12px14px16px18px

Füzulini niyə sevmədim

Cavanşir YUSİFLİ
00:14 / 01.05.2012
Şeirə münasibətdə həmişə olduğu kimi insanlar iki yerə bölünüb. Gözəl şeiri görən anda tanıyan, bir də bu cür mətnləri söz yığını hesab eləyənlər. “Niyə belədir” sualını verməyin indi yeri var məncə. Amma zövq müxtəlifliyini mübahisə, müzakirə müstəvisinə gətirməzdən öncə, belə bir önəmli faktı göz önündə canlandırmağa çalışaq: hətta ədəbi tənqidin təmsilçiləri həm nəsr, həm də poeziya sahəsinə aid yazılarında böyük nisbətlə zəif və ya ortabab mətnləri seçirlər. Filoloji fikir bu orta statistik mətnlərin üzərinə yüklənir, mətndən gələcək informasiyanın qarşısı o qədər, elə bir sürəkliliklə alınır ki, elmi təfəkkür zorlanır və sonda qısırlaşır.
Ciddi filoloji araşdırmaları, bununla paralel olaraq yüksək səviyyəli ədəbi mətnləri oxumaq ümumi standartlar baxımından adi bir şeydir, ancaq bu adi şeydən nəsibini almayan insanlar təcrübədə nəyə çalışırlar: mətndən gələn informasiyanı dezinformasiyaya çevirmək! Bu səbəbdən Məhəmməd Füzuli haqqında yazan uzun illərin gərgin axtarışlarının sonucunda ya onun qızı olur, ya da qardaşı oğlu. Təsəvvür edin: tədqiqatçı tədqiqat obyekti ilə ən azı 20-30 il münasibətdə, təmasda olur və nəticədə qohumluq bağı peyda olur. Təsəvvür edin: Krımskiyə, yaxud Bertelsə Nizaminin xalası oğlu deyilir və ya uzun araşdırmalar əsasında belə bir nəticə hasil olur. Bir dəfə yazmışdım, indi bir daha təkrar edirəm: bütün bu cahilliklər məhəlli sularda üzməkdən yaranır.
Yaxşı ki gənclər var, yaxşı ki barmaqla sayılacaq sayda olsa da bu qələmlərdən süzülən gözəl mətnlər var. Nə oldu, nə baş verdi belə? Görün, Alik Əlioğlu nə düşünür?
1925-ci ildə bu küçədə yaşayan adamlar
ağ-qara rəngdə idilər,
sürətlə hərəkət edir,
görünüşlərində cızıqlar var idi...
Tozun içində idilər,
Son səhifələri cırılmışdı...
Bu küçədə yaşayan adamlar
Hər günün xəbərlərini oxuyur,
Hamısına da sevinirdilər...
Havanın necə olacağından xəbərsiz idilər...
Biz bu küçədə yaşayan adamların
Qalıqlarıyıq...
Bu göyün üzünü biz yaratmadıq,
Biz çəkmədik adamların üzündəki cizgiləri.
Biz insanlara bir ömür bəxş etmədik
Biz insanları yaşamaqdan məhrum etmədik...
Adamlar gülümsəmək üçün yarandı
Biz bu qapısı tez bağlanan metrolardan,
Balaca liftlərdən, saqqız çeynəyən adamlardan,
Qışqıran və təpik vuran polisdən,
Cırıq ayaqqabılardan,
Qırıq stəkanlardan xilas olmaq istəyirik!!!
Bizə kömək edin...
Yandırın küçələrin lampalarını!!!
Fikrimcə, şeirlə hikmətli, aforistik kəlmələr vəz etmənin dövrü keçdi. Bu qatara alınan bütün biletlər yandı. Sözləri toqquşdurub ədəbi qığılcımlar almağın da dövrü sürətlə ötüb keçdi. O şəkildə sözü-sözə sürtürsən əhvalın korlanır. Toy və şənliklərdə yağış kimi yağan deklamasiyalar adamı yorur, əldən salır və istəyirsən deyəsən ki, bu adam niyə özünə fərli bir peşə seçə bilməyib. Şeir getdikcə ürəklərə qısılır, insanlar artıq şeiri kadr araxasından süzülən musiqi kimi dinləmək istəyirlər, heç müəllif, onun dağınıq saçları, ədası, əl-qol ölçməsi də lazım deyil, bu tablodan bütün butaforiyanı söküb atmağın vaxtıdır məncə.
Şeir indi insanın haçansa, hardasa itirib qeyb etdiyi nəsnələri bir araya gətirməklə məşğuldur. Kitab rəfimdə illər uzunu yatan, toz içində xiffət çəkən hər hansı kutabla 20-ci əsrin filanıncı ilində küçədə bıçaqlanan adam arasında nə əlaqə ola bilər. Zaman içində qocalıb köhnələn lentləri görsədəndə cızıqlar aydın sezilir.
Alikin poetik mətnləri “xalis poeziya” nümunələri deyildir, həyata, insana açılan poeziyadır, o anlamda ki, taleyin pıçıldadığı bütün nəsnələrin “redaktəsiz” şəkildə bu şeirlərin misrasına çevrilməsi bir az məsafədən görünən “bəsitlik illüziyası” yaradır yəni həyat budursa, biz də bunu bilirik. Artıq püxtələşmiş şair Qismətlə müqayisədə bu mətnlərdə metaforanın tərkibi keyfiyyətcə fərqlidir: Qismət ənənəvi şeiri yeni təfəkkür süzgəcindən keçirib modern parametrli obrazlar, mətnlər yaradır, Alik isə Əli Kərim kimi ilk baxışda aralarında ancaq assosiativ bağları olan obrazları bir müstəvi üzərində usta şəkildə qaynaq edir və düşünürsən: allah, bu kimin xarakteridir, bu hansı dövrdə yaşamış insan xarakterinin qalıqlarıdır. Alikdə elə bil, yerin üstü yox, altı şumlanır, həyat insanlar uzun bir məsafəni qət edib yer kürəsinin son nöqtəsinə yetişdiklərində başlanır. Alik insan taleyini “tərs güzgülərdə” görsədir, məsələn:
Toz torpaq içində olmaqdır
Hər dəqiqəsi,
Hər səhəri günəşdir,
Hər axşamı külək...
Quşların yuvalarıdır
Yuxarılar,
Qarışqaların daraşmağıdır
Aşağılar...
Təkliklər qurumuş çörəkdir,
Köhnə yeməkdir ətrafı bağlı yerlər.
“Allah bağışlayacaq” deyirlər...
Ümiddir adamlar yaşayan evlər...
Ona görə də mən tədqiqatlarda yazılan, efirdə az qala göz yaşları içində təqdim edilən Füzulini yox, Alik Əlioğlunu sevirəm...
Bu məmləkətin unudulmuş portretləri
Onun yanına baş çəkdiyim vaxtlarda
Məni yalnız
Üz-gözünə hopmuş toz
Kədərləndirir...
Unudulacağından qorxuram...

Göy üzü insanlara yalnız
Öz rəngilə tanışdır...
Tanışlıq assosiativ bir şeydir, ilk anda tanıdığın şeyin pərdə arxası bilinməyən milyonlarla sirri var. Şair bu səthi şeylərdən yazır, onlara uzaqdan-uzağa toxunur, kətan üzərindəki adda-budda rəng damcıları müəyyən səthdə qəribə və işarə edilən sirrin kölgəsini cızır. Şair işarə edir, nəyisə açmaq, izah etmək, arqumentlər göstərmək gücünə qətiyyən malik deyildir. İşarə edilən nəsnənin xarakteri edlədir ki, insana uzun gələn şeylər qısalır, yuxuya gələn əşyaların statik və dinamik vəziyyətləri arasında qəribə hadisələr keçir...
Onun pəncərəsindən
Göy üzünün rəngi aydınca sezilir...
Əslində aydınca seçilən şeylərin arxası insanın “olmayan, olmamış” saydığı nəsnələrlə qaynaşır. İnsan olan və olmayan nəsnələrin ixtiyari kombinsiyaalrından ibarət deyildir. Kiminin həvəslə, qaça-qaça, kiminin yorğun-arğın keçdiyi küçələrdin başına yekə, aypara güzgülər qoyulub, yazğış yağır, damcılar güzgünün üstüylə ilk dəfə sükan arxasına oturan uşağın sürdüyü maşın kimi diyirlənir.
Qarşıma çıxan adamlar
Mənə kimlərisə xatırladırlar...
Bu tanışlıq insanların içində ölüb qalmış
Doğmalıqdır...

Adamların üzündə kədər,
İçlərində qorxu var...

Bu məmləkətin görünüşündə bir yadlıq
Duyulur...
Fəsillər dəyişməmək
Günəş çıxmamaq
Külək əsməmək
Qorxusu ilə üsyana qalxır...
Hamıya tanış olan, milyon dəfə gəlib-getdiyi dünyanın bu rakursdan görünməsi olsa-olsa şair əməlidir, “xəstə” təxəyyülün məhsuludur. Təbiətdə az sayda, barmaqla sayılacaq hadisənin sonsuz variantları başdsan və tərs üzündən gah oxunur, gah da yad əlifbaya dönür. İnsan ruhu ilə bu barmaqla sayılacaq hadisənin sonsuz variantı arasında kəsişmə əvvəl-axır insanın ölümü ilə sonuclanır, buna görə də insan öləndə ya bir yarpaq düşür, ya bir budaq qırılır. Bu, əslində şeir deyil, bədii mətn üçün xam materialdır, ancaq .... yazılmasa yaxşıdır, yazılsa, şeirə dönsə ... ilkinliyini itərər.
Körpələrin içindən
Səbəbsiz yerə dəlicəsinə ağlamaq keçir...

Ümidlər köhnədir, lap köhnə...

Sənin pəncərəndən çox az şey görünür,
Məs: Sevgililərin hər gün bu parkda görüşü,
Get babanın tüfəngini gətir,
Vur bu görünüşü...
Vur, yox elə...
İnsan xarabalığının mənzələrini cızan bu şeirdə nə boyda bir kədər var ! Burada hər misranın yerinə qoyulan nöqtələr eyni zamanda həm təsadüfi, həm də məntiqlidir, həm asanca izah edilir (bir neçə varianta), həm də heç bir izaha yer qoymur. Alik Əlioğlunun üslubu bu komponentlərin müxtəlif variasiyaları arasında edilən seçimə bağlıdır. Elə bil həyat tükənir, insan öldüyü anda, bu ana bir nöqtə ucu qalan anda hər şeyi xatırlayır, köhnə lentlərdəki cızıqlar mənim kitab rəfimdə köhnələn kitabın qopan vərəqlərini “doldurur”, kitabın içinə kömülən zaman anidən hər şeyi bilən, hər şeyin sirrini anlada bilən nağıla dönür. Və...

Mən qayıdanda

Palçıqlı yollar
Adamların ayaqqabı izlərini
Öz üzərinə həkk edirdi...
Buludlu səma
Və tutqun göy üzü heç nədən
Xəbər vermirdi...
Bütün kainat
Atasını gözləyən balaca bir qızın
Yerdə oturduğu küçədən başlayırdı...
Bütün kainat
İnsanların unudulduğu yerdə
Başa çatırdı. Əriyirdi......
Kainat başa çatanda insan yenidən doğulur...
Mən qayıdanda yağış kəsmişdi,
Yer üzü evindən çıxan insanları yenidən doğub
Tökürdü küçəyə...
Darvazanı açaraq bir uşaq
Qaça-qaça gəldi və qucağıma tullandı,
“Günəş qalib gəldi”- dedi.
Güldüm....
Cavanşir YUSİFLİ








Bu yazı ( 550 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar