12px14px16px18px

Ümummilli liderin əmanətləri

Səyyad AĞBABALI

AZƏRBAYCANIN MİLLİ MARAQLARI ONLARI QORUMAQDAN KEÇİR

01:30 / 04.05.2010




Tarixdə həmişəyaşar liderlər var. Onlar öz şəxsiyyətləri, xalqına və dövlətinə xidmətləri ilə seçilən nadir şəxsiyyətlərdir. Belə şəxsiyyətlər bir xalqın görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin tanıdığı və qəbul etdiyi simalara çevrilirlər. Onlar öz xalqlarına daim xidmət etsələr də, həlledici anda lazım olurlar. Məsələn, Çörçill ingilislərə 1940-cı ildə, Ruzvelt 1942, Adenauer isə amerikalılara 1946-da, de Qoll fransızlara 1958-ci ildə, Atatürk türklərə 1923-də, Heydər Əliyev isə Azərbaycan xalqına uzun müddət xidmət etsə də, 1993-cü ildə lazım oldu – ölkənin və onun xalqının taleyi həll olunduğu vaxt.
Müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməyə, “Əsrin müqaviləsi”nin banisi olmağa, dünyanın maraqlarını Azərbaycana cəlb etməyə, dağıdılmış, viran edilmiş, talan olunmuş Azərbaycanın sabit inkişaf xətti, hüquqi-demokratik dövlət quruculuğu yolu ilə irəliləməsini təmin etməyə, vaxtilə ölkənin beynəlxalq imicinə vurulmuş ləkələri fəal surətdə təmizləməyə yalnız və yalnız ümummilli liderin gücü çatardı. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı ilə ölkəsinin müstəqilliyini nəinki qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi bioqrafiyası, dövlətçilik taleyi, idarəetmə məktəbi haqqında hələ onun sağlığında çoxsaylı sənədli filmlər çəkilib, nəşrlər işıq üzü görüb, məqalələr yazılıb. Lakin tarix sübut edir ki, liderlərin həyat və fəaliyyəti təkcə onların sağlığında deyil, yüz illər sonra da öyrənilir, tədqiq olunur. Bu baxımdan müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev şəxsiyyətinə tarixçi, filosof, siyasətçi və politoloqların marağı təbiidir. Çünki Heydər Əliyev bu qoca dünyanın özünə bir dərs verib getdi: siyasət dərsi, diplomatiya dərsi, natiqlik dərsi, cəsarət dərsi, mərdlik dərsi, yaşamaq və yaratmaq, özündən sonra silinməsi mümkün olmayan iz qoyub getmək dərsi! Heydər Əliyev tarixi yazmırdı, onu yaradır və öz qüdrətli çiyinlərində irəli aparırdı. O, memarlıqdan mühazirə oxumurdu, memarlığın ən gözəl nümunəsini yaradıb öz xalqına, gələcək nəsillərə ərməğan eləyirdi! Bu memarlıq abidəsinin ən möhtəşəmi həmişə var olacaq müstəqil Azərbaycan dövlətidir.
Mən ümummilli lider Heydər Əliyevi 1993-cü ildən 1996-cı ilədək çoxsaylı xarici səfərlərdə müşayiət etmiş, həmin səfərlərə həsr olunmuş 20-dən çox sənədli televiziya filminin ssenarisini yazmış, onun keçirdiyi müşavirə, yığıncaq və toplantılarla bağlı 2000-dən çox reportaj və şərh hazırlamışam. Mətbuat səhifələrində Heydər Əliyevin daxili və xarici siyasəti, dövlət quruculuğu məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin müəllifiyəm. Lakin dərk edirəm ki, Heydər Əliyev fenomenini öyrənmək üçün daha çox dərinliklərə baş vurmaq lazımdır. Bu dərinliklərə isə sanballı tədqiqatçı alim və filosoflar enə bilər. Çünki məhz onlar “dərin qatlarda daha çox inci” görə bilirlər. Bu səbəbdən mən qeydlərimi ümummilli liderin siyasəti, idarəetməsi və şəxsiyyəti barədə bəzi qənaətlərim və xatirələrimlə sərhədləməyə məcburam.

Milli maraqlar, qətiyyət və prinsipiallıq

“Azərbaycanı informasiya blokadasından Heydər Əliyev çıxardı” qənaətinin alternativi yoxdur. O, xarici ölkələrə səfərləri zamanı bütün görüşlərində ilk olaraq Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini, Ermənistanın təcavüzünü və ölkəmiz üçün ağır nəticələrini, beynəlxalq seperatizmin və terrorçuluğun bəşəriyyət üçün təhlükəsini dəmir məntiqi ilə tərəf-müqabilinə çatdırır və fikrini “Əgər dünya ədalətlidirsə, təcavüzkarı və təcavüzə məruz qalanı fərqləndirməlidir” kredosu üzərində qururdu. Onun üçün tərəf-müqabilin prezident, baş nazir, yaxud da adi bir jurnalist olması fərq etmirdi. Heydər Əliyev həmsöhbətinə yorulmaq bilmədən, bəzən eyni fikri dəfələrlə təkrar etmək məcburiyyətində qalaraq Azərbaycan reallığını çatdırırdı. Və nəinki çatdırırdı, qarşıdakını buna inandırırdı. Onun üçün böyük və kiçik auditoriya anlayışı yox idi. Onun üçün daha bir nəfərin (olsun dövlət xadimi, yaxud əcnəbi bir diplomat və ya xarici iş adamı) Azərbaycan haqqında həqiqətləri bilməsi önəmli idi. Bu səbəbdən də danışıqlar zamanı vaxtının böyük əksəriyyətini ölkəmizin ətrafında yaradılmış informasiya blokadasını yarmağa, dünyanın kor olmuş gözlərini açmağa sərf edirdi. Bir çox hallarda müəllim şagirdinə dərs izah edirmiş kimi xəritədə Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş torpaqları göstərir, bu problemlə bağlı ona verilən təkrar sualları cavablandırmaqdan yorulmurdu.
Siyasi polemika zamanı o, heç vaxt müdafiədə oynamırdı. Məsələn, 1994-ci ilin sentyabrında ABŞ-a səfəri zamanı senator Şelbi ilə görüşdü. Onun “biz demirik ki, ABŞ zorakılıq edənlərə qarşı ciddi münasibət göstərsin, biz ədalətli münasibət istəyirik. Bəli, Amerikada ermənilər çoxdur. Prezident Klinton dedi ki, burada bir milyon erməni yaşayır. 260 milyon əhalisi olan bir ölkəyə bir milyon adam necə təsir göstərə bilər? Onlar ABŞ-ın adından danışa bilməzlər”. Bu fikirlər qətiyyətli dövlət başçısının ABŞ administrasiyasına, konqresinə və senatına ünvanlanmış açıq və ədalətli tənqidi idi, özü də düz Amerikanın göbəyində.
Heydər Əliyev həlledici anlarda həlledici məqamları elə incəliklə seçir, öz fikrini diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə elə çatdırırdı ki, bunu yalnız O edə bilərdi. 1996-cı il iyunun 13-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ konqresi tərəfindən “Azadlığı müdafiə aktı”na edilmiş 907-ci düzəlişə diqqət çəkərək dedi: “Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən edilə biləcək humanitar yardımsız yaşamışıq və bundan sonra da yaşayacağıq. Söhbət ədalətsizlikdən gedir. Ədələtsizlik etmək isə olmaz. Sizin vasitənizlə Azərbaycanın adından Azərbaycan dövlətinin başçısı kimi ABŞ hökumətinə qarşı öz ciddi narazılığımı bildirirəm”. ABŞ səfiri ilə belə sərt formada yalnız Heydər Əliyev danışa bilərdi.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın imkanları ilə yanaşı, özünün xarizmasını da ortaya qoyur, danışıqlar zamanı bu iki qüvvəni sinxron şəkildə çox məharətlə birləşdirirdi. O, İslam dünyasında yüksək səviyyədə qəbul olunan lider idi. 1994-cü ildə Mərakeşdə keçirilən İslam Konfransı Təşkilatının zirvə toplantısında bu təşkilata üzv ölkələrin Ermənistanı təcavüzkar dövlət kimi yekdilliklə tanımaları da məhz onun şəxsiyyəti ilə bağlı idi. İslam dünyası Heydər Əliyevi kommunist rejimində belə öz dinini qoruyub saxlayan böyük siyasət adamı kimi qəbul edirdi. Şübhəsiz, bu məsələdə onun sabiq SSRİ-nin rəhbərlərindən biri kimi vaxtilə İslam dövlətlərinin liderləri ilə qurduğu əlaqələr müstəqil Azərbaycanın problemlərini çözmək üçün kara gəlirdi.
Ümummilli lider Dağlıq Qarabağ münaqişəsinin həlli naminə Azərbaycanın real müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi məsələsinin ikinci plana çəkilməsinə heç vaxt yol vermirdi. Onun üçün yarımmüstəqillik anlayışı yox idi. Bu səbəbdən də zaman-zaman münaqişənin həlli ilə bağlı bəzi dairələr tərəfindən edilən Azərbaycanın milli maraqlarına və beynəlxalq hüquqa zidd təklifləri qətiyyətlə rədd edirdi. Yaxşı yadımdadır. 1995-ci ilin mayında Rusiya Federasiya Şurasının sədri Vladimir Şumeyko Bakıya səfər etmişdi. Milli Məclisdə Rəsul Quliyevlə görüşündən sonra mənə eksklüziv müsahibə verən Şumeyko dedi: “Dağlıq Qarabağ və Laçın istisna olmaqla digər rayonlarınızı istəyirsinizsə, gedin bu gün götürün”. Daha sonra Şumeykonu qəbul edən prezident Heydər Əliyev çox aydın və qətiyyətli formada bu fikirləri söylədi: “Biz kimdənsə pay istəmirik. İstəmirik ki, az və ya çox versinlər. Bəziləri təklif edir ki, Dağlıq Qarabağ və Laçın istisna olmaqla Ermənistan işğal olunmuş digər rayonları qaytara bilər. Mən qətiyyətlə bu fikirləri rədd edirəm. Azərbaycanın ərazi bütövlüyü tam halda bərpa olunmalıdır və olunacaq”. Prezident bu fikirləri söyləyərkən təxminən iki-üç saat əvvəl mənə müsahibə verən Şumeykonun üzünə baxdım. Çaşqın və bir az da hürkək bir görkəm almışdı.
Prezident İlham Əliyev də eynilə ümummilli liderin mövqeyindən prinsipiallıq və ardıcıllıqla çıxış edir. O, dünyaya bəyan edir: “Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalət və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır”.
Ümummilli lider böyük dövlətlərin başçıları ilə dialoq zamanı onların üzərinə xüsusi məsuliyyət düşdüyünü qətiyyətlə vurğulayırdı. İstər ABŞ və Rusiyada, istərsə də Fransa və İngiltərədə keçirdiyi yüksək səviyyəli görüşlər zamanı bu fikri xüsusi vurğulayırdı: “Siz öz iqtisadi, maliyyə və hərbi imkanlarınızdan istifadə edərək yer üzünün hər bir guşəsində sülhün və sabitliyin bərqərar olmasına öz töhfənizi verməlisiniz”.

Heyrətləndirmək istedadı

1994-cü ildə prezident Heydər Əliyev Fransaya səfər etmişdi. Diplomatik korpusun nümayəndələri qarşısında çıxış edirdi. Söz alanlardan biri Azərbaycan prezidentinə belə bir sual verdi: “Cənab prezident, siz keçmiş sovetoloqsunuz. Necə bilirsiniz, MDB-nin taleyi necə olacaq”? Prezident zəndlə onun üzünə baxdı və üzünə bir qədər yumor hissi verərək “Ovanesov, siz hələ də keçmiş SSRİ və onun üzərində qurulan müstəqil ölkələrin taleyi ilə maraqlanırsınız? Axı, mən sizi 1983-cü ildə Kremldə qəbul edərkən SSRİ-nin taleyi ilə bağlı fikirlərimi çox aydın söyləmişdim. Deyəsən, yaddaşınız zəifləyib. Mən isə sizi yaxşı xatırlayıram. Bizim düz 30 dəqiqə dialoqumuz oldu” – dedi. Bu sözlərdən sonra erməni Ovanesov stola çökdü. Zaldakılar prezident Heydər Əliyevin hafizəsinə heyran qaldılar.
1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanının kralı Fəht Əbdül Əziz əl-Səudun dəvəti ilə onun ölkəsinə səfər edən liderimiz böyük hörmət və izzətlə qarşılandı. Kral məhz Heydər Əliyevin İslam dininə olan münasibətini, bağlılığını yüksək qiymətləndirərək müqəddəs Kəbənin qapılarının onun üzünə açılmasına icazə verdi. Belə icazələr tarixdə barmaqla sayıla bilər. Bu, Heydər Əliyevə olan xüsusi diqqət və Allah-Təalanın onun taleyinə yazdığı müqəddəs bir əməl idi. Kəbəni ziyarət zamanı namaz mərasimi isə nümayəndə heyətini müşayiət edən ərəb şeyxini, sözün əsl mənasında, çaşdırmışdı. Prezident Heydər Əliyev həmin mərasimdə bütün rituallara dəqiqliklə əməl etməklə ətrafdakıları heyrətləndirmişdi.
Heydər Əliyev İslam dininin də kamil bilicilərindən idi. Kəbə ziyarətindən sonra Məkkə valisi Maacid Əbdül Əziz əl-Səudla görüş zamanı islami dəyərlərdən, müqəddəs Məkkə və Mədinənin tarixindən geniş söhbət açan prezident Heydər Əliyev belə bir fikir də söylədi: “Bəzi məlumatlara görə Kəbənin özülü Misirdən gələn qaçqınlar tərəfindən qoyulub”. Heydər Əliyevin İslam dini, Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti, islamın mövcud durumu və perspektivi haqqındakı fikirləri Məkkə valisini gerçəkdən təəccübləndirdi. O, “cənab prezident, sizin islama bu qədər bağlılığınız, dinimiz haqqında zəngin biliyiniz bizə imkan verir ki, sizi Məkkənin fəxri vətəndaşı elan edək. Siz buna layiqsiniz. Müqəddəs şəhərimizin qapısı həmişə üzünüzə açıqdır” – dedi.
1995-ci ilin mayında Azərbaycan rəhbərinin Bolqarıstana səfəri zamanı həmin ölkənin parlament üzvləri qarşısında çıxışı nəzərdə tutulmuşdu. O vaxt kommunist rejimindən sıyrılmış Bolqarıstanın prezidenti demokrat Jelyü Jelev idi. O öz çıxışında Bolqarıstan kommunistlərinin başçısı Todor Jivkovun ölkədə yaratdığı böhranlı vəziyyətdən, SSRİ-nin onun ölkəsini də 15 müttəfiq respublikadan biri kimi öz tərkibinə qatmaq cəhdindən də söhbət açdı. Sonra söz Azərbaycan prezidentinə verildi. Çıxışını Azərbaycanın müstəqilliyi və onun qorunub saxlanması üzərində quran Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, onun həlli ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verdi. Beynəlxalq separatizm və terrorizm haqqında, onun bəşəriyyətə vurduğu ziyanla əlaqədar fikirlərini açıqladı. Keçmiş Sovet İttifaqındakı vəziyyətlə bağlı da müəyyən tarixi məqamlara aydınlıq gətirərək qəfil tərəf-müqabilini naqolay vəziyyətə saldı. O dedi: “Bolqarıstan prezidenti Jelyü Jelev öz çıxışında bildirdi ki, keçmiş SSRİ rəhbərliyi bu ölkəni 15 müttəfiq respublikadan biri kimi öz tərkibinə qatmaq cəhdlərində bulunurdu. Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Əslində tam tərsinədir. Ölkənizin sabiq rəhbəri Todor Jivkov dəfələrlə Sov. İKP MK-nın Siyasi Bürosuna müraciət edirdi ki, Bolqarıstanı 16-cı müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə qatsınlar. Deyim ki, Siyasi Büroda bu məsələyə birmənalı münasibət yox idi. Lakin hər halda məsələ qapalı müzakirəyə çıxarıldı. Mən – Heydər Əliyev çıxış edərək bildirdim ki, Todor Jivkovun bu təklifinə müsbət cavab vermək məqsədəuyğun deyil. Çünki beynəlxalq aləmdə düzgün qarşılanmaz və s. Onu da deyim ki, mənim bu təklifimi Siyasi Büro üzvlərindən müdafiə edənlər oldu. Jivkovun təklifi qəbul olunmadı. Xatirimdədir, sonralar bu məsələ gündəliyə bir də çıxarıldı. Yenə də eyni cür münasibət oldu. İcazə verin qürurla bildirim ki, o vaxt Bolqarıstanın SSRİ-nin tərkibinə qatılmamasının əsas səbəbkarlarından biri qarşınızdadır”. Daha sonra zarafatla əlavə etdi: “Bəlkə o vaxt atdığım addım üçün indi mənə minnətdarlıq edəsiniz”?! Bolqarıstan parlamentinin sədri yekun sözündə prezident Heydər Əliyevə dərin məzmunlu çıxışı və o vaxt atdığı addım üçün təşəkkür etdi: “Cənab prezident, siz tarixi çıxış etdiniz. Bolqarıstanın taleyi ilə bağlı bizə məlum olmayanı da söylədiyinizə görə çox sağ olun”.
1994-cü ildə Prezident Heydər Əliyev BMT Baş Məclisinin sessiyasında ilk dəfə Azərbaycan reallıqlarını və Ermənistanın təcavüzünün ağır nəticələri barədə çıxış etdi. Beynəlxalq birliyi təcavüzkara qarşı durmağa çağırdı. Səfər başa çatdı və biz Bakıya qayıtdıq. Yalnız onda bildik ki, Heydər Əliyev səfərdə olarkən Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov vəhşicəsinə qətlə yetiriliblər... Prezidentin ABŞ səfərilə bağlı materialları efirə hazırlayırdıq. Montaj zamanı bir kadr diqqətimi çəkdi. Statik planda dövlət başçısının nəzərləri çox qayğılı bir formada uzaqlara dikilmişdi. Mən onda başa düşdüm ki, dəhşətli qətllər barədə prezident elə həmin andaca məlumat almış, lakin nümayəndə heyəti üzvlərindən heç kimə bunu sezməmişdi. O, sarsılmışdı. Lakin BMT Baş Məclisinin sessiyasında da itkinin çox ağırlığına baxmayaraq məğrur görkəmlə, qətiyyətlə çıxış etdi. Bəli, Heydər Əliyev ən çətin və ağır məqamlarda soyuqqanlılığını qoruyub saxlayan lider idi.

Sözə hörmət, qüdrətinə bələd

Prezidenti müşayiət etdiyim bütün xarici səfərlərdə ona göstərilən böyük jurnalist marağının şahidi olmuşam. Hər hansı ölkənin paytaxtında, elə aeroportdaca Azərbaycan liderini ən azı 25-30 jurnalist qarşılayırdı. Onların arasında hər zaman “Assoşeyted press”, “Röyter”, “Bİ-Bİ-Sİ”, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Qardian”, “Fiqaro” və başqa nəhənglərin nümayəndələri olurdu. Prezident Heydər Əliyev heç vaxt jurnalistlərdən qaçmaz, ən sərt sualları belə cavablandırmaqdan yayınmazdı. Eksklüziv müsahibələr vermək üçün istirahət vaxtını “xərcləyirdi”. O, xarici səfərlər zamanı 14-16 saat işləyirdi.
Diqqət çəkən bir məqam var idi. Zirvə toplantılarında iştirak edən jurnalistlər digər dövlətlərin rəhbərlər ilə müqayisədə Azərbaycan prezidentinə daha çox suallar verirdilər. Yaxşı yadımdadır. 1995-ci ildə Alma-Atıda MDB dövlət başçılarının zirvə toplantısı keçirilirdi. Sonra mətbuat konfransı təşkil olundu. Giriş sözü ilə mətbuat konfransını Rusiyanın Baş naziri Viktor Çernomırdin açdı (Boris Yeltsin bir qədər əvvəl ziyafətdə iştirak etdiyi üçün mətbuat konfransına qatılmamışdı). Suallar verilməyə başlandı. Onlar əsasən Çernomırdin və Heydər Əliyevə ünvanlanırdı. Növbəti suala cavab verən prezident həmkarlarını vəziyyətdən çıxarmaq üçün gülə-gülə dedi: “Viktor Stepanoviç, bəlkə digər prezidentlərin vaxtını almamaq üçün mən ayrı bir zala keçim”? Zalda alqış səsləri ucaldı. Bax, jurnalistlərin Heydər Əliyevə marağı belə idi. Eyni münasibəti türkdilli dövlətlərin Ankarada, İslam Konfransı Təşkilatının Kasablankada keçirilən zirvə toplantılarında da görmüşəm. Onda da görmüşəm ki, böyük dövlətlərin başçıları, tanınmış siyasət adamları bu və ya digər taleyüklü məsələlərlə bağlı məhz Azərbaycan liderinin mövqeyini öyrənməyə çalışırdılar. 1994-cü ilin sentyabrında Heydər Əliyevin Nyu-Yorka səfəri zaman keçirilən görüşlərdən birində Bil Klinton dedi: “Siz, cənab prezident Heydər Əliyev, keçmiş sovetlər birliyinin rəhbərlərindən biri olmusunuz. Deyə bilərsinizmi ki, mən ruslarla münasibətləri necə qurum?”
Heydər Əliyev hər kəsdən və hamıdan yaxşı bilirdi ki, yeni Azərbaycan mətbuatı müstəqil Azərbaycanı, demokratiyanın körpə balasıdır və o, hələ özünün ilk kövrək addımlarını atır. O hər kəsdən və hamıdan yaxşı bilirdi ki, Azərbaycan mətbuatı əsrimizin özü kimi mürəkkəb və ziddiyyətli, şərəfli bir yol keçir. Azərbaycan jurnalistikası himayəyə, dövlət qayğısına möhtacdır. Bu səbəbdən də qayğısını və himayəsini mətbuatdan əsirgəmirdi.
Heydər Əliyev mətbuatın böyük dostu idi. O, bu dostluğu yüksək qiymətləndirirdi. Bu məhəbbəti sözlə yox, işiylə, əməliylə sübut edirdi. XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini, azadlığını elan edənlərin Sözün, Mətbuatın azadlığını elan etməyə cəsarətləri çatmadı. Halbuki Söz azad olmayınca cəmiyyət heç vaxt azad ola bilməz.
Demokratik prinsiplərə sədaqətini sözdə, bəyənatlarda yox, işdə, əməldə göstərməyi bacaran Heydər Əliyev 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etdi. Mətbuatda və digər kütləvi informasiya vasitələri üzərində dövlət sirrini mühafizə edən Baş İdarə isə tarixin arxivinə gömüldü.
MDB məkanındakı ölkələr arasında ilk dəfə məhz Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olundu. Yeni mətbu nəşrin təsis olunması yolundakı bütün bürokratik əngəllər aradan qaldırıldı.
Heydər Əliyev sözə və sözünə sahib lider idi. O, sözün gücünə, qüdrətinə inanır və başqalarını da buna inandırmağı bacarırıdı. 1994-cü il oktyabrın dördünü ömrüm boyu unuda bilmərəm. Həmin gün axşam televiziyanın “Xəbərlər” redaksiyasına belə xəbərlər daxil olurdu: “Gəncə Surət Hüseynovun tərəfdarlarının əlindədir. Onlar ətraf rayonları da tuturlar. XTPD-çilər 8-ci kilometrdəki qərargahlarından şəhərə hücuma hazırlaşırlar”.
Çəkiliş qrupu prezident iqamətgahında idi. Şirkətin sədri vəziyyətin ağırlığı ilə bağlı məni məlumatlandırdı və xüsusi tapşırıqlar verdi. Bildirdi ki, prezident televiziya ilə xalqa müraciət edəcək. Az sonra dövlət başçısının müstəqil Azərbaycan dövləti və dövlətçiliyini xilas edən tarixi müraciəti efirə verildi. Yüz minlərlə adam – cavan, qoca, qadın, uşaq gecəyarısı prezident sarayının qarşısına toplaşdı. Təhlükə sovuşduruldu. Bununla da Ümummilli Lider ən böyük arxasının xalq olduğunu bir daha sübut etdi. Azərbaycanın tarixində ilk dəfə idi ki, xalq küçə və meydanlara iqtidarı devirmək üçün yox, prezidenti müdafiə üçün axışdı. Əgər hər hansı qüvvənin etibarına elə çətin məqamda şübhə ola bilərdisə, xalqın öz prezidentinin yenilməzliyinə inam və sədaqəti şəksiz idi. Elə məhz buna görə də Ümummilli Lider “XTPD-nin qərargahına havadan bombardman etmək” kimi təkliflər də daxil olmaqla avantüraları rədd etdi. O, xalqına arxalanaraq dövlət çevrilişinə cəhd edən qüvvələri sözünün gücü ilə yerində oturtdu.
Qarşıdurmada əks tədbirlər taktikasını və strategiyasını ancaq Heydər Əliyev dühası elə qura bilərdi ki, faciənin qarşısı alınsın, Azərbaycan dövlətçiliyi xilas edilsin. Bunun məhz belə olduğu dəfələrlə sübut olundu. 1995-ci il martın 11-də XTPD-nin komandiri Rusiya televiziyasının “Vesti” proqramına müsahibə verərək deyirdi: “Kopenhagendə rəsmi səfərdə olan Heydər Əliyev Bakıya qayıda bilməyəcək, qayıtsa da Pakistana uça bilməyəcəkdir”. Bu o demək idi ki, dövlət çevrilişinin dəqiq vaxtı müəyyənləşdirilib və silah gücünə dövlət çevrilişinə baş vurulacaq. Belə bir ağır məqamda Türkiyə prezidenti Süleyman Dəmirəl və baş nazir Tansu Çillər Kopenhagendə səfərdə olan prezident Heydər Əliyevə Azərbaycandakı vəziyyətlə bağlı məluat verirlər. Hətta Süleyman Dəmirəl təklif edir ki, prezident Ankaraya uçsun. Təbii ki, cəsarətli və sarsılmaz iradəyə malik lider bu təklifi qəbul etmir. Ən çətin məqamlarda soyuqqanlılığını qoruyan dövlət başçısı qəfil gediş edir və Bakıya dönüş vaxtını bir neçə saat irəli çəkir. Azərbaycan paytaxtında əsən şiddətli küləyin öz səmtini dəyişdirməsi də dövlət başçısının təyyarəsinin havada vurulmasına imkan vermir. Bax bu, Heydər Əliyevin taktiki gedişlərinin tükənmədiyinin sübutu, strategiyasının qələbəsi idi. O, Bakıya qayıtdı və vəziyyətə nəzarət etdi. Hadisələrin sonrakı inkişafı isə bəllidir.
Azərbaycan lideri jurnalistlərə çox açıq şəxsiyyət idi. Səfər zamanı onu müşayiət edən jurnalistlərin hamısını şəxsən tanıyırdı. Onlara xüsusi qayğı və səmimiyyətlə yanaşırdı. Uçuş zamanı təyyarənin salonunda gəzərək hər bir jurnalistin kefini soruşur, bəzən duzlu-məzəli atmacalar da atırdı. Mütləq və mütləq vətənə dönəndə təyyarənin salonunda onu müşayiət edən jurnalistlərə müsahibə verirdi. Bu zaman tam sərbəstlik atmosferi yaradırdı. Mənə elə gəlirdi ki, o, jurnalistlərin ürəyini oxuyur və bizim hansı sualı verəcəyimizi bilirdi. Mətbuat üçün açıqlama bitəndən sonra bir çox hallarda: “Hə, daha nəsə soruşmaq istəyirsiniz?” – deyə jurnalistlərə “açıq qapı” saxlayırdı.
Ümummilli lider xarici ölkələrə səfərləri zamanı onu müşayiət edən jurnalistlərə işləmək üçün xüsusi şərait yaradılmasına ayrıca diqqət yetirirdi. O, böyük beynəlxalq tədbirlərdə, zirvə görüşlərində, habelə ikitərəfli danışıqlardan sonra keçirilən mətbuat konfranslarında Azərbaycan jurnalistlərini çox fəal görmək istəyirdi. Mən bunu onun zalda sual vermək üçün basabas salan jurnalistlər arasından onu müşayiət edənləri nüfuzedici baxışlarla süzərkən sezirdim. Bizim zalda necə mövqe tutduğumuz, kameraların necə işlədiyi, mikrofonun necə qurulduğu da Heydər Əliyevin diqqətindən yayınmırdı. Bəli o, məhz idarə edirdi. Mən hiss edirdim ki, Azərbaycanın taleyüklü məsələlərinin həlli ilə bağlı beynəlxalq birliyin və dünyanın nəhəng dövlətlərinin başçılarına ünvanladığımız suallar onda razılıq doğurur. Onun yanında işləmək hər bir jurnalist üçün böyük bir məsuliyyət olduğu kimi, həm də böyük şərəf idi.
Prezident Heydər Əliyevin “Ağababalı, (o mənə müraciət edərkən Ağbabalı yox, Ağababalı deyirdi) bura gəl görüm” ifadəsini işlətməsi o demək idi ki, sərbəst şəkildə ona bir neçə sual verə bilərəm. Lakin bu sərbəstlik nisbi idi. Həyəcanımı bir çox hallarda zorla boğurdum. Ondan müsahibəni ən sərbəst formada təyyarənin salonunda üzbəüz əyləşərkən alırdım. O buna baxışları və oturuşu, üzündəki xoş təbəssüm və səmimi ifadələri ilə şərait yaradırdı. Ən böyük həyəcanı isə prezidentin özəl dəftərlərə yazdığı qeydləri oxuyarkən keçirirdim. Çünki onun dəmir məntiqindən süzülüb gələn və xüsusi özəl dəftərlərə həkk olunan qeydləri qüsursuz oxumaq lazım idi. Ən əsas məsələ – mən səsimin titrəməsinin qarşısını almalıydım. Bu, o qədər də asan deyildi, çünki Heydər Əliyevin hüzurunda baş verirdi.
...Alma-Atı zirvə toplantısından qayıdırdıq. Yenə də təyyarənin salonunda üzbəüz əyləşmişdik. Mən də sual verirdim, digər həmkarlarım da. Əhvalının yaxşı olduğunu sezib belə bir sual da verdim: “Cənab prezident, Orta Asiya ölkələrinin bəzilərində ömürlük prezidentlik məsələsi gündəliyə gəlib. Əgər Azərbaycan xalqı sizin haqqınızda da belə bir məsələni gündəliyə gətirsə, münasibətiniz necə olar”? Özünəməxsus incə gülüşlə “Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Azərbaycan hüquqi-demokratik dövlətdir. Ölkəmizdə bütün məsələlər Konstitusiyaya uyğun, seçki yolu ilə həll edilir və bundan sonra da elə olacaq. Heydər Əliyev heç vaxt ömürlük prezident məsələsinin gündəliyə çıxarılmasına yol verməz. Kim ömürlük olur-olsun, mən ömürlük prezident olmaq istəmirəm” – deyə cavab verdi. Rahat uyuyun, Ümummilli Lider! Siz ömürlük prezident olmaq istəmədiniz. Lakin Azərbaycan xalqı üçün ümummilli lider, böyük öndər və əbədi prezident oldunuz!
Xarici səfərlərdən birindən dönürdük. Yolüstü İstanbuldakı Atatürk hava limanında qısa müddətə dayanmalı olduq. Ermənistan nümayəndə heyəti də orada idi. Bir az aralıda prezident Levon-Ter Petrosyanı gördüm. Ona bir neçə sual vermək üçün gözəl məqam yaranmışdı. Mən prezidentin köməkçisi Eldar Namazova yaxınlaşıb niyyətimi bildirdim. O, “əzizim, mən bir şey deyə bilmərəm” deyə cavab verdi. Prezident Heydər Əliyev dörd-beş metr kənarda Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbət edirdi. Ani olaraq nəzərlərim ona dikildi. Dövlət başçısını niyyətimi hiss etmiş kimi gördüm. Onun üzündəki ifadədən bir cəsarət tapıb operatorla birlikdə Ter-Petrosyana yaxınlaşdım. Müsahibə alındı.
...İş otağımdakı xidməti hökumət telefonu zəng çaldı. Dövlət başçısının köməkçisi Tariyel Ağayev bildirdi ki, prezident mənimlə danışacaq. Təxminən bir dəqiqədən sonra “İzvestiya” qəzetində çıxan materialı oxumusan?” sualını eşitdim. “Xeyr, cənab prezident” deyə astaca cavab verdim. “Bəs, nə işlə məşğulsan? Oxu, mənimlə əlaqə saxla” deyərək dəstəyi asdı. Telefonun dəstəyi əlimdə donub qalmışdı...
...Sədrin birbaşa telefonu zəng çaldı: “Hazır ol, prezident çağırır, gedirik”. Bir gün əvvəl “Xəbərlər”də Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə bağlı gedən bir süjetdə yol verilən nöqsan mənə bəlli idi. Lakin bu nöqsanın müəllifi mən deyildim. Onun müəllifi Prezident Aparatının indi ekslər sırasında olan yüksək vəzifəli şəxsi idi. Prezidentin bizi həmin məsələ ilə əlaqədar çağırdığının fərqinə vardım. Dövlət başçısının kabinetinə daxil olanda mənə veriləcək suala necə cavab verəcəyim barədə düşünmək halında belə deyildim. Lakin içəridə gedən qısa söhbətdən mənə aydın oldu ki, dövlət başçısı həmin nöqsanın haradan gəldiyini yaxşı bilir. O, Azərbaycanın milli maraqlarının, dövlətin və dövlətçiliyinin qorunmasında informasiyanın rolu barədə öz fikirlərini qısa formada bildirəndən sonra mənə “sən get” dedi. Mən bir daha əmin oldum ki, prezident Heydər Əliyev əsas informasiya məkanının mətbəxini bütün incəliklərinə qədər bilir.
Oljas Süleymenovun bu fikirlərini xatırlayıram: “Vaxt gələcək, Şumer dövründən tutmuş zəmanəmizədək türklərin “Bilgamıs” (“Müdrik qəhrəman”), Bilgə xaqan (“Müdrik xaqan”), İltəriş (“Torpaqları birləşdirən”), Atatürk... kimi dahi adlara söykənən tarixi yazılacaqdır. Bizim zəmanəmiz Ustad titullu layiqli adlarla təmsil ediləcəkdir. Heydər Əlirza oğlu Əliyev belə Ustadların ən birincilərindəndir”.
SSRİ-nin təcrübəsi göstərirdi ki, Siyasi Büronun və Mərkəzi Komitənin Baş katibinin “vurduğu” şəxs bir daha ayağa qalxa bilmir. Lakin böyük şəxsiyyət olan Heydər Əliyev bunun əksini sübut edə bildi. O nəinki ayağa qalxa bildi, həm də müstəqil Azərbaycan Respublikasına 10 il rəhbərlik etməklə ölkəsini də ayağa qaldırdı. Azərbaycanın müstəqilliyinə dönməz xarakter verərək onu etibarlı əllərə əmanət etdi. İndi Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquqi-demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir, dünya dövlətləri ilə simmetrik əlaqələri möhkəmləndirir, dünyanın enerji təhlükəsizliyində həlledici rol oynayır. İrəlidə biz daha zəngin və daha qüdrətli Azərbaycan görəcəyik. Çünki ölkəmiz böyük öndərin müəyyənləşdirdiyi inkişafın “Azərbaycan modeli” ilə addımlayır.
Bu yazıya burda nöqtə qoymaq istəyirdim ki, mobil telefonum zəng çaldı. Ustad Zəlimxan Yaqub hal-əhval tutdu:
– Səyyad, nə var, nə yox?
– Sağlığın, ustad. Böyük öndər Heydər Əliyevin doğum günü münasibətilə bir yazını tamamlayıram.
– Hə, mübarək olsun! Bilirsən, peyğəmbər Əleyhissəlam dünyadan köçəndə nə buyurub?
– Nə buyurub, ustad? “Peyğəmbər” poemasını sən yazmısan.
– Buyurub ki, mənim Quranım, mənim əhli-beytim sizə əmanətdir.
– Sağ ol, şair!
– Bəs Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində nə dedi?
– Nə dedi, şair?
– Dedi ki, mənim qurduğum, möhkəmlətdiyim, dünya miqyasında tanıtdığım müstəqil Azərbaycan sizlərə əmanətdir, onu qoruyun. Dedi ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. İndi biz həm müstəqil dövlətimizi, həm də müstəqil dövlətimizi qoruyan, inkişaf etdirən prezidentimizi qorumalı, həmişə onu dəstəkləməliyik. Çünki onların hər ikisi böyük öndərin əmanətidir.
– Çox doğrudur, şair.
Zəlimxan Yaqubla telefon danışığını bitirəndən sonra yazının sonluğunu və sərlövhəsini tapdığıma əmin oldum. Artıq onları siz də oxudunuz.
Səyyad AĞBABALI




Bu yazı ( 718 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar