12px14px16px18px

Yol

Günel İMRAN
00:41 / 10.03.2012
 
İki yaşıd yolla gedirdi. Gunəş şərqdən doğurdu. Yolçulardan birinin kömür kimi qaralmış baxışları sanki günəşin qəzəbinə gəlmişdi. Lakin onlar irəlilədikcə günəş sanki bir addım geri qalır, onlara çata bilmirdi. Kürəklərinə düşən günəş şüaları şəfəqlərilə aralarından keçərək sanki sədd çəkirdi. Hava isindikcə onlar suzuluqdan əziyyət çəkirdilər.Dil-dodaqları tamamilə qurumuşdu.
–Üfüqü görürsən ? Yolum oradır. Orda bir çəmənlik var. O çəmənlikdə ən gözəl quşlar oxuyur. Orda güllər heç vaxt solmur. Kəpənəklər öz qanadları ilə sərin meh səpir. Pərvanələr heç vaxt ölmür. Adamlar orda heç vaxt susamır.
–Ora çatmaq üçün nə qədər yol getmək lazımdır? Cavabın var ?- digər yolçu soruşdu. Mənsə bilirəm ki, bu yoldan sola tərəfə dönsək, az sonra qarşımıza quyu çıxacaq. Yoxsa susuzluqdan buralarda ölüb qalacağıq.
O, sözünü deyər – deməz digər yolçuya düşünməyə macal belə vermədən yoldan çıxaraq özün sol tərəfə kol- kosun arasına atdı. Digər yolçu isə güclə onun ardınca gəlirdi. Yolun ağrısı bütün canına hopmuşdu. Amma susuzluq bütün bu ağrıları unutdurmuşdu. Yalın ayaqları tikanlardan, kol-kosdan qanamışdı. Al qırmızı qan yaşıl otlara çiçək kimi ləkələr qoyurdu. Şirin qanın ətrafına qarışqalar yığışırdı.
Onlar quyuya çatdılar. Qapağı qaldırıb quyunun içinə baxanda gördülər ki, çox dərindi. Su səma kimi əlçatmaz idi. Bu yolla gəlməyin səbəbkarı olan yolçu ətrafa boylananda yaxınlıqda daxmanın olduğunu gördü. Daxmanın qapısına böyük bir qıfıl vurulmuşdu. O, qapını sındırmağa çalışdı. Onun elə ilk cəhdindən daxma özü uçdu. Daxma uçarkən daş-kəsək qırıntıları onların da üst- başına töküldü. Daxmadan uzaqlaşanda həyətdə su vedrəsi gördülər.
– Görürsən? Hansa yazığın evini yıxdın.Yaxşı baxsaydın, vedrəni görərdin, evi də uçurmazdın.
– Mən bu dağılmışın yiyəsinə yaxşılıq etdim. Onsuz da sökülüb-tökülmüşdü. İçindəkilər birdə görəcəkdilər ki, ev başlarına uçub. Mən onları bəladan qurtardım. Bunu deyib vedrəni su çəkmək üçün quyuya atdı. Quyudan çıxan suyu dadanda bildilər ki, su şordu. Zəqqutun kimi idi. O, vedrəni yerə diyirlətdi. Digər yolçunu da arxasınca sürüyərək apardı. Uçuq daxmadan bir az aralıda qarşılarına bir qarı çıxdı. Qarı böyük ot bağlamasını kürəyində gətirirdi.Yolçulara çatanda yerişini yavaşıdıb baxışlarını onlara zillədi. Onlar bu baxışlardan duruxub qaldılar. Qarı danışmağa başladı.
– Uzaqdan gələn adama oxşayırsız. Susuzluq dərdi çoxların buralara gətirir. Amma bu yerlərdə şirin su olmur. Əvəzində bizdə barını yığıb –yığışdırmaq olmayan alma ağacları var. Qarı ot bağlamasını kürəyindən yerə qoyub içində bir alma tapıb çıxardı. Yolçular bu almanı bölüşməli idilər. Bura gəlib çıxmağın səbəbkarı olan yolçu almanı qarıdan alıb dişlədikdən və susuzluğunu dəf edəndən sonra, o biri yolçuya uzatdı. O, çox qərarsız idi. Saatlarca bu almanı dadmadan baxa bilərdi. Onun nəzərləri almanı tərpədib yerə saldı və alma qərarsız yolçuya kömək etdi. Onlar qarı ilə vidalaşandan sonra yollarını davam etdilər. Az sonra qarının fəryadı gəldi. Arxaya dönəndə çəliyi ilə daxmasını axtaran kor qarını gördülər. Bayaq onlara baxan o diri gözlərin sahibi kor imiş. Amma necə onları görmüşdü. Qarı daxmasını tapmadıqca fəryadı göyə qalxırdı. Bu səs əzabverici idi. Çarəni burdan getməkdə gördülər. Amma artıq yollarını azmışdılar .Yola çıxmaq üçün hansı tərəfə istiqamət götürəcələrini bilmirdilər.
Yenə kollar, ayaqlarını didib- deşən otlar, bir –birindən ayrıla bilmən yolçular... Bir az da yol qət etmişdilər ki, bir neçə atlı ilə qarşılaşdılar. Qarşılarına çıxan kəndli ailəsi idi. Bu yerlərə onları çəkib gətirən zəhmətləri ilə yığdıqları puldan əkin yeri almaq idi. Buraları gəzməkdə isə məqsədləri ev tikmək üçün almağa yer axtarmaqları idi. Bu iki yolçuyla müqayisədə onlar tədarüklü idilər. Onlar bu yolçuların halına acıdılar. Atlılardan biri xurcunundan iki nar çıxarıb qarının səsinin buralaracan qovduğu yolçulara uzatdı. Alma yemək nəsib olmayan yolçu nara birinci əl uzatdı. Atlılar onlarla vidalaşıb yollarını davam etdilər. Narı birinci alan yolçu torpaqdaca çöküb oturdu və əlindəki narı parçalayıb yedi. Digər yolçu isə narı heç cürə bölə bilmədi. Xəsisliyindən yoldaşından kömək də istəmədi. Qorxdu ki, birdən narı bölüşməli olar. Baxdılar ki, bayaqki adamların pul kisələri burda otluğun üstündə qalıb. Səbirsiz qərar qəbul edən yolçu birinci dilləndi
– Mən bilirdim ki, bu yolda bizi xeyir gözləyir.Görürsən, zəngin olduq-dedi və pulları açıb saymaq istədi.
–Hansı yoldan danışırsan? Sayəndə yolumuzu itirmişik. Azmışıq. Bu pullar isə bizim deyil. Belə deyib o biri yolçu kisəni götürdü və atlıların getdiyi istiqamətə üz tutdu. Atlılar artıq sonsuzluqda görünməz olmuşdular.
   O, qaçırmış kimi iri addımlarla hərəkər edir və o birini də özü ilə dartırdı. Çöllüklə gedərkən səfərə başladıqları həmin təmiz , kol-kossuz , tikansız düz yolu gördü. Sonunda bu yolu tapdı. Lakin onu bu yola qaytaran adam, həmin pul kisəsinin sahibi yox idi. Digər yolçunun hara yox olduğunun bilmirdi. Onların ayaqlarını bir- birinə bağlayan zəncir qırılmış və yolun ortasında qalmışdı. O, getdikcə həmin zəncirdən uzaqlaşır, onu üfüqdə gözləyən heç vaxt solmayan məkana yaxınlaşırdı.
Günəş ona bələdçilik edirdi.
Günel İMRAN



Bu yazı ( 252 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar