12px14px16px18px

Vəd və əməl

Səyyad AĞBABALI

ONLARIN VƏHDƏTI AZƏRBAYCAN RƏHBƏRININ FƏALIYYƏT PRINSIPI VƏ HƏYAT TƏRZIDIR

10:54 / 23.12.2011
Mən bu yazını niyə yazdım? Adətən il başa çatanda siyasi analitiklər, ekspertlər, ictimai təşkilatlar ötən ilə bir nəzər salır, gələcəyi proqnozlaşdırmağa çalışırlar. Yola salınan ilə müxtəlif prizma və istiqamətlərdən qiymət verilir, hökumətin fəaliyyətinə də, onun başçısına da. Hətta sıravi vətəndaşlar da özlərinə belə bir sual verirlər: mənim də səs verib seçdiyim prezident həyatımın yaxşılaşması, dövlətimin möhkəmlənməsi, mövcud problemlərin həlli üçün hansı addımları atdı?
İllərdir mən bu mövzularda yazılar yazmışam. Bu dəfə ilin “son nəfəsini dərməsinə” bir neçə gün qalmış bu mövzuya müraciət etdim. Səbəbi də Prezident İlham Əliyevin ad günü ilə bağlıdır. Dövlət başçısının sabah 50 yaşı tamam olur. Bir vətəndaş, həm də onu şəxsən tanıyan, təmasda olan bir jurnalist kimi cənab İlham Əliyevi ürəkdən təbrik edir, Azərbaycanın gələcəyi naminə uğurlu fəaliyyətinin davamlı olmağını diləyirəm.
2003-ci il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə (76,84 %) cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Prezident 2003-cü il oktyabrın 31-ində and içərək öz vəzifələrinin icrasına başlandı. Dövlət başçısının ünvanına dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri, görkəmli elm və incəsənət adamları və sadə vətəndaşlar çoxsaylı təbrik teleqramları göndərdilər. Teleqramlardan birinin mətnini olduğu kimi xatırladıram: “Adama yalnız ilk baxışda elə gəlir ki, ölkə liderini insanlar seçirlər və məsələ səslərin, sadəcə, hesablanması ilə həll edilir. Yox, hər şey həm də belə sadə deyildir. Səsverməyən insanlar səs verirlər, amma seçimi Zaman edir. Odur ki, bu sərt seçimdən qaçıb heç yana gizlənə bilməzsən, çünki artıq püşk atılmış və Sizə belə bir tale qismət olmuşdur”.
2003-cü il oktabrın 15-də insanlar səs verdilər, seçicilər seçdilər. Eyni zamanda Zaman da cənab İlham Əliyevi seçdi. Onun çiyinlərinə Azərbaycan tarixinin bu çətin dönəmində çox ağır bir yük qoyuldu. Prezident özü dövlət başçısı olaraq jurnalistlərə verdiyi ilk müsahibəsində belə deyir: “Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu elə bir zirvədir ki, mən bu zirvədə duraraq təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə bu, mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur. Düşünürəm ki, bu yük nə qədər ağır olacaq”.
Prezidentin andiçmə mərasimində söylədiyi nitqində önə çəkilən, xüsusi vurğulanan bu istiqamətlər var:
– Prezident dedi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur və bu siyasət davam etdiriləcək. Həqiqətən də biz ötən səkkiz il ərzində şahid olduq ki, dövlət başçısı ümummilli liderin siyasətini inamla, qətiyyətlə davam etdirir. Dövlət başçısı müasir dövrün tələblərinə və çağırışlarına cavab olaraq ona yeni çalarlar əlavə edir. Strategiya qorunmaqla taktiki gedişlər mütəmadi olaraq dəyişdirilir.
– Prezident dedi ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daim qaldırılmalıdır. Həqiqətən də Azərbaycan vətəndaşı şahid oldu ki, ölkəmiz beynəlxalq birliyin sayılıb-seçilən üzvlərindən birinə çevrildi. İndi regionda Azərbaycanın dəstəyi olmadan heç bir beynəlxalq layihə həyata keçirilə bilməz. Artıq Azərbaycanın daxili işlərinə qarışmaq kimi niyyətlər bir röyadır.
Həyata keçirilən siyasətin nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. İndi istənilən beynəlxalq məsələnin həllində Azərbaycanın mandatı xüsusi mandatdır, Azərbaycana verilən mandat da özəldir.
– Prezident dedi ki, ən başlıca məsələ ölkə iqtisadiyyatının dinamik inkişaf etdirilməsi və özəl sektoru qaldırmaqdır. İndi Azərbaycan bütün dünyada sabit formada inkişaf edən bir ölkədir. Bir vaxt xəyal edəcəyimiz rəqəmləri indi dilimizə şəstlə gətirə bilirik. Hazırda ölkəmizin valyuta ehtiyatları 40 milyard dolları ötüb. Təkcə ötən ilin doqquz ayı ərzində valyuta ehtiyatlarına 11 milyard dollar əlavə olunub. Hazırda Azərbaycan Dünya İqtisadi Forumunun təhlilinə əsasən rəqabət qabiliyyətinə görə dünya ölkələri sırasında 55-ci yeri tutur.
– Prezident dedi ki, Azərbaycan dünyanın enerji təchizatı məsələsində söz sahiblərindən birinə çevriləcək. Elə də oldu. ABŞ-ın sabiq prezidenti 2006-cı ilin aprelində Prezident İlham Əliyevlə görüşərkən elə belə də dedi: “Dünyanın enerji təchizatında önəmli rol oynadığına görə Azərbaycana və onun rəhbərinə minnətdarlığımı bildirirəm”.
– Prezident dedi ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı ilbəil azaldılmalıdır. Fakt odur ki, qeyri-neft sənayesi ölkəmizdə sürətlə inkişaf edir və 2011-ci ilin 9 ayı ərzində bu rəqəm 9,2 % təşkil edir.
– Prezident dedi ki, ən başlıca vəzifələrdən biri sosial problemlərin həllini sürətləndirməkdir. İndi dövlət büdcəsinə daxil olan gəlirlərin 40%-i sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilir. Bu gün ölkəmizdə 113 min ailə ünvanlı sosial yardımlardan istifadə edir. Bu yardım yarım milyon əhalini əhatə edir. Orta hesabla hər bir ailə 102 manat alır. Təkcə 2011-ci ildə 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40% artırılıb. Orta pensiya səviyyəsi 190, orta maaşın səviyyəsi 450 dollardır. Ümumilikdə isə əhalinin gəlirləri bu il 20 % artıb.
– Prezident dedi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll olunacaqdır. Az-çox adalətli olan hər kəs Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər nə üçün həll olunmadığının səbəbini bilir. Bu məsələdə Amerika kəşf etməyə ehtiyac yoxdur. Hələ ki, forpost Emənistan öz ağalarının ətəyindən möhkəm yapışıb. Lakin, bu davamlı ola bilməz. Ölkə başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, olmayıb və olmayacaq da. Azərbaycan vətəndaşları da, dünya da məhz bunun şahididir.
– Prezident dedi ki, Azərbaycanda ordu quruculuğuna maksimum diqqət yetiriləcək. Azərbaycanın hərbi xərcləri Ermənistan büdcəsini üstələyəcək. Bu gün bu, məhz belədir.
– Prezident dedi ki, Azərbaycanın yolu demokratikləşmədir, demokratik inkişafdır. Ölkə bu istiqamətdə inkişaf edəcək. Azərbaycan vətəndaşı da məhz bu siyasətin davam etdirildiyini görür. Şəksiz, bəzi problemlər var. Cənab İlham Əliyev bu xüsusda belə deyib: “Təbii sərvtələrlə zəngin olmaq, heç də o demək deyil ki, ölkə böyük nailiyyətlərə nail ola bilər. Əgər cəmiyyətdə demokratikləşmə prosesləri sürətlə aparılmasa, sözün əsl mənasında vətəndaş cəmiyyəti yaradılmasa, qanunun aliliyi tam şəkildə bərqərar olunmasa bizim gözəl iqtisadi perspektivlərimiz həyatda tam şəkildə reallaşmayacaq”. “Dünyanın ən demokratik müsəlman ölkəsinin başçısı” titulunun cənab İlham Əliyevə verilməsi də sübut edir ki, dövlət başçısı milli-mənəvi dəyərləri qorumaqla Avropa demokratiyasına doğru ölkəmizi inamla aparır.
Xalqların taleyi müəyyən mənada həm də liderlərin taleyidir. Lidersiz xalq çaşqın durumda hansı istiqamətə gedəcəyini bilməyən yolçuya bənzər. Əlbəttə ki, söhbət xalqın seçdiyi, sevdiyi bəşəri dəyərlərə sahib, demokratik düşüncə tərzini əxz etmiş və onu rəhbər tutan, millətini xalqını canından çox sevən liderlərdən gedir. Bu məqamda tanınmış şair və yazıçı, siyasi xadim Oljast Süleymenovun dediklərini xatırladım: “Mən Azərbaycanın yeni prezidentinin andiçmə mərasimindəki nitqini diqqətlə dinlədim. Onun məzmunu Paris və Moskva forumlarının kontekstinə uyğun gəlirdi. Mən İlham Əliyevin çıxışlarını əvvəllər də eşitmişəm. Onu və Azərbaycanın dgər gənc siyasətçilərini bir neçə il müşahidə etmişəm. Axı “Hakimiyyətə kim gələcək?” sualı dünən meydana çıxmamışdır. Hakimiyyətə kimlər – məhdud dünyagörüşlü adamlar, yoxsa planetar düşüncəli şəxslər gələcək? İnkişafın sürəti bu sualın cavabından asılıdır. Sürət bir yana qalsın, xalqın taleyi ondan asılıdır. Xalqın gələcək taleyi İlham Əliyevin hakimiyyətə gəlməsini labüd edirdi”.
Səyyad AĞBABALI


Bu yazı ( 246 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar