12px14px16px18px

Ömür mətnləri

Cavanşir YUSİFLİ
01:22 / 17.04.2010




Rüstəm Kamal adı gələndə istər-istəməz 15-20 il arxaya boylanmalı oluram. “Xaricdən” gəlmiş bu qazaxlı oğlan qəribə (Axundovun “Təmsilatı”ndakı “əcib”!) hərəkətləri və “standartları” ilə seçilirdi. Bir-birinə oxşayan insanlar arasında Rüstəm üslub kimi görünürdü. Az yazırdı, həcm məsələsi onun üçün doğrudan da müşkül idi, əslində bu “az” az qala yazmamağa bərabər idi. Və dünyada ancaq yazmamaq üçün doğulan insanlar var, onların varlığına inananlardan biri də mənəm. Bu insanlar yuxarıda dediyim kimi, üslubdur, “üslub rudimenti”dir, başqalarına ideya versinlər, illər boyu sönən və soyuyan mühərriki var gücü ilə işlətsinlər. Çünki o, bu dünyaya başqa, tam fərqli güc üstündə gəlib. Məsələnin bu tərəfi çox maraqlıdır və fikrimcə, araşdırmaya möhtacdır.
Deyəsən, Artur Rembo haqqında yazılanlardan oxumuşam, o, boş vaxtlarında ən dəyərsiz, gülünc... sənət əsərlərinə saatlarla tamaşa etməyi, ən maraqsız nümunələri oxumağı xoşlayardı. Bir tərəfdən yüksək ədəbi zövq, yerlə-göylə əlləşən, dünyanı vurub, çıxan, bölən... fəhm, istedad, digər tərəfdən, bunların tam əksi olan nəsnələrə qarşısıalınmaz meyl, bəlkə bu da variant axtarışlarından bezib, “itirdiyini” bulmaq inadı ilə bağlı idi? Rüstəmi digərlərindən fərqləndirən cəhətlərdən biri hər bir mətnə sərbəst yanaşmasıdır, hansı mənbələrə, keçmişin və indinin “oxu materiallarına” arxalansa da, burada sərbəstlik birinci amildir. Rüstəm ona görə fərqli görünə bilir ki, keçmişin və indinin “oxu materiallarında” boş yerləri əli ilə qoyubmuş kimi yaxşı bilir. İdeya verir, mətnin sərhədlərini genişləndirir, onu başqalarının gözləri önündə hərəkətə gətirə bilir. Sonra – Rüstəm radikal və aqressiv deyil, insaflıdır, özü də həddindən artıq insaflıdır və bu da bəzən gözlənilən tənasübü pozur, bunu səhv tutanlar unudurlar ki, mənim dostum Allah adamıdır və hər şeydən qabaq ədəbiyyatda Allah adamıdır... Həm də: çox istedadlı adamlar eyni zamanda aqressiv olub bütün yaradıcılıqları boyu kiməsə qənim kəsilə bilməzlər.
Rüstəmin Hüseyn Arif haqqında bir əsəri var. Mingəçevirdə başlayıb Bakıda bitirdiyi, maddi sıxıntı səbəbindən kitab halında, əvəzsiz şairimizin adına layiq şəkildə çap etdirə bilmədiyi bu yazı Rüstəmin söz duyumunun ən kamil nümunəsidir. Bu yazının intonasiyası, ritmi, yanaşma tərzi ənənəvi deyil, gözəl şeirə (!) yanaşmanın, onu yüksək sənət meyarları səviyyəsində təhlil etmənin fikrimcə ən uğurlu nümunəsidir. Diqqətlə seçdiyi sözlərdə hər şey: fonetik təşkil, semantika və mifopoetik kontekst mənaya xidmət edir. Bütün oxuduqları əsərlərin içində Rüstəmin mütləq öz hekayəsi olmalıdır, o, əsərin təhkiyə strukturunu məhz bu hekayəyə dayanıb orijinal mövqedən aça bilir, olur ki, başqaları üçün “mütləq qaranlıq” bir anlığa işıqlansın, yanıb-sönsün və işartılar yuxarıda dediyim kimi, filoloji fikrə təkan versin. Rüstəm ümumilikdə yüksək istedadla yazılmayan nümunələr haqqında da elə fikirlər irəli sürə bilər ki, yaxşı əsərlərə görk olsun... Rüstəm, məsələn, xalq şairi Z.Yaqubdan danışanda gözlənilmədən İmmanuel Kantdan sitat gətirə bilər və bu, “bilik nümayişinə” dəlalət etməz, məqsəd – gerçəklik haqqında insanların təsəvvürlərini genişləndirməkdir. Rüstəm cavanlığında nəşr etdirdiyi çox kiçik həcmli kitabına çağdaş poeziyamız haqqında bir neçə yazı daxil edib. Vaqif Səmədoğlu, Astanbəyli, Adil Mirseyid və sair... Bu məqalələr bu gözəl şairlərin şeirləri qədər maraqlıdır, hər şeydən öncə ona görə ki, Rüstəm yazısında mətnin toxumasını zədələmir, onu ötüb keçir və bu hərəkəti ilə ona qarşı durmağa cəhd göstərir. Və bu proses haqqında indidən nəticə çıxarmaq məncə, hələ tezdir.
Rüstəmin yazılarında müasir dilçilik və ədəbiyyatşünaslığın ən qabaqcıl ideyaları, imkan və perspektivləri birləşib. Bu yazılar onun öyrəndiyi, mənimsədiyi biliyin də sərhədlərini genişləndirir, yeni emosional ovqat yaradır, milli ədəbiyyatşünaslıq və söz sənətində yeni perspektivlər verir. Son zamanlarda ədəbi prosesin vəziyyəti haqqında mətbuatda dərc edilən yazıları və digər “inqilabi çıxışları” yada salın. Bu yazıların bütün önəmli cəhətlərini bir kənara qoyub onların ifrat aqressiv tonunu, müəyyən hallarda antiədəbiyyatı təbliğ etməsi sirr deyil. Bu, bizim içində ömür sürdüyümüz bir durumun göstəricisidir. Antiədəbiyyatı təbliğ edənlər tənqidçi və ədəbiyyatşünasların boynuna o qədər yük, öhdəlik qoyurdular ki... Sadə (!) bir hərəkət: kənarda qalmaq və aqressiyaya bulaşmamaq qənaəti bütün bu şiddətli olaylara münasibətdə əslində çox “radikal” görünür... Yazmaq, görünmək, “ləpələnmək” ehtirası güc gələn insanlar unudur ki: ....üslub ümumilikdən, ümumi cazibə sahəsindən qaçmaqdır, üslub həm də sözün əsl mənasında kənaraçıxmadır. Bizdə müasir nəsrdə, xüsusən cavanların arasında kənaraçıxma demək olar ki, yoxdur, onların yazılarında sözlərin, əşyaların, təsvirin... kənarları apaydın görünsə də, hamısı az qala eyni intonasiya ilə danışır. Şeirdə də belədir – montaj, sözə, yazıya istehlakçı münasibət baş alıb gedir. İnsanlar ən primitiv şeylərə ah çəkir, təsvir, müqayisə, təşbeh... olmayan şeiri heç kəs yaxına buraxmır. Ağ şeir – qafiyənin, təşbehin, müqayisənin... maneə kimi görünmədiyi və olmadığı mətn – sükutu və səssizliyi hərəkətin “burulduğu yerdə” göstərmək cəhdi bizdə hələ ki, yoxdu. Bu, ondan irəli gəlir ki, millət öz həyatını yaşamağa maraqlı deyil, yəni ədəbi mətnlərdə millətin öz hisslərini, öz duyğularını cilalamağı ən aşağı səviyyədədir.
Rüstəmin başqa bir keyfiyyəti – keçmişin və indinin ədəbi prosesini fraqmentlər şəklində öyrənməkdir, onu bütün dünya yox, onun bətnində adi bir atom, molekul, hissəcik maraqlandırır, elə bir hissəcik ki, burada özü, balası, sevgilisi, oxuduğu kitablar, sevdiyi insanlar və yazmaq istədiyi kitablar olsun. Bütün prosesi bəlkə hamıdan yaxşı təhlil edə bildiyi halda fraqmentlərə üz tutmanın sirri nədədir? Bu sualın cavabını tapmaq üçün bu kitabı oxuyun, yetər...
Cavanşir YUSİFLİ




Bu yazı ( 518 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar