12px14px16px18px

Kəllə və körpə

Günel İmran
12:23 / 06.01.2012
(hekayə)


 Kisənin birini kürəyinə atıb digərini isə yerlə sürüyə- sürüyə kolların arası ilə çaya tərəf gedirdi. Yola çıxanda hava hələ qaranlıq idi . Dan üzünün ağarmasını addımlarında duyurdu. Yol boyu hər addımında daha işıqlı torpağa ayaq basdığını görürdü . Kol- kosun arası ilə sanki şir hərəkət edirdi. Belə nəhəng cüssə sahibindən belə rəvan, səssiz hərəkəti heç kəs gözləməzdi. Nəhayət çaya çatdı, yol boyu kürəyində gətirdiyi kisənin ağzını açdı. Kisə xarab olmuş saatlarla dolu idi. Onları bir –bir kisədən çıxarıb çaya atdı. Dərindən nəfəs alaraq atdığı saatları çayın gözdən itənədək aparmasını izlədi. Sonra isə kisənin üstünü toz-torpaqdan təmizlədi. Evə qayıtmaq üçün daha kəsə yolun olmasına baxmayaraq gəldiyi uzun yolu seçməklə özünün qarşısına qoyduğu şərtlərə əməl edirdi.Əsas şərt bu idi ki, heç vaxt yolu dəyişmək olmaz. Bir yol ancaq bir məkana catmaq üçündür. Meşənin içi ilə gedərkən bir səs onu izləyirdi, həmin səsə doğru getdi. Sanki körpəliyinin səsi idi. Keçmişlə gələcəyin birləşdiyi səs. Çiyələk kolları içində bir körpə ağlayırdı. Sönük baxışlarla körpəyə baxdı və heç nə olmamış kimi yoluna davam etdi. Bir neçə addım atdıqdan sonra nəsə fikirləşib döndü. Körpənin göz yaşları, burnunun suyu torpağa qarışmış sifətində qalın palçıq qatı yaratmışdı. Körpə o qədər toz-torpağa batmışdı ki, ona palçıq adam da demək olardı. Boş kisəni açdı. Körpəni kisəyə atıb yerlə sürüyə- sürüyə evə aparan səfərinə davam etdi. Burnuna gələn yovşan iyi onun artıq öz ərazisində olduğunu bildirirdi. Gecə ulayan itlər indi evin ətrafındakı qurumuş nar ağaclarının kölgəsində mürgüləyirdilər. Qapının kəndarında qurumuş nar ağacının hər budağına müxtəlif rəngdə cırıq parçalar bağlanmışdı. Bu parça qırıntılarının solmuş rəngləri keçmişin rəngli arzuları idi. O, qapının açarını həmişə bu nar ağacını budaqlarından birinə keçirib gedərdi. Halbuki qapının üstündə qoysa heç bir fərqi olmazdı. Açarı götürüb qapını açdı. İçəri keçdi. Otaq başdan –başa bəyaz idi. Külək arxasınca qapını çırpdı. Kisələri yerə qoydu. Stolun üstündəki məxmər parçanı götürüb divardakı rəfdə olan bir neçə kəlləni parıldatdı. Parıldayan kəllələrə baxdıqca gözü məşəl kimi işıqlanırdı. Divar boyu bir –birinə bənzəyən, təkcə yerləşmə vaxtına görə fərqlənən kəllələr onun keçmişi idi. Nə zamansa onun da kəlləsi bu sıraya yerləşdirəcək. Amma bunu kim edəcək? Bəlkə bu uşaq? Körpənin səsinə diksindi. Çox hirsləndi. –Gərək elə meşədəcə atıb gələrdim – deyə fikirləşdi. Neynəyəcəm bunu mən? Gileylənə-gileylənə çölə üz tutdu. Qapısında saxladığı keçini sağdı. Paslı balaca ləyəndə ( bu ləyəndə itlərə su qoyardı) südü evə gətirdi. Amma bir şeyi nəzərdən qaçırmışdı. Körpə özü yemək üçün yetərincə böyüməmişdi. Qaşıqla birtəhər südü uşağa yedirtməyə çalışdı. Sonda bezib ləyəni evin bir küncünə tulladı, körpəni qoltuğuna vurub həyətə çıxdı. Bayaq sağdığı keçinin südünü əmməsi üçün körpəni keçiyə yaxınlaşdırdı. Həyatdan bixəbər uşaq qida boğazından keçdikcə hərəkətlənirdi. Uşağı naqolay halda tutmaqdan yoruldu. Körpənin doyub-doymadığını heç vecinə almadan qoltuğuna vurub evə girdi. Körpəni evin küncündə mütəkkənin üstünə atdı. Uşaq vəziyyəti anlayıb çox səssizcə yuxuya getdi. O isə həyətə çıxdı. Çəpərin kənarında bitən qanqalları qırdı. Qucağında qalaqlayıb evə gətirdi. Onun bu gün üçün tək qidası qanqal idi. Qarnını doydurdu. Rəflərin əks tərəfində divara saatlar asılmışdı və hər biri də fərqli vaxtı göstərirdi. Əqrəblər fərqli rəqəmlərə tuş gəlirdi. Saatların bir-birnə qarışmış səsinin ahəngində yuxuya getdi. Çarəsiz körpə gecə boyu cınqırını da çıxarmadı. Səhər açılanda körpədən gələn pis qoxuya ayıldı. Qapı –pəncərəni açdı. Əsəbi halda quyudan bir vedrə su çəkib körpənin üstünə tökdü. Bu qayda ilə günlər bir- birini əvəz etdi. Körpə böyüyürdü. Günlərin birində baxdı ki, körpə iməkliyə –iməkliyə ona yaxınlaşıb onun qabağında qalan artıqları yeyir. Həmin gündən sonra körpəni keçidən ayırdı və ona öz yeməyindən verməyə başladı. Körpə çox keçmədi ki, yeriməyə başladı. Qoca kisəsini sürüyərək yola çıxanda körpə həyətdəki köpəklərlə oynayırdı. Körpənin gəlişi ilə buranın həyatı tədricən dəyişirdi. Körpəni görmək üçün quşlar, başqa heyvanlar uzaq diyarlardan bura gəlirdi. Bu körpə təbiətin sevimlisi olmuşdu. Daha sonra bitkilər də bu körpəni görmək üçün bura yol aldılar. Əslində quşların dimdiyində gətirdiyi bitki toxumlarından güllər, çiçəklər, ağaclar bitdi. Körpənin hər gülüşündə sanki təbiət gülürdü. Qocanın həyət- bacası tanınmaz halda idi. Hətta qurumuş ağaclar da çiçəkləməyə başlamışdı. Qoca isə bu dəyişiklikdən o qədər də razı deyildi. Bu körpəni gətirdiyinə görə peşmançılıq çəkirdi. Hər gün kəllələrin qarşısında diz çöküb yalvararaq öz keçmişindən əfv diləyirdi. Sanki keçmişini itirirdi. O, bütün doğmalarını bir araya yığmışdı. Burda hər kəs var idi. Divardakıların – hər birinin bu həyətdə öz tarixi var idi. Qoca uşağı hardasa azdırmaq istəyirdi. Amma harda? Bir də ki, bəs ətrafdakı canlanan həyatın səs –küyü. Bunu necə aradan qaldırsın. Bir gün qoca evə yeni bir kəllə ilə qayıtdı. Çox sevincək idi. Bu gün körpə də onun ovqatını təlx edə bilməzdi. Kəlləni tər-təmiz eləmək, yaxşıca parıldatmaq istədi. Onu kisədən çıxarıb əlinə alanda kəllənin içərisindən nəsə səs eşitdi. – Bilirdim . Axır ki, mənimlə danışacaqsız, – dedi. Qəfildən kəllənin göz bəbəyindən fısıldayaraq çıxan ilan onu qorxutdu və o, kəlləni yerə tulladı. Kəllə qırır-qırıq olmuşdu. İlansa yerlə sürünürdü. İlanı öldürmək istədi. Sonra əli gəlmədi. İlan bu kəllənin içində yaşayan son canlı idi. İlanı bir bankaya qoyub saxladı. Kəllənin qırıqlarını da onun yanına qoydu və hər gün kəllə üçün, ulu babalarının ondan üz döndərəcəyi qorxusu ilə ağlamağa başladı. Həyətdə isə həyat rəngdən-rəngə düşürdü. Ağacların bəhər vaxtı idi. Körpə əlində bir qucaq meyvə içəri girəndə qoca onu qovaladı, meyvələri də arxasınca qapıdan həyətə tulladı. Günlər keçir qocanın kədəri bitmir , göz yaşları qurumurdu. İş o yerə çatdı ki, ətrafı su basmağa başladı. Evin içi, həyət –baca su içində idi. Çarəsizlikdən dama çıxmağa məcbur oldu . Çünki artıq ev suyun altında qalmışdı. Göz yaşı isə qurumurdu. Dama çıxarkən kəllələri də özü ilə qaldırmaq istədi. Amma qarşıda asan olmayan seçim dururdu. Bu kəllələrin hamısını dama qaldıra bilməzdi. Kəllələr arasında seçim etməyi isə bacarmadı. Göz yaşlarından islanmış ağ libasında dama çıxdı. Baxdı ki, su dalğalanmağa başladı. Körpə isə çıxdığı balaca ağacın başından ona baxırdı. Ətrafı bürümüş sel- su körpəni ağacdan yetişib düşən meyvə kimi qoparıb apardı. Körpənin uzaqlaşan baxışları onun göz yaşlarını qurutdu. Bir neçə gündən sonra su axıb çuxurunu tapdı. Hər şey əvvəlki kimi idi.Yəni körpə gələnəcən olduğu kimi.O, dağılmış rəflərdən sel- suyun ətrafa səpələdiyi kəllələri yığdı. Gözü körpəni axtarırdı. Dama çıxdı.O vaxtdan sonra həmişə damda oturub, körpənin yolunu gözləyirdi. Daha ağlaya bilmirdi. Həmin o daşqın göz yaşlarını yuyub aparmışdı.
Günel İmran


Bu yazı ( 297 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar