12px14px16px18px

ABŞ və Azərbaycan “WikiLeaks”dən sonra

Adam STERLİNQ
03:31 / 18.12.2010
 
 
 
Bu həftə ABŞ dövlət katibi Hillari Klinton ABŞ-Azərbaycan tərəfdaşlığının güclü olmasını bir daha təsdiqləmək üçün Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı xanım Klinton “Wikileaks” saytı vasitəsilə yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirib. Dövlət katibi Hillari Klintonun “WikiLeaks” saytının bu addımı ilə bağlı dediyi kimi, “bu, insan həyatlarını risk altında qoyur, dövlət təhlükəsizliyimiz üçün təhlükə yaradır və digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur”.
Diplomatiya və diplomatik münasibətlər etimad və anlayışa əsaslanır. “WikiLeaks” saytı sənədləri məsuliyyətsiz şəkildə yaymaqla, ümumilikdə diplomatik əməkdaşlığın mahiyyətinə zərbə vurub. Biz Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi olaraq, daim ABŞ-Azərbaycan münasibətlərini gücləndirmək üçün fəaliyyət göstəririk. Biz ölkələrimizin birgə həyata keçirdiyi mühüm fəaliyyəti qorumaq məqsədilə, məxfi olması fərz edilən sənədlərin yayımı ilə bağlı narahatlığımızı bildirmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlamışıq.
Prezident İlham Əliyev, eləcə də Azərbaycan xalqı bizim regiondakı dostlarımızdır və biz strateji tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Biz 2011-ci ildə regionda sülh və sabitlikdən tutmuş, iqtisadi inkişaf, enerji və ətraf mühit üzrə yeni təşəbbüslərə qədər yeni əməkdaşlıq sahələri arzusundayıq. Biz, regionda sabitliyin bərqərar olması üçün Azərbaycanın suveren və müstəqil güc kimi öz mövqeyini möhkəmlətməsinə köməklik göstərmək işinə sadiq qalırıq.  
Siyasi şərhçilər mətbuatda “WikiLeaks” saytındakı məlumatların ABŞ-Azərbaycan münasibətlərinə, habelə dünyada diplomatik mübadiləyə təsiri barədə fikirlər söyləyiblər. Buna görə, mənim indi bu fikri bir daha bildirməyim vacibdir ki, biz Azərbaycan və onun rəhbərliyi ilə etimad, hörmət əsasında və xoş niyyətlə əməkdaşlıq etmək işinə sadiqik.
ABŞ hökuməti on ildən artıqdır ki, Qərb istiqamətində addım atmaq, xüsusilə neft resurslarının istismarı və Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə neftin qərb istiqamətində ixrac etmək üçün cəsarətli qərarlar qəbul etmiş Heydər Əliyev ideyalarını bəyənir və alqışlayır. Amerika Birləşmiş Ştatları və Azərbaycan bu günə kimi enerji istehsalı və nəqli üzrə müştərək baxışlara malikdir. 
Enerji sahəsindən əlavə, prezident Əliyev və Azərbaycan zorakı ekstremizmə qarşı mübarizədə ABŞ-ın prioritetlərinə şərik çıxır. Bizim əməkdaşlığımız bu regionu daha təhlükəsiz edib, biz İraq və Kosovoda olduğu kimi, Əfqanıstanda sabitliyin bərqərar olması üçün birgə fəaliyyət göstəririk.
Amerika Birləşmiş Ştatları, həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında fəal rol oynamaq işinə sadiq qalır. ATƏT-in son Astana zirvə görüşündə ABŞ dövlət katibi Hillari Klinton, Rusiya prezidenti Medvedyev, Fransanın baş naziri Fiyon, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün daha ciddi səylər göstərməyə çağıran birgə bəyanatla çıxış ediblər. Amerika Birləşmiş Ştatları Minsk qrupunun həmsədri kimi münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etmək üçün böyük səylər göstərir.
Bizim əlaqələrimiz sadəcə, enerji və təhlükəsizlik məsələləri ilə əlaqədar deyil. Amerika Birləşmiş Ştatları hökumət və vətəndaş cəmiyyəti qrupları ilə birgə fəaliyyət göstərərək, Azərbaycanın demokratik təsisatlarının gücləndirilməsi fəaliyyətini ən yüksək prioritetlərimizdən biri hesab edir. İkitərəfli biznes investisiyaları günü-gündən artır və həm azərbaycanlılara, həm də amerikalılara daha çox imkanlar yaradır. Bizim yardım proqramları Azərbaycanın iqtisadiyyatını gücləndirməyə, o cümlədən ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün mühüm addımların atılmasına yönəldilib. Bundan əlavə, biz tələbə və elmi əməkdaşların mübadiləsinə birgə köməklik göstərir, bunu xalqlarımız arasında uzunmüddətli dostluq və anlayış üçün güclü təməl hesab edirik.
Bir sözlə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Cənubi Qafqaz və bütövlükdə Avrasiya regionunda mühüm maraqları bölüşürlər. Bəzi fikir ayrılıqları var və bunlar həmişə olacaq. Bu istənilən ikitərəfli münasibətlərdə labüddür. Ən yaxşı dostlar da hər şey barəsində razılığa gəlmirlər. Buna baxmayaraq, biz Azərbaycanın güclü və müstəqil olmasına dərin və davamlı maraq bəsləyirik.    
Görüləcək işlər hələ çoxdur və biz ABŞ-ın Bakıdakı səfirliyi olaraq, müştərək maraqlarımız üzrə irəliləyiş əldə etmək üçün prezident İlham Əliyev, Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə əməkdaşlıq etmək istəyirik.
 Adam STERLİNQ, ABŞ-ın Bakıdakı səfirliyinin Müvəqqəti işlər vəkili
 
 



Bu yazı ( 333 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar