12px14px16px18px

DUYĞULAR İMPERİYASI

A.MƏSUD
11:00 / 12.05.2012
BİR AXŞAM...

Bir axşam otağıma qalxıb işığı yandırdım, sakitliyin ən qatı hissəsində diz çöküb ürəyimdə:
- Yazdıqlarımı mənə izah et, dedim...
...və qəfildən səyriməyə başlayan işığın hərəkətindən, dörd bir yandan nisgil dolu tanış baxışlarla üzümə zillənən əşyaların halından hürküb cəld ayağa qalxdım.

ÇEVRİLMƏ

İllər ötdükcə, sirli ilahi axıntılarla dünyanın ayrı qatına keçən, keçdikcə, şahə qalxıb dalğalanan, dalğalandıqca, bərkliyini, çəkisini itirib bulanıq görüntüyə çevrilən, çevrildikcə bədəninin, ha tərəfinəsə ağırlıq gətirən quyruğabənzər əlavə olduğunu hiss edən, hiss etdikcə özündən, bişmiş ət sümüyündən ayrılan tək, hissə-hissə ayrılan, ayrıldıqca, əllərinin, sahibi ölmüş yiyəsiz əlcəklərə, saçlarının, diriliyini itirmiş bir ovuc yuna çevrildyini anlayan bir qadın barədə yazmaq istəyirəm...

İNTİHAR

Sakit, səssiz gecələrin birində, qaranlıq yataq otağının kitablarla dolu rəfindən sıçrayıb şarappıltıyla yerə dəyən nəyinsə səsinə dik atılıb qalxdım... İşığı yandırdım və gördüyüm mənzərədən çaşdım...
Bu, mənə bağışladığı son şeirlər kitabını çoxdan əlimə almadığım Vaqif Bayatlının "Yupyumru bir eşq ilə" kitabı idi... Hansı möcüzəyləsə rəflər boyu sıxlaşdırılmış kitabların arasından sıçrayıb, özünü çoxmərtəbəli binanın ən uca mərtəbəsindən atan kimi, döşəməyə atmışdı.

İLAHİ SƏXAVƏTLƏRDƏN

Yer üzünü sel-sularla yuyub, bəyaz qar örtüyünə bələyən bol yağıntıların şəhər və kəndlərdə, maşın yollarında və əkin sahələrində törətdiyi dağıntıları, daşqın və zəlzələlərı rahat evlərimizdən, yumşaq kreslolarımızdan müşahidə etdikcə, özümüzü "hardasa, uzaqlarda baş verən" bu fəlakətlərdən qorunmuş bilsək də, üstümüzə yağmaqda olan daha təhlükəli axıntıların - İlahi Məlumatlar Selinin ruhumuzda törətdiyi dağıntılardan, daşqın və zəlzələlərdən xəbərsizik.
QURAN YARĞANLARI

Qurani-Kərimdə surələr var ki, onları oxuyarkən, özünü sətirlərin arasıyla açılan nəhəng Kainat uçurumlarının astanasında hiss edir, kosmik Qara Dəlikləri andıran bu möhtəşəm Zaman çalalarına sümrülməmək üçün bəzən mütaliəni yarıda saxlamalı olursan.

PAYIZ ETÜDÜ

Bozumtul küləkli bir payız səhəri evdən çıxıb işə yollanarkən gözüm səhər-axşam o baş-bu başa şütüyən maşın çarxlarının altında qalmaqdan əzilib, yapıxıb tozlu çəkmə tayı tək, yolun ortasında qaralan siçovul qaxacına sataşanda, həyatın sərt döngələrində özünü və nələrisə qoruyub saxlamaq uğrunda çarpışmalarda əzilib, tapdanıb, məhv edilmiş ruhlarıyla nəyinsə qabığına, ya qutusuna çevrilmiş bir qisim tanış adamları xatırladım.

MADDİYYAT İNFEKSİYASI

Bu yay bağ evimizin elektrik şəbəkəsində təmir işləri aparan elektrikdən - üzü əzablı sürgündə yaşayan dustaq üzüntüləri və qorxular saçan ortaboylu, dolu bədənli kənd adamından duyduğum anlaşılmaz təhlükə havasının, onun özü dediyi kimi, "məxsusi olaraq, yalnız dövlətlilərin bağ evlərində" işləməsi ilə əlaqədar olduğunu mən, yalnız o, işini başa vurub gedəndə - bayaqdan bura qəribə bir ehtiyatla pusquda yatan tək, nəyinsə arxasında gizlənib aşağı enən işığın, gücünü qəfildən artıranda anladım...

RUH ÇƏKİSİ

Dəqiq yadıma gəlmir, yuxuda, yoxsa, hansısa yazıda üzünü dəqiq xatırlamadığım kiməsə astadan:
- Ruhunu sənə dəxli olmayan məlumatlarla ağırlaşdırma ki, öləndə, bədənindən rahat çıxa biləsən... - demişdim.

XƏBƏRDARLIQ

Bu qışın anomal, şaxta-boranlı havalarında pəncərə şüşələrini titrədən küləyin, dolunun səsini dinlədikcə, Quranın Təkasür surəsində oxuduğum "Sizi qarşıda böyük hadisələr gözləyir..." ayəsini xatırlayırdım...

HADİSƏLƏR KÜLƏYİ

Gün-gündən sürətlənən vaxt axarı içrə, gecəylə gündüz qapanmaları arasında vurnuxduqca, yaddaşlarını, niyyət və arzularını itirib çaşqınlığa düşən insanların halını və vaxtın sürətinə məhəl qoymadan, təmkinini pozmadan, öz əvvəlki ritmi ilə işləyən saat mexanizmlərinin sabit hərəkətini müşahidə etdikcə, Zamanın bir daha əbədi və dəyişməz olduğunu, insanları cənginə alıb, bu sabit və sakit Ərazinin kənarından ötüşənin isə - Hadisələr Küləyi olduğunu anlayırsan...

DUALAR BARƏDƏ

Ömrü uzunu özünü oda-közə vurub, "topdağıtmaz" varidat toplamış, yaşı yetmişi adladıqda hacılıq eşqi ilə Kərbəla ziyarətinə yollanmış, orda canı İlahi qorxulardan vəcdə gəlib titrədikcə, dua oxumağın hansısa vacibliyini anlamış möhtərəm bir hacıya dualarla bağlı Allahın bir kəlamını xatırlatmalı oldum:
"Oxuduğunuz dualar Mənim üçün deyil. Qəlblərinizi qoruyun".

YARILMA

(hekayə əvəzi)

Bu qışın çovğunlu axşamlarından birində, gecəyə az qalmış işıqlarımız söndü. Televizorun və bayaqdan mətbəxin yuxarı başında öz işində olan paltaryuyanın səsi kəsildi. Qalın pərdələrlə örtülmüş pəncərələrin o üzündə əsən küləyin uğultusu dərhal içəri dolub qapıların arasıyla vıyıldadı.
...Mən mətbəx şkafından şam götürüb yandırdım, şamdana keçirib jurnal mizinin üstünə qoydum və bayaqkı yerimə əyləşib:
- Olsun, transformator yüklənib, ya da külək hardasa xətti qırıb... - dedim və divar saatına baxdım.
Saat onun yarısını göstərirdi.
- Başımızı yarımca saat qatsaq, sonrası asandı. - dedim və televizorun qapqara, nəhəng ekranına baxdım.
- Sənə asan gəlir. Bu vaxtlar onsuz da yatırsan. - Üzbəüzdəki divana yayxanmış Rüstəm matəm dolu kədərlə dilləndi.
- Neyləmək olar?.. - deyib qollarımı çarpazladım.
Rüstəm şamın hisini ovuclarına doldura-doldura:
- Qədimlərdə işıq olmayanda, neyləyirdilər?.. - dedi, sonra başını qaldırıb, maddım-maddım üzümə baxdı.
- Qədimlərdə hava qaralanda, yatırdılar.
- Mənim yuxum gəlmir.
...Küləyin növbəti həmləsi çardağın dəmirlərini titrədib guruldatdı. Səsə dikələn Rüstəm bir qulağı çöldən eşidilən uğultuda:
- Gəl, söhbət eləyək. - dedi və qəribə bir ehtiyatla divanın belinə söykəndi.
- Nədən?..
- Mənə özündən danış. Lap əvvəlindən. Lap uşaqlıqdan yadında nə qalıb...
Mən güldüm:
- Balaca vaxtlarım, düzü, yadımda qalmayıb. - dedim..
- Yaxşı, onda məktəb illərindən danış.
Mən məktəb illərini xatırlamağa çalışsam da, yadıma oxuduğum məktəbin döşəməsinə sürtülən qatı kerosin iyindən və bir neçə əzazil müəllimin sifətindən savayı heç nə düşmədi.
- Onda sonrasını danış...
...Mən sonrakı illəri də xatırlamağa çalışdım, lakin ürəyim yadıma düşən adda-budda görüntülərdən sıxıldığından:
- Bəlkə sənin üçün piano çalım?.. - dedim...
...Biz, il uzunu istifadə edilmədiyindən qapısı daim bağlı qalan və bu səbəbdən, qış ayları çox soyuq olan qonaq otağına keçdik.
Mən pianonun arxasına keçib, qapağını qaldırdım, barmaqlarımı, neçə illərdən bəri toxundurmadığım dillərin üzəriylə gəzdirib, bir neçə akkord vurdum və bir vaxtlar ata-anamın çox sevdiyi həzin bir melodiyanı - Cilbertonun xəfif payız çiskinini andıran məşhur bir mahnısını çalıb pəsdən oxumağa başladım. Rüstəmə sarı dönmədən:
- Bu mahnı bizim ailə tarixçəmizdi... - dedim. - Qulaq as, hər şeyi özün anlayacaqsan.
Lakin azca sonra musiqinin necəsə otağın yarıqaranlıq dərinliklərinə işlədiyini, orda nəyəsə toxunub dayandığını hiss edib, əl saxladım... Zəif şam işığında sirli qəsri andıran otağın dərinliklərinə baxdım...
...Bir vaxtlar həmin bu otaqda, dəyirmi masanın başından dahiyanə sağlıqlar deyən atam yerində əyləşmişdi, üzlərini dəqiq seçə bilmədiyim adamların arasından sevgi və mərhəmət dolu qəmli gözləri ilə mənə baxırdı. Anam da budu-burdaydı… otağın aşağı başındakı divanda xalalarımla yanaşı əyləşib mənə, mənzərə şəklinə baxan kimi baxır, elə bil oxumağımı gözləyirdi.
...Gözlərim qaraldı...
- Mən bayaqdan hiss edirəm...
...Rüstəm təhlükəli həqiqətin üstünü açmış casus kimi, gözlərini otağın yarıqaranlığına zilləmişdi...
- Nə hiss edirsən?
- Sən oxuduqca, burda nələrin baş verdiyini.
- Nələr baş verirdi ki?..
- Sən oxuduqca, buralara nə isə dolurdu...
Məni soyuq tər basdı...
- Nə dolurdu?..
Rüstəm otağın dərinliyindən ehtiyat edən tək ağarmış bənizi ilə:
- Səsində o qədər ağrı vardı ki... Otağın içinə dolan o idi, - dedi.
...Qəhər boğazımı tutdu... Ağlayacağımdan ehtiyat edib, pianoya sarı döndüm, musiqini dəyişib "Aginskinin Polonez"ini çalmağa başlasam da, heç nə dəyişmədi...

lll

...İşıqlar çoxdan yanmışdı. Televizor işə düşüb öz-özünə danışır, paltaryuyan çarxını hərlədib içindəkiləri yaxalayırdı... Rüstəmlə mən isə hələ də sirli labirintlərində azdığımız qonaq otağının yarıqaranlığında bir-birimizə baxa-baxa qalmışdıq...
A.MƏSUD



Bu yazı ( 248 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar