12px14px16px18px

Bayramda gözü yolda qalan var

Səyyad AĞBABALI
13:51 / 08.03.2012
Sabah Azərbaycan qadınları da 8 Mart bayramını qeyd edəcək. Əsasən gülsatanların üzü güləcək. Qapılar döyüləcək, hədiyyələr təqdim olunacaq. Süfrələr açılacaq, şampanlar süzüləcək, qədəhlər dolacaq-boşalacaq. Sevgililər pünhan görüşəcəklər. Bulaq başında nərgiz hədiyyəsini gözləyən də olacaq. Vəzifəlilərin və imkanlıların “inomarka”larından hədiyyələri boşaldan sürücülər tərləyəcəklər. Nələr olacaq, nələr... Bütün bunların fonunda gözü yolda qalanlar da var. Kimdir onlar?
Erməni əsirliyində, düşmən əlində heysiyyatı tapdanan ana və bacılarımız.
Ocağı tar-mar edilmiş, cismən ana torpağa qovuşmuş, yad tapdaqlarda qalan qəbristanlıqda uyuyan xanım-xatun nənələrimizin, analarımızın, bacılarımızın, körpə qızlarımızın ruhu.
Kimdir onlar?
Qaçqın qəsəbələri deyilən yerlərdə ağlayan balasını ovundurmaq üçün bir tikə çörəyi tapmağın əzabını çəkən və bayramı çoxdan unudan köçkün qadınlarımız.
Kimdir onlar?
Dolanışığını yad ellərdə tapan, doğmalarının isti nəfəsini çoxdan unudan, yad baxışların təsiri altında ömrünü bada verən Azərbaycan qadınları.
Kimdir onlar?
Bu və digər səbəblərdən ömrünü həbsxanalarda keçirən və nankor övladın ucbatından qocalar evində gözü qapıda qalanlarımız, daha kimlər, kimlər, kimlər.
Azərbaycan çoxdan alışdığı bir bayramı qeyd edəcək. Bir tərəfdə gözlər güləcək, bir tərəfdə ağlayacaq. Düşmən tərəfdə isə nələr baş verəcəyini düşünmək belə dəhşətdir. İnsan övladının dözümü nə böyük imiş, İlahi! Neçə illərdir ki, əsl bayramımızı gözləyə-gözləyə yaşayır, səbrimiz tükənmədiyindən hələ bir bayramları da qeyd edirik.
Ancaq bir bayram günü hökmən gələcək. O gəlməyəcək, onu Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyilə özü gətirəcək. O bayramda ən çox sevinən analarımız, bacılarımız, gəlinlərimiz və qızlarımız olacaq. Bu o vaxt olacaq ki, xalq işğal olunmuş torpaqlarını azad edəcək, dağılmış yurduna dönəcək, yuvasını yenidən quracaq. Bəlkə də, o gün analar şəhid oğullarını, gəlinlər şəhid ərlərini, bacılar şəhid qardaşlarını, bir anlığa da olsa, unudacaqlar. Torpaq naminə, Qarabağ naminə, Azərbaycan naminə. Onda, bəlkə də, hamı birlikdə qol qaldırıb oynayacaq. Cıdır düzü atlanacaq, İsa bulağı şadlanacaq. İsti su qaynayacaq, şahinlər Laçın dağlarına geri dönəcəklər.
Onda köçkün balalarımız qaçqın məktəblərində oxumayacaq. Bəzi körpə qız uşaqları da əl açıb dilənməyəcəklər. Analar kəlağayı altından qəmli baxışlarla ümmanlara baxmayacaqlar. Bax, onda əsl bayram olacaq. Bax, onda Azərbaycan oğulları öz analarının, bacılarının, sevgililərinin gözünə dik baxaraq onları təbrik edəcəklər.
Torpaq da sevinəcək o gün. Göydən ulduzlar yerə yaxınlaşacaq. Bulanıq sular durulacaq, küsülülər barışacaq. O gün Azərbaycanda hamı özünü bəxtəvər sayacaq. Hamımızın dərdi olan Qarabağ yarası sağalacaq. O gün xanımlarımızın ayağının basdığı hər qarış torpağın altından bir nərgizgülü pöhrələnəcək.

Səyyad AĞBABALI



Bu yazı ( 192 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar