12px14px16px18px

Yaddaşımdakı əziz adam...

Novruz NƏCƏFOĞLU
00:16 / 09.04.2011
 
Esse – xatirə
Bu Esse-xatirənin sonunda yazılarımdan birində illər əvvəl qələmə aldığım bir ifadə işlətmişəm: “...Ruhunun şirəsini bu dağlardan alan, bu ulu torpağın bir övladı ... vaxt ayırıb bu diyarın ... fədakar insanları haqda kitab yazsa... “?
Çox şadam ki, öz sanballı ədəbi-publisistik əsərlərində doğma diyarımızın ləyaqətli şəxsiyyətlərinin həyat və fəaliyyətinə əbədi yaşam taleyi verən məslək dostum, işıqlı fikir adamı, yazıçı-publisist, əməkdar jurnalist Həmzə Vəliməmmədov bu sıraya daha bir töhfə əlavə edir. Bu regionun sanballı kişilərindən, ağsaqqallarından biri haqqında daha bir layiqli nümunəni ortaya qoyur.
Sağ olun Həmzə müəllim!
N.N
lll
Xatirə yazmaq keçmişə, ömrün-günün ötənlərinə qayıtmaq deməkdir. O ötən günlər, illər isə həmişə adamda kövrək bir nisgil, qəm, xiffət oyadır... Tanıdığın, bir vaxt oturub-durduğun, ünsiyyətdə olduğun, ancaq indi dünyadan köç edib öz haqq dünyasına qovuşan, ancaq yoxluğuna hələ də inanmadığın və yəqin ki, inanmayacağın da əziz bir insan haqqında danışmaq, söz açmaq isə daha ağırdır. Sanki, sən qələmə aldığın xatirələrlə onun yoxluğunu təsdiq etmiş olursan...
Ona görə də öz dünyasını dəyişmiş, ancaq hələ də indiyəcən buna inanmadığım, bir vaxt “əmi” dediyim Həmzə müəllim haqqında mən indi xatirə yazmıram, sadəcə olaraq onunla bağlı söz açmaq istəyirəm...
Ramiz Rövşənin misralarıdır:
Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?
Qalanların yaddaşında,
Gedənlərin əzizdimi?..
Dünyadan gedən Həmzə əmi də, heç şübhəsiz, qalanların, onu tanıyanların yaddaşında əziz adamlardan biridir...
Yüz ildən də çox bundan qabaq hind alimlərindən biri olan Silf belə deyibmiş ki, torpaq bizim deyil, biz torpağınıq...
Ayağı yer, əli iş tutandan torpağı özünə güvənc, arxa-dayaq bilən bu ağır-urvatlı kişi də indi neçə illərdi ki, doğma və isti torpağa baş qoyub öz haqq dünyasında rahatca yaşayır...
Belə bir el hikməti var. Darısqal daxmasında halal ruzisi ilə dolanan bir qoca varmış. Bir gün şər qarışan vaxtda qapısı döyülür ki, Allah qonağıyıq, ay ev yiyəsi! Qoca da gedib qapını açır. Görür eşikdə üç nəfər nabələd adam durub. İndi bunlara nə desin, nə təhər içəri dəvət etsin? Qoca öz çək-çevirində olur ki, qonaqlardan biri qayıdır: – Bəs, ay əmi, biz üç qardaşıq! Xəbər alsan mənim adım Hörmətdi, ortancıl qardaşımız Dövlətdi, kiçik qardaşımızın adı isə Şöhrətdi. Vəziyyətini ki, belə gördük, heç olmasa birimizə yer elə!
Qoca da qayıdıb deyir ki, Hörmət buyursun içəri! Sözün ağzından çıxmağı ilə qonaqların hər üçü qabağa yeriyir. Qocanın çaşıb qaldığını görən qonaqlar qayıdırlar ki, ağsaqqal, Hörmətin mərtəbəsini uca tutmaqla elə hər üçümüzə bir gözlə baxdın, nədən ki, Hörmət olan yerdə Şöhrət də olar, Dövlət də.
Həmzə əmi də belə hörmətli, şöhrətli, dövlətli kişilərdən idi və bütün bunlar da onun tale-qisməti, bəxtgirliyi deyil, öz böyük, geniş qəlbinin, el-oba üçün döyünən ürəyinin, gecəsini gündüzə qatdığı günlərinin hesabı olan halal payı idi.
Yurdu-yuvanı, el-obanı tanıdan həmişə onun övladları olub. Coğrafi ərazi kimi Diyabar çökəkliyinin, qədim Zuvand elinin şöhrətli oğullarından biri idi Həmzə əmi də!
lll
Müdriklərin sözləridir: – “Neçə dostun varsa, bir o qədər də evin var...”
Həmzə əmi də hər eldə-obada evi olan kişilərdən idi. Kəndimizdə də bir evi var idi ki, o da bizim ocaq idi. Həmzə əmi atam Nəcəf kişi ilə möhkəm dost idi. Ona görə də ağılım kəsəndən mən onu tanımışam...
Rayon mərkəzində məsul vəzifədə çalışan bu ağayana kişi kəndimizə yolu düşəndə kəhər atını bizim qapıya sürərdi. Atam da onu doğma qardaşı kimi qarşılayardı. Görüşüb-öpüşər, sonra da qonaq otağımıza çəkilərdilər. Dərhal samovara od salınar, biş-düşə hazırlıq gedərdi.
Şux yerişli, gur saçlı, ayağında par-par parıldayan, yeridikcə də cırıltı salan xrom çəkməli bu qonaq əminin tamaşasına qonşu uşaqlar da yığışanda, mənim də qəlbim sevincdən-fərəhdən yerindən oynayardı. Bu mehriban, üzügülər qonaq da bizi bir-bir yanına çağırardı, gətirdiyi sovqatları paylayardı.
Həmzə əminin əlindən alıb yediyim saçaqlı konfetlərin şirin dadı az qala indi də damağımdadır. Həmzə əmi ucalığı, yüksəkliyi sevən kişilərdən idi. Bəlkə də elə buna görə imiş ki, məni oynadanda da ən çox yüksəklərə, göyə atıb-tutardı.
Atam yaşca Həmzə əmidən cavan olsa da o, atama həmişə “Dadaş” deyə müraciət edərdi ki, bu da onun öz dostuna hörmətinin, ehtiramının, bir də ki, etibarının ifadəsi idi.
Atamın da ona hörməti sonsuz idi. Qızım gəlin köçəndə onu yola salmağa atamla birlikdə Həmzə əmini də dəvət etmişdim. İkisi də bir gün əvvəl gəlmişdilər.
Bütün günü – ta ki, gecədən keçənəcən bizdə oldular. Yatmaq zamanı nə qədər təkid edib, üzə salsaq da, Həmzə əmi üzrxahlıq etdi. Sübh tezdən gələcəyini vəd edib qonşuluqda yaşayan, çox sevdiyi qızının – Arifənin yanına getdi. Yeri gəlmişkən, Həmzə əmi Lerikə gələndə qızına və bizə baş çəkərdi. Ancaq birinci hansımızı yoxladığını səhih deyə bilmərəm...
Dediyim kimi səhər tezdən də bizə qayıtdı. Atamla həyətdəki armud ağacının kölgəsində qoyulmuş stolun arxasına keçdilər. Elə hey danışıb dərdləşir, söhbətləşib deyir-gülür, yorulmurdular, necə deyərlər, sanki söz-söhbətləri bitib-tükənmirdi.
Qızım ata evindən, qapıdan çıxan zaman gəlinə xeyir-dua vermək üçün atam Həzmə əmini qabağa verdi, böyük xətir və ehtiramla:
– Babası, uşağı yola sal, – dedi.
Elə bilirəm ki, dostluğun, münasibətdə səmimiyyətin bundan daha saf bir məramı çətin olsun!..
Doğmaca babası öz əziz nəvəsinə Tanrıdan səadət diləmək kimi müqəddəs bir vəzifəni, işi öz dostuna etibar edirdi. Bu, həm də etibar qarışıq etimad idi. O kişilərin elə özləri ağırlığında hörmətləri, etibarı idi ki, əziz adamı bu mərtəbədə uca tuturdular.
lll
Hələ uzaq keçmişlərdən insanlar o şəxsləri fərqləndirir, qiymət qoyub seçirdilər ki, sözləri ilə əməlləri bir olub, dedikləri sözün, verdikləri vədin ağası olublar.
Belə ağayana kişilər mal-dövlət, sərvət toplamayıblar, hörmət, ad-san qazanıblar. Evlərinin gen-genişliyi, böyüklüyü, hündürlüyü isə adlarının ucalığı ilə ölçülüb...
Mənim tanıdığım Həmzə əmi də belə kişilərdən idi. Gəncliyini hərbin qanlı-qadalı 1941-1945-ci illərində keçirən Həmzə əmi cəbhədən qalib döyüşçü – zabit kimi qayıtdıqdan sonra ömrünü qurub-yaratmaqda, xalqa, dövlətə sədaqətlə xidmətdə keçirtdi.
Ömrü boyu heç kimin kölgəsinə sığınmayan bu kişi həmişə özünə güvəndi, gördüyü işin düzgünlüyünə inana-inana yaşadı, ömür sürdü.
Təsərrüfat başçısı olanda, rəhbər vəzifələrdə işləyəndə onun üçün plan və tapşırıqların yerinə yetirilməsi, tərif eşitmək, təltif, mükafat almaq üçün deyildi, ondan ötrü idi ki, adamların günü-güzaranları yaxşılaşsın, qazancları çoxalsın.
Filankəsin ayağı ruzilidir, deyirlər.Həqiqətdir.Əslində ruzili olmaq, çəkilən zəhmət işə münasibətdən yaranır.Həmzə əmi işlədiyi bütün vəzifələrdə uğur qazanırdı. Buna səbəb təmənnasız, təmiz zəhməti, yorulmaz əməyi, adamları səfərbər etmək, onları sağlam işə yönəldə bilmək qabilliyyəti idi.
1978-ci ildə “Pirasora” təsərrüfatına keçici bayraq təqdim olunurdu. Hazırlıq işini mənə tapşırmışdılar .(Sentyabr ayı idi).
Həmzə əmi rayon mərkəzində idi. Zuvanda onunla getdim. Həmin gün məni kənddə özü ilə saxladı. İş yerinə getdik. Kabinetində təsərrüfatın aidiyyəti rəhbər işçisindən soruşdu: – Taxılı yerləşdirə bildinizmi? Yox-dedilər. Qalxıb xırmana yollandı, mən də onunla. Qasıməlian kəndindəki xırmanda hazır taxıl məhsulu xırman boyu taylanmışdı. Bütün anbarlar doludur, dedilər. Əhaliyə də əmək haqqını vermişik.Yerləşdirə bilmirik.
Həmzə əmi: –Təkrar cədvəl tutun, kolxozçulara paylayın, onlar yerləşdirməyə yer taparlar,söylədi. Maraqlandım həmin il təsərrüfatda 700 ton çovdar istehsal edilmişdi.
Bu haşiyəni niyə görə qeyd etdim? Sonrakı illərdə, rayonda müxtəlif vəzifələrdə çalışdığım və rəhbərlik etdiyim dövrdə nə qədər təşəbbüs göstərsək, cəhd etsək də, Zuvandda taxılçılıqda elə bir ciddi dönüş yarada bilmədik. Bəlkə elə bu da həmin gördüyüm mənzərəni yaddaşımda silinməz etdi.
Ruzili adam, bərəkətli kişi idi, Həmzə əmi idi.
lll
Həmzə əmi ilə son görüşümüz 2003-cü ilin soyuq fevral ayında oldu.
       
 Ömür gün dostu Roza xanım dünyasını dəyişmişdi. Xanım-xanım, gözəl-göyçək, ailə qayğılarının yorulmaz cəfakeşi, barış təcəssümü, Həmzə əminin sədaqətli həyat yoldaşı, könül həmdəmi Roza xanım! Hamımızın sevib xətrini istədiyimiz Roza xalamız!
... Kələxana hündür nahar vaxtı çatdım. Həmzə əminin gəlişimdən xəbəri yox idi. Həyətdə məni əmioğlu Ələsgər qarşıladı. Kişinin içəridə, öz otağında olduğunu dedi. İçəri keçib gəlişimi xəbər vermək istədi ki, qarşıma çıxsın. Razı olmadım. Dedim elə beləcə, kişinin olduğu otağa, birlikdə keçək.
Həmzə əminin qış mövsümündə adətən həm istirahət etdiyi, həm də, necə deyərlər, yatıb   durduğu otağın qapısını astadan taqqıldatdım.İçəridən amiranə səs:
– Qapı açıqdı, gəl! – dedi. Qapını ehmalca aralayıb içəri keçdim. Qapı ilə üzbəüz qoyulmuş stolun arxasında tək əyləşmişdi.Qarşısındakı stolun üstü yeməklə dolu idi. Kişi nahar üstə imiş. Məni görən kimi: – Ay Novruz – deyə səslənib yerindən dik qalxdı. Stulu kənara itələyib mənə doğru bir addım atdı. Gəlişim gözlənilməz olduğundan bir az karıxmışdı da. Özümü kişiyə çatdırıb enli çiyinlərini qollarımın arasına aldım. Kövrəldi, mən dil- ağız edib təskinlik verdikcə kişi daha da duyğulanırdı. Hər ikimiz, o da, elə mən də özümüzü birtəhər ələ alıb əyləşdik. Mən odun peçinin kənarındakı yumşaq qoltuqda, o elə əvvəlki yerində, nahar stolunun arxasında oturdu. Həmzə əmi həmişəki kimi, əsilzadələrin həyat tərzinə uyğun, gün yayılandan sonra səhər yeməyini yeyirdi. Süfrəyə göz gəzdirdim. Stolun üstündə onun zövqünə uyğun hər şey qoyulmuşdu:-təndir çörəyi, süd, bal, pendir, yağ, yumurta... Ancaq bu yeməklərin düzülüşü əvvəlki səhmanda deyildi, həm də ömür gün yoldaşı Roza xanım süfrədən azca qıraqda dayanıb övlad qulluğunda duran ana kimi ömür-gün yoldaşının necə yediyini seyr etmir, “daha nə gətirim” deyib arxa qapıdan mətbəxə tələsmirdi. Hiss edirdim ki, kişi tikəsini onu boğan qəhərlə yavanlıq edir...
Qəmli duyğular məni də boğurdu. Ustad şairimiz Məmməd Araz sanki Həmzə əmi üçün yazmışdı:
...Dünyanın qəribə işləri varmış,
Ömür yoldaşını itirən kişi,
Uşaqdan da betər yetim olarmış...                             
Sınmış, dərin bir hüzn keçirmiş Həmzə əmi uzaq bir səfərdən qayıtmış yorğun yollar yolçusunu   xatırlatdı mənə...
Həmzə əmiyə təskinlik, toxtaqlıq vermək üçün özümdə cəsarət tapa bilmədim. Dilimə gətirəcəklərimi ürəyimdə pıçıldadım: “Sınma, Həmzə əmi!Sınıq düşmək sənə yaraşmır. Möhkəm dayan!Nə qədər ki, sənin kimi kişilər var, kişiliyin, qeyrətin də çəkisi var və o çəki əyilməz, yenilməz...”
lll
Son illərdə uzaq regionda işlədiyimdən Həmzə əmi ilə görüşə bilmirdim.Telefonla əlaqə saxlayıb, hal-əhval tuturduq. Bakıda yaşayan oğlu Alim həkimlə danışıb kişinin səhhətini soruşdum. Ən çox isə Ələsgərin vasitəsilə əlaqə saxlayırdıq. Arada məndən soraq çıxmadığını görəndə kişi qardaşı oğlu Ələsgərə zəng vurdurar,danışardıq.İlk sözü də “çoxdandır əlaqə saxlamırıq, səndən nigaran qalmışıq ”sözləri olardı, sonra da ailəmi uşaqları sıra ilə bir-bir soruşardı. İşlədiyim rayona gəzməyə gəlməsini istəyirdim.Hər dəfə də dəvət etdikcə: – Bir az nasazam, qoy düzəlim, mütləq gələcəm,deyərdi... Kaş sevdiklərimizin, əzizdən əziz olanlarımızın xidmətində ürəyimizcə dayanaydıq, baxıb durmağın xiffətini heç vaxt yaşamayaydıq. Sonradan geriyə boylanıb təəssüflənməyəydik...
Həmzə əminin ömrünün son günlərini xəstə yatdığı məqamları gəlib görə bilmədim. Bəlkə də elə belə yaxşı imiş. Dəfnindən sonra, hüzrünə getdim. Onun hər budağının, duruşunun, düzəninin qayğısına qaldığı, şövqlə becərdiyi, şəstlə gəzib dolandığı bağçada keçib evinin eyvanına tərəf boylandım. Bu böyük ev də, eyvan da, bağça da qəribsəmişdi. Özümdən asılı olmayaraq Həmzə əminin, Roza xanımın yoxluğundan qəribsəmiş həyətin xiffətini asta-asta bir şerimin bir bəndi ilə pıçıldadım:
...Bu diyarın laləzarı, ləl idi,
Gələnlərə qucaq-qucaq gəl idi.
Nazın çəkən, qədrin bilən ər idi,
Xəzan düşüb, Gülüstanı hardadı... 
lll
Son söz əvəzi
           
2009-cu ilin yayında Həmzə əmi əbədiyyətə qovuşdu.Kələxana getdim. Hüznlə məzarını ziyarət etdim. Həmzə əmi ilə bağlı neçə-neçə xatirə yadıma düşdü. Və bir də Nazim Hikmətin bir kəlamını xatırladım.” Yer kürəsi ancaq yaxşı insanların sayəsində fırlanır”.
Elə bil böyük şair bu sözləri həm də Həmzə əminin ünvanına söyləmişdi.Min rəhmət!
Görkəmli alimlər, böyük ziyalılar hər cür ehtirama, hörmətə layiq şəxsiyyətlər yetişdirən, doğma Azərbaycanımızın əzəli və əbədi bir parçası-çiynini uca Savalana söykəmiş Zuvand haqqında təzə, hüsnünə, şöhrətinə layiq söz demək məsuliyyəti bizim yükümüz deyil...
Sözümün bu yerində elə bu torpağın övladı olan qələm əhli, tanınmış yazıçımız Əlisa Nicatın çox dəyərli bir müqayisəsini yada salmaq istəyirəm:
... Türklərdən, türklərin böyük uğurlarından söz açan müəllif yazır ki, türklərin makedoniyalı İsgəndərə bənzər dahilərinin təkcə adlarının siyahısı dünya fatehi İsgəndər haqqında yunan tarixçisi Arrianın yazdığı məşhur kitabından qalın olar...
Əlisa Nicatın elə bu fikirlərinin davamı olaraq deyirəm ki, əgər günlərin bir günü elə bu görkəmli yazıçımızın özü və ya ruhunun şirəsini bu diyarın dağlardan alan, bu ulu torpağın başqa bir övladı vaxt ayırıb bu dünyanın tarixi, fədakar insanları, keşməkeşli keçmişi haqqında kitab yazsa...
Cəsarətlə sözümü tamamlamaq istərdim: Heç şübhəsiz o kitabların bir qəhrəmanı da elə Həmzə əmi olardı...
18 fevral 2011-ci il
Novruz NƏCƏFOĞLU



Bu yazı ( 327 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar