12px14px16px18px

Bir telefon zəngi

Səyyad AĞBABALI

BU ZƏNG AZƏRBAYCAN POLİSİNİN HƏYATINDA YENİ DÖVRÜN BAŞLANMASININ SİQNALI İDİ

01:26 / 01.07.2010



Bu gün Azərbaycan polisinin 92 yaşı tamam olur. Bu illər ərzində Ramil Usubova qədər respublika daxili işlər naziri vəzifəsini 25 nəfər tutub. Hazırkı nazirə qədər bu yüksək postda ən çox əyləşənlər Arif Heydərov (19.03.1970-20.07.1978) və Cəfər Vəliyev (04.11.1978-06.04.1987) olub.
76 il ərzində 25 nəfərin nazir olduğunu nəzərə alsaq, orta hesabla hərəyə üç il düşür. Ramil Usubovun stajı isə orta statistik rəqəmi təxminən 5,6 dəfə üstələyir. Ona görə də kiminsə istəyindən asılı olmayaraq Azərbaycan polisinin tarixindən ona rəhbərliyin Ramil Usubov dövrü qırmızı xətlə keçir. İllər sonra belə Azərbaycan polisinin tarixi tədqiq olunarkən bu dövrü araşdırıb obyektiv qiymətləndirmədən keçinmək mümkün olmayacaq. Bu dövr həm də ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan müasir müstəqillik dövrünün tərkib hissəsi olduğundan araşdırmaçılar mütəmadi olaraq DİO-nun müstəqilliyin qorunub saxlanmasındakı və sabitliyin bərpa olunmasındakı rolunu qiymətləndirəcəklər. Və əlbəttə ki, nazirin idarəetmə qabiliyyətindən, dövlətə və dövlətçiliyə sədaqətindən, peşəkarlığından mütləq söhbət açılacaq. Bilirəm ki, nazir bu məsələləri gələcək tarixin öhdəsinə buraxılmasının qəti tərəfdarıdır. Ancaq doğru və ya səhv düşündüm ki, bu səpkidə yazmaq jurnalist olaraq mənəvi borcumdur. Çünki bu barədə təzə yazmıram. Əlimin altında Azərbaycan polisinin tarixi və fəaliyyəti ilə bağlı çoxsaylı məxəzlər, məlumatlar, bir kitaba sığışdırılıla bilməyəcək qədər məqalələrim var. Bir çox təlatümlü hadisələrin həm də şahidiyəm. Ümummilli lider Heydər Əliyevin düz 17 il əvvəl Ramil Usubova etdiyi telefon zəngi isə mənə bilgisayarın arxasına əyləşməyi diktə etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində xalqın dövlətə inamı, etibarı məsələsi həmişə strateji məqsəd kimi ön plana çəkilib. Dövlətə inam və etibar isə, təbii ki, dövlət orqanlarının xalqa xidmət səviyyəsindən, bu orqanlara rəhbərlik edənlərin qabiliyyətindən, sədaqətindən, dövlətçilik prinsiplərinə sadiqliyi əməli işdə sübut etmələrindən asılıdır. Bu sırada söz yox ki, hüquq-mühafizə orqanlarının yeri və rolu müstəsnadır. Bu məsələlərin incəliklərini hüquq-mühafizə orqanları sahəsində də yenilməz biliyə və təcrübəyə sahib dövlət xadimindən daha yaxşı kim bilərdi ki?
1969-cu ilin iyulunda Azərbaycan rəhbəri seçilən Heydər Əliyev respublikanın 10 illərlə yığılıb qalmış problemlərini həll etmək, geniş yayılmış və dərin kök salmış cinayətkarlığın müxtəlif növlərinə qarşı kəskin mübarizə aparmaq, ölkədə sağlam mənəvi-psixoloji mühit yaratmaq, əhalinin hüquq-mühafizə orqanları ilə bağlı qırılmış inamını bərpa etmək üçün radikal islahatlara məhz DİN-dən başladı. Ümummilli lider bu barədə belə deyib: “1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən sonra həmin ilin sonunda mənim ilk addımlarımdan biri DİN-də yaranmış ağır vəziyyəti aradan götürmək oldu. DİN rəhbərliyində dözülməz bir vəziyyət yaranmışdı. Onlar əhali arasında hörmətlərini itirmişdilər. Alınan şikayətlər həddindən artıq çox idi və mən DİN rəhbərliyində ciddi dəyişikliklər etmək zəruriyyətində idim. Mən bu addımı atarkən şübhəsiz ki, həmin vəzifəni, o sahəni – dövlət üçün mühüm olan sahəni etibarlı, bu işi apara biləcək, sədaqətli bir adama tapşırmalı idim. Mən Arif Heydərova çox inanırdım, etibar edirdim. Ona görə də mən onu daxili işlər naziri təyin etdim. Mən o vaxt Azərbaycanda rəhbər olarkən o, əsas dayaqlarımdan biri olub”. Göründüyü kimi, ümummilli lider Arif Heydərovun şəxsi keyfiyyətlərindən üçünü xüsusi vurğulayır: etibar, sədaqət, peşəkarlıq.
Aradan illər keçdi. 1988-ci ildə başladılan Dağlıq Qarabağ münaqişəsi ilə Azərbaycanın ərazi bütövlüyünə qəsd edildi. Respublika sürətlə zülmət qaranlığın hakim kəsildiyi, xaos və anarxiyanın tüğyan etdiyi sonu görünməyən məchulluğa yuvarladıldı. Bu dəhşətli vəziyyət ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışınadək davam etdi. Zaman böyük öndərin üzərinə tarixi missiya qoymuşdu. O, Azərbaycan xalqını və dövlətçiliyini xilas etməli idi. 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev Bakıda ancaq onun çiyinlərinin tab gətirəcəyi ağır, həlli müşkül, bəzən də mümkünsüz görünən vəzifələrin icrasına başlayarkən gözü arxada – Naxçıvanda qalmışdı. Çünki ümummilli liderin mərkəzi hakimiyyətə gəlişindən çox ciddi əndişələnən destruktiv qüvvələr muxtar respublikanı qarışdırmağa başlamışdılar. Qanunsuz silahlı birləşmələr və bandalar ictimai təhlükəsizliyə, asayişə qənim kəsilmişdilər. Siyasi ambisiyaların quluna çevrilən bu qüvvələr “havalanmış başlar”ı ilə “dövlətlə dövlətçilik” edə biləcəkləri qənaətinə gəlmişdilər. Bir tərəfdən də Ermənistanın ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaratmışdı. Belə bir vəziyyətdə – 1993-cü il iyulun 2-də ölkə rəhbəri Ramil Usubova telefonla deyir: “Ramil, mən bura gələndən sonra Naxçıvanda vəziyyət dəyişib. Sən 1987-89-cu illərdə orada işləmisən. Şəxsi heyət arasında hörmətin olduğu barədə məlumatım var. Camaat da səni tanıyır. Səni ora daxili işlər naziri göndərirəm. Təcili get, işləri yoluna qoy”. Şübhəsiz, ölkə rəhbəri bu qərarı qəbul edənədək Ramil Usubovu şəxsən tanıyıb, etibarına, peşəkarlığına və sədaqətinə güvənib. Əgər elə olmasaydı, onu yalnız əvvəllər Naxçıvanda nazir işlədiyi tərcümeyi-hal faktına görə təkrar həmin vəzifəyə təyin etməzdi. Üstəlik, zaman və vəziyyət başqa, Naxçıvanın taleyi ortada olduğu bir vaxt, tamam ayrı vəzifələrin icrası labüdkən.
Nazir Naxçıvana gəldiyi ilk günlərdən əmin oldu ki, “ağır kriminogen xəstəliyin nə ambulator, nə də stasionar kurs müalicələrlə sağalması” ehtimalı yoxdur. Yeganə yol “cərrahi müdaxilədir”. Bu müdaxilə özünü çox gözlətmədi. Qarşı tərəf isə “skalper tutan əl”ə atəş açmazdan əvvəl ultimatum verdi: “Ramil Usubov, 2 günə Naxçıvanı tərk etməsən özündən küs!”. İki gün keçsə də, nazirin yol tədarükü görmədiyinə əmin olan cinayətkar ünsürlər sui-qəsdə baş vurdular. Avtomatdan açılan güllələr nazirin kabinetinin pəncərələrini sındırıb, divarı “yalayıb keçdi”. Yalnız xoşbəxt təsadüf nəticəsində nazir sağ qaldı. Cinayətkarlar isə yanılmışdılar. Çünki Ramil Usubov hələ DİN Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsində işləyərkən 365 günün 242-ni cəbhə bölgələrində ezamiyyətdə keçirmişdi. Neçə dəfə həyatı təhlükədə qalmışdı. Onu belə atəşlərlə qorxudub yolundan çəkindirmək mümkün deyildi. Nazir tapşırılan vəzifəni mütləq və mütləq yerinə yetirməli idi, yerinə yetirdi də. Şəxsi heyəti səfərbər etdi. Silahlı bandalar bir-bir zərərsizləşdirildi. Naxçıvan sərhədlərini erməni hücumlarından qorumaq üçün də təsirli tədbirlər görüldü. Az müddət sonra Naxçıvanda kriminogen durum tam nəzarətə alındı. Təbii ki, hər gün Naxçıvanın müdafiəsi, əhalinin vəziyyəti, sabitliyin və asayişin qorunması haqqında məlumat alan rəhbər nazirlə bağlı seçimində yanılmadığına bir daha əmin oldu.

Kəsişən və bir daha ayrılmayan yollar

Ümummilli lider Azərbaycana birinci dəfə rəhbər seçiləndən xeyli əvvəl çox yaxşı bilirdi ki, vətəninin üstündə dolmuş qara buludlar uçur və onlar Dağlıq Qarabağın başı üzərində toplaşıblar. Ona məlum idi ki, Dağlıq Qarabağda dövlət və qeyri-dövlət strukturlarına millətçi-daşnak, şovunist ermənilər daraşıb. 1970-ci illərin əvvəllərində Dağlıq Qarabağın taleyini ermənilərin xeyrinə həll etmək istəyənlərin qarşısını Heydər Əliyev şəxsiyyəti kəsdi. Qısa zamanda şovunist-daşnak tör-töküntülərinin muxtar vilayətdəki başbilənləri zərərsizləşdirildi. Onların Moskvadakı və İrəvandakı dəstəkçilərinin yolları bağlanaraq yerləri çox qətiyyətlə göstərildi. Eyni zamanda, görülən çox ciddi təsirli tədbirlər nəticəsində Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlı əhalinin qısnanıb küncə sıxışdırılmasına son qoyuldu. Yavaş-yavaş milli köklərinə qırılmaz tellərlə bağlı, milli ruhlu, cəsarətli və peşəkar azərbaycanlı kadrlar yüksək vəzifələrə irəli çəkildilər. 1980-ci ildə DQMV Daxili İşlər İradəsi rəisinin müavini təyin edilən Ramil Usubov da belə kadrlardan biri idi. Muxtar Vilayətdə yüksək vəzifələrə irəli çəkilən digər azərbaycanlı kadrlarla birlikdə rəis müavinin əsas vəzifəsi də məhz muxtar vilayətdə azərbaycanlıların hüquqlarının pozulmasına yol verməmək, onları hüquq-mühafizə orqanlarında çalışan vilayətin erməni məmurlarının basqınlarından qorumaq, habelə millətçi-şovunsit ruhlu təşkilatların və onların rəhbərlərinin yenidən boy göstərmələrinə imkan verməmək olub. Bunun üçün isə 3 keyfiyyət əsas rol oynamalı idi: qətiyyət, sədaqət və peşəkarlıq.
Nəhayət, ümummilli liderlə Ramil Usubovun yolları bir gün kəsişir. Kəsişir bir daha ayrılmamaq üçün. Bir daha ayrılmır da. 1982-ci ilin yanvarında Azərbaycan rəhbəri Şuşada Vaqifin məqbərəsinin açılışında iştirak etmək üçün Dağlıq Qarabağa səfər edir. Şübhəsiz, Heydər Əliyev hara səfər etdiyini, habelə ermənilərin məkrli niyyətlərini yaxşı bildiyindən yerdə onun təhlükəsizliyinə kimin məsul olduğunu da yaxşı bilib. O vaxt müstəsna əhəmiyyət kəsb edən bu məsələyə Ramil Usubov cavabdeh olub. Məqbərənin açılış törəni zamanı güclü qar yağıb və rəhbərin əyləşdiyi maşın hərəkət edə bilməyib. Belə olan halda qarabağlı gənclər maşını əlləri üstə alaraq bir də Şuşa Qaz İdarəsinin yanında yerə qoyublar. Sonralar bu hadisəni xatırlayan nazir belə deyir: “Bu həm də qətiyyəti ilə erməni separatizmi və şovunizmini durduran, onu əzişdirən rəhbərə qarabağlıların ehtiram ifadəsi idi”.

Dönüş nöqtəsi

Sabiq iqtidarlardan Heydər Əliyevə nə miras qalmışdı? Xaos və anarxiya, Azərbaycan torpaqlarının bir qisminin işğal olunması və işğal ərazilərini genişləndirmək üçün erməni təcavüzkarların əldə etdikləri əlverişli şərait, hakimiyyəti anti-demokratik, silahlı yolla zəbt etmə cəhdləri, qeyri-qanuni və mütəşəkkil cinayətkar dəstələrin meydan sulamaları, separatizm, vətəndaş müharibəsi reallığı, darmadağın edilmiş bir Azərbaycan. Böyük öndər bu çətin vəzifələrin öhdəsindən ona görə gələ bildi ki, ölkədə ictimai-siyasi sabitliyi bərpa etməyi vəzifələrin vəzifəsi olaraq ön plana çəkdi və həll etdi. Bir anlığa Milli Qurtuluş Gününə qədərki ağır dövrü və ondan sonra sabitliyin çox kövrək vaxtlarını göz önünə gətirin. Hətta böyük öndərin hakimiyyətə qayıdışından sonra belə ölkədə asayişin qorunmasına, cinayətkarlığa qarşı barışmaz mübarizə aparmağa, qanunsuz silahlı birləşmələri tərkisilah etməyə məsul olan güc strukturları ikili oyunların iştirakçıları idilər. Onların rəhbərlərinin qətiyyət və peşəkarlıqlarını, sədaqətlərini mənfi çalarlarla xarakterizə edən istənilən qədər fakt söyləmək olar. Bəs niyə həmin kadrların elə yüksək vəzifələrə irəli çəkilmələrinə Heydər Əliyev kimi nəhəng dövlət xadimi razı olmuşdu? Bu suala cavab üçün həmin dövrü obyektiv formada təhlil etmək, ölkədaxili ictimai-siyasi şəraiti və həmin dövrdəki qüvvələr nisbətini nəzərə almaq, bəzi xarici ölkələrin respublikanın daxili işlərinə müdaxilə riskinin yüksək olduğunu qiymətləndirmək lazımdır. Böyük öndər ölkənin taleyi naminə ambisiyalı qüvvələri cilovlamaq üçün onlarla müvəqqəti “atəşkəs”ə getməli idi. Ona görə də Vaqif Novruzov daxili işlər, Nəriman İmranov milli təhlükəsizlik naziri, Əli Ömərov isə baş prokuror vəzifələrinə təyin olunmuşdular. Bu o dövr idi ki, Surət Hüseynov baş nazir vəzifəsini tuturdu. XTPD komandiri, daxili işlər nazirinin birinci müavini Rövşən Cavadov isə heç kəslə hesablaşmır və silahlı yolla hakimiyyətə gələcəyini də gizlətmirdi. Respublika rəhbəri üçün sabitliyi bərpa etmək və möhkəmlətmək şərtlərin şərti idi. Bu məsələdə həlledici güc strukturu kimi prezident ön sırada yenə də Daxili İşlər Nazirliyini görürdü. Artıq gecikmək olmazdı. Zaman çatmış, həlledici gün müəyyənləşdirilmişdi.
1994-cü il aprelin 29-da Prezident Aparatında ölkə başçısının sədrliyi ilə DİN-in rəhbər işçilərinin müşavirəsi keçirilir. Prezident deyir: “Respublikamızın hazırkı ağır vəziyyətində qarşımızda duran vəzifələrin yerinə yetirilməsi Daxili İşlər Nazirliyinin, onun orqanlarının fəaliyyətindən çox asılıdır. Məni şəxsən bir prezident kimi narahat edən odur ki, DİN böyük qüvvəyə malik olsa da, qarşısında qoyulan vəzifəni yerinə yetirə bilmir. Cinayətkarlıq həddən çox artıb. İnsanların hüquqları tapdanır. Daxili İşlər Nazirliyinin, onun orqanlarının ətrafında qeyri-sağlam mühit var”. Daha sonra prezident konkret soruşur: “Nə üçün belə vəziyyət yaranmışdır? DİN niyə öz qarşısında duran vəzifələri layiqincə yerinə yetirə bilmir? Bu nazirliyin ətrafında nə üçün belə qeyri-sağlam mühit mövcuddur? Nə üçün siz əl-ələ verib işləyə bilmirsiniz? Bu orqanın bəzi idarələri nazirliyin rəhbərliyi tərəfindən nə üçün idarə oluna bilmir?”
Diqqət edilərsə aydınca görünür ki, prezident hakimiyyətinin birinci dönəmində DİN-in fəaliyyətində gördüyü ciddi nöqsanlarla bir də 25 il sonra – ikinci dəfə hakimiyyətə gələndə rastlaşır. Ölkə rəhbəri 1969-cu ildə həmin nöqsanları aradan qaldırmaq və respublikada görüləcək işlərdə ona yaxından kömək edə biləcək layiqli bir şəxsiyyəti özünə dayaq seçdiyi kimi, 1994-cü ildə də eyni problemi həll etməli idi. Başqa sözlə, ona Arif Heydərov kimi peşəkar, sədaqətli və etibarlı bir daxili işlər naziri lazım idi. Sözsüz, prezident müşavirəyə qədər öz qərarını vermişdi, qalırdı onu açıqlamaq. Bu açıqlama isə belə oldu: “Daxili işlər naziri vəzifəsinə Ramil Usubovu təyin edirəm. Ramil Usubova tam inanıram, prezident kimi ona etimad göstərirəm. Mən naziri daim müdafiə edəcəm. Nazirə səlahiyyət verirəm ki, orada vəziyyəti dəyişdirmək üçün lazımi tədbirlər görsün. Ancaq xəbərdarlıq edirəm, kim ona mane olarsa, bu işləri pozmağa cəhd göstərərsə, onlara qarşı çox ciddi tədbirlər görüləcək və mən heç kəsi bağışlamayacağam”.

Nazirə qalan miras

1988-ci ilin fevralından 1993-cü il iyunun ortalarınadək Ermənistanın təcavüzü fonunda Azərbaycanda baş verən dəhşətli hadisələr polisin həyat və fəaliyyətinə dağıdıcı təsir göstərmişdi. Nazirliyin yeni rəhbərliyi qarşısında acınacaqlı, başıpozuq, yarıkrminal vəziyyətə salınmış, ictimaiyyət arasında nüfuzunu tamamilə itirmiş, iflic edilmiş böyük bir strukturu tamamilə yenidən qurmaq vəzifəsi dururdu. Bununçünsə öncə aşağıdakı vəzifələr həll edilməli idi:
– sadədən mürəkkəbə qədər bütün problemlərin həlli üçün strateji xətti müəyyənləşdirmək;
– məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir komanda formalaşdırmaq;
– DİN-in tərkibində fəaliyyət göstərən XTPD-ni mübtəla olduğu hakimi mütləqlik, üstqurum orqana çevrilmək mərəzindən xilas etmək;
– DİN və onun strukturlarını çox qaranlıq və krimonegen keçmişi olanlardan təmizləmək (İlk təmizləmə zamanı aydın oldu ki, saxta diplomlar təqdim etməklə yalnız zabit vəzifələrinə irəli çəkilənlərin sayı 110 nəfərdən çoxdur);
– bir çox hallarda “mundirli polis”lərin də müdafiə etdiyi, bəzən də zorən göz yumduqları yüzlərlə silahlı mütəşəkkil cinayətkar dəstəni, mafioz qrupları, qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirmək;
– əvvəllər hüquqları kütləvi surətdə pozulmuş yüzlərlə polis əməkdaşının hüquqlarını bərpa və peşəkar özəyi reabilitasiya etmək;
– polisi öz qanuni vəzifələrinin, müstəsna səlahiyyətlərinin icrasına yönəltmək, vətəndaşların hüquq və azadlıqlarını qorumağı ön plana çəkmək, bağlı qalmış və bilərəkdən arxivə göndərilmiş cinayət işlərinin (İlkin araşdırmalar nəticəsində aydın oldu ki, onların sayı 6000-dən çoxdur) açılmasını təmin etmək.
Nazirliyin yeni rəhbəri bu vəzifələri yerinə yerirmək üçün çətin bir yola çıxmışdı. Bu yolun üstündə kiçik daş-kəssək də, çoxlarının keçilməz hesab etdikləri böyük qayalar da var idi. Nazir isə irili-xırdalı həmin maneələri dəf edə bilirdi ona görə ki, onun arxasında Heydər Əliyev kimi sərkərdə dururdu. Nazir gücü həmin sərkərdədən alırdı və bunu açıq söyləyirdi. Ramil Usubov nazir təyin olunandan sonra DİN-in rəhbər işçiləri ilə keçirdiyi toplantıda deyir: “Mənim üçün, eləcə də DİO əməkdaşları üçün ən üstün qərar xalqın rəyi, dövlətin hüquq prinsipləri, ədalət məhkəməsinin hökmü, ən nəhayət möhtərəm prezidentimizin, Ali Baş Komandanımızın tapşırıq və göstərişləridir. Fəaliyyətim kimlərisə qane etməyəcək, kimlərsə narahatlıq keçirəcəksə, bu, onların problemidir. Nə qədər ki, ölkə prezidenti bu vəzifədə mənə etimad göstərəcək, fəaliyyət prinsiplərim dəyişməyəcək”. Kim sübut edə bilər ki, ötən illər ərzində nazir fəaliyyət prinsiplərindən heç olmasa birinə kiçik bir redaktə edib? Əsla, yox! O, fəaliyyət prinsiplərini qətiyyən dəyişmir. Dövlətə, dövlətçiliyə, Ali Baş Komandanına sədaqətlə xidmət edən nazirin bir məmur mənəviyyatı var. Mənəviyyat sahibi məmur isə heç vaxt öz başçısına, rəhbərinə xəyanət etmir. Onun fəaliyyətində nöqsanlar və səhvlər ola bilər. Lakin etibarsızlıq və sədaqətsizlikdən söhbət gedə bilməz. Azərbaycan polisinin 80 illik yubileyində çıxış edən ümummilli liderin dedikləri: “İşinizdə səhvlər ola bilər. İşinizdə səhvlər var, çoxdur. Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz, vətənə sədaqət andına xəyanət etmək olmaz, xalqa sədaqət andına xəyanət etmək olmaz”. Nazir tabeliyində olanlar qarşısında bu tələbi qoyur: “Prezident İlham Əliyevin xalqa xidmətlə bağlı tələbləri, şəxsi nümunəsi hər bir dövlət məmurunun fəaliyyətində başlıca prinsip olmalıdır”. Bəs DİN-in dövlətə və dövlətçiliyə sədaqətlə xidmətinin nəticəsi nədir? Bu yazını statistik rəqəmlərlə ağırlaşdırmayım deyə bir neçə ümumiləşdirilmiş rəqəmi qeyd etməklə kifayətlənəcəyəm. Zənnimcə, onlar fəaliyyət və xidmət tendensiyasını xarakterizə etməyə yetərlidir. Son 15 ildə əllərdə olan 35 mindən çox qeyri-qanuni odlu silah müsadirə olunub. Qrup halında 15 mindən çox cinayət törətmiş 35 min nəfər tutulub cinayət məsuliyyətinə cəlb edilmişdir. Ümumilikdə isə son 15 ildə 70 mindən artıq təqsirləndirilən şəxs tutulmuşdur. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən çox dəstə zərərsizləşdirilir. Xidməti fəaliyyətin önəmli məqamlarından olan, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində son 15 il ərzində bağlı qalmış 367 cinayətin üstü açılıb. Təkcə 2009-cu ildə həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilib. Yalnız insan alveri ilə məşğul olan 25 cinayətkar qrup ifşa olunub. Son illərdə bir sıra ağır cinayətlərin davamlı şəkildə azalma tendensiyası müşahidə olunur. Ayrı-ayrı qanun pozuntularının baş verməsi isə proqnozlaşdırılan çərçivədən kənara çıxmır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə öncül yerlərdən birini tutur (100 min nəfərə münasibətdə orta hesabla 200 cinayət hadisəsi).
Sabitliyin tam bərpa olunmasına qədər ölkədə baş verən bir neçə taleyüklü hadisəni qeyd etməklə yaddaşları təzələmək faydalı olar. Onlar 1994-95-ci illərdə dövlət çevrilişinə edilən cəhdlər və 1994, 1995, 1996-cı illərdə prezidentin fiziki cəhətdən aradan götürülməsinə yönəlik terror aktlarıdır. Şübhəsiz, o dəhşətli hadisələrin qarşısının alınmasında “Xalq-Heydər Əliyev birliyi” və Heydər Əliyev şəxsiyyətinin gücü həlledici oldu. Eyni zamanda, bütün hallarda DİN Konstitusiya ilə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə sədaqətlə xidmət nümunəsi göstərib. Məsələn, 1995-ci ilin martında Kopenhagendən səfərdən dönən prezident təyyarəsinin vurulmasının və Sabunçu körpüsünün partladılmasına cəhd kimi terror aktlarının qarşısının alınması xüsusilə DİO-nun xidmətləri sayəsində mümkün olub. Sonralar cinayətkarların tutulub istintaqa cəlb edilməsində də DİN-in müstəsna rolunu qeyd etmək lazımdır. Müxtəlif zamanlarda ölkədə daxili sabitliyi pozmağa və dövlətlə zor dilində danışmağa yönəlik cəhdlərin qarşısının alınmasında da DİO öz vəzifələrini lazımınca yerinə yetirib. Qeyd olunanlardan çıxış edərək belə bir fikir söyləmək olar: 1988-ci ildən 1994-cü ilədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini tutanların fəaliyyətini Ramil Usubov qətiyyətlə rədd etdi. Çünki sələfləri ilə müqayisədə nazirin şəxsi keyfiyyətləri tərs mütənasib olduğu kimi, dövlət, dövlətçilik, Ali Baş Komandanın əmr və göstərişlərini sədaqətlə yerinə yetirməklə bağlı anlayış və prinsipləri də tamamilə antaqonistdir.
Qazanılan uğurların nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyev DİO-nun fəaliyyətini belə xarakterizə edir: “Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir. Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır”.

DİN mətbuatın güzgüsündə

DİN-in dövlətin çox mühüm dayaqlarından olan güc strukturu kimi mətbuatın diqqət mərkəzində olması təbii və həm də olduqca vacibdir. Görünən odur ki, nazirliyin rəhbərliyi DİO-nun fəaliyyətindən qərəzsiz yazan, onu obyektiv tənqid edən, nöqsanları göstərən KİV-lərlə sıx əməkdaşlıqda çox maraqlıdır. Nazirliyin rəhbərliyi həm də bu vasitə ilə DİO haqqında ictimai rəyi öyrənir, mənfi və müsbət saldonun nisbətini müəyyənləşdirərək müvafiq tədbirlər görür. Yəqin “DİN və onun strukturları mətbuata tam açıqdır” fikrini qərəzsiz jurnalistlər bölüşərlər. Fakt həm də odur ki, istənilən məsələ, problemlə bağlı DİN-in ən barışmaz və qatı opponentləri olan KİV-lər ya nazirliyin yüksək rütbəli vəzifəli şəxslərinin, yaxud da mətbuat xidməti əməkdaşlarının cavablarını almaqda çətinlik çəkmirlər. Ancaq reallıq həm də odur ki, şəxsən nazir və DİN-in bəzi rəhbər işçiləri illərlə bir neçə mətbu orqanının əbədi nişangahı olub. Qara piar kampaniyası həmişə aparılıb. Sadəcə, bəzən özünün kuliminasiya nöqtəsinə çatıb, bəzən də qara piarın hərəkətverici qüvvələri və icraçıları yorulub əldən düşdüklərindən “nəfəslərini dərmək” üçün çöməlmək məcburiyyətində qalıblar. Bu barədə zaman-zaman çox yazdığımdan yenidən detalları xırdalamaq fikrim yoxdur. Yalnız onu qeyd edim ki, qara piarın ana xətti heç vaxt dəyişməyib: guya “polis asayişi qorumur”, “polislər özlərini əxlaq jandarmı kimi aparırlar”, “polisdə xaosdur, anarxiyadır” və s.
Ötən 15 ilə nəzər salsaq, aydınca görünər ki, DİN və onun rəhbərliyi haqqında böhtan, təxribat, şantaj xarakterli yazılar onlarla deyil, yüzlərlədir. İndi onlar tarixin arxivinə gömülsələr də, hələ üstlərini çox da qalın toz basmayıb. Onların müəllifləri arxada hansı “külliyatı” qoyub gəldiklərinə bir dönüb baxsalar, heç də pis olmaz. Demokratiya pərdəsinə bürünməyə çalışan, lakin böhtan, şantaj, qarayaxma ilə məşğul olan bəzi jurnalistlər, habelə sifarişçilər haqqında bənzər qara piar kampaniyası aparılsa, görəsən, onlar hansı hala qalarlar? Qüdrətli Azərbaycanın əsas dayaqlarından biri olan DİO ölkənin rifahına qənim kəsilmiş qüvvələrin qeyri-qanuni əməllərinə qarşı barışmaz mövqe tutur və bundan sonra da belə olacağı şəksizdir.
Keçmişin acı dərslərindən biriləri nəticə çıxarmaq, ən azından “imanı bir daha yandırmamaq” naminə obyektivliyə, qərəzsizliyə, doğru tənqidə tərəf üz tutmaq əvəzinə, bilərəkdən tənqidlə təhqirin yerini səhv saldılar, böhtan atmaqda, təhqir etməkdə, şantaj elementlərini fırlatmaqda davam etdilər. Bu da tarixdir. 92 illik tarixin bəzi məqamları. DİN rəhbərliyinə və bütövlükdə DİO-ya qarşı irəli sürülən elə ittihamlar, təhqirlər, böhtanlar olub ki, onları “bir put balla” da həzm etmək olmaz. Axı bəziləri hansı haqla, hansı demokratik prinsiplərə söykənərək sıralarından 1695 şəhid vermiş, 1710 əməkdaşı və hərbi qulluqçusu yaralanmış, təkcə son illərdə vəzifə borcunu yerinə yetirərkən 71 nəfəri həlak olmuş, 1340 əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti almış, göstərdikləri igidliyə və xidməti borca sədaqətə görə 2208 əməkdaşı və hərbi qulluqçusu yüksək dövləti mükafata, 76 nəfəri isə “Milli Qəhrəman” adına layiq görülmüş bir struktura davamlı olaraq böhtan atıb, şantaj kampaniyasına ara verməyiblər? Belə fəaliyyət doğrudanmı ədalət uğrunda “qələm çalmaq”dır? Doğrudanmı belə adamların niyyəti safdır? Mən şəxsən inanmıram və ona görə də bir daha belə bir suala cavab tapmaq lazım gəlir: nədən qaynaqlanır belə mövqe və fəaliyyət? Demokratik haqlardan, söz və fikir azadlığından, yoxsa xüsusi imtiyazlara sahib olmaq kimi düşüncələrdən? Az-çox savadlı qələmi olan hər kəs bilir ki, qanunlar hamı üçündür və heç kəs onun fövqündə dura bilməz. Nə üçün DİO əməkdaşları ünvanlarına yağdırılan böhtanlara və qarayaxmalara davamlı olaraq dözməlidir? DİO əməkdaşları istəmədikləri halda polis-jurnalist münaqişəsinə nə üçün cəlb edilirlər? Sirr deyil ki, bəzi KİV-lər, məzhəbləri bəlli olmayan hüquq müdafiəçiləri üçün DİO tərəfindən məhkəməyə verilmək xəyalların gerçəkləşməsi, əlçatmaz arzuların çin olmasıdır.
Daha bir məsələ haqqında. Nazir özü də demir ki, DİO-da hər şey idealdır, o, nöqsanlardan xali bir strukturdur. Əsla! Nazir tabeliyində olanlara deyir ki, işinizə tənqidi yanaşın, öz nöqsanlarınızı görün, onu mətbuata da açıq deməkdən, etiraf etməkdən çəkinməyin. Nöqsanlar isə var. Təkcə ötən 15 ilə ərzində xidmətdə qəbahətə yol verən, polis adına ləkə gətirən, andına xəyanət edən, cinayət törədən, vəzifə səlahiyyətlərini aşan 6000-dən çox əməkdaş DİO sıralarından xaric edilib. Vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə və digər hüquqpozmalara görə 614 əməkdaş cəzalandırılıb. Onlardan 16-sı cinayət məsuliyyətinə cəlb edilib, 85-i xidmətdən xaric edilib, 66-sı tutduğu vəzifədən azad olunub, 442 nəfər barədə digər intizam tədbirləri görülüb. Bu faktlar narahatlıq doğurur və tənqid olunmalıdır, özü də qədərincə. Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin tələbi belədir: “Polis həm qətiyyətli olmalıdır, cinayətkarlığa qarşı barışmaz, sərt olmalıdır, eyni zamanda, insanlara qarşı çox mədəni, mülayim olmalıdır, kobudluğa yol verməməlidir, çox böyük peşəkar olmalıdır”.

Son söz əvəzi

Mən 17 illik tarixi olan bir telefon zəngindən çıxış edərək bu yazını Azərbaycan polisinin ad gününə ünvanlanmış bir təbrik kimi qələmə aldım. Şübhə yoxdur ki, Azərbaycan polisi özünün 100 illik yubileyinə doğru daha böyük uğurla addımlayacaqdır. Ölkə vətəndaşları gələcəkdə daha zəngin, daha qüdrətli, daha gözəl Azərbaycanı görəcəkləri kimi, ona layiq polisin də fəaliyyətinin şahidi olacaqlar.
Bayramınız mübarək olsun!
Səyyad AĞBABALI




Bu yazı ( 602 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar