12px14px16px18px

Nə yaxşı ki...

Zakir FƏXRİ
12:51 / 05.05.2012
Hər şey bir göz qırpımında dəyişir. Elmin, texnikanın kosmik sürətlə inkişafı insanları ağuşuna alıb öz ardınca aparmağında, getdiyimiz mənzil belə bəlli deyil... Görəsən biz hara gedirik?
Köhnə dəyərlər, insani münasibətlər damla-damla əriyib yox olmaqdadı. Bunları duymaq, anlamaq köhnə və yeni zaman kəsiyində yaşamış adamlara daha aydın görünür. Uşaq baxçasından dönən körpələr evə girər-girməz cumurlar kompyüterin üstünə... Bu gedişlə ibtidai məktəblərdə nəinki dərslik kitablarına, heç dəftərə, qələmə də ehtiyac qalmayacaq. Biri-biri ilə yox, oyuncaq robotlarla, kompyüterlərlə ünsiyyət quran uşaqların sonu necə olacaq? El misalıdı, – “Dostunu göstər, xasiyyətini deyim”. Dostu robot, kompyüter olanların xasiyyətini, xislətini kimlər və nələr təyin edəcək? Qələmlərdən süzülən sevgi məktubları, kitablardan su içdiyin romantikanı, acı-ağrını, sevinci, hiss və duyğuları elektron kitablar əvəzləyə biləcəkmi?
Tovuza yola çıxanda sübh tezdən idi.
Şəmkirə çatanda maşını yolun kənarına verib saxladım.
Hansı yolla gedək?– Umud Rəhimoğludan soruşdum.
Əbdül bilər, – deyə cavab verdi.
Gədəbəyə qalxası olduq, öyrəndik ki, Tovuzun Ağbaşlar kəndinə burdan daha rahat getmək olar. Tovuzun özündən kəndə aparan yol dağılıb, dedilər. Çox narahat yoldu. Qonşumuz, həm də yaxın dostumuz, Məşədi müəllimin anası rəhmətə getmişdi, hüzür yerinə gedirdik.
Yol boyu elə hey Məşədidən söz açdıq.
– Məşədi çox dəyərli adamdı...
–Məşədi çox sədaqətli dostdu...
– Məşədi çox qanacaqlı, mərifətli kişidi...
– Məşədini görməyəndə adam darıxır.
– Məşədisiz məclis bir qəpiyə belə dəyməz, əsl məclis adamıdı...
Bircə gün Məşədini görməyəndə – balam, bu Məşədi çoxdandı görünmür, görəsən nə baş verib, deyə, hamı biri-birinə sual verir. Musa Yaqubu görər-görməz, – bu Məşədi hara yoxa çıxıb yenə, cəmiyyəti yiyəsiz qoyub – deyə dillənər.
Gədəbəyin bir neçə kəndini keçib sağa, geriyə burulduq. Bu yol Ağbaşlara, oradan da Tovuza aparır, dedilər.
Axır ki, gəlib çatdıq, düz yeddi saat yol gəlmişdik. “Cipin” kilometrajına baxıram.
Bakıdan bura 538 km-dir. Dayanmadan sürmüşəm və bir az oturub, Bakıya qayıtmalıyıq. Qarşı-qarşıya dayanmış möhtəşəm dağların qoynunda, çay kənarında yerləşən kənd olduqca gözəl, füsunkar bir vadidə yerləşir. Çayın o tayı da, bu tayı da bağ-bağça, kiçik bostan yerləridi. Üzbəüz, qənşərdəki dağlar böyürtkən, qarağat kollarıyla örtülüdü, zirvəyə doğru sıldırım qayalardı...
Laçının, Kəlbəcərin say kənarlarında yerləşən kəndlərinə qəribə bir bənzəri var. Havası da, suyu da oxşardı. Axar çayın şırıltısı adamda nostalji hisslər oyadır, elə bir Həkərinin, Tər tərin səsi gəlir sulardan.
Yas mağarında hamı başımıza yığılır, siz Allah nə zəhmətdi çəkmisiz, Bakıdan bu boyda yolu maşınla gəlmək haldan salır, yorur adamı, deyər Əli müəllim dillənir. O da tanınmış inşaatçılardandı, Bakı meriyasında inşaat işlərində çalışır, Məşədinin qardaşıdı.
– Deyirəm axı, bu xislət, bu yeyib-içmək səndə hardandı, ay Məşədi, belə yerdə doğulan adam bu cür də olmalıdı – deyə Umud Rəhimoğlu söz atıb hamının eynini açır... Üzlərdəki qüssə təbəssümlə əvəzlənir, hamı gülümsəyir.
Bu gün Məşədinin, 60 yaşı tamam olur. Yəqin ki, bizlərdən öncə övladları, nəvələri ilk təbriklərini ürək dolusu arzularını söyləyib.
Azərbaycanda, inşaatda çalışan adam belə tapılmaz ki, Məşədini tanımasın, onu hörmətlə, izzətlə yad etməsin. Tələbə dostum, inşaatçı İlham söz düşəndə – qardaşı Əli Məşədidən də yaxşı oğlandı deyir, hər ikisi də dəyərlidi biri-birindən.
Görməyəndə darıxdığımız, görəndə sevindiyimiz bəy qardaşımızı, əziz dostumuzu ürəkdən təbrik edirik. Qoy Uca Tanrı həmişə himayədarın olsun! deyirik.
Nə yaxşı ki, sənin kimi kişilər var, hələ ki, bu yer üzündə. Hələ ki, bu yer üzü sənin kimi kişilərlə işıqlıdı.

Dəyərli, işıqlı adamlar ayrı-ayrılıqda
Bir Vətəndi, bir ovuc
Vətən torpağıdıbarlı, bərəkətli...
Dostumuz Musa Yaqub gözəl deyib,

... Bəlkə də borcundan çıxmadım Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın!
Zakir FƏXRİ



Bu yazı ( 250 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar