12px14px16px18px

Bir xatirənin xətrinə...

Novruz NƏCƏFOĞLU
10:50 / 20.04.2012
 
(Hekayə)
 
Gecə keçir, Nəcəf gedib yatmaq istəmirdi. Atasının, anasının “yatmaq vaxtıdır” him-cimini də tez araya söz salıb məndən nəyi isə soruşmaq bəhanəsiylə özünü görməməzliyə, qulaq ardına vururdu. Valideynlərinin nəvəmin gecəni mənimlə səhər edəcəyindən nigaran olduqlarını sezib:
– Nəcəf, bəlkə gedib yatasan, – dedim.
O da səsinə azacıq giley qatıb:
– Ee, baba, tətildi də. Sabah dərsim yoxdu ki, tezdən oyanam. Sən yatanda mən də gedib yatacam, – deyib bir gözü televizorda, biri də məndə yerini bir az da rahatladı.
Qalxıb yataq otağına keçməkdən başqa çarəm qalmadı. Çar-naçar yerimdən qalxdım. – Yatmağa gedirəm, – dedim.
Nəcəfin ürəyincə olmasa da, o da yerindən durdu, ardımca gələ-gələ qılıqlı və ikimizin eşidəcəyi bir səslə:
– Baba, səhər məni gözləyərsən ha, çünki – bir az da səsini uzadıb kəsik-kəsik: – Axı, tə-til-dir, – dedi. Elə pillələri qalxa-qalxa düşündüm ki, mənim də bir neçə gün vaxtım var, uşağı da götürüb gedim kəndə. 
İndi uzaqlarda qalmış, qəriblik çəkən həyətimizə nəvəmlə baxıb onun yaşında olduğum zamanların dadını-duzunu, ləzzətini xatırlaya-xatırlaya təkrar yaşamaq, həmin çağların acılı-şirinli xatirələrini ona da danışmaqdan ötrü uşağı o yerlərə götürməkçün neçə müddətdi ki, beləcə düşünür, haldan-dildən gedirdim. 
...Nəvələrimin yaşca böyükləri uşaqlıq illərimin xatirə kövşənlərində, bulaqlarında, qayalarında, insanlarının simasında ilişib qalan Zövnədə – yamacların sinəsində bardaş qurub əsrləri yola salan qədim yurd yerində bir neçə dəfə olublar. Nəcəfi də dörd yaşı olanda özümlə kəndimizə aparmışam və həmişə də ürəyimdən keçib ki, imkan, fürsət düşdükcə uşaqlarla birlikdə mənimçün çox doğma olan o yerlərə tez-tez güzar salım.
Ayaq saxlayıb balaca Nəcəfə: – Kəndimizə getmək istəyirəm, istəyirsənsə mənə qoşul, birlikdə gedək, – deyə onun da fikrini öyrənmək istədim.
O da, zənnimcə ,özünü bilməməzliyə qoyub, sözə uzaqdan başladı:
– Baba, hansı kəndə gedirsən?
– Dedim axı, öz kəndimə, atamın, babamın yurd yerinə, əlbəttə, öz doğulduğum kəndə, – deyə mən də belə cavab verdim.
Nəcəf bu dəfə:
– Həə, bildim, – deyə yenə sözü uzatdı: – Nahidin ayağına tikan batan kəndi deyirsən?.. Sonra da üz-gözünə ciddi bir görkəm verib çoxbilmişcəsinə:
– Yox, baba, ora getmək olmaz, – dedi. Mən hələ “nə üçün” sualını verməmiş: – Çünki orada Nahidin ayağına tikan batıb, – deyə dolayısı ilə məndə heç bir ümid yeri saxlamadan istəyimi qəti rədd elədi.
Pərt olmuşdum. Ancaq daha: “Kənddə kolun-kosun içində nazik səndəllə gəzəndə adamın ayağına tikan da batar, dabanını ilan, çayan da sancar”, – demədim. Dönüb uşağa onu da deyə bilmədim ki, “bir tikan ağrısı nədi ki, yurd istəyinə üstün gələ”...
lll
Nəcəf vur-tut bircə dəfə, dörd il əvvəl mənimlə kəndə gedib və o vaxt ondan beş yaş böyük qardaşım oğlu Nahid də bizimlə olub. Mən həyət-bacamızın ətrafını, elə nəvələrimin indiki yaşında olduğum vaxtlarda yıxıla-yıxıla, dura-dura gəzib yürüdüyüm cığırları yenidən aram-aram, addım-addım gəzib dolaşarkən son dərəcə sakit və təmkinli olan Nahid və yaşından böyük danışıb hər gördüyündə bir “qulp” axtaran Nəcəf də gəlib mənə qoşulmuşdular.
İndi kimsəsizləşmiş, bir vaxtlar gur-gur guruldayan qədim həyətin havasına isti nəfəsini qatan yeganə canlıların yaşadığı arıxanaya, düzülüşünün pərakəndəliyindən naşı əllərin öhdəsində qaldığı hiss olunan arı pətəklərinə yaxınlaşıb bəstəkarı da, ifaçısı da elə özləri olduğu qeyri-adi musiqilərinin sədaları altında onların nizamlı, qaynar həyatını seyr etməyə başladım. Gəlib arıxananın kənarında dayanan, mənim durduğum yerə, arıların arasına yaxınlaşmağa hələ ki cürət eləməyən uşaqlar bir ağızdan:
– Baba, qorxmursan, axı arılar sancarlar səni...
– Yox, qorxmuram, sancmazlar da. Axı indi onlar bu həyətin burada yaşayan yeganə canlılarıdır. Deməli, ev sahibidirlər. Biz isə qonağıq. Arılar zəhmətkeş olduqları qədər də ağıllıdırlar. Yaxşı davransaq, nizamlarını pozmasaq qonaqpərvərlik edəcəklər. Siz də qorxmayın, irəli gəlin. Sakit dayanıb əl-qolunuzu yelləmədən baxsanız, dəyib toxunmazlar...
Uşaqları bir qədər də həvəsləndirmək istədim. Min bir çiçəkdən toplayıb gətirdikləri bəhrələrini boşaltmaq üçün ləngərlə pətəyin qarşısındakı kiçik taxta meydançaya eniş edən, pətəyin dar bacasından çıxıb sürətlə havaya qalxan arıları onlara göstərib:
– Gəlin bir bunların uçuşlarına baxın! Sərvaxt olub uçuş zolağına girməsəniz, nə qədər istəsəniz arın-arxayın seyr edə bilərsiniz. Vay o adamın halına ki, arıların uçuş bacalarının önünə keçib enib qalxmalarına əngəl olsun. Onda arılar öz aralarında bir-birinə təhlükəli vəziyyət barədə həyəcan siqnalı verirlər. Ayıq-sayıq keşikçilər də tökülür, nə tökülür! Neştərlərini çıxarıb hücuma keçirlər. Hamısı da öz ölümünə döyüşür, tarmara gedirlər.
Nəcəf özünü gah bir addım irəli, gah da bir addım geriyə verib soruşdu:
– Baba, necə yəni öz ölümlərinə döyüşürlər?.
 – Hə, oğlum, arının silahı, “iynəsi”, “neştəri” arxa nahiyəsində, lap ucda, daxili orqanlarına bitişik vəziyyətdə yerləşir. Onlar zəhərli zərdabı sancdıqları yerə boşaltdıqdan sonra xortumlarını oradan çəkib çıxara bilmir, neştərləri üzülüb sancdıqları yerdə qalır, özləri də kənara düşüb ölürlər.
Dönüb uşaqlara baxdım. Gərgin bir halda olduqları üz-gözlərindən oxunurdu. Hiss elədim ki, arıların belə “ölümləri” onları heç açmayıb. İrəli gəlmək əvəzinə addım-addım geriyə sürüşür, arıxanadan uzaqlaşmaq istəyirdilər...
Mən də arıxanadan çıxıb bağ tərəfə səmt götürdüm, uşaqlar da ardımca döndülər.
Gəzintimizi yenə birgə davam etdirirdik. Yeridikcə qabağımıza çıxan, yanından ötüb-keçdiyimiz, neçə-neçə qışın şaxtasına, yayın qızmar istisinə, payızın germicinə duruş gətirərək dözüb-yaşayan, dözməyib yarı-yarımçıq, ya da tamam quruyan ağaclar, kollar haqqında uşaqlara yaddaşımdakı xatirələrdən danışırdım:
– Bax, bu ağacın meyvəsi erkən yetişirdi, dadı da meyxoş olurdu. Bu armudu atam arandan gətirmişdi, dağ şəraitinə tez uyğunlaşdı, yaxşı da məhsul verirdi.
Bu heyva atamın dostu Fərman əminin bağından gəlib, Vistənd bu gavalının şivlərini isə Əngövüldən, Qızaman xalamgilin bağından özüm gətirib əkmişəm.
Mən ağacları bir-bir nişan verməkdə davam etdikcə sözlərimə şirin bir nağıl eşidirmişlər kimi heyran-heyran qulaq asan uşaqlar özləri də arabir suallar verirdilər.
Nahid:
– Baba, bəs bu qoz ağacları nə vaxt əkilib, onları da sən əkmisən?
Uşağın sualına cavab verib:
– Hə, Nahid, aralarında mənim əkdiklərim də var, – demişdim. – Bax, o aşağıdakı, qonşu ilə çəpərimizin arasındakı nuvasa bitişik iki cavan ağacı görürsən? Onları Mərzuvardan mən gətirib əkmişəm.
Nəcəf tez sözə qarışmışdı:
– Baba, Mərzuvar haradı?
– Mərzuvar yer adıdı, Nəcəf! Vərgədüz kəndi ilə üzbəüz Güneybasarda Gerçoni meşəsinin ortasında geniş talalar var idi, oralara Mərzuvar deyilirdi. Bax, o talalarda meşəçilər çoxlu qoz tingləri əkmişdilər. “İşgüzar” meşəçilərdən, görünür, işləyib yorğun düşənləri bir xeyli tingi əkməyib göyəm kollarının arasına tullayıb getmişdilər. Bibim oğlu Mirzağa ilə meşəyə təndirdə yandırmaq üçün çırpı yığmağa getmişdik. Atılmış tingləri onda gördük. Hərəmiz bir qucaq yığıb ulağa çatdığımız çırpı yükünün üstünə qoyub gətirmişdik. 
Əlimlə geniş peşkərin indi də heç bir ağac olmayan açıq hissəsini göstərib:
– Bax, oraların hamısını əkib, şüm-şümal qoz tingləri ilə doldurmuşdum. Atam xəbər tutanda bir neçəsini, göz qabağında olanlarını çıxarıb atdı ki, söz-söhbət çıxar, həyətə gəlib-gedən belə zənn edib düşünər ki, qoz tinglərini meşədən icazəsiz, özbaşına çıxarıb həyətimizdə gətirib əkmişik, daha doğrusu, yəni onları “əkişdirmişik”. Mən and-aman edib qoz tinglərini kol-kosun içindən tapdığımızı, atılmış tingləri götürüb gətirməklə heç bir qəbahətli iş görmədiyimizi desəm də, faydası olmamışdı. Atam eləcə hökmlə: – Bizə belə şey heç yaraşmaz, – demişdi.
Bir qismini də o vaxt anam: “Qoz ağacı əkənin ömrü az olur, meyvəsini yeyə bilmir”, – deyə çıxarıb atmışdı. Anama yalvar-yaxar edib tingləri çıxarıb atmasına əngəl olmaq istəmiş, özlüyümdə hələ bir tutarlı-sübutlu dəlil də gətirib demişdim:
– Ay ana, bəs o ağacları kim əkib, sən əkməmisən? Şükür Allaha, hələ də sağ-salamatsan ki...
Anamsa məni dilə tutub:
– Ay oğul, sən başqa, mən başqa, – demişdi. Sonra da məni inadımdan döndərmək üçün bəlkə də özündən uydurub: “Qadınlar hələm-hələm ölmürlər, canları bərk olur”, – desə də sözlərinə inanmamışdım. Yalvarıb-yaxarmışdım ki, nə olar, qoy ölüm, ancaq dəymə ağaclarıma!..
Bax, indi gördüyünüz o iki ağacı da anamı dilə tutub çıxarıb atmağa qoymamışdım. Hərəsi bir kölgələnəcək olan, artıq bar verən ağacları bir də uşaqlara göstərib:
– Övladının ölümünü yaxına qoymayan rəhmdil anam ağlamağıma da dözməyib ağacları çıxarıb atmamışdı. Bu iki qoz tinginin də həyatı beləcə xilas olmuşdu. İndi gör nə boydadırlar. Anamın illər əvvəl əkdiyi ağacları da üstələyiblər. Baxın, budaqları da meyvə ilə doludu. Payızda yolumuz düşsə, yığarıq...
Qoz ağaclarının üstündə niyə belə əsim-əsim əsdiyimlə bağlı uşaqlara eşitdiyim bir rəvayət də danışmışdım:
– Deyirlər, bir yaşlı kişi qoz ağacı əkirmiş. Yoldan vəziri ilə ötüb keçən şah qoz ağacı əkən kişidən xəbər alır:
– Dünyaya o qədər ümidin varmı ki, əkdiyin bu ağacın bəhrəsini görəsən, barından yeyəsən?
Kişi də cavab verib deyir:
– Əkiblər yemişik, əkirəm yeyəcəklər.
Söz şahın xoşuna gəlir. Vəzirinə əmr edir ki, çıxarıb bu kişiyə hədiyyə versin. Əmrə müntəzir dayanan vəzir də padşah deyən qaydada ağac əkən kişiyə bir kisə pul verir.
Kişi yenə üzünü şaha tərəf tutub mənalı-mənalı qayıdıb deyir ki, şah sağ olsun, artıq mən bu ağacın barını yedim...
İndi mən də ağaclara baxıb:
– Hə, uşaqlar gördüyünüz kimi, mən də bu ağacların meyvəsindən yedim.
Uşaqlar yenə bir ağızdan soruşdular:
– Axı qoz ağaclarının meyvəsi hələ yetişməyib, necə yedin?
Əllərimi uşaqların çiyninə qoyub:
– Yedim, əzizlərim! Onları necə əkdiyimi danışıb sizə sevdirməklə meyvəsini də yedim... – dedim.
...Nəcəf bir vaxtlar mənim taparaq gətirib həyətimizdə əkdiyim qoz tinglərinin “şəkindən” düşəndən sonra indi də bibim oğlunun “payına” düşənlərin “taleyi” ilə maraqlanıb xəbər almışdı:
– Baba, səninlə qoz tingləri tapan bir oğlan deyirdin ee, onun adı nəydi?
– Mirzağa. Necə bəyəm?
– Bəs gətirdiyi ağacları o neynədi, qoz tinglərini əkdimi?
Bayaqdan bəri danışdıqlarıma bir “qulp” tapıb qoymağa hazır olan oğlana elə o sayağı cavab verib olduğu kimi də:
– Nəcəf, atam mənim tapıb gətirdiyim tinglərin göz qabağında olanlarını, nəzərə çarpanlarını əkdiyim yerdən çıxarıb tulladı, – dedim. Sözünü deyib, heç ardınca da baxmadan çıxıb getdi. Bibim oğlunun atası isə axşam tərəfi işdən-gücdən evə dönəndə həyətlərində əkilmiş qoz tinglərini görüb oğlundan:
– Bunlar nədi, hardandı, bu ağaclar burda nə gəzir?, – deyə xəbər almışdı.
Bibimoğlu Mirzağa da məsələni olduğu kimi necə olmuşdusa eləcə açıb danışmışdı.
Oğlunun dedikləri atasını qane eləməmişdi. Atası: – Bu tinglərin burada, həyətimizdə əkildiyini görüb bilən varmı? – deyə narahat-nigaran soruşmuşdu. Bibimoğlu da cavabında: – Yox, kimsə görməyib, bilən də yoxdu, – demişdi.
Əkilmiş ağaclardan hələlik kimsənin xəbərdar olmadığına görə Allaha şükür edib dərindən nəfəs alan kişi azacıq toxdamış, sonra da tez-tələsik oğlunun gətirib həyətlərində əkdiyi tingləri yerindən çıxarmışdı. Qonum-qonşu, yoldan ötüb-keçən görüb bilməsin deyə kisəyə doldurub gecəykən aparıb evlərindən xeyli aralı, Ləpəkin dibi deyilən yerin aşağısından axıb keçən gen dərəyə tullamışdı ki, su yuyub aparsın, izi-tozu da qalmasın.
Əlimlə kəndin aşağı başında, təpənin üstündəki, ətrafı əl içi kimi aydın görünən tək evi göstərib:
– Baxın, o bibimgilin evidi, – dedim. Həyətlərində bircə dənə də olsun qoz ağacı yoxdu... 
Gözucu onlara nəzər saldım. Uşaqlar altdan-altdan qoz ağaclarına baxırdılar... Mənsə yoluma davam edirdim. Bir az da irəli yeriyib: – Bax, bu palıdı da anam qoruyub saxladı, kəsib atmağa qoymadı. Nap-nazik bir çubuq idi. Başımı qaldırıb ağacın təpəsini uşaqlara göstərərək: – Görürsünüz? İndi göylərlə qucaqlaşır, – deyə fərəhlə dillənmişdim. 
***
Həyətin aşağı tərəfindəki su oyuğunu adlayıb keçəndə yenə xatirələrim çözələndi:
– Bu arxdan keçəndə heç bilirsiniz neçə dəfə yıxılmışam?!
Uşaqlar dillənmədi. – Çox, lap çox, – deyə özüm ucadan dedim. 
Gəlib köhnə evimizin arxasına yetişmişdik. Quru budaqları sınıb tökülmüş, yerlə bir olan gavalı və alça ağaclarının arası ilə gəzişərkən Nahidin birdən-birə qurcuxduğunu, ayağını narahat halda tərpətdiyini hiss elədim.
– Nə oldu, Nahid, deyəsən, dabanına tikan batdı, hə? – soruşdum. Aşağı əyilib uşağın ayağına baxmaq, yoxlamaq istədim. Sakitliyi, həssaslığı qədər də dözümlü olan Nahid:
– Yox, baba, heç nə olmayıb, ayağıma tikan-zad batmayıb, – deyib əvvəlki inamla gəzintisinə davam elədi.
Ayağına tikan batan uşaq yəqin ki, ufuldayıb sızıldardı! Öz düşüncələrimdən sonra mən də sakitləşib beləcə arxayın oldum... Evə döndük.
Lap sonralar bildim ki, sən demə, o gəzintimiz zamanı, elə o kolların arasında həmin məqamda Nahidin ayağına iri bir alça poskulu – iri tikan batıbmış. Uşaq şövqlə danışdığım şirin xatirələrimlə bağlı “nağılıma” xələl gətirməmək, yarımçıq kəsib korlamamaq naminə ayağına tikan batdığını üzə vurmayıbmış... Sonralarsa əziyyətini çəkib. Həmin tikan iki-üç aya dava-dərmanın, məlhəmlərin köməyi ilə sürüb üzə çıxdı. Dözümünə, fədakarlığına, həssaslığına görə Nahid sağ olsun. Ancaq özünü belə təhlükəyə atmağa dəyərdimi? Bəlkə də dəyərdi, hər halda bunu Nahid özü bilir...
Nahidin ayağına batan tikan Nəcəfin indi o yerlərə getmək istəməməsinə bir bəhanə olduğu kimi, kim bilir, uşaqlığının baba ocağındakı bir tikan ağrısı Nahid üçünsə bir yurd sevgisi də ola bilər!..
lll
Beləcə, bol vaxtımız olsa da, kəndə getmək istəyimdən hələlik vaz keçəsi oldum. Daha təkid etmək istəmədim.
Pərtliyimi hiss edən Nəcəf də ustalıqla qılığa girib onu aradan götürdü. Böyrümə sığınıb şirin-şirin üzümə güldü:
– Gedərik e, baba, əlbəttə, gedərik. Qoy bir yay gəlsin, dərslər də qurtarsın, gedərik!..
Nəcəf kəndə getsə də, getməsə də canı sağ olsun. Nə olar, o getməz Bəhruz gedər. İndilik hələ ki, məni bu qədər dindirib danışdırdı!..
Bir xatirəmi də yada saldı...
28 mart, 2012.
Şabran
Novruz NƏCƏFOĞLU




Bu yazı ( 141 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar