12px14px16px18px

“Yeddinci qat”da variasiyalar

02:05 / 13.03.2010
 
 
 
Laura Cəbrayıllının kitabı çıxdı: “Yeddinci qat”. Bu qədər işin-gücün, qayğının, Qulunun barmaqları ucunda gəzməsi, Alsunun sarı simdə suallar verməsi... müqabilində “yeddinci qat” son dərəcə təbii görünür.
Neçə gün idi, bəlkə də neçə ay idi bir şeirin beynimdə dolaşan, pıçıldayanda tam təsir bağışlayan, ucadan deyəndə hecalara bölünüb dağılan misralarının qəribə havasının içində qovrulurdum.
 
Hər gülü, hər çiçəyi
leysan yağışı tutmaz.
Xata hər ömrə gəlməz,
qəza hər başı tutmaz...
 
Süd əmmişəm döşündən,
Ana qarğışı tutmaz,
Bircə biləydim məni
Kimin qarğışı tutdu...
 
Sonra bu misralara Lauranın yeddinci qatında da rastlaşdım. Vaxtilə oxuduğum yazını bir də oxudum. Mənim müəyyən müddət ərzində demək olar hər gün görüşdüyüm, məni qoruyan, yoluxan, az qala Allahın da yerinə danlayan, evimizə zəng edib “bundan muğayat olun” deyən, yazı yazmağa təhrik edən... Mehdi. Çoxları onun yazmaması qarşısında elə heyrətlənir ki, adam çaşıb qalır. Məncə, heç kəs mənim tanıdığım Mehdi qədər yaza bilməzdi. Bu şeiri yazıb da kim öz adından altına imzasını qoya bilər?! Heç bir abırlı adam dərdini danışıb deməz: bu – mənəm. Şübhəsiz ki, söhbət əgər dərddən gedirsə. Şeir – hər şeydən qabaq müasir anlamdakı “müəlliflikdən” qaçmaqdır. İndi təəssüf ki, qələmə sarılanların əksəriyyəti bunu anlamır. Bu yazarların heç birinin arxivi, sandığı, qara günə “qara qutusu” yoxdu. Günlərin birində qəza-filan çıxsa, “qara qutu” tapılmayacaq. Qara qutu yoxdusa, sən də yoxsan. Demək, bu ömrü səhv yaşadın. Yaxud tərsinə yaşadın. Lauranın kitabının təqdimatında Vaqif Bayatlı “bir az sınıxıbsan, – amma, bir az da cavanlaşıbsan, deyəsən tərsinə yaşayırsan”, – dedi.
 
Şumlanacaq bu dəfə,
Yerin altı yox, üstü,
əvvəl öləcək insanlar,
sonra yaşanacaq ömür...
 
Mehdi haqqında yaddaşımda ilişib qalan bir faktı deyim ki, mənzərə tamamlansın. Züskindin “Ətriyyatçı”sını tərcümə edirdim. Gəldi, görüşdük. Getdik çörək yeməyə. Romanın mövzusu o qədər gözəl, o qədər vazkeçilməz idi ki, bunu hər kəs yazmaq istərdi. Mehdinin ağlında olsaydı, bəlkə Züskinddən də gözəl yazardı. Amma fürsət bir başqasının əlinə keçmişdi və məsələ bitmişdi. Mehdi hələ neçə il qabaq beynində belə bir mövzunun dolaşmasından yana-yana danışırdı. Dedim ki, Mehdi, onsuz da yazan deyildin, yaxşı ki, bunu bir başqası yazdı.  
Səlis, qeyri-səlis məntiq, tərsinə məntiq... Yox, heç nə alınmır, torpaq nə qədər istedadlı adam yetirsə, bir o qədər bədbəxtdi. Niyə, bilmirəm. Bolluq içində hər şeyə icazə var. Bütün istiqamətlərə bax, deqradasiya... Yəni, xarablaşma, düşgünlük, ruhsuzluq... Laura dərddən yazıb, çəkilməli dərdlərdən, yalvara-yalvara ki, ay adamlar, çəkin bu dərdləri, sonra gec olacaq. 
Sonra: “...Bilqamısın güclə ələ gətirdiyi həyat çiçəyini ilan yeyə, Dəli Domrul vuruşub-döyüşüb uzağı iki can artıq qazana bilər. Amma olumlu-ölümlü dünya haqda deyilənlərin, yazılanların, öyüd-nəsihətlərin heç biri insanın ipini yığmır, əlini soyutmur, ruhunu kiritmir. İnsandan insana, insandan dünyaya qalan da elə bu dönməzlik, ölməzlikdir...”. Kitabı oxuyuram, suallar baş qaldırır, mənim mütaliə təcrübəmdə fəal olan deyişmək damarı görünür. “Mərkəzi poçtxanaya məktub”da “boş yerlər” var, anketdəki boş yerlər kimi, təqdim edilən suallara cavab vermək və özün haqda bilmədiklərini yazmaq üçün. Bildiyin yerləri boş buraxıb, bilmədiklərini yazırsan. Bunu sənə Laura yazdırır. Mənim Şahmarla görüşüm Viktor Hüqoya görə yadımda qalıb. Bu Şahmar o böyük şairin “Barrikada üzərində” şeirindəki uşağa bənzəyir. Əsgərlərin qabağında durub əl edir: güllələyin məni! Şahmar özü üçün “atəş əmri” verən uşağa bənzəyir. Şahmar Əkbərzadə də uşaq idi, təmiz, gözəl, yaşından yuxarı suallar verən, heyrət içində nağıllar qoşan, elə şeylərə heyrətlənirdi, adamın ağlı başından uçurdu. Hər halda bu qədər təmiz, bu qədər haqlı olmaq və olub da yaşamaq çətindi. Təbiətin qanunları var, təmiz ərazi böyüdükcə, dünyanın yerdə qalan hissəsinə qarşı durur və bu ərazinin sahibini də “udur”...
Lauranın hər yazısında bir fraqment var, Azərbaycan cəmiyyətinin “yeraltı çaylarının” səsini eşidirsən, uc-uca calandıqda tam təsəvvür yaradan anımlar. Məsələn, “... tamaşaçılar indi çox dəyişib. Qabaq qəribə bir tamaşaçı modeli vardı. Mən səhnəyə çıxanda salona baxırdım – zal Azərbaycanın ən gözəl çəmənliyinə, çiçəkliyinə bənzəyirdi. Qadınların geyimi ilə, tamaşaçıların üzlərində bir xoş təbəssümlə... Səhnə elə bil təbiətin qoynunda qurulmuşdu, hara baxırdınsa, gözün gözəllik görürdü. İndi bu gözəllik yoxdur – təsəvvür edirsinizmi? İndi zalda əyləşənlərin, tamaşaya gələnlərin üz-gözlərindən yorğunluq yağır. Səhnədən baxanda tamaşaçının hansısa ağır bir işdən gəldiyi görünür...”. Lauranın yazılarında halal-hümmət, arın-arxayın bir duyğu var, bu adam köndələn, havaya, suya dəxli olmayan suallarıyla oxucunu incitmir, Əlisəmid Kür demişkən kitab rəfdən səslənir: oxu... Lauranın nədən yazması önəmli deyil (hər halda bizim üçün), necə yazması, ürəyində “qıjıldayan suların” səsini necə eşitdirmək əsaslıdır (özü üçün-!). Hüseyn Əfəndiyə həsr etdiyi “Diş” yazısına baxın. “Cəfər Cabbarlının evindən reportaj”a qulaq asın...
 
Gərək günəş dağları aşıb sönməyəydi,
Gərək mənim dönmüş taleyim dönməyəydi,
Gərək mənim istədiyimi gidi fələk, 
Açılmadan qara torpağa gömməyəydi.
 
Bir məsələ də var: “Yeddinci qat” bu günün ədəbi prosesin içini, problemlərini, əsas suallarını göstərmək gücünə malikdir. Ancaq bir məsələ var ki, bu suallar “diri” deyil, dolayıdır, kontekstdən çıxır, yəni Laura xanım... deyir ki, “onun yaradıcılığında nə fəlsəfə, nə də söz oyunu var. Hər cür fikir və ifadə oyunundan qaçan yazıçı iddiası o qədər aşağı, o qədər görünməzdir ki, əsəri haqda deməyə özü söz tapmır. Özünü tərifləməyi bacarmayandan nə mədhiyyəçi, nə tərifçi, nə də təbliğatçı ola bilər. Sabir Əhmədli Azərbaycanda yaratdıqları haqda danışmağı sevməyənlərin, özünü təbliğ edə bilməyənlərin ən ustasıdır... ”. Amma indi vəziyyət dəyişib, Sabir Əhmədlidən sonra yeni era başladı.
Müşahidə eləmişəm, vaxtilə, yaxud indi Sabir Əhmədlini göylərə qaldırıb tərifləyən adamlarda da bir “özünü öyməyə” əyilmə var. Bu cəhətlər bir yerə cəmləşib “üslub” yaradır və bir qrup qələmçi bunu yeni keyfiyyət, yeni bədii dünyagörüşü tipi kimi qələmə verməyə çalışır. Susan adam ətrafa baxar, danışan içinə. Özü haqqında danışan adamlar yadıma “Kosa”dakı bir misranı salır: qələm oynar qaşında...
Sonra:
... Bizim onunla bircə “Şans”ımız olub.
– Adım Zöhrabdı, xoş gəlmisiniz. Bütün hallarda, biz sanballı bir qəzet çıxarmalıyıq....
Söhbət Zöhrab Əmirxanlıdan gedir. “... “Şans”ın ulduz fallarını mən işləyirdim. Hər dəfə də qəsdən Oxatana yazırdım ki, sizə əsəbiləşmək olmaz, səhhətinizi düşünürsünüzsə, bunu unutmayın... Əvəzində gün ərzində bu sözləri tez-tez eşidirdik “Səhər oxudum ki, bu gün mənə hirslənmək olmaz, ona görə özümə söz vermişəm, dinməyim, çünki bütün hallarda bu gün şəkərim qalxa bilər”. Lauranın kitabının mükəmməl təhkiyəsi və süjeti var. Hətta nəqarəti də var. Elə deyimlər, elə ifadələr var ki, müxtəlif məqamlarda təkrarlanır, kimsə bunu səliqəsizlik adlandıra bilər, ancaq mən buna təbii baxıram, Zöhrab demişkən, bütün hallarda özünü təkrarlayır, başqasının fikrinin cildini dəyişib yozmur ki...
Aydın Məmmədov... “İndi hansı buğda çuvalının, ya ulduz çuvalının üstündə oturub adamlara baxırsan, Aydın? Necə görünürlər? Heç olmasa, bir azca adama oxşayırlarmı?”
Bu da Vaqif Bayatlının sualı. ... Sözdə nə var: ya sual, ya məsləhət, nəsihət, ya da təsir... Gerçəkliyə təsiretmə gücü də olsa-olsa elə budur. Vəssalam. Balzakın “Qorio ata”sı da insanlığa belə bir sualı verir: “Hansı daha dəhşətlidi, daş ürəklərə, boş kəllələrə baxmaq, ya tək-tük oyaq başların qəzada, kolda, kosda... itməsini seyr etmək?”
Cavanşir YUSİFLİ  



Bu yazı ( 613 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar