12px14px16px18px

Dərin qatlardakı zəngin xəzinə

Səyyad AĞBABALI

ONU HƏLƏ UZUN ILLƏR TƏDQIQ ETMƏK LAZIM GƏLƏCƏK

01:12 / 09.05.2012
Xalq, dövlət və millət qarşısında xidmətlərinə görə tarix yazmış və adını tarixə yazdırmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi bioqrafiyası, dövlətçilik taleyi, idarəetmə məktəbi haqqında hələ onun sağlığında çoxsaylı sənədli filmlər, nəşrlər işıq üzü görüb, məqalələr yazılıb. Təbii ki, onların müəllifləri bu böyük siyasət adamının tam obrazını geniş ictimaiyyətə təqdim etmək üçün imkanları və intellektləri daxilində araşdırmalar aparıblar. Lakin tarix sübut edir ki, liderlərin həyat və fəaliyyəti təkcə onların sağlığında deyil, haqq dünyasına qovuşandan sonra da uzun müddət öyrənilir, təbliğ olunur, bəzən təftişlərə və hücumlara da məruz qalır. Lakin bütün hallarda onlar milyonların gücü çatmayan problemləri öz qüdrətli zəkaları hesabına həll etdiklərindən subyektiv baxışların fövqündə durur və əbədiyaşarlıq qazanırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdən biridir.
Bir var dünyanın tanıdığı siyasi xadim barədə hər hansı mülahizə söyləyərkən tarixi məxəzlərə söykənmək, onun haqqında yazılan əsərləri, məqalələri oxuyaraq, imzaladığı sənədləri öyrənərək qənaətə gəlmək, bir də var liderin fəaliyyətini onunla birbaşa təmasda olmaqla izləmək imkanı qazanaraq fikirlər söyləmək. Zənnimcə, məhz ikincilər liderinin daha dolğun obrazını yaratmaq üçün geniş imkanlar əldə edirlər. Bir şərtlə ki, onlar zaman və məkan anlayışlarının qarşılıqlı münasibətlərini və təsirini düzgün qiymətləndirsin, şəxsiyyətin tarixdəki rolunu, ölkəsində və dünyada gedən proseslərə liderin adekvat reaksiyasını ikinci plana keçirməsinlər. Əlbəttə ki, bütün yanaşmalarda intellektual səviyyə həlledicidir.
Mən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi 1993-cü ildən 1996-cı ilədək çoxsaylı xarici səfərlərdə müşaiyət etmiş, həmin səfərlərə həsr olunmuş 20-dən çox sənədli televiziya filminin ssenarisini yazmış, onun keçirdiyi müşavirə, yığıncaq və toplantılarla bağlı 2000-dən çox reportaj və şərh hazırlamışam. Mətbuat səhifələrində Heydər Əliyevin daxili və xarici siyasəti, dövlət quruculuğu məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin müəllifiyəm. Eyni zamanda, 2003-cü ildən bu günədək ümummilli liderin diplomatiya və idarəetmə məktəbinə həsr olunmuş “Arena” qəzetinin 10-dan çox xüsusi buraxılışının (eyniadlı jurnalların) baş redaktoru olmuşam. Lakin dərk edirəm ki, Heydər Əliyev fenomenini öyrənmək üçün daha çox dərinliklərə baş vurmaq lazımdır. Bu dərinliklərə isə tədqiqatçı alim və filosofların baş vurması daha çox vacibdir.Çünki məhz onlar “dərin qatlarda daha çox inci” görə bilirlər. Digərləri isə ümmanın içində uzağı nəsə gözəgəlimli bir şey tapa bilərlər. O qənaətdəyəm ki, Heydər Əliyev şəxsiyyətini, onun siyasət adamı və dövlət xadimi kimi fəaliyyətini öyrənib tədqiq etməkdə xarici ekspertlər, araşdırmaçılar və araşdırma mərkəzləri azərbaycanlı həmkarlarından daha çox irəli gediblər. Bunu təsdiq edəcək kifayət qədər sanballı faktlar var. Bu həm də o deməkdir ki, lider dünyanın diqqət mərkəzində olub və bu gün də var. Bu səbəbdən də vaxtilə “Heydər Əliyevin jurnalisti” kimi çağrılan mən qeydlərimi ümummilli liderin siyasi gedişləri barədə bəzi qənaətlərim və xatirələrimlə sınırlamağın doğru olduğu qənaətindəyəm. Çünki “daha dərin qatlar”ın müəllifləri sırasında deyiləm.
Qətiyyət
“Azərbaycanı informasiya blokadasından Heydər Əliyev çıxardı” reallığını çoxları dilə gətirib. Bu fikrin alternativi yoxdur. O, xarici ölkələrə səfərləri zamanı bütün görüşlərində ilk olaraq Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini, Ermənistanın təcavüzünü və ölkəmiz üçün ağır nəticələrini, beynəlxalq seperatizmin və terrorçuluğun bəşəriyyət üçün təhlükəsini dəmir məntiqi ilə tərəf-müqabilinə çatdırır və fikrini “Əgər dünya ədalətlidirsə, təcavüzkarı və təcavüzə məruz qalanı fərqləndirməlidir” kredosu üzərində qururdu. Onun üçün tərəf-müqabilin prezident, baş nazir, yaxud da adi bir jurnalist olması fərq etmirdi. Heydər Əliyev həmsöhbətinə yorulmaq bilmədən, bəzən eyni fikri dəfələrlə təkrar etmək məcburiyyətində qalaraq Azərbaycan reallığını çatdırırdı. Və nəinki çatdırırdı, onu buna inandırırdı. Onun üçün böyük və kiçik auditoriya anlayışı yox idi. Onun üçün daha bir nəfərin (olsun dövlət xadimi, yaxud əcnəbi bir diplomat və ya xarici iş adamı) Azərbaycan haqqında həqiqətləri bilməsi önəmli idi. Bu səbəbdən də danışıqlar zamanı vaxtının böyük əksəriyyətini ölkəmizin ətrafında yaradılmış informasiya blokadasını yarmağa, dünyanın kor olmuş gözlərini açmağa sərf edirdi. Bir çox hallarda müəllim şagirdinə dərs izah edirmiş kimi xəritədə Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş torpaqları göstərir, bu problemlə bağlı ona verilən təkrar sualları cavablandırmaqdan yorulmurdu.
Siyasi polemika zamanı o, heç vaxt müdafiədə oynamırdı. Məsələn, 1994-ci ilin sentyabrında ABŞ-a səfəri zamanı senator Şelbi ilə görüşdü. Onun “biz demirik ki, ABŞ zorakılıq edənlərə qarşı ciddi münasibət göstərsin, biz ədalətli münasibət istəyirik. Bəli, Amerikada ermənilər çoxdur. Prezident Klinton dedi ki, burada bir milyon erməni yaşayır. 260 milyon əhalisi olan bir ölkəyə bir milyon adam necə təsir göstərə bilər? Onlar ABŞ-ın adından danışa bilməzlər”. Bu fikirlər qətiyyətli dövlət başçısının ABŞ administrasiyasına, konqresinə və senatına ünvanlanmış açıq və ədalətli tənqidi idi, özü də düz Amerikanın göbəyində.
Heydər Əliyev həlledici anlarda həlledici məqamları elə incəliklə seçir, öz fikrini diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə elə çatdırırdı ki, bunu yalnız O edə bilərdi. 1996-cı il iyunun 13-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ konqresi tərəfindən “Azadlığı müdafiə aktı”na edilmiş 907-ci düzəlişə diqqət çəkərək dedi: “Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən edilə biləcək humanitar yardımsız yaşamışıq və bundan sonra da yaşayacağıq. Söhbət ədalətsizlikdən gedir. Ədalətsizlik etmək isə olmaz. Sizin vasitənizlə Azərbaycanın adından Azərbaycan dövlətinin başçısı kimi ABŞ hökumətinə qarşı öz ciddi narazılığımı bildirirəm”. ABŞ səfiri ilə belə sərt formada yalnız Heydər Əliyev danışa bilərdi.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın imkanları ilə yanaşı, özünün xarizmasını da ortaya qoyur, danışıqlar zamanı bu iki qüvvəni sinxron şəkildə çox məharətlə birləşdirirdi. O, İslam dünyasında yüksək səviyyədə qəbul olunan lider idi. 1994-cü ildə Mərakeşdə keçirilən İslam Konfransı Təşkilatının zirvə toplantısında bu təşkilata üzv olan dövlətlərin Ermənistanı təcavüzkar bir dövlət kimi yekdilliklə tanımaları da məhz onun şəxsiyyəti ilə bağlı idi. İslam dünyası Heydər Əliyevi kommunist rejimində belə öz dinini qoruyub saxlayan böyük siyasət adamı kimi qəbul edirdi. Şübhəsiz, bu məsələdə onun sabiq SSRİ-nin rəhbərlərindən biri kimi islam dövlətlərinin liderləri ilə qurduğu əlaqələr müstəqil Azərbaycanın problemlərini çözmək üçün kara gəlirdi.
Ümummilli liderimizin Dağlıq Qarabağ probleminin həlli istiqamətində yürütdüyü siyasətin görünən tərəfləri haqqında çox yazılıb, çox deyilib. Bir məsələyə diqqət çəkmək istəyirəm. Heydər Əliyev münaqişənin həlli üçün Azərbaycanın real müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi məsələsinin ikinci plana çəkilməsinə heç vaxt yol vermirdi. Onun üçün yarımmüstəqillik anlayışı yox idi. Bu səbəbdən idi ki, zaman-zaman münaqişənin həlli ilə bağlı Rusiyanın bəzi dairələri tərəfindən edilən təklifləri (münaqişə bölgəsində Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi də daxil) qətiyyətlə rədd edirdi. Yaxşı yadımdadır. 1995-ci ilin mayında Rusiya Federasiya Şurasının sədri Vladimir Şumeyko Bakıya səfər etmişdi. Milli Məclisdə Rəsul Quliyevlə görüşündən sonra mənə eksklüziv müsahibə verən Şumeyko dedi: “Dağlıq Qarabağ və Laçın istisna olmaqla digər rayonlarınızı istəyirsinizsə, gedin bu gün götürün”. Daha sonra Şumeykonu qəbul edən prezident Heydər Əliyev çox aydın və qətiyyətli formada bu fikirləri söylədi: “Biz kimdənsə pay istəmirik. İstəmirik ki, az və ya çox versinlər. Bəziləri təklif edir ki, Dağlıq Qarabağ və Laçın istisna olmaqla Ermənistan işğal olunmuş digər rayonları qaytara bilər. Mən qətiyyətlə bu fikirləri rədd edirəm. Azərbaycanın ərazi bütövlüyü tam halda bərpa olunmalıdır və olunacaq”. Prezident bu fikirləri söyləyərkən təxminən iki-üç saat əvvəl müsahibə verən Şumeykonun üzünə baxdım. Çaşqın və bir az da hürkək bir görkəm almışdı.
Heyrətləndirməyi bacarırdı
1994-cü ildə prezident Heydər Əliyev Fransaya səfər etmişdi. Diplomatik korpusun nümayəndələri qarşısında çıxış edirdi. Söz alanlardan biri Azərbaycan prezidentinə belə bir sual verdi: “Cənab prezident, siz keçmiş sovetoloqsunuz. Necə bilirsiniz, MDB-nin taleyi necə olacaq”? Prezident zəndlə onun üzünə baxdı və üzünə bir qədər yumor hissi verərək “Ovanesov, siz hələ də keçmiş SSRİ və onun üzərində qurulan müstəqil ölkələrin taleyi ilə maraqlanırsınız? Axı, mən sizi 1983-cü ildə Kremldə qəbul edərkən SSRİ-nin taleyi ilə bağlı fikirlərimi çox aydın söyləmişdim. Deyəsən, yaddaşınız zəifləyib. Mən isə sizi yaxşı xatırlayıram. Bizim düz 30 dəqiqə dialoqumuz oldu” – dedi. Bu sözlərdən sonra erməni Ovanesov stola çökdü. Zaldakılar prezident Heydər Əliyevin hafizəsinə heyrət etdilər. Onu “kompüter adam” adlandıranlar yanılmırlar.
1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanının kralı Fəht Əbdül Əziz əl-Səudun dəvəti ilə onun ölkəsinə səfər edən liderimizi böyük hörmət və izzətlə qarşıladılar. Kral məhz Heydər Əliyevin islam dininə olan münasibətini, bağlılığını yüksək qiymətləndirərək müqəddəs Kəbənin qapılarının onun üzünə açılmasına icazə verdi. Belə icazələr tarixdə barmaqla sayıla bilər. Bu, Heydər Əliyevə olan xüsusi diqqət və Allah-Təalanın onun taleyinə yazdığı müqəddəs bir əməl idi. Kəbəni ziyarət zamanı namaz mərasimi isə nümayəndə heyətini müşaiyət edən ərəb şeyxini, sözün əsl mənasında, çaşdırmışdı. Prezident Heydər Əliyev həmin mərasimdə bütün rituallara dəqiqliklə əməl etməklə ətrafdakıları heyrətləndirmişdi.
Heydər Əliyev islam dininin də kamil bilicilərindən idi. Kəbə ziyarətindən sonra Məkkə valisi Maacid Əbdül Əziz əl-Səudla görüş zamanı islami dəyərlərdən, müqəddəs Məkkə və Mədinənin tarixindən geniş söhbət açan prezident Heydər Əliyev belə bir fikir də söylədi: “Bəzi məlumatlara görə Kəbənin özülü Misirdən gələn qaçqınlar tərəfindən qoyulub”. Heydər Əliyevin islam dini, Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti, islamın mövcud durumu və perspektivi haqqındakı fikirləri Məkkə valisini gerçəkdən təəccübləndirdi. O, “cənab prezident, sizin islama bu qədər bağlılığınız, dinimiz haqqında zəngin biliyiniz bizə imkan verir ki, sizi Məkkənin fəxri vətəndaşı elan edək. Siz buna layiqsiniz. Müqəddəs şəhərimizin qapısı həmişə üzünüzə açıqdır” – dedi.
Prezidenti müşaiyət etdiyim bütün xarici səfərlərdə ona göstərilən böyük jurnalist marağının şahidi olmuşam. Hər hansı ölkənin paytaxtında, elə aeroportdaca Azərbaycan liderini ən azı 25-30 jurnalist qarşılayırdı. Onların arasında hər zaman “Assoşeytedpress”, “Röyter”, “Bİ-Bİ-Sİ”, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Qardian”, “Fiqaro” və başqa nəhənglərin nümayəndələri olurdu. Prezident Heydər Əliyev heç vaxt jurnalistlərdən qaçmaz, ən sərt sualları belə cavablandırmaqdan yayınmazdı. Eksklüziv müsahibələr vermək üçün istirahət vaxtını “xərcləyirdi”. O, xarici səfərlər zamanı 14-16 saat işləyirdi.
Diqqət çəkən bir məqam var idi. Zirvə toplantılarında iştirak edən jurnalistlər digər dövlətlərin rəhbərlər ilə müqayisədə Azərbaycan prezidentinə daha çox suallar verirdilər. Yaxşı yadımdadır. 1995-ci ildə Alma-Atıda MDB dövlət başçılarının zirvə toplantısı keçirilirdi. Sonra mətbuat konfransı təşkil olundu. Giriş sözü ilə mətbuat konfransını Rusiyanın Baş naziri Viktor Çernomırdin açdı (Boris Yeltsin bir qədər əvvəl ziyafətdə iştirak etdiyi üçün mətbuat konfransına qatılmamışdı). Suallar verilməyə başlandı. Onlar əsasən Çernomırdin və Heydər Əliyevə ünvanlanırdı. Növbəti suala cavab verən prezident həmkarlarını vəziyyətdən çıxarmaq üçün gülə-gülə dedi: “Viktor Stepanoviç, bəlkə digər prezidentlərin vaxtını almamaq üçün mən ayrı bir zala keçim?” Zalda alqış səsləri ucaldı. Bax, jurnalistlərin Heydər Əliyevə marağı belə idi. Eyni münasibəti türkdilli dövlətlərin Ankarada, İslam Konfransı Təşkilatının Kasablankada keçirilən zirvə toplantılarında da görmüşəm. Onda da görmüşəm ki, böyük dövlətlərin başçıları, tanınmış siyasət adamları bu və ya digər taleyüklü məsələlərlə bağlı Azərbaycan liderinin mövqeyini öyrənməyə çalışırdılar. 1994-cü ilin sentyabrında Heydər Əliyevin Nyu-Yorka səfəri zamanı keçirilən görüşlərdən birində Bil Klinton dedi: “Siz, cənab prezident Heydər Əliyev keçmiş sovetlər birliyinin rəhbərlərindən biri olmusunuz. Deyə bilərsinizmi ki, mən ruslarla münasibətləri necə qurum?”
Prezident Heydər Əliyev BMT Baş Məclisinin sessiyasında ilk dəfə Azərbaycan reallıqlarını və Ermənistanın təcavüzünün ağır nəticələri barədə çıxış etdi. Beynəlxalq birliyi təcavüzkara qarşı durmağa çağırdı. Səfər başa çatdı və biz Bakıya qayıtdıq. Yalnız onda bildik ki, Heydər Əliyev səfərdə olarkən Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov vəhşicəsinə qətlə yetiriliblər... Prezidentin ABŞ səfərilə bağlı materialları efirə hazırlayırdıq. Montaj zamanı bir kadr diqqətimi çəkdi. Statik planda dövlət başçısının portreti sanki donub qalmışdı. Onun nəzərləri çox qayğılı bir formada uzaqlara dikilmişdi. Mən onda başa düşdüm ki, dəhşətli qətllər barədə prezident elə həmin andaca məlumat almış, lakin nümayəndə heyəti üzvlərindən heç kim bunu sezməmişdi. Bəli, Heydər Əliyev ən çətin və ağır məqamlarda özünün soyuqqanlığını qoruyub saxlaya bilirdi.
Mətbuata açıq qapı
Azərbaycan lideri jurnalistlərə çox açıq şəxsiyyət idi. Səfər zamanı onu müşaiyət edən jurnalistlərin hamısını şəxsən tanıyırdı. Onlara xüsusi qayğı və səmimiyyətlə yanaşırdı. Uçuş zamanı təyyarənin salonunda gəzərək hər bir jurnalistin kefini soruşur, bəzən duzlu-məzəli atmacalar da atırdı. Mütləq və mütləq vətənə dönəndə təyyarənin salonunda onu müşaiyət edən jurnalistlərə müsahibə verirdi. Bu zaman tam sərbəstlik atmosferi yaradırdı. Mənə elə gəlirdi ki, o, jurnalistlərin ürəyini oxuyur və bizim hansı sualı verəcəyimizi bilirdi. Mətbuat üçün açıqlama bitəndən sonra bir çox hallarda: “Hə, daha nəsə soruşmaq istəyirsiniz?” – deyə mətbuat nümayəndələrinə “açıq qapı” saxlayırdı.
Ümummilli lider xarici ölkələrə səfərləri zamanı onu müşaiyət edən jurnalistlərə işləmək üçün xüsusi şərait yaradılmasına ayrıca diqqət yetirirdi. O, böyük beynəlxalq tədbirlərdə, zirvə görüşlərində, habelə ikitərəfli danışıqlardan sonra keçirilən mətbuat konfranslarında Azərbaycan jurnalistlərini çox fəal görmək istəyirdi. Mən bunu onun zalda sual vermək üçün basabas salan jurnalistlər arasından onu müşaiyət edənləri nüfuzedici baxışlarla süzərkən sezirdim. Bizim zalda necə mövqe tutduğumuz, kameraların necə işlədiyi, mikrofonun necə qurulduğu da Heydər Əliyevin diqqətindən yayınmırdı. Bəli o, məhz idarə edirdi. Mən hiss edirdim ki, Azərbaycanın taleyüklü məsələlərinin həlli ilə bağlı beynəlxalq birliyin və dünyanın nəhəng dövlətlərinin başçılarına ünvanladığımız suallar onda razılıq doğurur. Ümummilli lideri Az.TV-nin əməkdaşı kimi xarici səfərlərdə müşaiyət etdiyim zamanlar mətbuat konfranslarında verdiyim suallardan əsasən ciddi narahatlıq keçirmirdim. Lakin iki dəfə hədəfə tam düşmədiyimi Heydər Əliyevin nəzərlərindən sezmişəm. Onunla və onun yanında işləmək hər bir jurnalist üçün böyük bir məsuliyyət olduğu kimi, həm də böyük şərəf idi.
Prezident Heydər Əliyevin “Ağababalı, (o həmişə mənə Ağbabalı yox, Ağababalı deyirdi) bura gəl görüm” ifadəsini işlətməsi o demək idi ki, sərbəst şəkildə ona bir neçə sual verə bilərəm. Lakin bu sərbəstlik nisbi sərbəstlik idi. Həyəcanımı bir çox hallarda zorla boğurdum. Ondan müsahibəni ən sərbəst formada təyyarənin salonunda üzbəüz əyləşərkən alırdım. O buna baxışları və oturuşu, üzündəki xoş təbəssüm və səmimi ifadələri ilə şərait yaradırdı. Ən böyük həyəcanı isə prezidentin özəl dəftərlərə yazdığı qeydləri oxuyarkən keçirirdim. Çünki onun dəmir məntiqindən süzülüb gələn və tam səhvsiz yazılan qeydləri qüsursuz da oxumaq lazım idi. Mən səsimin titrəməsinin qarşısını almalıydım. Bu, o qədər də asan deyildi, çünki Heydər Əliyevin hüzurunda baş verirdi.
Alma-Atı zirvə toplantısından qayıdırdıq. Yenə də təyyarənin salonunda üzbəüz əyləşmişdik. Mən də sual verirdim, digər həmkarlarım da. Əhvalının yaxşı olduğunu sezib belə bir sual verdim: “Cənab prezident, Orta Asiya ölkələrinin bəzilərində ömürlük prezidentlik məsələsi gündəliyə gəlib. Əgər Azərbaycan xalqı sizin haqqınızda da belə bir məsələni gündəliyə gətirsə, münasibətiniz necə olar?” Özünəməxsus incə gülüşlə “Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Azərbaycan hüquqi-demokratik dövlətdir. Ölkəmizdə bütün məsələlər Konstitusiyaya uyğun, seçki yolu ilə həll edilir və bundan sonra da elə olacaq. Heydər Əliyev heç vaxt ömürlük prezident məsələsinin gündəliyə çıxarılmasına yol verməz. Kim ömürlük olur-olsun, mən ömürlük prezident olmaq istəmirəm” – deyə cavab verdi.
Xarici səfərlərdən birindən dönürdük. Yolüstü İstanbuldakı Atatürk hava limanında qısa müddətə dayanmalı olduq. Ermənistan nümayəndə heyəti də orada idi. Bir az aralıda Levon-Ter Petrosyanı gördüm. Ona bir neçə sual vermək üçün gözəl məqam yaranmışdı. Mən prezidentin köməkçisi Eldar Namazova yaxınlaşıb niyyətimi bildirdim. O, “əzizim, mən bir şey deyə bilmərəm” dedi. Prezident Heydər Əliyev dörd-beş metr kənarda Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbət edirdi. Ani olaraq nəzərlərim ona dikildi. Dövlət başçısını niyyətimi hiss etmiş kimi gördüm. Onun üzündəki ifadədən bir cəsarət tapıb operatorla birlikdə Ter-Petrosyana yaxınlaşdım. Müsahibə alındı.
...İş otağımdakı xidməti hökumət telefonu zəng çaldı. Dövlət başçısının köməkçisi Tariyel Ağayev bildirdi ki, prezident mənimlə danışacaq. Təxminən bir dəqiqədən sonra “”İzvestiya” qəzetində çıxan materialı oxumusan?” sualını eşitdim. “Xeyr, cənab prezident” deyə astaca cavab verdim. “Bəs, nə işlə məşğulsan? Oxu, mənimlə əlaqə saxla” deyərək dəstəyi asdı. Telefonun dəstəyi əlimdə donub qalmışdı...
...Sədrin birbaşa telefonu zəng çaldı: “Hazır ol, prezident çağırır, gedirik”. Bir gün əvvəl “Xəbərlər”də Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə bağlı gedən bir süjetdə yol verilən çox ciddi nöqsan mənə bəlli idi. Lakin bu nöqsanın müəllifi mən deyildim. Onun müəllifi Prezident Aparatının indi ekslər sırasında olan yüksək vəzifəli şəxsi idi. Prezidentin bizi həmin məsələ ilə əlaqədar çağırdığının fərqinə vardım. Dövlət başçısının iş otağına daxil olanda mənə veriləcək suala necə cavab verəcəyim barədə düşünmək halında belə deyildim. Lakin içəridə gedən qısa söhbətdən mənə aydın oldu ki, dövlət başçısı həmin ciddi nöqsanın haradan gəldiyini yaxşı bilir. O, Azərbaycanın milli maraqlarının, dövlətin və dövlətçiliyinin qorunmasında informasiyanın rolu barədə öz fikirlərini qısa formada bildirəndən sonra mənə “sən get” dedi. Mən bir daha əmin oldum ki, prezident Heydər Əliyev həm də AzTV-də gedən bütün proseslər haqqında ən dəqiq məlumatlara malikdir.
Dövlət o zaman məhvə yuvarlanır ki, onun gələcək taleyi barəsində həm də fikirlər, ideyalar tükənir. Müstəqil dövlətimiz bu təhlükədən birdəfəlik xilas edilib. Çünki Azərbaycanın gələcək taleyi üçün nəinki fikirlər, ideyalar mövcuddur, həm də Ümummilli Lider tərəfindən işlənib hazırlanan, ölkənin intibahının sabit iqtisadi, siyasi, sosial yüksəlişini, onun dünyaya inteqrasiyasını təmin edən strateji xətt mövcuddur. Bu strateji xətt çox böyük uğurla Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. Ümummilli liderin 89 illik yubileyinə ən böyük hədiyyə də elə budur.
Səyyad AĞBABALI
 



Bu yazı ( 214 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar