ərzində bir-bir yoluxub halallıq almışdım, bir az da olsa mənən rahatıydım, çiyinlərim yüngülləşmişdi... Artıq dördüncü yeni il gecəsidir ki, oğlum Mirsadıqsız keçir... İstər yeni il gecəsi, istər Novruz bayramı, mənim üçün çox çətin olur. Yenə hamıdan Uca Allah bilən məsləhətdi. Nəvələrin xatirinə birtəhər bayramı yola verib (alayarımçıq da olsa) evə döndüm. Bir stəkan çaydan sonra siqaret çəkmək üçün eyvana çıxdım. Hər yanda atəşfəşanlıq varıydı, göy üzü rəngarəng fişənglərin işığına bürünmüşdü. Qismət ola Qarabağın azadlığını da belə atəşfəşanlı görək... Ya qismət... Evdə tək idim, sakitlik, sərbəstlik, azadlıq... belə girəvə hər deyən ələ düşmür. Evdəki qərib ab-havanın qoynundayam. Gecədən bir az keçmiş ağ kağızla qələm məni özünə çəkdi, durub keçdim mətbəx stolunun arxasına. Qəzet sərib, kağız, qələmi düzdüm masanın üstünə. İlin son gecəsinin qərib nəğməsi dolaşırdı ruhumda. Bir dua istədi ruhum, bir ana duası...
Sübhün mübarək üzündən
Ala-toranın gözündən
Salam olsun, Balış ana!
Mənə dua elə, ana duası
Yeni ildə qalam olsun, Balış ana!
Ali məktəbə qəbul olub Bakıya yola düşəndə arxamca su atanım olmamışdı, müəyyən bir səbəbə görə... Bunu görüb Ucadan Uca Allah Özü arxamca su atdı və məni qanadı altına aldı...
– Mənə dua elə, Balış ana! İlin ilk duasını!
– De ki, düşünüb-daşınmağa azad günlər qismətin olsun, yazmağa yerin... olsun!
– De ki, yeni ildə hər şeyin yeni olsun-dərdindən başqa!
– De ki, yeni evin-eşiyin olsun, köhnə maşının yenilənsin, səfərlərə çıxıb gəz-dolan el-obanı, yaz-yarat...
– De ki, çiynində təpər olsun, güc olsun, çiynində Dünya adlı tabut var, – əyməsin çiynini, dik daşıyasan!
Mən Dərdin oğluyam Balış ana, dərdin övladıyam!
Yazmasaydı Yaradan dərdə rəsul
olmaz idim,
Dərd mənə şah, mən ona zərrəcə
qul olmaz idim.

Fəxri, günah evidi dünya,
günah, yoxsa ki, mən
Yuyunub göz yaşında gündə
qüsul almaz idim.
İndiki dünya, tülkülərin, çaqqaların fillərə Meydan oxuyan dünyasıdı, Balış ana! Qabaqlar bir kənddə bir dəlini barmaqla göstərərdilər – indi bir ağıllını göstərib dəlidi, başı xarabdı deyirlər...
Alışdım tək daşımağa,
Çiynimdə yük daşımağa.
Yer yox bir tük daşımağa
Çiynimdə tabut gəzirəm.

Dolaşıram dağı-daşı,
Nə zər, nə yaqut gəzirəm
Düyün-düyün yollarımı
Aça-aça oxuyan, bir
Kökdən düşmüş ud gəzirəm,
Çiynimdə tabut gəzirəm.
Gəzirəm dörd bir tərəfi,
Bilmirəm, yolum haradı
Çəkir məni sirr tərəfi...
Ölümü gördüm deyəsən,
Görəsən olum haradı?

Suyuna dodaq dəyməmiş
Köksünə ayaq dəyməmiş
Sinəsinə ox dəyməmiş
Gözdən uzaq yurd gəzirəm
Çiynimdə tabut gəzirəm.

Dörd yana meydan sulayan
Səsi ruhumu dalayan
Axirət deyib ulayan
Yalqız qalmış Qurd gəzirəm
Çiynimdə tabut gəzirəm.

Balalar çiçək doğulur,
Gül doğulur balalar.
Balalar göyçək doğulur.
... Qul doğulur balalar.
Torpaqdan altun doğulur
Daşlardan yaqut doğulur
Nədənsə, şair doğulan
Çiynində tabut doğulur.

Çox göynətdi ürək məni,
Dərdsiz ürəyə qurd düşər.
Silkələmə fələk, məni
Çiynimdəki tabut düşər!..
– De ki, Uca Allahın səbri şair oğlundan kəm olmasın, səbri vəziri olsun!
İl boyu duan üstümdən əskik olmasın, Balış ana!
Ötən ilin son aylarında Qarabağda dolaşarkən Tərtərə, “Soyuq bulağa” sürdüm maşını.
Murovdan, yeraltı yollarla yol alıb ardımızca arana gələn o sudan doyunca içdim, xışmalayıb ovuc-ovuc üz-gözümə vurdum, bir qab da doldurub özümlə Bakıya gətirdim. İndi, o “Soyuq bulağın” suyundan içib, yazıram...
Qarabağdan Kəlbəcərə uzanan yollar düşür yadıma; – gümüşü kəmər kimi dağların belinə dolanan yollar, qıvrıla-qıvrıla uzanan yollar...
Kəlbəcərin el-obaları, dağları, yaylaqları, çayları, bulaqları, kənd-kəsəkləri düşür yadıma, Balış ana!
Meşələrdəki o cır alma-armudun, cır əzgilin dadı-tamı tamam başqaymış...
İndi, xaricdən gətirilmiş, göz aldadan mer-meyvənin bir damla tamı varmı ki?
Çaylardan yox, bulaqlardan su içərdi el-oba. İndi artezian suyunu şüşələrə doldurub üstünə də bulaq şəkli yapışdırırlar...
İndi görürük ki, o dağların, dərələrin, qayaların, gül-çiçəyin, bulaqların insan tərbiyəsində – saflığında, mənəviyyatında, əxlaqında, sevgisində nə kimi böyük rolu olub...
O yerlərdə təbiət çır, vəhşi olsa da insanları kamil, saf, təmiz, mənəvi-əxlaqi dəyərləri yaşadanlar olublar.
Şəhərdə hər şey, “dəymiş” olsa da, insanları çır, çürük, dəyərlərdən kənarda olublar. Aydınca görünür! İndi təbiətə ana kimi yox – kommersiya gözüylə, çalıb-çapıb, qırıb-doğrayıb satmaq, qazanc mənbəyi kimi baxırlar. O illər hamı şəhərlərdən dağ kəndlərinə havasını, suyunu dəyişməyə gedərdilər. Saflaşıb, sağlamlaşıb şəhərə dönərdilər, bulaşıq şəhərlərə...
Bu məktubu yazmağımın bir səbəbi də tanış dildən eşitdiyim əhvalat oldu; – Şəlvə dərəsindən, Laçından yola düşüb dağları aşa-aşa, dərələri, sıldırımları keçə-keçə çatdıq Zülfüqarlı kəndinə. Ermənilər hər yandan yolları bağlamışdılar deyə, ara yollarla gəlirdik. Uzun yol gəldiyimiz üçün bərk yorğunuyduq, dincəlmək üçün bir evə düşdük; – Əvəz Şükürovun evidi, dedi, bələdçimiz, eldə, obada, sayma-seçmə adamlardan biridi Əvəz kişi, el-obada onu tanımayan az adam tapılar, dedi.
Qapını açmağa çətinlik çəkdik, çiynimizi verib güclə, bir təhər araladıq qapını. Döşəmədən tavana qədər üst-üstə qalanmış, cərgəylə yığılmış kilim, xalça, yorğan-döşək...
Şkaflar pal-paltarlarla, təzə kostyumlarla doluydu. Mətbəxdə mis qazanlar, səhənglər, qab-qacaq...
Evdə heç nəyə əl dəyilməmişdi, ağzınacan dolu ev-eşik sahibsiz qalmışdı. Özləriylə bir çöp belə aparmamışdılar. Kəndi tərk edəndə, bu işə məətəl qalmışdıq”...
Üstündən illər ötür. Bəlkə elə yenə yerli-yerindədi hər şey, kim bilir?..
Yaz gəlir, hər yeni yaz gələndə o həyətdə alma, alça, ərik, armud ağacları çiçək açır; bar gətirir... amma o meyvələri dərən bir kimsə yox...
Bəlkə də cırlaşıb o ağaclar, əl dəyməyir, isti nəfəs dəyməyir deyə.
Balış ana, Balış ana,
Ayrılığın acısına, nisgilinə
Alış ana, alış ana...
Balış ana, Balış ana.
Bir yol dillən,
danış, ana!

O yerlərdən, o illərdən
nələr qaldı yadında!
Nağılla nəvələrinə
Kəlbəcərdə bir kənd vardı
Zülfüqarlı adında:

– Dağları varlı dağlardı
Dumanlı, qarlı dağlardı.
Yamacları çəmən, çiçək
Sinələri bulaqlardı
Dağlarına dağ çatmazdı...
Bağlarına bağ çatmazdı...
Balış ana, Balış ana.
Nələr qaldı yadında?
Şahlarının, Malikinin, Adilinin
Yüyrüyümü, beşiyimi?

Əvəzin qazandığı
Üst-üstə qaladığı
Güllü-güllü kilimlər,
Naxış-naxış xalçalar
Var-dolu ev-eşiyimi?
Nələr qaldı yadında?
At üstünə sıçrayıb
Yolları qamçılayan
Ərköyün, xan Əvəzimi?
Bu ayrılıq, bu nisgil
De, sevginə əvəzmi?
lll
Balış ana, Balış ana
Dağ ver dağa söykənim!
Bir bulağa tut adımı,
Saf bulağa söykənim!
Bulaqları dup-duru
Çayları göm-göy sular.
Arxam olsun qoy, sular!
lll
Balış ana, Balış ana
Rəngbərəng çiçəklərdə
Xallı-xallı kəpənəklər...
Yamacların göy köynəyi
Yaşıl-yaşıl biçənəklər
Zəmilərdə dərz bağlayan
Qızların üzü gülərdi.
Al yanaqlı subay qızlar
Bulaqda güzgülənərdi...
Bulağın gözü gülərdi.
Sütül-sütül oğlanlar
Sevgiyə, hünərə bələnərdi...
Hər səhər samavara od salanda, rayona uzanan yollara dikilərdi gözlərin – Şahlarının, Adilinin, Malikinin, qızlarının yolunu gözləyərdin... Qənşərdəki dağların yamaclarında gül-gülü çağırardı, çiçək çiçəyi. Döşdə lalələr dizə çıxardı. Qızlar çayda xalça, kilim yuyar, kənardakı çay daşlarının, ya çəmənin üstünə sərib qurudardılar. Çoxları isti yay günlərində həyət-bacada yox, çay kənarında şaldan, parçadan “gözdən qorunma” düzəldib, suya düşərdilər. O, səyyar hamamın ləzzətini, təmizliyini hansı müasir, dəbdəbəli hamamlarda tapmaq olar? O ləzzəti heç nə verməz... Mis qazanlarda bişən xörəklərin, qırxbuğum, yarpız dovğasının dadı, tamı o yerlərdə qaldı... Kəklikotu çayının ətri dağlara qaldı.
Balış ana, xatirələr əlindən tutub gündə neçə yol səni Zülfüqarlıya aparar, xatirələr də yol-yoldaşın olar. Yaraşıqlı ev-eşiyin, bağ-bağatlı həyət-bacan, mal-qara, toyuq-cücə, arı pətəkləri...
Qaymaq kimi dağ havası... Çətindi, Balış ana, çox çətindi sənin üçün.
İlin son gecəsi, yeni ilin ilk saatları, dağlarla, Şahlarla, səninlə baş-başa qaldım, Balış ana!
Geyərsən çəməni güllü don kimi,
Qızarar lalələr döşdə dan kimi...
Şahların qəbrini medalyon kimi,
Əyil, qoy sinənə taxım, a dağlar!
Şahlar demiş, elə məktubumu Şahlara yazdığım şeirlə də bitirmək istəyirəm;
– Diqqəti öz başdaşındaydı. Bu daş ona çox tanış gəlirdi, hardasa görmüşdü, hardasa rastlaşmışdı o daşla... daşın içindəki qan ləkələri sataşdı gözlərinə. Və birdən yadına düşdü ki;
– Götürüb bir kənara
atardın uzaqbaşı...
uşaq vaxtı
ayağına dəyən daşı.
Ayağın qanayardı
qanınla sınağa çəkib
o daş səni sınayardı
Kiriməzdin,
Təkbaşına ağlayardın.
Ağlayardın onda qardaş
başdaşına ağlayardın...
sən böyüdükcə böyüyərdi
ayağına dəyən daş,
anan lənət deyən daş...
lll
Ayağına dəyən daşı
Qarğıma, süzmə acıqla
Hamı namərd deyən daşı
Öpüb-öpüb qucaqla
O, sənin başdaşındı.
lll
Gün gələcək –
o daşı yad edəcək
Qəbrini ziyarət edib
Hamı çıxıb gedəcək.
Səninlə gecə-gündüz
Bircə o daş qalacaq,
Sənə yoldaş qalacaq
Səninlə o daş qalacaq
yayı, qışı.
Həmən daş ovunduracaq
Bacı, qardaş, yar-yoldaşı
Atan Əvəz, anan Balışı...
Üstünə gül səpəcək,
Hamı, Hamı
Həmən daşı öpəcək,
Ayağına dəyən daşı...
lll
Aylar, illər ötüşdükcə
Yollar unudulacaq.
Cığırları ot basacaq
gediş-gəliş
bir az çətin olacaq...
Bircə o daş
həmsöhbətin olacaq
İldə bir yol
Ruhun uçub
Həmən daşa qonacaq
Yaşadığın qısa ömrü
Qısa anda anacaq.
lll
Balış ana, Balış ana
Ayrılığın acısına, nisgilinə
Alış ana, alış ana...

Balış ana, Balış ana
Dağ ver, dağa söykənim!
Bir bulağa tut adımı
Saf bulağa söykənim...
31 dekabr 2011
1 yanvar – 2012

Zakir FƏXRİ



Bu yazı ( 245 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar