12px14px16px18px

Biz hissiyyatımızı itirmişik,

Səyyad AĞBABALI

YOXSA SOLOVYOV “9 B” OLUB?

03:17 / 05.11.2011
Azərbaycan real müstəqil dövlət kimi dünyaya açıldıqca onun müstəqilliyini istəməyən düşmən kəsilənlər daha da azğınlaşır. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasət getdikcə ölkəmizi daha sanballı söz sahibinə çevirir. Hər kəs aydın hiss edir ki, dünyanın enerji təminatını, Cənubi Qafqazda həyata keçirilən beynəlxalq layihələrin reallaşdırılmasını Azərbaycansız düşünmək mümkün deyil. Kollektiv təhlükəsizlik, “azad ticarət zonası” kimi uydurulan MDB yallılarına qoşulmadıqca, mayasında ikili standartlar duran Avropa “demokratiyasına” qarşı durduqca dövlətimiz, xalqımız və onun başçısı haqqında böhtan və şayiələr bəzən də açıq hədələr dövriyyəyə buraxılır. Biriləri Azərbaycanın müstəqilliyini və yürütdüyü müstəqil siyasəti heç cür həzm edə bilmir.
Bugünlərdə Rusiyanın tanınmış teleradio jurnalisti Vladimir Solovyov Rusiya vətəndaşı olan Sergey Gürcüyanın “AZAL”ın Moskva-Bakı reysi ilə uçan təyyarəsinə minməsinə qadağa qoymasına belə münasibət bildirib: “Azərbaycan tərəfin üçün bir damla erməni qanı belə, vəhşi, qeyri-insani, heyvani nifrətin predmetidir. Yəhudilər kimi (oxu, ermənilər kimi – S.A.) mənə də bu nifrət öz xalqımın (oxu, erməni xalqının – S.A.) faciəsini və Xolokostu xatırlatdı. Azərbaycanlılar siz kiminlə buynuzlaşmaq qərarına gəldiniz? Siz hissiyyatınızı itirmisiniz? Özünüzü nə hesab edirsiniz? Görünür, təpədən-dırnağa qədər erməniləşmiş, daşnaqlaşmış Solovyov ermənilərin Bakıya gəlib-getmək imkanlarını itirdiklərindən çox narahatdır. Axı, onun kimilər çox istəyir ki, ermənilər yenidən Azərbaycan torpağında, elə lap Bakının göbəyindən məskən salsınlar. Sonra da başımıza minbir faciə gətirsinlər. Dişlərində şirə qalıb axı?! XIX əsrin ortalarında erməniləri dünyanın dördbir köşəsindən yığıb Azərbaycan torpaqlarında yerləşdirib, sonra da bir Ermənistan dövləti yaratmadılarmı? Adı dövlət olan Ermənistan onların buyuruq qulu deyilmi? İndi məsələ bir az ayrı cürdür. Torpaqlarımızın iyirmi faizdən çoxu müvəqqəti işğal altında olsa da, bu işğal gec-tez sona çatacaq. Çünki Azərbaycan öz müstəqilliyini yüz minlərin qanı bahasına əldə edib. Müstəqilliyimizi əbədi və dönməz etmək hər bir azərbaycanlının, Azərbaycan dövlətinin, onun başçısının yaşam tərzidir.
Bəlkə də Solovyovun çərənləmələrinə münasibət bildirməyə dəyməzdi. Əgər o, sıradan biri olsaydı, axı o sıradan biri deyil. Rusiyanın teleradio məkanı vasitəsilə öz fikrini reallıq kimi milyonlara sırımaq istəyir. Nə etmək, adam sağalmaz “erməni xəstəliyinə” mübtəla olub. Niyə görəsən?
Bu məqamda bəzi məsələləri xatırladım. Əcaba, bu Solovyov kimdir? Rusların böyük deyə, çağırdıqları Pyotrun nəticəsi. 1725-ci ildə Pyotr nə vəsiyyət edirdi: “Gürcüstan Qafqaz xəttinin şah damarıdır. Rusiyanın neştəri həmin damara yetişərsə, min Əflatun gəlsə də onu islah edib sağalda bilməz. O vaxt İran ölkəsi Rusiya şahlarına dəvə kimi müti olacaqdır. Türkiyənin işini bitirdikdən sonra İranın başını çətinlik çəkmədən kəsmək mümkündür. Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı İstanbul olsun.
Solovyov Rusiya televiziyasının “Odnako” verilişinin aparıcısı Maksim Sokolovun yetirməsidir. 20 Yanvar faciəsinin 13-cü ildönümü ərəfəsində Şeyxülislam Hacı Allahşükür Paşazadə belə bir bəyanatla çıxış etdi: “20 Yanvar faciəsinin əsl günahkarı, hərəkətverici qüvvəsi SSRİ-nin o vaxtkı prezidenti Qorbaçov Nobel mükafatından məhrum edilməli və beynəlxalq məhkəməyə verilməlidir”. Onun bu təşəbbüsünü Azərbaycan xalqı və ümummilli lider Heydər Əliyev də dəstəklədi. Dərhal Sokolov ekrana çıxıb az qala göz yaşları tökərək ermənilərin müdafiəsinə qalxdı və utanıb-qızarmadan belə dedi: “Heydər Əliyev şeyxin bu təşəbbüsünü dəstəkləməzdən əvvəl heç olmasa gərək Bakıda yaşayan bir erməni göstərəydi”. Bu qədər böhtan və yalanla məşğul olan adama sizcə, şərəfsiz demirlər? Sizcə şərəfsizin şagirdinə, yəni Solovyova bütün Azərbaycan xalqını təhqir etdiyinə görə aşağılıq hərif – demək etik normalar uyğun deyil?
Ümumiyyətlə, Azərbaycan xalqı haqqında ağlagəlməz böhtanlar və yalanlar, ermənilərin xeyrinə təbliğat bu günün işi deyil. Sumqayıt hadisələrini xatırlayırsız? Moskvada planı cızılan və ermənilərin öz əliylə törədilən Sumqayıt hadisələri elə ertəsi gün telejurnalist Henrix Borovik tərəfindən “Vzqlyad” verilişi ilə bütün dünyaya yayıldı. Hansı formada? Güya azərbaycanlılar Sumqayıtda günahsız erməniləri qətlə yetiriblər. Əslində bu işin başında kim dururdu? Qatı residivist erməni Qriqoryan. Bəs niyə azərbaycanlılar günahkar kimi təqdim olundu? Çünki Kremlə və ermənilərə “vəhşi azərbaycanlı” obrazı lazım idi. O zaman Henrix Borovik, sonralar Maksim Sokolov, indi Vladimir Solovyov, sabah da hansısa Baranov olacaq. Bunların sayı bitib-tükənməyəcək. Bəs nə etməli? Güclü və müstəqil Azərbaycanı daha da möhkəmlətməli. Çünki indi dünya ancaq bir dili başa düşür. Onun adı da GÜCdür. Elə solovyovlarla da onların başa düşəcəyi dildə danışmaq gərəkdir.
Heç bilmirəm arxivdən bu məlumat əlimə necə keçdi. “Rusiya çarı III Aleksandr taxta çıxanda Zaqafqaziya müsəlmanları tərəfindən Hacı Zeynalabdin Tağıyev Peterburqa nümayəndə göndərilibmiş. Çar idarəsində baş nazir olan şəxs onu III Aleksandra təqdim edərək belə deyib: “Vaşe veliçestvo, eto predstavitel dikoqo naroda” (Bu vəhşi xalqın nümayəndəsidir – S.A.) Bax belə...

Səyyad AĞBABALI




Bu yazı ( 221 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar