12px14px16px18px

Labirint

Günel İmran
15:37 / 23.04.2011
Səhər yuxudan oyananda əl-üzünü belə yumadan dəftərini götürüb, kreslonu pəncərənin qarşısına çəkib əyləşmişdi. Gözü nə isə axtarırdı. Fikirləri daraq dəyməyən saçları kimi qarışıq idi. Bircə nə yazacağını bilsəydi. Amma sabaha məqalə hazır olmalı idi. Son vaxtlar burda oturmağı xoşlayırdı. Qoca çinar yıxılandan sonra bu yer dünyaya açılan pəncərə olmuşdu. Bu ağac iri yaşıl gövdəsi ilə evə düşən günəşin qabağını tutmuşdu.Yayda ağcaqanadın əlindən pəncərəni də açmaq olmurdu. Dəfələrlə olmuşdu ki , ağaca qonmuş göyərçin ordan evə soxulmuşdu. Sonra ağac yaşlandı və axırda da qurudu. Qurumuş ağac müzey eksponatı kimi ortada qalmışdı. Lələ köçüb yurdu qalıb. Pərdələri həmişə bağlı saxlayırdı.Ta ki, bir gün külək bu ağacı qonşunun lotereyada udduğu maşınının üstünə aşıranacan. Həmin gün yuxudan qonşuların səs –küyünə ayılmışdı. Lotereyada udduğu maşının xırd- xəşil olmasına hirslənən qonşu dilsiz –ağızsız odun parçası ilə haqq- hesab apara bilməmiş, maşınını onun yerində saxlayan qonşu ilə az qalmışdı əlbə-yaxa olsun .Qonşudan tələb edirdi ki, dəymiş ziyanı ödəsin. O yazıq da and aman edirdi ki , indi mən neyləyim. Sənin yox , mənim maşınım orda olsa idi, mən ağacdan maşınımı əzdiyinə görə pul almalıydım? Nə isə... Maşını əzilən nə qədər çalışmışdısa da o biri qonşudan qara qəpik də çıxara bilməmişdi. Hələ məhəllənin qarıları qeybət də etmişdilər ki, bəs o, həmin maşını haram pulla almışdı. İndi lotereyada udan var? Allah bilir, hansı fırıldaqla udmuşdu maşını. Ağac qalmışdı ortalıqda , maşın söhbəti aranı qatmışdı bir –birinə. Sonra məlum oldu ki, lotereyada udulan maşın sığortalanıbmış. Birtəhər vəziyyət sakitləşmişdi. Ağacı isə kim aparmışdısa heç xəbər tutan da olmamışdı. Həmin zamandan bəri onda pəncərə seyri adlı bir maraq yaranmışdı. Bekarçılıqdan öz – özünə müsabiqə keçiridi. Hansı qonşu daha təmizkardı, hansının zivədən asdığı paltarlar daha təmizdi. Qarşı binada onun bənzərləri də vardı. Bir qarı hər gün tezdən eyvanda oturur və bir cavan qadın ona çay-çörək gətirirdi. Arvadın sifətindəki zəhmdən düşünmək olardı ki, cavan qadın onun gəlinidi. İki azyaşlı uşaq da saatlarla eyvanda oynayırdı. Bu səhər isə uşaqlar nənə ilə birgə valideynləri harasa yola salmışdılar. O , isə çox həvəssiz halda yazmağa başlamışdı. Sonra yazmaqdan yayınmağa özünə bəhanə tapmışdı. Pəncərənin tozuna baxdıqca urəyi sıxılmışdı. Evdə pəncərə silməyə heç bir vasitə tapmayıb marketə qaçmışdı. Pəncərəni o ki, var parıldatmışdı. İşini bitirəndən sonra, çay süzmək üçün mətbəxə keçmişdi. Buxarı otağa dağılan bir fincan mixəkli çayla otağa daxil olub, kresloda yerini rahatlayıb başını qaldırmışdı ki , dünyaya bu təmiz, şəffaf şüşədən baxsın .Görmüşdü ki ,yağış yağır. Eh.... deyib, dəftərini götürüb yazısına davam etmişdi. Fikirləşmək üçün başını qaldıranda gözü qonşu binadakı uşaqlara sataşmışdı .Uşaqlar eyvana qoyulan masanın üstünə çıxıb, oradan küçəyə baxırdılar. Baxırdılar deyəndə, uşaqların bircə ayaqları içəridə idi, yarıdan çoxu küçəyə çıxmışdı. Təlaşdan ürəyi ağzına gəlmişdi. Valideynlər evdə yox idi. Onların getməyinə səhər-səhər özü şahid olmuşdu. Bəs həmişə eyvanda görünən qarı harda idi? Axı ola bilməz ki, belə balaca uşaqları evdə tək qoysunlar.Uşaqlar küçəyə elə boylanırdılar ki, hər an pəncərədən düşə bilərdilər. Pəncərə önünə yaxınlaşmışdı. Əl-qol hərəkətləri ilə birtəhər uşaqlara başa salmaq istəmişdi ki, masanın üstündən düşsünlər. Gəl ki , ona baxan da yox idi. Amma yaxşı ki, uşaqlar nə düşünmüşdülərsə , masanın üstündən aşağı enmişdilər .Təhlükə sovuşmuşdu. Qayıdıb yerinə oturmuş və bu hadisə bir neçə dəfə təkrar olunmuşdu. Fikrini cəmləyib bir cümlə də yaza bilməmişdi .Son dəfə isə vəziyyət daha kritik həddə çatmışdı. Bir də baxmışdı ki, uşaqlardan daha kiçik olanı masadan qalxıb pəncərənin kənarında əyləşib və yelləncəkdə yellənən kimi ayaqlarını yelləyir. Bir az böyüyü isə digərini itələyir ki, pəncərə kənarında ona da oturmağa yer eləsin. Artıq onların nə zaman pəncərədən küçəyə düşəcəyini gözləyə bilməzdi. Pəncərəni açıb qışqırmışdı. “Ay uşaq evə keçin. Pəncərədə oturmazlar, keçin evinizə” Uşaqlar ona baxır və sanki acıq verirmiş kimi tərpənmirdilər. “Ay heyvan, qardaşını da götür içəri keç ”deyə uşaqlardan böyüyünə səslənmişdi. Onun qışqırmaqdan səs telləri qırılacaqdı, uşaqlarsa heç fikir də verməmişdilər. Səsinə küçədəkilər də yığılmışdı. Bina sakinləri pənəcərdən baxaraq vəziyyəti öyrənmək istəyirdi. Həmin uşaqların üst qonşuları mənzərəni görcək içəri qaçmışdı. Hə, bu dəfə təhlükə doğrudan da sovuşmuşdu.Uşaqların nənəsi ilə həmin qonşu pəncərə önündə görünmüşdü .Sən demə, nənə evdə imiş.Uşaqlar pəncərədən yığışdırılıb evə aparıldıqdan sonra o, öz- özünə deyinmişdi “Belə də işləmək olar? İmkan vermirlər bir nəfəsini dərəsən”. Kağızları kreslonun üstünə atıb mətbəxə keçmişdi. Naharını edib otağa qayıdanda isə yerinə oturub, səhərdən bəri düz-əməlli yaza bilmədiyi yazısını davam etmək istəmədi. Sonra yenə də kağızları əlindən yerə qoyub pəncərədən boylandı .Uşaqların ata- anası təlaşla binaya daxil oldular.Yəgin qonşulardan kim isə onlara məsələni çatdırmışdı.Telefonuna zəng gəldi. Redaksiyadan hələ də bitirə bilmədiyi məqaləni soruşurdular. Ürəyində “Daha bəsdir . Fikirlərimi cəmləməliyəm” deyib, pəncərə ilə üzbəüz olan yerində əyləşdi. Bir neçə cümlə yazır ,sonra başının qaldıranda qonşu ər- arvadın eyvandakı masa ilə ora- bura getdiyini görürdü. Gah masanı evə aparıb, sonra nə isə otağa uyğunlaşdıra bilməyib, yenə eyvana çıxarırdılar . Bir masanın əlindən girinc qalmışdılar. Bu onu o qədər qıcıqlandırırdı ki, artıq əsəblərinə toxunurdu. Pəncərədən baxdığına , yazmaq üçün seçdiyi sevimli yerinə görə özünü yaxşıca söyəndən sonra pencəyini geyinib, cibindəki pulları sayıb qapını çırparaq çıxdı. Sanki kiminsə üzünə hirslə qapı çırpır. Amma kimin? Gedib nə cür danışmışdısa qonşu həmin masanı ona satmışdı. Özü də üstlərindən dağ götürülmüş kimi sevinərək satmışdılar və masanı evə gətirməyə ona kömək də etmişdilər. Evdə masanı görəndə rahatlamışdı. Bu gün onun yaşadığı bütün narahatçılığın səbəbkarını almışdı. Ancaq burda da bir əmma var idi. Olduqca kiçik və mebellə, əşylarla dolu mənzilində iynə atsan yerə düşməzdi. İndi bu masanı hara qoysun? Çarəni masanın boltlarını açıb, ayaqlarını çıxarıb bir küncə qoymaqda görmüşdü və bu məsələni həll edəndən sonra rahatlamışdı.Əyləşmişdi ki, yazısını davam etsin. Odur ki, yenə nə isə yazmaq üçün başını qaldıranda gözü qonşunun pəncərəsinə sataşmışdı. Qonşunun pəncərəsinin pərdələri tamamilə kənara çəkilmişdi və buna görə də evin içi bütünlüklə görünürdü. Qarı gəlini ilə televizorun az qala içinə girmişdilər. Onlar seriala baxırdılar, uşaqların atası da divanda yatmışdı. Uşaqlar isə hərəsinin əlində bir mətbəx bıçağı, qılınc döyüşdürən kimi oynayırdılar və evdəkilərdən heç kim onlara fikir vermirdi. Əllərindən xəta çıxa bilərdi. Elə bu an... Günel İmran


Bu yazı ( 539 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar