12px14px16px18px

Şəxsiyyət

Aydın AĞAZADƏ

yaxud MƏNIM TANIDIĞIM İKRAM KƏRIMOV

11:14 / 08.05.2012





İkram Kərimovla tanışlığım ötən əsrin 80-ci illərin əvvəllərinə təsadüf edir. Onda o, Bakı şəhər prokurorunun I müavini vəzifəsində işləyirdi. Qardaşı Vətəndən xahiş edib, onunla görüşdüm. Bir mülki məsələ ilə bağlı məsləhət almaq istəyirdim. Açığını deyim, ilk baxışdan mənə çox quru, az danışan adam təsiri bağışladı. Sadəcə məni dinlədi, bir qədər fikrə getdi və əlavə etdi ki, bu qanunsuz istəkdi. Bunun dalınca getməyə dəyməz.
– Qardaşım göndərib də səni yanıma, ondan yaxın adamın sözünü eşitməyəcəyəm ki. Amma sənə deyirəm ki, bu işin başını burax. Çünki qanunsuz işdi. Qardaşım desə də eləmərəm, çünki bu işin perspektivi yoxdur. Bilirəm, indi gedib Vətənə deyəcəksən ki, qardaşın yaxşı adam deyil. Mənə kömək etmədi. Amma vaxt gələcək, mənim haqlı olduğumu başa düşəcəksən.
Onunla söhbətimiz elə bu qədər oldu. Düzü onun yanından incik çıxdım. Doğma qardaşı dönə-dönə xahiş edib, demişdi ki, ona kömək elə, bu isə...
Yazıma bu əhvalatla başlamağımın səbəbi var. Əslində o, mülki məsələ o qədər də prinsipial deyildi. Yaxın qohumumun xahişi idi, sonra Allahın köməyi ilə onlar da barışdılar, heç mübahisəni çözməyə ehtiyac da olmadı. Amma əsas məsələ, İkram Kərimovun qanunlara son dərəcə ehtiramla yanaşmasında idi. Mənim onunla ilk görüşüm xatirimdə belə qalıb.
Sonralar mən “Azərbaycan” qəzetində hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri işləyəndə o, artıq Bakı şəhər Məhkəməsinin sədri idi. Beləliklə, ara-sıra bəzi tədbirlərdə – Ali Məhkəmənin Plenumunda, Ədliyyə Nazirliyinin kollegiyalarında, Bakı şəhər prokurorluğunun, Bakı şəhər Məhkəməsinin iclaslarında və s. görüşürdük. Bu tədbirlər və bu tədbirlərdən sonra keçirilən qeyri-rəsmi məclislərdə biz bir-birimizi daha yaxından tanımağa başladıq. Sonralar onun yüksək kürsülərdə belə az və konkret danışan olduğunu başa düşdüm.
Get-gedə İkram müəllimin xarakterində olan xeyirxahlıq, insanpərvərlik, qanunlara ehtiram mədəniyyəti, sözü üzə demək bacarığı, insanlarla ünsiyyət yaratmaq, işçilərin hamısını bir nəfər kimi yola vermək istedadının, ən başlıcası isə tamahdan uzaq adam olmasının şahidi oldum. O dövrü xatırlayanlar yaxşı bilir ki, Bakı şəhər Məhkəməsində müxtəlif xarakterli hakimlər və işçilər işləyirdi. Bəlkə də İkram müəllim olmasaydı o kollektivi uzun müddət sakit, səssiz-səmirsiz yola vermək mümkün olmazdı.
İkram müəllimin ən müsbət xüsusiyyətlərindən biri də insanlarla işləməyi bacarmaq və yüksək təşkilatçılıq qabiliyyətidir. İstər Bakı şəhər Məhkəməsində, istər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində, istərsə də hazırda çalışdığı Sumqayıt Apellyasiya Məhkəməsində sədr vəzifəsində çalışan İkram müəllim eyni qaydada işçilərlə işləmək bacarığı, təşkilatçılığı və səmimiyyətilə seçilir.
İkram müəllimin hakimlər və məhkəmə işçiləri arasında xüsusi ehtiramla qarşılanmasının əsas cəhətlərindən biri də onun tabeçiliyində və əhatəsində olan işçilər qarşısında gözü kölgəli olmamasıdır.
İnsanda ən başlıca məziyyət alnıaçıq, üzü ağ olmasıdır. Gözü kölgəlilik insanı alçaldır, qürurunu itirir, kimlərdənsə asılı edir. Mənim aləmimdə kişi hamının gözünün içinə dik baxmağı bacaran adama deyilir. Bax İkram Kərimov belə kişilərdəndir.
Yaxşı yadımdadır, günlərin bir günü Azərbaycan hüquqşünaslığının simvollarından biri olan Abdulla İbrahimovla söhbət edirdik. Onu da deyim ki, Abdulla müəllim hər adamı qəbul edib, söhbət edən kişilərdən deyildi. Bəlkə də çox xoşbəxt adamlardan biriyəm ki, mənə Abdulla müəllimlə söhbətləşmək səadəti nəsib olub.
Onunla söhbətimizə çox uzaqdan – Ali Məhkəmənin sədri vəzifəsində işləyən vaxtlardan başladıq. Təqaüddə olduğu üçün istər-istəməz soruşdum ki, vaxtilə sədr olanda yəqin ki, qapınızda adamların sayı-hesabı olmazdı. Bəs, indi necə, həmin adamlardan Sizi yoluxmağa gələn var, ya yox? Açığını deyim, sualım az qala kişini kövrəltdi.
– Məni tanıyanlar bilir ki, mən həmişə düz olmuşam və halal işləmişəm. Kimsədən umacağım olmayıb, heç indi də yoxdur. Amma təqaüddə olanda bəzən sadəcə dost zənginə, həmkar təsəllisinə ehtiyac duyulur. Bu baxımdan məni axtaran çox az adam var. Çox qərubədir ki, məni axtaran 3-4 adamdan ikisi heç mənim tabeçiliyimdə də işləməyiblər. Sadəcə bir insan kimi, hüquqşünas kimi mənə hörmətləri var...
Abdulla müəllim bu iki nəfərin adını çəkdi, biri başqa sahənin adamı olduğundan onu tanımadım. İkincisi isə İkram Kərimov idi. Abdulla müəllim onun haqqında ürək dolusu danışdı, onun düz adam olduğunu vurğulayaraq, onu şəxsiyyət adlandırdı. Şəxsiyyət! Bütün hüquq aləmi bilir ki, Abdulla müəllim özü də əsil şəxsiyyət olub. Məhz onun İkram müəllim barədə şəxsiyyət söyləməsi ustadın gənc həmkarına verdiyi yüksək qiymət idi.
Ümumiyyətlə, İkram müəllimin ən dəyərli xüsusiyyətlərindən biri də vəzifədə olmayan, yaxud vəzifədə olub, təqaüdə çıxan insanları axtarmasında, onlara imkan daxilində yardım əlini uzatmağı bacarmasındadır. Dəfələrlə olub ki, İkram müəllimlə növbəti görüşümüz, hər hansı bayram ərəfəsinə düşüb, hər dəfə də yeddi-səkkiz iri sovqat qutusu bağlatdırıb, təqaüddə olan ağsaqqallara göndərər, qapısı bəlkə də çoxdan döyülməyən ahıl insanları sevindirərdi. O, belə tədbirlərini bu gün də davam etdirir, özü də son dərəcə təmənnasız, sadəcə insanlıq keyfiyyətlərinə görə.
Açığıını deyim ki, mən ondan həyatda çox şey öyrənmişəm. Öyrəndiklərimdən biri də vəzifədə olmayan insanları yoluxmaq bacarığıdır. Məncə bu insandan yüksək mədəniyyət tələb edir. Vəzifəsi olana yarınmaq, yaltaqlanmaq çox asan şeydir. Hünər, qarşılığını gözləmədiyin kimsəyə təmənnasız hörmət etməyi bacarmaqdır. Bax, bu baxımdan İkram müəllim əvəzsiz insandır.
Böyük qardaşım, əziz dostum İkram Kərimov uzun müddətdir ki, hüquq-mühafizə orqanlarında çalışmaqla xalqına, millətinə sədaqətlə xidmət edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 19 aprel 2012-ci il tarixli sərəncamı ilə ona “Əməkdar hüquqşünas” fəxri adının verilməsi peşəkar həmkarımızla yanaşı, onu istəyənlərin hamısının sevincinə səbəb oldu. Sevindirici haldır ki, sərəncamda “Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə” fikrinin xüsusilə vurgulanması ölkə başçısı tərəfindən İkram müəllimin qüsursuz, şərəfli hüquqi fəaliyyətinə verilən son dərəcə layiqli yüksək qiymətdir.
Mən və onu istəyənlərin hamısı İkram müəllimi layiq görüldüyü yüksək fəxri ad münasibətilə ürəkdən təbrik edir, onu daim Savalan kimi, Qoşqar kimi uca görmək istəyirik.
Allah onu həyat yoldaşına, övladlarına və qohum-əqrabasına çox görməsin!
Allah onu dostlarına, tanışlarına və həmkarlarına çox görməsin!
Allah onu haqq-ədalət naminə ona pənah gətirən Azərbaycan vətəndaşlarına cox görməsin!
Aydın AĞAZADƏ


Bu yazı ( 91 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar