12px14px16px18px

Aydın: Özü... həm də sözü...

Novruz NƏCƏFOĞLU
12:53 / 05.05.2012
(Esse-portret)

İstər iqtisadi, istərsə də sosial, mədəni sahədə dinamik inkişaf edən respublikamızda artıq “mərkəz-əyalət” fərqləri az qala hər gün aradan qalxmaqdadır.
Ancaq etiraf edək ki, bölgələrimizdə yaşayıb-yaradan qələm əhli onlara yuxarıdan aşağı baxan “mərkəzdə” yaşayan bəziləri tərəfindən hələ də “əyalət adamı” yarlığı ilə üzləşirlər.
Əyalətdə – Şabranda yaşayan bir qələm dostum haqqında söz açmaq istədiyim bu məqamda çağdaş tənqidimizin görkəmli nümayəndəsi Vaqif Yusiflinin onun hekayələri haqqında yazdığı məqalə ilə sözümə başlamaq istəyirəm: “Aydın Tağıyev sübut edib ki, əyalətdə də yaşayıb Azərbaycanın gözəl bir yazıçısı kimi tanınmaq mümkündür”.
Aydın Tağıyevin hələ 1975-ci il “Ulduz” jurnalının 2-ci sayında “İlk hekayələr” guşəsində dərc edilən “Buz heykəllər əriyir...” adlı hekayəsi haqqında sonralar görkəmli ədəbiyyatşünas, alim, akademik Bəkir Nəbiyev yazırdı: “Buz heykəllər əriyir...” Aydın Tağıyevin ilk hekayəsidir. Onun materialını məişətimizin ən adi epizodlarından biri təşkil edir.
Bu hekayə insana inam və etibar haqqında gənc müəllifin qəlbindən qopan səmimi poetik səsdir. Bu insanların ən yaxşıları üçün səciyyəvi olan nəciblik, xeyirxahlıq duyğularına alqışlar deyir”.
Əyalətdə yaşayan qələm adamı...
Aydın müəllim regionda yaşasa da paytaxtımızda cəmləşən ədəbi mühitə mərkəzdə daimi yaşayanların çoxundan daha yaxındır, desəm, kimsə qoy inciməsin. Bir şəhərdə yaşayıb, eyni küçə ilə gedib-gələn ədəbiyyat adamlarının bəzilərinə nisbətən Aydın daha çox bu mühitin içindədi. O, yüz iyirmi kilometrlik Şabran-Bakı yolunu həftədə bir dəfə rastına düşsə dost-tanış maşınında, çox vaxt da cibinin pulu ilə elə belədə yol maşını ilə gedib-gəlir. “Səfərinin” baş ünvanı isə, əlbəttə ki, Yazıçılar Birliyi olur.
O müqəddəs “çatın” altında işləyib yaradan qələm əhlinin rastına çıxanı ilə görüşüb hal-əhval tutur, uzun illər dostluq etdiyi, elə mənim də yaradıcılığını çox sevdiyim, ancaq təəssüf ki, hələ ki, şəxsən tanış olmadığım Ələkbər Salahzadənin iş otağında yanını yerə vurub bir rahat nəfəs alır. Hərçənd ki, “Azərbaycan”, “Ulduz”, “Literaturnı Azərbaycan” jurnallarının baş redaktorları İntiqam Qasımzadənin, Elçin Hüseynbəylinin, Solmaz İbrahimovanın da iş otaqlarının qapıları onun üzünə açıqdı. Əlbəttə, olsa, əvvəlcə bir stəkan çay içir... Bu məqamda rastlaşdığı dostlarla uzaqdan-yaxından hal-əhval tutur...
Burasını da deyim ki, işim-gücüm nə qədər çox olsa da, dostumun Bakıdan qayıdışından sonra hökmən onunla görüşmək istəyirəm. İlk əvvəl, təkcə etika xətrinə yox, bir dost qayğısı ilə uzaq yolu necə keçib gəlməsi ilə maraqlanıram. (axı, 120 km yol, yaşının 60-nı tamamlayan dostum üçün o qədər də yaxın məsafə deyil...) O da məni nigarançılıqdan qurtarıb lap yaxşı, – deyəndən sonra bir günün “səfər təfərrüatını” yerli-yataqlı elə danışır ki, qibtə etməyə bilmirsən... Söhbəti yaşadığı ötən günün, görüşdüyü, həmsöhbət olduğu qələm dostlarının üstünə gətirir. Sakit, həlim səsi ilə elə şirin hekayələr danışır ki!..
Bəlkə də qəbahətimdir, etiraf edim ki, indiyəcən hələ ki, iş-gücdən macal tapıb mənə də doğma olan Yazıçılar Birliyində olmamışam. Ancaq Aydın müəllimin söhbətlərindən o binanın dəhlizlərinin, ayrı-ayrı otaqlarının ziyalı işığına düşmüşəm və özlüyümdə bu düşüncəmə görə də sevimli dostuma minnətdaram...
Beləliklə, Aydın: həm özü, həm də sözü...
Adını hər yerdə həmişə hörmətlə çəkdiyimiz Aydın Tağıyev bədii nəsrimizdə, çağdaş publisistikamızda öz dəsti-xətti ilə fərqlənən qələm sahiblərindəndir.
Aydın Tağıyevin yaradıcılıq uğurları, özü və sözü haqqında qeyd etdiyim kimi, akademik Bəkir Nəbiyev, Xalq yazıçısı Mövlud Süleymanlı, görkəmli nasir Əlibala Hacızadə, Sadıq Elcanlı, Elçin Hüseynbəyli, professorlar Rövşən Mustafayev, Nazif Qəhrəmanlı, tanınmış tənqidçi Vaqif Yusifli dəyərli fikirlər söyləyiblər.
Bu ziyalı insan bir əlində çıraq tutub, o biri əli ilə soydaşlarının biləyindən yapışaraq qədim oğuz eli Şabranın yurd yerlərini oba-oba, oymaq-oymaq gəzdirərək onun şanlı keçmişinə lətif, obrazlı dili ilə işıq tutur, dünənin tük ürpədən əfsanələrindən, qan coşduran qəhrəmanlıqlarından, bu günkü uğurlarından şirin-şirin danışır.
Mənə görə Aydının söz dili elə özünün toplayıb qələmə aldığı el rəvayətlərinin, əfsanələrinin, nağıllarının dili tək hər kəlməsi bal dadan ozan dilidir. Bədii nəsrinin təhkiyəsi analarımızın öz körpələrinə beşikləri başında oxuduqları laylaların, babalarımızın oğullarının qulağına pıçıldadığı öyüdün, nəsihətin ruhudur.
Aydın Tağıyev sözü korşalamır, yontalamır, necə varsa, elə o cür – qulaq dolusu, ağızın bütöv tutumunda rəvan deyir. Gurultulu, bəlağətlə səslənsin deyə əlavə, bayağı çalarlar qatmır.
İndisə mən Aydının sözü haqqında bu qısaca fikirlərimi tamamlayıb bir fərd kimi özü haqqında fikirlərimi oxucularımla bölüşmək istəyirəm.
Gözəl insan, ziyalı, qayğıkeş ailə başçısı, dəyanətli ata, qəlbi körpə saflığı ilə dolu, Aydın elə o körpələrin özü qədər də munis bir babadı. İki il əvvəl daha bir nəvəsi dünyaya gələndə necə də sevinirdi! Yox eey, sevinirdi demək azdı, uçurdu, “atam Əhməd təzədən dünyaya gəlibdi”, – deyə bircə qanadı yoxdu.
Bu bəstəboy, bütün vücudu, görünüşü, yerişi, hərəkəti, davranışıyla əsl bəyzadə, ziyalılıq nümunəsi olan bu adamdan onu tanıyanlardan, yaxından, ya uzaqdan ünsiyyətdə olanlardan kiminsə nə zamansa incik düşməsinin mümkünsüzlüyünün andını elə mən, onu iyirmi ildən çox müddət ərzində şəxsən tanıyan bir şəxs kimi and içə bilərəm.
Ancaq onu da deyim ki, bu heç də o da demək deyil ki, Aydın əhatəsindəki, tanış toplumdakı bu və ya digər səviyyədə ünsiyyətdə olduğu adamların kəm-kəsirini sezmir, ya da ki duymur. Sezir də, duyur da, görür də. Ancaq şəxsinin bəyzadəliyi onu belə şeylərə baş qoşub hər “görüb duyduğunu” dilə gətirməkdən daha ucalıqda saxlayır.
Aydın Tağıyev tanışlarının hamısı tərəfindən sevilir. Ona tanış ünvanların hamısında yolu həmişə gözlənilən, gəlişi arzu olunan dost, yoldaş, qardaşdır.
Bir etiraf da edim; orasını da deyə bilmirəm ki, o məni daha çox istəyir, ya mən onu...
Kimsəni narazı salmaz, yaxşısını deyər, bədini deməz, danışmaz...
Buna Aydın müəllimin “fəlsəfəsimi” deyək...
Yaxınların söhbətidir. Küçədə durub ətrafda olan-bitənə göz gəzdirir, vəzifəmlə bağlı görülməsi vacib olan işlərə yerindəcə baxıb müəyyənləşdirmək istəyirdim. Çoxumuzun üz-üzə gələndə, qarşılaşmamaq üçün mümkün olduğu qədər yolumuzu dəyişdirib uzaqdan salamlamaq istədiyim “zatlardan” biri yaxınlaşıb salam verdi, əl uzatdı, görüşdük. O “saz” çənəsini işə salıb rabitəli, ya rabitəsiz üyüdüb-tökməkdə, aləmin altını üstünə çevirməkdə, mən də çar-naçar qulaq asıb: – Bəli, “belə de” və sair bu kimi qarışıq ara sözlərlə guya diqqətlə qulaq asdığımı göstərmək istədiyimi nümayiş etdirir, bu arzuolunmaz həmsöhbətimdən yaxamı qurtarmağa çarə düşünürdüm.
Bir də baxdım ki, Aydın yolla düz bizə tərəf gəlir. “Aha, çarə tapıldı”, – deyə düşünüb özlüyümdə azacıq şadlandım da. Qulağım məni çənəsinin altına salmış kişidə, gözümsə Aydında idi. Əlində ikiyə qatlanmış qəzet tutan “nainsaf” dostum isə gəlib bizə çatanda astadan salam verib heç verdiyi salamın cavabını da almadan yanımızdan keçib uzaqlaşdı.
Həmsöhbətimin məzmunsuz, üzücü söhbətinin dilxorluğu bir yana, Aydın müəllimin də yanımdan belə “düz” keçib getməsi əhvalımı lap qarışdırdı. Düşündüm ki, yəqin hardasa “pəzgə” vermişəm, kişi məndən inciyib. Yoxsa belə ötüb keçməzdi. Görüşüb bir hal-əhval tutardı.
Həmsöhbətimi axır ki, birtəhər “yola verib” yaxamı çəngindən qurtardım. Aralanan kimi ilk işim də Aydını axtarıb bir az əvvəlki “soyuqluğuna” aydınlıq gətirmək oldu. Telefonu açıb nömrəsini yığdım. O həmişəki ahəngi ilə: – Bəli, – deyib gözlədi.
“Aydın müəllim, nə var, nə yox. Ay qardaş, yanımdan düz ötüb keçdin, bir “salam-sağ ol” da etmədin. Nə olub, olmaya nəsə qəbahətimiz olub ə” – deyə nigarançılığımı gizlətmədən soruşdum.
Aydın müəllim də:
– Yox, Allah eləməsin, müəllim, salam verdim, salamınızı aldım da, daha narahat eləmədim. Axı, yanınızda adam var idi, söhbət edirdiniz, – dedi. Ardınca da: – İndi hardasız, – soruşdu.
– Elə bayaq gördüyün yerdən bir az qabaqda.
Bir neçə dəqiqə keçmiş gəlib mənə çatdı. Görüşdük. Bayaqkı “görüşümüzün” “izahatını” verib:
– Ay müəllim, o kişi sizi həmişə görə bilmir. Yəqin ki, bir sözü vardı, – dedi. Mən də ayaq saxlayıb yanınızda dayanıb dursaydım, ya siz diqqətinizi ondan ayırıb mənimlə söhbətə girişəcəkdiniz, ya da o ürəyindəkini mənim qarşımda sizə açıb deyə bilməyəcəkdi. Həm də məni qınayacaqdı ki, “ay yerli!” sən “Müəllim”lə istədiyin vaxt görüb sözünü də deyə bilərsən, söhbətini də edərsən. Mənə isə bir dəfə girəvə düşüb, onu da beləcə əlimdən alırsan. Beləcə, olacaqdım “mərdimazar!”. Bax, ona görə salamlaşıb ötüb keçdim”. Sizin də ürəyinizə başqa şey gəlməsin, – deyib məni bir də arxayın saldı.
Aydının ürəyi kimi cibi də doludur...
“Filankəsin vicdanı da cibi kimi təmizdi” məsəli elə onun kimilərə aiddi. Qazanmır, demək düz olmaz. Qazanır da və halallıqla qazandıqlarını qəpiyinə qədər ailəsinə, əhatəsinə məqsədli surətdə xərcləyir. Kiməsə borclu olduğunu və ya ehtiyaca düşüb ağız açdığını da eşitməmişəm. Olmayanda da dözər. Əliaçıqlığı da öz yerində. Amma... bədxərcliyi də var...
Bir yay günü Aydın müəllim və mən bir məsləkdaşımızla oturub bir yerdə nahar edirdik. Naharımızın bir yavanlığı da şirin söhbətimiz idi. Sözümüz tovlanıb, fırlanıb nəsə elə bir məqamın üstünə gəldi ki, Aydın müəllim müəyyən bir məbləğdə vəsait qoyulması tələb olunan bir işdən söz açdı. Sözünün ardınca da əlinə cibinə atıb şəxstlə:
– Həm də bu iş üçün pulum da var, – dedi. Ciblərini xeyli əlləşdirəndən sonra sözünə qüvvət kimi bir göy onluq, bir dənə də sarı beşlik çıxartdı. Əlbəttə, dediyi işə görə bu pulların çox az olduğunu görüb gah əlindəki pullara, gah da bizə baxıb:
– Yox e, axı cibimdə pul olmalıydı, – deyib o biri əli ilə ciblərini eşələməkdə davam elədi. Açığı biz də onun şalvarının bir cibinin o birinə nisbətən qalın olduğunu hiss etmişdik. Ancaq nə qədər əlləşib vuruşdusa, ciblərindən əlavə pul çıxmadı, bir qutu “kent” siqareti çıxdı. Siqareti yuxarı qaldıran dostumuz: “Əşi, bu qalınlıqda da siqaret qutusu olar” deyib özü də güldü, bizi də ürəkdən güldürdü... Və o vaxtdan sonra nazik “kentlər”dən çəkməyə başladı...
Bax belə, Aydın müəllimin cibinin yolu və gücü onun böyük, heç bir var-dövlətin yerini verə bilməyəcəyi geniş, saf ürəyidir.
Yazıçı dostumuz Elçin Hüseynbəyli biz tərəflərə qonaq gələcəkdi. Qərarlaşdırdıq ki, qonağı rayon mərkəzində, maşın ayağında Aydın müəllim qarşılasın, bələdçilik etsin və qabaqcadan vədələşdiyimiz yerdə də görüşək.
Vaxt sarıdan heç zaman korluq çəkməyən, həm də diqqətcilliyi ilə fərqlənən Aydın müəllim, Elçin müəllimin gəlib mənzil başına çatmasından xeyli qabaq gəlib dostunu gözləməyə başlamışdı. Hər işdə dəqiqliyi sevən Elçin müəllim də gecikməmişdi.
Gəlib çatan qonaqla görüşüb hal-əhval tutan kimi də isti-isti mənə zəng vurub:
– Bəs qonağımız sağ-salamat gəlib çatdı, Füzuli müəllimin məktəbinin yanındayıq (Aydın Şabran rayonunda təhsilin beşiyi adlanan, keçmiş Quba qəzasında ən qocaman təhsil ocaqlarından biri olan, bu yaxınlarda 90 illiyini qeyd etməyə hazırlaşdığımız, direktoru Füzuli Hüseynovun adı ilə tanınan məktəbin adını çəkirdi.), indi sizə tərəf gəlirik, – deyə xəbərdarlıq da elədi.
Mən də tez-tələsik kabinetimdə “yır-yığışımı” eləyib ünvanıma qədər cəmi 10-15 dəqiqəlik yolu olan qonaqlarımı səbrsizliklə gözləməyə başladım.
Ancaq aradan yarım saat, bir az da artıq vaxt keçdi, bu on, on beş dəqiqəlik yoldan gələn qonaqlarsa gəlib mənzil başına çatmaq bilmirdi. İstər-istəməz səbrsizlənirdim. Yerimdən qalxıb otağın o baş-bu başına “lökləyir”, pəncərədən, qarşı tərəfdən müsafirlərimin gələcəyi yoldan gözlərimi çəkmirdim.
...Nə isə, axır ki, dostlarım intizarıma son qoydular, gəlib çıxdılar. Görüşüb hal-əhval tutandan, “gəldiyiniz yerdə nə var, nə yox?” kimi hal-əhvaldan sonra Aydın müəllimə nəzər salıb Bakıdan gələn qonağımızdan:
– Maşından düşdüyünüz yerdən burayacan vur-tut beş-on dəqiqəlik yoldu, xeyirdimi? Nə əcəb belə gecikdiniz? – deyə xəbər aldım.
Elçin müəllim də:
– Aydın müəllim belə məsləhət bildi ki, piyada, gəzə-gəzə gedək. Elə mənim də ürəyimcə oldu. Son vaxtlar Şabranda sizin gördüyünüz işlərə də baxdım. Sağ olsun Aydın, yaxşı da elədi, xeyli məmnun qaldım. Gözəl işlər görürsünüz, – deyə ilk təəssüratını bildirdi.
Bununla da özlüyümdə mövzunu bitmiş bildim. Ancaq sonra öyrəndim ki, kişilərin maşınla beş-on dəqiqəlik yolu bir saata piyada gəlmələrinə səbəb heç də Aydın müəllimin təkcə şəhərimizi qonağa göstərmək, yeniliklərlə öyünüb qürurlanmaq arzu-istəyi olmayıb.
...Əksər söz, qələm adamlarının, elə Aydın müəllimin özü kimi yolda-yolaqda o qədər də fərdiyyətçiliyi, xüsusi yanaşmanı sevməyən Elçin müəllim Bakı-Şabran marşrutu üzrə işləyən Şəminin 11 nəfərlik “Mersedes”indən rayon mərkəzində, bayaq adını çəkdiyim Füzulinin məktəbinin yanında düşür. Ötən il bizim Şabranda da olan, səfər təəssüratını bu yaxınlarda Türkiyədə çap olunan “Övliya Çələbinin izi ilə Azərbaycan” kitabında əks etdirən İmdad Əfşarın təbirincə “Elçin – bu əzəmətli, babaiyit insan, “zərif, kibar, bəyəfəndi” – Aydın müəllimlə ikiəlli görüşüb öpüşürlər. Ayaqüstü qonaqla hal-əhval tutandan, mənə zəng vurub qonağın gəldiyini xəbər verəndən sonra Aydın müəllim dərhal yaxında dayanmış “taksi”ni göstərib:
– Müəllimə gəldiyinizi xəbər verdim, kişini gözlətməyək, buyurun, gedək, – deyə, Elçin müəllimi maşına minməyə dəvət edir. Elə maşına oturhaoturda ürəyinə nəsə damıbmış kimi əlini xəlvətcə cibinə atır, əli boşa çıxır. Elə o qayda ilə o biri ciblərini də yoxlayır. Lənət şeytana, yenə əlinə bir şey dəymir...
Nə olsun ki, yaşadığı bölgədə hamı tərəfindən tanınır, taksi sürücüsünün səmimi-qəlbdən dediyi “qonaq oluna” düşüb qollarını yanlarına sallayaraq “sağ ol” deyib gedən kişilərdən də deyil axı. Aydın qonağına da lap iki gün əvvəldən belə cibində qəpiyi olmasa da haray salıb “pulu unudub evdə qoymuşam” deməyi də özünə sığışdıranlardan deyil. (Bəlkə də o məqamda yanında digər qələm dostu Tofiq Mahmud olsaydı Aydın sıxılmazdı...)
Odur ki, özlüyündə tez çıxış yolu tapır. Qonağa:
– Əşi, indicə maşından düşdün, yol da çox uzaq deyil, bəlkə gəzə-gəzə gedək, sənin də bir ayaqların açılsın. Yol boyu o qədər maraqlı işlər var ki, onlara da baxarsan. Maşınla getsək nə görəcəksən ki, – deyə onu az qala dilə tutur.
Təklif Elçin müəllimin də xoşuna gəlir. O da:
– Lap yaxşı, eləsə piyada gedək, – deyə razılaşır.
Bu 10-15 dəqiqəlik yolda yanından ötüb keçən, hətta bir alacağı olmayan neçə sürücü maşını saxlayıb:
– Aydın müəllim, oturun, hara lazımdı aparaq sizi, – desələr də Aydın müəllim onlara sidq-ürəklə razılıq edir, “boş cibinə güvənmədiyi üçün”, “sağ olun”, – deyib qonağımıza hər alababat gözə dəyən yaxşı-yaman haqqında gen-bol bilgi verə-verə yoluna davam edir...
...Mən də, başqa istəyənləri də yolların yorğunluğuna, isti-soyuğuna dözərik, usanmarıq, təki Aydın müəllim dostlarının yanında pərt olmasın...
“Buz heykəllər əriyir...”, “Buğa əhvalatı”, “Çörək”, “Tanışlıq”, lap “Ulduz”un bu ilki 3-cü sayında dərc edilən “Adəmin oğlu”, “Yay gününün uzun gecəsi”, “Azərbaycan” jurnalının 4-cü sayındakı “Dan üzü ölən adam” – Aydın müəllimin neçə-neçə bədii əsəri maraqlı yaradıcılıq nümunəsi kimi qəbul olunub, sevilə-sevilə oxunub...
2010-cu ildə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə Azərbaycanın görkəmli şair və yazıçılarının müharibə mövzusunda yazdıqları şeir və nəsr nümunələrindən ibarət “Külək qarı səpələr” adlı toplu nəşr olunmuşdu. Həmin kitabda tanınmış şair və nasirlərlə bir yerdə Aydın Tağıyevin də “Cəngi” və “Ümid” adlı hekayələri yer alıb. Şövqlə, təkrar-təkrar oxudum, qürur duydum!
Hərçənd ki, indiyəcən şəxsən görməsəm də, (bu ya Aydının, ya da elə mənim günahımdır) dostumun dediyinə görə, “babatca” bir kitabxanası var. Aydın öz kitabxanasında “Kitabi Dədə-Qorqud”, “Avesta” kimi qiymətli yadigarlarla yanaşı Səməd Vurğunun, İlyas Əfəndiyevin, müasiri olduğumuz məşhur yazıçı və şairlərin ilk kitablarının “sahibi” olduğu ilə “öyünür”.
Dostumuz həm də o şəxsi kitabxanasında oturub-durduğu, dostlarının ona öz ürək sözləri ilə yazıb bağışladığı kitabları, şəkil və məktublarını əziz bir yadigar kimi qoruyub saxlayır. (Şəkk gətirib şübhə etməyə haqqım yoxdu, Aydının öz dedikləridir ki, bəndənizdən də o kitabxana-muzeydə az-çox “eksponat” var...)
“Mənim evimin ən qiymətli sərvəti elə bunlardır...” – Bu da Aydın dostumuzun sözləridir...
Və mən Aydın haqqında bəlkə də hələ də ürəyimdə, fikrimdə tamamlamadığım bu yazını onun o “sərvətindən”, Xalq şairimiz Cabir Novruzun avtoqraflı kitabındakı sözləri ilə tamamlamaq istəyirəm: “Əziz Aydın qardaşım! Sən sözsüz bir nəğməsən. Dünyada bütün adamlar sənin kimi yaxşı olsaydı, yaşamağa nə vardı ki... ”.
Novruz NƏCƏFOĞLU


Bu yazı ( 247 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar