12px14px16px18px

Kadastr planı

A.MƏSUD
00:55 / 23.01.2010



SU PƏLƏNGİ

...Bir vaxtlar bizim kasıb ədəbiyyatçılar binasında yaşayan, sonradan ədəbiyyat elminin inkşafındakı müxtəlif xidmətlərinə görə dövlət tərəfindən bir sıra fəxri adlar və titullarla yanaşı, şəhərin dənizkənarı məhəllələrindən birindəki çoxmərtəbəli binada, üzü dənizə açılan geniş artırmalı mənzilə layiq görülən, Ədəbiyyat institutunun direktoru vəzifəsinə təyin olunduqdan sonra isə bəzən axşamlar dənizkənarı parkda, qaraqabaq arvadı və iti ilə gəzişən zaman rastlaşdığım akademik Sarab Sadıqzadə ilə təsadüfi görüşlərim zamanı, nə vaxtsa çoxdan, iki qalın cildli “Qədim okeanlar” kitabında rəngli şəklinə rast gəldiyim, torabənzər, qorxunc ətraflarını əl lupası ilə nəzərdən keçirdikcə üşündüyüm əcaib su heyvanını xatırlamağım, nə isə heç xoşuma gəlmirdi.
Uzaq uşaqlıq illərindən mehriban qonşu, ədalətli və nəcib insan kimi tanıdığım, bütün vücudu və əməlləri ilə hikmət və xeyirxahlıq saçan bu elm adamının, həyatını uzaq Hind okeanının qaranlıq dərinliklərində, örtükvari yastı bədəniylə lilli qumsallığın üzərinə pərçimlənmiş tək, hərəkətsiz vəziyyətdə daldalanmaqda keçirən, əslində isə bu fəndkir pozasıyla, balaca yelpiklərini əsdirə-əsdirə böyür-başından ötüb keçən balaca balıqları ovlamaqla məşğul olan, onları, bütün bədəni boyu uzanan yastı ağzının sezilməz hərəkətləriylə səssiz-səmirsiz udan qorxunc dəniz pələngini yaddaşımda hansı asossiasiya ilə canlandırdığı barədə düşündükcə, yad qitənin qaranlıq gecələrindən, tufanlı havaların şahə qaldırdığı cövlanlı okean sularının səssiz dərinliklərindən mənə sarı axmağa başlayan sirlər dolu həniri duyur, heç bir məntiqi izahı olmayan bu duyğudan öz-özümə xoflanırdımsa da, məndə bu anormal təəsüratı yaradan konkret səbəbin nə olduğunu müəyyənləşdirə bilmirdim...
Sarab müəllimin ölkənin elmi-ictimai fikir tarixinin əsaslı bir hissəsini təşkil edən həyatını, fədakarlıqlar və mübarizələrlə dolu ömür yolunu yada saldıqca, gözümün qarşısında uzun illərin ictimai, ədəbi, elmi prosesləri – Milli Elmlər Akademiyasının soyuq təntənə saçan iclas zalında keçirilən elmi şuralarda və dissertasiya müdafiələrində, konfranslarda və simpoziumlarda, yaxud, görkəmli elm və ədəbiyyat xadimlərinin təntənəli dəfn mərasimlərində sıralanan fəxri qarovullarda, alnına yorğun pərişanlıqla dağılan ağ saçları, ətrafını yoğun çərçivəli eynəyinin arxasından gizli bir sayıqlıqla müşahidə edən gözləriylə ön sıralarda, yaxud sərkərdə tənhalığıyla təmtəkcə dayanıb nitq söyləyən siması canlanır, qulağıma, müharibə bəyanatlarının ürəkdağlayan ahəngli səsi gəlir, bütün bu mənzərə, ömrünü ədəbiyyat elminin nəzəri-estetik çərçivələri daxilində – ədəbi-elmi müzakirələr və mübahisələr zəminində keçirən, müxtəlif mövqeli ikitirəliklər və qruplaşmalar arasında illər uzunu davam edən soyuq müharibələri öz nəzarəti altında saxlamağa müyəssər olan bu qocaman alimin evdə də dinclik tapmadığına, sakit, tənha gecələrdə, bütün ölkənin dərin yuxu aləminə qərq olduğu səssiz saatlarda belə, öz rahat pijamasında, yumşaq ev başmaqlarında da, hansısa mühüm ictimai fəaliyyəti davam etdirdiyinə, bizlərin bilə bilmədiyi, nə isə çox mühüm, əməli tapşırıqların yerinə yetirilməsini təmin etdiyinə, adamda qəribə bir əminlik yaranırdı.
...Sarab müəllimin, “Bədiyyatın postrealist görüntüyə çıxışı” adlı irihəcmli doktorluq işi ilə milli ədəbiyyatşünaslıq tarixinə, ədəbiyyat elmində yeni bir tədqiqat sahəsinin əsasını qoymuş ilk alim kimi daxil olduğu əlamətdar hadisə, mən, taleyin acı hökmüylə Ədəbiyyat institutunda işləməyə başladığım illərə – o, hələ Sovet ədəbiyyatı şöbəsİnin müdiri vəzifəsində çalışdığı dövrlərə təsadüf etsə də, köhnə qonşumun, tək bir elmi fəaliyytlə qane olmadığından, canında gəzdirdiyi gizli ədəbiyyat sevgisiylə, paralel olaraq, həm də bədii yaradıcılıqla məşğul olduğundan, hələ o bizim binada yaşadığı illərdən məlumatlıydım.
Uzun illərin mükəmməl mütaliəsi, üstəlik, şərəfli nəsil ötürücülüyü ilə – ölkənin tanınmış simaları, atası – xalq yazıçısı Saraydan və anası – akademik Sürəyya Sultanlıdan qazandığı ədəbi-elmi qabiliyyəti ilə istənilən janrda və üslubda əsər yaratmağın, onun üçün heç bir çətinlik tələb eləməyən, asan bir məsələ olduğu, hələ o illər bizim mehriban ədəbiyyatçılar evinin, az qala hər üzvünə məlum olsa da, gənc Sarabın sonradan niyəsə, Ədəbiyyatın özünü yox, elmini seçməsi, yadıma gəlir, o vaxt çoxları üçün gözlənilməz olmuşdu.
Ədəbiyyatşünaslıq elminin səbr və dözüm tələb edən keşməkeşli yollarında təbii axarı ilə unudulub arxa plana ötürülmüş bədii yaradıcılıq ehtiyacının, özünü birdən-birə, alimin yaşının səkkizinci onilliyə qədəm qoyduğu bir məqamda biruzə verməsi isə, nəinki institutu, onun maraqlı elmi irsini daim xüsusi məhəbbətlə izləyən ölkə ictimaiyyətini də riqqətə gətirmişdi...
...Hər şey ondan başlamışdı ki, naməlum bir mənbə Sarab Sadıqzadənin, tamamilə yeni üslublu – ənənəvi gəraylı quruluşunda, lakin alt qatında Yeseninsayağı dərin həyat fəlsəfəsi duyulan şeirlər silsiləsi yazdığ barədə gizli məlumatı institutun kollektivinə sızdırmışdı. Akademikin, ömrünün bu ahıl çağında, hər düşünən beynin səngiyib susduğu, diri oynaqlığını itirib həyata təslim olduğu bir məqamda, gəraylı üslubunda yazmağa nail olduğu unikal səkkizliklər barədə institutun dəhlizləri boyu dolaşmağa başlayan bu xəbər tez bir zamanda elm ocağının səddlərini aşıb, ildırım sürətiylə geniş ictimaiyyətə yayılmışdı. Bu hadisədən xəbər tutan bir neçə qəzet, hətta bununla bağlı muştuluq xarakterli anonslar verməyə başlamışdısa da və bu məlumatdan xəbər tutan telemüxbirlər əlllərində çəkiliş avadanlıqları, Ədəbiyyat institutunun dəhlizlərinə doluşmuşdularsa da, bütün bu hay-küyün ona dəxli yoxmuş kimi, əlində, içi nələrləsə dolu iri, ağır çanta, qayğının və yuxusuz gecələrin üzüb əldən saldığı yorğunluq yağan vücuduyla işə gəlib, nəhəng stolunun altındakı zənginin, katibəsini səsləyən düyməsini tərpədən Sarab müəllimin qəbuluna düşə bilməmişdilər.
...Ötən yayın Yalta istirahətindən qayıdandan sonra isə, onun, kurortda olarkən, mədəaltı vəzinin müalicə kursları hesabına qazanılan ötəri asudəlik vaxtı bitirdiyi “Sarı bəyazlıq” adlı fəlsəfi-psixoloji poeması barədə yayılan xəbərlər ədəbi ictimaiyyatı lap sarsıtmışdı... Poemanı oxumaq hələ ki, heç kimə müyəssər olmasa da, əsərin, Sarab müəllimin daxili iztirablarını, ağır həyat yolunun şüuraltı yaddaşına ötürdüyü bir sıra sirli nüansları açıqladığı, burda həmçinin, alimin özəl ədəbi görüşlərinin ən gizli qatlarının bir növ artıq sezilməyə başladığı barədə məxfi məlumatlar isə, deyilənə görə alimin kölgə yaradıcılığını qarabaqara izləyən “Gənc Alimlər” dərnəyinin üzvləri tərəfindən hansı yollarlasa əldə edilmişdi.
...Sarab Sadıqzadənin bu qəfil bədiyyat ehtiyacının, son dövrlər ədəbi aləmdə tez-tez rast gəlinən bayağı “ədəbiyyat vurğunluğu”, şit “bədiyyat aludəçiliyi”, yaxud gülünc tanınmaq həvəsindən doğan “şöhrət azarı” və sair bu kimi xəstəhal meyllərdən irəli gəlmədiyi, bu bağlılılığın, milli ədəbiyyatın və onun elminin mahir biliciliyindən savayı, həm də fitri ədəbi istedadından doğduğu, peşəkar ədəbiyyat adamları üçün heç bir sübuta ehtiyacı olmayan aydın bir həqiqət idi.
Sadıqzadənin, haqqnda şaiələr dolaşan kölgə yaradıcılığı ilə necəsə, tanış olmaq imkanı qazanmış professor Qara Qulamzadənin Sarab müəllimin yaradıcılıq yolu barədə yazdığı “Elmdən bədiyyata...” adlı portret-oçerki, akademikin bədii ədəbiyyatla intuitiv bağlılığını, bilavasitə, milli ədəbiyyatın renesans səhifəsini yaratmış ədiblər ailəsində dünyaya göz açmasıyla, onların zəngin ədəbi süfrəsindən qidalanmasıyla əlaqələndirsə də, dərhal onun ardınca, alimin elmi fəaliyyəti barədə işıq üzü görmüş iki cildlik salnamə, gənc Sarabın uşaqlıq və gənclik illərinin, əlamətdar ədəbi hadisələrlə zəngin bir mühitdə keçməsinə baxmayaraq, ədəbiyyatı ata-ana faktorundan kənarda, özəl fitri fəhmiyə duymasını, onun, hələ tələbə ikən canında gəzdirdiyi gizli ehtiyacla birdən-birə Polşanın azadlığı mövzusunda üç pərdəli, dörd şəkilli dram əsəri yazmasıyla sübuta yetirmiş və bununla da professor Qara Qulamzadənin sadəlövh qənaətlərini yerli dibli alt-üst etmişdi.
Sarab müəllimin, “Ərk qalası” adlı məşhur trilogiyasıyla milli tarixi roman janrının özülünü qoymuş atasına və mili ədəbi tənqid nəzəriyyəsinin əsaslarını yaratmış anasına münasibəti çoxları kimi, məni də heyrətləndirirdi. Əlamətdar tarixlərdə, yaxud bayram günlərində, Sarab müəllimin şəxsiyyətinə hörmət əlaməti olaraq, işlədiyi Ədəbiyyat institutunun qarşısındakı Milli parkda, milli ədəbiyyatın inkşafındakı misilsiz xidmətlərinə görə tunc abidələri ucaldılan ata-anasının heykəlləri ətrafında təşkil olunan şeir məclislərinin də onu bir o qədər də fərəhləndirmədiyi, bir vaxt isti qucaqlarında, dizlərinin üstə oturduğu, adını, dövrələrinin sayılıb-seçilən, sevimli səhnə sənətkarı məşhur Sarabskinin şərəfinə qoyduqları bu adamların, ölkənin milli abidələr sırasına qatıldığından heç bir məmnunluq duymadığı da hamıya qəribə gəlirdi.
Bir qisim adam bu fərəhsizliyi, onun, bu tunc heykəllərə baxdıqca, keçmiş günləri – şüuraltı yaddaşında qoruyucu qat kimi saxladığı işıqlı sovet illərini xatırlatmasıyla, canından artıq sevdiyi valideynlərinin nisgili ilə bağlayırdılarsa da, digərləri onun bu halının, valideynlərinin bu heykəlləşmiş, soyuq cansızlıqla, artıq onlarla həmyaşıd olan qoca akademikə, onun öz ölümünü xatırlatdığından yarandığını ehtimal edirdilər.
Lakin bu naşükür fərəhsizliyin, akademikin, Milli parkın mərkəzində ucaldılan tunc heykəllərlə bağlı arzularının həyata keçməməsindən, vaxtı ilə – görkəmli valideynlərinin təntənəli dəfn mərasimlərində gizli bir ümidlə ehtimal etdiyi ölçüdə və əzəmətdə – şəhərin istənilən nöqtəsindən görünən hündürlükdə alınmadığından qaynaqlandığını anlayanlar da var idi.
...Sarab müəllimin ata-anasına olan xəstəhal münasibətinin, onun ədəbiyyata olan anormal sevgisindən, yaxud əksinə, ədəbiyyata olan xəstəhal münasibətin, həyatdan “nakam” getmiş və alimin fikrincə, potensial imkanlarını sona qədər ifadə eləməyə macal tapmamış ata-anasına olan pataloji məhəbbətdən yarandığını ayırd etmək mənim üçün, hələ o bizim kasıb ədəbiyyatçılar binasında yaşadığı dövrlərdə də çətin id. Atasının, yüz min tirajlarla nəşr olunan iyirmicildliyinin, anasının, əsərlər külliyyatının, ölkənin bütün kitab dükanlarının əsas rəflərini və vitrinlərini, ali və orta təhsil sistemində keçilən bütün ədəbiyyat dərsliklərinin tapşırıqlarını təşkil etməsinə baxmayaraq, dünyasını otuz il bundan əvvəl dəyişmiş mərhum xalq yazıçısının arxivindən tapılan yeni-yeni əsərlərin, habelə, onun və həyat yoldaşı Sürəyya xanımın ata-analarının və ulu baba-nənələrinin ədəbi irsini hər dəfə ayrı-ayrı aspektlərdən tədqiq edən sənədli materialların da nəşrə hazırlanması barədə yayılan yeni-yeni xəbərlər hamını şoka salırdı...
Məsələnin digər qəribə tərəfi – Sarab müəllimin, bu pataloji valideyn sevgisinin, qocaldıqca səngimək əvəzinə, getdikcə, anlaşılmaz bir aktivliklə yeni-yeni startlar götürməsi idi. Belə ki, akademikin, hər iki tərəfdən – ata və ana nəslindən olan baba-nənələrinin, milli ensiklopediyanın, ölkənin ədəbi tarixinin başlanğıc mərhələlərini fiksə edən ön səhifələrində, ədəbiyyat sahəsində nəyinsə əsasını qoymuş ədiblər qismində yer almasını, müxtəlif peşə sahibləri olsalar da, dövrlərinin tələbinə uyğun, lakin formaca tamamilə yeni üslublu şeir nümunələri yazıb yaradaraq, zamanın əyriliklərini ifşa edən kəskin felyetonlarıyla Tiflis və İrəvan quberniyalarının aparıcı ədəbi jurnallarında fəal iştirak etməsini fiksə edən faktlar da, deyilənə görə Sarab müəllimi bir o qədər açmırdı. Milli ensiklopediyanın, gizli genetik yaddaşla Sarab müəllimin yaradıcı xislətinə öz təsirini göstərmiş bu hadisələri, şəksiz tarixi sübut qismində təsdiq edən həmin cildi hansısa naməlum səbəbdən çap mərhələsində dayandırılsa da, ölkənin, Sadıqzadələr nəslinə və Sarab müəllimin şəxsiyyətinə dərin hörmət bəsləyən bir neçə aparıcı jurnalı bu məşhur nəslin unikal ötürücülük qabiliyyəti barədə materiallar verməyi özlərinə, bir növ borc bilir, yeni üslublu milli şeir janrının əsasını qoymuş qədim ədiblərin – ağ-qara fotolardan gülümsəyən cavan bəylərin, onlarla yanaşı, krujevalı yaxalıqlarda, sallanma sırğalarda oturan nəcib üzlü xanımların zəngin yaradıcılıq yolunu müxtəlif səpkili publisistik yazılarla, oçerk və esselərlə işıqlandırmağa davam edirdilər.
Sadıqzadələr nəslinin davamçıları barədə, hələ bir neçə ay bundan əvvəl nəşr edilmiş digər salnamədə həmçinin, Sarab müəllimin həyat yoldaşı Müxlisə xanımın da tanınmış ədiblər ailəsindən olduğu, atası Feyzi Qafarlının, ölkənin milli dramaturgiya tarixinə, poetik realizm cərəyanının əsasını qoymuş bənzərsiz dramaturq, anası – Yasəmən Buludun, milli poeziya məkanında “ağ şeir” üslubunun məktəbini yaratmış novator şairə kimi həkk olunduğu açıqlanır, Sarab müəllim kimi, Müxlisə xanımın da ata-ana tərəfdən baba-nənələrinin mili ədəbi düşüncə tarixinin hansısa mühüm cərəyanın əsasını qoyanlardan olduğu bildirilirdi.
Ötən ilin axırlarında isə, bu tanınmış nəcabətin ədəbi irsinə həsr olunmuş elmi konfransda nümayiş olunan sənədli film, ölkənin ədəbi tarixinin hansısa mühüm bir mərhələsini yaratmış bu ədiblər nəslinin şərəfli həyat yolunu işıqlandırmaqla bərabər, Müxlisə xanımla Sarab müəllimin ilk tanışlığının tarixçəsini də açıqlamış və bununla da ölkə ictimaiyyətində növbəti çaxnaşma yaratmışdı.
Film, Müxlisə xanımın, davamçısı olduğu məşhur Müslümzadələr nəsli ilə, Sarab müəllimin, davamçısı olduğu Sadıqzadələr nəsli arasında sonradan yaxın qohumluğa çevrilən dostluq əlaqələrindən söz açmış, kadrlar arxasından eşidilən məlahətli diktor səsi, palma və şam ağaclarının sıralandığı dənizkənarı yay evinin həyətində, yüngül parusin geyimlərdə, əllərində fincan, həsir kreslolarda oturub şellənən bir dəstə gəncin, ölkədə yenidən qurulmağa başlayan sovet ədəbiyyatının aparıcı simaları olduğu barədə məlumatlar vermişdisə də, Sarab müəllimlə Müxlisə xanım arasında, sonu uzun ayların küsülülüyü ilə nəticələnən – məhz hansı birinin ədəbi nəslinin ədəbiyyata daha əvvəl gəldiyini dəqiqləşdirəcək faktlar, sanki bilərəkdən açıqlanmamışdı.
...Hələ bizim binada yaşadığı dövrlər Salman müəllimlə Müxlisə xanım arasında həmin o “əsas qoyanlar” məsələsi ilə bağlı düşən mübahisələr, o illər, yadımdadı ki, hamını təngə gətirmişdi. Binanın əsasən qələm əhlinin toplaşdığı yığıncaqlarda, yaxud, ad günlərində, danışmaqla bir o qədər də arası olmayan Müxlisə xanım, ortaya düşən həmin o “əsas qoyanlar” məsələsi ilə bağlı mübahisələrdə qəfildən ayağa durub yuxarı mərtəbədəki mənzilinə qalxır, ordan, öz ədəbi nəslinin qədimliyini sübuta yetirən, mürəkkəbi solmuş, mühüm sənədlərlə – ulu babası Nerəm bəyin, hələ ötən əsrin əvvəllərində açdığı ilk ədəbiyyat jurnalının fəaliyyətini və nənəsi Suğraxanım Qulamdarovanın, həmin dövrlər ədəbi ictimaiyyətin nəzərini cəlb etmiş yumoristik hekayələrlə mili novella janrının ilk müjdəçisi olduğunu təsdiq edən solğun kağızlarla geriyə qayıdırdısa da, Sarab müəllimin sənədlərindəki tarixlər və faktlar tamamilə ayrı şeyi deyirdi. Bu sənədlərdə rəqəmlər də, tarixlər də Müxlisə xanımın sənədlərindəki rəqəmlərdən və tarixlərdən qat-qat əvvəli göstərirdi və bununla da bütün mübahisələrə və müzakirələrə son qoyurdu.
Lakin bütün ehtimallar və elmi tədqiqatlar, ölkənin milli ədəbiyyatının və elmi fikrinin əzəli əsaslarını son məqamda yenə Sarab müəllimin ədəbi zümrəsi ilə bağlayır, hətta Müxlisə xanımın Sarab müllimə ərə verilməsində də, bu tarixi faktın müəyyən rol oynadığını ehtimal edirdilər. Tədqiqatlarda yer almış bir sıra qənaətlərə görə, Müxlisə xanımın, ixtisasca botanik olsa da, məhz Sarab müəllimlə tanışlıqdan sonra meylini bədii ədəbiyyata salması, ərinə olan sevgisinin alt qatında közərən gizli bir ədəbiyyat sevgisindən xəbər verməklə yanaşı, eyni zamanda, Sadıqzadələr nəslinin, unikal irsi yaddaşla necəsə, ədəbiyyatdan yoğrulduğunu bildirirdi.
Sadıqzadələr nəslinin ömür yolu haqqında ötən il işıq üzü görmüş digər mənbə isə, milli avanqard nəsrin banisinə çevriləcəyindən xəbərsiz olan gənc Müxlisənin, ali təhsilini başa vurduqdan sonra bir müddət maddi çətinliklər üzündən, orta məktəbdə ixtisası üzrə botanika fənnindən dərs deməli olsa da, sonradan özünü bütövlükdə bədii nəsrin sərhədsiz ənginliklərinə təslim etməsi, yaradıcılığının erkən dövrləri, ədəbi ictimaiyyətdə Müxlisə Bürünc imzasıyla tanınmağa başladığı illər sevgi hekayələri yazsa da, sonradan, daxili gözəlliyini xarici gözəlliyinə qurban vermiş qadınlar barədə yazdığı silsilə romanlarının ölkə sərhədlərindən kənarlarda tanınınmasını qeyd etməklə, Qafarlılar nəslinin də Sadıqzadələr nəsli kimi, milli ədəbiyyatı dünyaya layiqli şəkildə təqdim etdiyini üstüörtülü şəkildə də olsa, bildirirdi.
...Təzə binaya köçəndən və övladları böyüyüb başa çatandan sonra Sadıqzadələr nəslinin milli ədəbiyyat sahəsinə daha bir bənzərsiz ədib yetirdiyi, ailənin ən çəlimsiz üzvü, uşaq vaxtları tez-tez skarlatina, koklyuş kimi xəstəliklərə yoluxduğundan, heç cür əmələ gəlməyən Sara Sarabın da, Milli Konservatoriyanın dirijorluq fakültəsində təhsil aldığı yerdə qəfildən, milli ədəbiyyat tarixində rast gəlinməyən, tamamilə yeni üslublu – dialoqsuz faciə yazması barədə xəbərlər ədəbi ictimaiyyəti çalxalamışdı. Hələ lap uşaq yaşlarından kiçik hekayələriylə orta məktəbin “Sancaq” divar qəzetində çıxış edən Saranın, sonradan ərsəyə gətirdiyi “İti gözlər” dialoqsuz faciə dramı Sadıqzadələr ailəsini sarsıtsa da, bu hadisənin gizli saxlanılması, yeni ədibin adının, növbəti əsər meydana çıxmayana qədər, ictimaiyyata açıqlanmaması qərarı isə, Salman Sadıqzadənin ədəbiyyata və onun elminə münasibətinin alt qatında duyulan akademik ciddiliyini bir daha hamının gözü qarşısında sübuta yetirməklə yanaşı, Sadıqzadələr nəslinin tükənməz ədəbi qüdrətini göz önünə çəkmişdi...
Deyilənə görə yalnız bir neçə ildən sonra “Toz pərvazları” adı altında işıq üzü görmüş bu əsər Sadıqzadələr və Qafarlılar nəslinin tədqiqatçılar qrupunu heyrətə gətirmişdi. Gənc ədibənin, kitabda yer almış “Uzurpator” şeir çələngi isə ədəbi tənqid tərəfindən nəinki, milli ədəbiyyatda, dünya ədəbiyyatı tarixində rast gəlinməyən unikal hadisə kimi qiymətləndirilmişdi.
Ölkənin ədəbi ictimaiyyətini sarsıdan bu ədəbi kəşfin, Qafarlılar nəslindən yox, məhz Sadıqzadələr tərəfindən ötürüldüyünü ehtimal edən tədqiqatçılar, bu nəslin, xüsusi genetik yaddaşa malik olduğunu, bu unikal ötürücülük qabiliyyətinin, olsun ki, milli ədəbiyyat tarixinə hələ bundan sonra da neçə-neçə sarsıdıcı töhfələr bəxş edəcəyinə əminliklərini bildirmişdilər.

lll
...Sarab müəllimin işə günün hansı saatları gəldiyi bilinmədiyi kimi, işdən getdiyi saatlar da heç vaxt heç kimə məlum olmurdu. Akademikin qəbul otağına aparan dəhlizin sol cinahında oturan əməkdaşlar, Sarab müəllimin işə hamı kimi, binanın əsas girişindən yox, hansısa ayrı tərəfdən – kabinetinin arxa hissəsində yerləşən yığcam istirahət otağından, dəmir pillələrlə binanın birbaşa birinci mərtəbəsinə aparan gizli çıxışından gedib-gəldiyini ehtimal edirdilərsə də, onun, öz nataraz bədənini, son payızın, ağrılarını kəskinləşdirib bir az da ağırlaşdırdığı xəstə ayaqlarının üstündə, təsvirlərə görə dəmir borunun içini andıran darısqallıqdan necə sivişdirdiyini fikirləşəndə, adamın gözü qaralırdı...
Folklor şöbəsinin işçiləri Sarab müəllimin, həmin bu gizli çıxışdan, qəbul otağında saatlarla otursalar da, içəri düşə bilməyən, yaxud içəri düşsələr də, xahiş və müraciətlərinə Sarab müəllimin razılığını, yaxud xeyirxah dəstəyini ala bilməyən, yaxud alsalar belə, bir müddətdən sonra taleyin acı hökmüylə hərlənib-fırlanıb, onun bu balaca qəbul otağında qaratikan kolu kimi bitən gənc alimlərdən, eləcə də, filologiya sahəsi üzrə müdafiəyə buraxılmaqdan ötrü, rəy almaq ümidiylə bura digər institutların göndərişi ilə gələn aspirantlardan can qurtarmaq məqsədi ilə istifadə etdiyini deyirdilər.
...Mənsə, hansısa solaxay fəhmimlə, qoca akademikin bu çıxışdan nə isə tamam ayrı, heç birimizin ağlına belə gələ bilməyən, məxfi və sirli məqsədlər üçün istifadə etdiyini, necəsə, anlamşdım. Bizim institutla bağlı sürrealist mənzərələrlə dolu dəhşətli yuxuları da, əslinə qalanda, elə həmin o gizli çıxış barədə söhbətlər işə düşəndən bəri görməyə başlamışdım...
...Bu yuxuların birində mən necəsə, Salman müəllimin kabinetinin arxasındakı yarıqaranlıq bir məkanda peyda olmuş, həmin o gizli çıxış yoluna aparan meşin üzlü, yumşaq qapını aralayıb, dəmir borunun içini andıran həmin o burma pilləkənlərlə aşağı enə-enə, yerin hansısa havasız dərinliklərinə aparan zülmət bir qaranlığa düşmüş... və orda, qatı zülmətin qoxuduğu nəmiş kəsafətinin tamını damağımda hiss eləyə-eləyə, boğulub ölmüşdüm...
Daha bir yuxuda isə, burma pilləkənlə guya binanın çıxışına, əslində isə institutun zirzəmisindəki gizli kabinetinə düşən və orda yarıqaranlıq otağın bir küncünə qısılaraq, heç hara əyləşmədən, əynindəki palto-papağını çıxarmadan, əcaib qurğunu andıran nəyinsə üstündə, tələsik hərəkətlərlə hansısa kağızlara nə isə köçürən Sarab Sadıqzadənin özünü görmüşdüm və bunun, bir çox psixiator-alimlərin elmi dəlillərlə sübuta yetirdikləri kimi, “gün ərzindəki görüntülərdən alınan təəsüratlar yığımının” yaddaşımda saxladığı mənasız vaqeə yox, yenə həmin möcüzəli ötürülmə qabiliyyətimlə yarıb keçdiyim hansısa sirli qatda baş verən reallıq olduğunu anlamışdım...
...Sarab müəllimin, yuxuda gördüyüm həmin o zirzəmisi çox güman ki, mövcud idi və ola bilsin bu vahiməli zirzəmi, mənə yuxuda əyan olan kimi, bizim Ədəbiyyat institutunun altında, binanın özülünə aparan dərin, soyuq bir qatda yox, hardasa ayrı yerdə – Sarab müəllimin ən yaxınlarının belə bilmədiyi hansısa kənar bir ərazidə yerləşirdi. Ədəbiyyatla bağlı hansısa izaholunmaz məxfiliklər saçan belə bir zirzəminin həqiqətən, dəqiq mövcud olduğunu isə mən bir qədər sonra – Sarab müəllimin kabinetinin yerləşdiyi mərtəbənin və divarları şərəfli ömür yolu keçmiş görkəmli elm xadimlərinin ağ-qara portretləri ilə dolu dəhlizin, ilin bütün fəsilləri özündə saxladığı həmin tanış iyindən – uzun müddət havasız qaranlıqlarda qalmaqdan nəm çəkib kifsəyən əşyaların saxlanıldığı zirzəmilərdən gələn qoxudan anlamışdım.
Bu qanqaraldan qoxunun, institutun dəhlizinə, olsun ki, mənim yuxularıma da, qoca akademikin iş otağından yayıldığını isə, necəsə bir dəfə, hələ bir neçə il bundan əvvəl, bitirib başa çatdırdığım dissertassiyamın, elmi şuranın müzakirəsinə çıxarılmasına icazə almaqdan ötrü, onun qəbuluna düşən gün başa düşmüşdüm.
...Həmin gün o, məni oturmağa dəvət eləmədən, bir müddət, dayanıb qaldığım qapının ağzındaca saxlayıb, dinməz-söylənməz bir səbrlə müşahidə eləyəndən sonra, bədən ölçülərindən xeyli iri başıyla yaxınlaşmağıma icazə vermişdi. Özümlə gətirib gəldiyim qısa mətnli, bir səhifəlik təqdimatıma zillənərək, onu ürəyində bir neçə dəfə təkrar-təkrar oxuduqdan sonra başını qaldırıb üzümə, övlad uğurundan təsirlənmiş ana nəvazişiylə baxaraq, gizli həyəcandan titrəyən səsiylə:
– Təbrik edirəm, mübarək olsun... – demişdisə də və mən, onun bu atalıq qayğısıyla dolu elm təəssübkeşliyindən kövrəlib, haqqında danışılan boş-boş söhbətlərə – ədəbi nəsil davamçılığıyla, üstəlik, uzun illərdən bəri ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrlə ölkənin Ədəbiyyat Metrinə çevrilmiş bu adamın, ədəbiyyatın və onun elminin sadiq cəfakeşlərinə duyduğu qatı nifrət barədə, bu sahədə cüzi istedadı üzə çıxan hər kəsin qanını içməyə hazır olduğu, iyirminci əsrin milli ədəbiyyatını və onun “şünaslığını” Sadıqzadələr zümrəsiylə başa çatdırmaq arzusundan qovrulduğu barədə gedən söhbətlərə inandığıma görə vicdan əzabından üzülmüşdümsə də, sonradan, onun o gözyaşardan sevincinin, bütün kənar rəylərlə müsbət qiymətləndirilmiş elmi işimin acı taleyinə oxunan gizli hökm olduğunu anlamışdım.
Bitib-tükənməz fəaliyytənin çoxluğundan, ya hansısa ayrı səbəbdən, işimi düz altı aya, yaşıl mahud üzlü bloknotunda qeydlərini apara-apara oxuyan Sadıqzadənin iradları əsasında uzun-uzadı aylarla dəyişib düzəltməklə məşğul olduğum, əslində isə, özüm də bilmədən, qaralayıb poza-poza əsas mahiyyətini, nüvəsini dağıdıb itirdiyim əsərimin sonradan, elmi şuranın müzakirəsinə “mövzu çərçivəsində müraciət olunan mənbələrin düzgün seçilməməsi” səbəbindən buraxılmaması barədə şuranın xüsusi blankında hazırlanmış qərarı oxuyanda isə, bütün ömrünü kiminsə, mükəmməl ədəbi mütaliəsindən mənimsədiyi hansısa müsbət qəhrəmanın cildində yaşayan bu adamın, bir vaxtlar dənizkənarı parkda rastlaşdığım zaman mənə, Hind okeanlarının dərinliklərində yatan həmin o su yırtıcısını hansı əlaməti ilə xatırlatdığını axır ki, başa düşmüşdüm...
A.MƏSUD




Bu yazı ( 664 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar