12px14px16px18px

Sən həmişə bizimləsən, İlyas müəllim!

Aydın AĞAZADƏ
01:55 / 24.01.2012
İlyas Əfəndiyevin pyesləri Azərbaycan milli dramaturgiyası tarixində önəmli yerlərdən birini tutur. Xalq yazıçısı, görkəmli dramaturq və nasir, Azərbaycan Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin əsərləri günümüzə qədər teatrlarımızı bəzəyir. 138 illik tarixi olan peşəkar Azərbaycan milli dramaturgiyasının yarım əsrlik dövrü görkəmli dramaturqun adı ilə bağlıdır. İlyas Əfəndiyevin möhtəşəm pyesləri ilə milli teatrımıza lirik-psixoloji dram janrı qədəm qoydu. Onun “Boy çiçəyi” və ya “Sən həmişə mənimləsən” pyesi rejissorların daha çox müraciət etdiyi əsərlərdən biridir. Bu maraqlı səhnə əsərinə ilk dəfə görkəmli rejissorumuz Tofiq Kazımov müraciət etdi və 1964-cü ilin 14 noyabrında “Sən həmişə mənimləsən” pyesinə Akademik Milli Dram Teatrında səhnə həyatı verdi. Məşhur teatrşünas-alim Cəfər Cəfərov bu barədə yazırdı: “İ.Əfəndiyevin yaradıcılıq əməyinin, rejissor T.Kazımov, rəssam Elçin, bəstəkar F.Əmirov, teatrın aktyorları, ilk növbədə Ə.Zeynalov və A.Pənahova zənginləşdirmiş, dəyərli bir pyesi cazibəli səhnə əsərinə çevirmişlər”.
İlyas Əfəndiyevin “Boy çiçəyi” və ya “Sən həmişə mənimləsən” pyesində daxili dramatizm və dinamikanın inkişafı yüksək sənətkarlıqla işlənmişdir. Lirik-psixoloji dramda bitkin dinamik kompozisiya daxilində hadisələrin, fikrin hərəkət vəhdəti maraq doğurur. Ümumiyyətlə, İlyas Əfəndiyevin pyeslərində milli təfəkkür, milli psixologiya, cilalanmış sərrast dil, aktuallıq, cəsarətli ideya və mükəmməl işlənmiş sosial təhlil müşahidə olunur. Biz əməli şəkildə deməliyik ki, İlyas Əfəndiyev dramaturgiyasına və xüsusən “Boy çiçəyi” pyesinə rejissorlarımız hələ çox müraciət edib, tamaşaçılarımızı sevindirəcəklər.
Haqqında danışacağımız İlyas Əfəndiyevin “Boy çiçəyi” əsərinə həmişə qeyri-adi səhnə əsərləri ilə tamaşaçıları heyrətləndirməyi bacaran, yüksək peşəkarlıq nümunələri ilə hər zaman seçilən Respublikanın xalq artisti Azər Paşa Nemətov müraciət etdi. Onu da qeyd etməliyik ki, bir qayda olaraq, görkəmli rejissorumuzun tamaşaları saysız-hesabsız düşüncələr qatlarından ibarət toplu təsiri bağışlayır. Bu tamaşalara baxıb düşüncələrə dalmamaq, ideyalar zənginliyinə baş vurmamaq mümkün deyil.
Azər Paşa Nemətovun rejissurasında yaradıcılıq bütövlüyü çox yüksək səhnə mədəniyyəti, milli psixologiya, üslub tamlığı, sənətin sosial və bəşəri ülviliyi, pyes üzərində və aktyorla mükəmməl iş metodu tamaşaçı marağını öyrənmək və bu marağa köklənmək prinsipi əsasdır. Tanınmış rejissorun tamaşalarında əsərin fikir yükü aktyor qəlbinin dərinliklərində, ehtiras və hisslərin çalarlarında obraza çevrilir.
Azər Paşa Nemətov sanki aktyoru obraz üçün, obrazı da aktyor üçün kəşf edir. Görkəmli rejissorun tamaşalarında, bir qayda olaraq, aktyorun daxili imkanları sanki yaradacağı qəhrəmanın, obrazın dünyagörüşü ilə ölçülüb tarazlaşdırılır. İlyas Əfəndiyevin “Boy çiçəyi” əsərinin tamaşasına gəlincə, deməliyik ki, quruluşçu rejissor bu əsəri iki hissəli lirik dram kimi tamaşaya qoyub. Tamaşanın hadisələri bir məkanda, daha doğrusu, vahid müstəvinin üç paralel nöqtəsində cərəyan edir: bütün səhnə obrazları, o cümlədən Həsənzadənin mərhum xanımının ruhunun obrazı belə vahid məkanın ayrılmaz hissəsidir. Hadisələr bir müstəvinin ayrı-ayrılıqda, üç paralel nöqtəsində, Nargilənin anası Nəzakətin, Həsənzadənin və Nargilənin evində baş verir. Hadisənin cərəyan etdiyi bircə məkan tamaşaçının gözü qarşısında canlanır və bu zaman digər müstəvinin iştirakçıları, bir növ, tamaşanın seyrçisinə çevrilirlər. Tamaşa içində tamaşa prinsipinə riayət edən quruluşçu rejissor əsərin iştirakçılarını da müşahidəçiyə çevirir. Tamaşanın iştirakçıları isə, dramaturji materialdan süzülüb gələn ideyaya görə tənhalığın qurbanlarıdır. Tənhalığın faciəsi bu obrazların hər birinin həyatında öz mütləq rolunu oynayır. Tənhalığın məngənəsindən qurtulmaq üçün Nargilənin anası Nəzakət (H.Nəsirova) sevmədiyi Fərəcə (S.Məmmədov) getmək məcburiyyətində qalıb, həm də bu insana kölə kimi qulluq edir. Tənhalığın dəhşəti Nargiləni (M.Aslanqızı) Həsənzadə (F.Poladov) ilə görüşdürür. Nə yaxşı ki, bu görüş xoş sonluqla bitir. Nargilənin (M.Aslanqızı) sevgidən daha çox xoş münasibətə və valideyn məhəbbətinə ehtiyacı var. Əsərin ideyasına müvafiq olaraq Həsənzadə, onun mərhum xanımı Xurşud və Nargilə boy çiçəyinin funksiyasını yerinə yetirirlər. Onlar bir-birinin həyatlarına müsbət təsir göstərib, onu xoş məcraya yönəldirlər. Boy çiçəyinin özü quruyub xəzan olsa da, onun ətri qalır. Yaxşı əməllər də belədir, insan həyatdan gedəndən sonra belə onun əməlləri daim yaşayır.
Tamaşada əsas obrazlardan biri olan Həsənzadəni peşəkarlıq nümunələri ilə həmişə diqqət çəkən, sevimli sənətkarımız, xalq artisti Fuad Poladov təqdim edir. Onun ifasında Həsənzadə dramaturji materiala müvafiq olaraq, xarici və daxili portret mükəmməlliyi ilə seçilən möhtəşəm bir obrazdır. Həsənzadə tənhalığa məhkum olunmuş insandır, onu yaşadan ancaq keçmişin həzin xatirələridir. Lakin onunla belə Həsənzadənin qəlbində həyat eşqi hələ də sönməyib, o, həyata vurğun insandır. O, hər zaman üzbəüz binanın pəncərəsindən onu izləyən qızcığazın baxışlarını görür.
Sevimli aktyorumuzun ifasında Həsənzadə mərhum həyat yoldaşının ruhu ilə görüşəndə (Ş.Yusupova) nə qədər hüznlü və kədərlidirsə, Nargilənin (M.Aslanqızı) anası Nəzakətlə (H.Nəsirova) qarşılaşanda onda doğma balasına qarşı mehriban münasibət yaratmaq naminə prinsipiallıqla silahlanır, ancaq Nargilə (M.Aslanqızı) ilə rastlaşanda isə tamam dəyişir, gəncləşir, gözgörəki cavanlaşır.
Ustad sənətkarımız Fuad Poladovun təqdimatında canlanan Həsənzadə sanki çox dəqiq işlənmiş, rəng çalarları düzgün verilmiş rəssam təsvirini xatırladır. Vaxtilə Milli Akademik Dram Teatrında görkəmli aktyorumuz Əli Zeynalovun, Azərbaycan televiziyasında xalq artisti Rasim Balayevin Həsənzadə əfsanələrindən sonra Fuad Poladovun yaratdığı Həsənzadə özünəməxsus rəng çalarlarına, ifa bütövlüyünə görə sələflərindən heç də geri qalmır.
Tamaşada Həsənzadənin (F.Poladov) qəlbini gəncləşdirən, onu tənhalıqdan qurtaran, xəyallara bürünmüş qaranlıq ömrünə işıq saçan Nargilə obrazını Respublikanın əməkdar artisti Məsmə Aslanqızı təqdim edir. Ana sevgisindən məhrum olan, valideyn məhəbbətinə, adi insani ünsiyyətə belə möhtac qalan Nargilə (M.Aslanqızı) Həsənzadədə (F.Poladov) həm də atalıq duyğusu oyadır. Tamaşada Həsənzadə ilə Nargiləni bir-birinə sanki ilahi bir ehtiyac bağlayır. Məsmə Aslanqızı tərəf-müqabilinə hərtərəfli layiq mükəmməl bir obraz yaradır. Onun yaratdığı Nargilə ərköyün qız uşağıdır. Nargilə (M.Aslanqızı) yeniyetmə oğlan paltarında, hərəkətlərində, davranışında, danışıq tərzində ərköyün uşağın obrazını təqdim edir. Nargilə (M.Aslanqızı) ilk baxışda yüngül təbiətli görünsə də, Həsənzadə (F.Poladov) bu görüntünün aldadıcı olduğunu başa düşür. Nargilə Həsənzadənin mənzilinə gələndə sanki onun buz heykəli əriyib, yox olur. Əvəzində isə gözümüz qarşısında canlı insan, kişi, ata və valideyn obrazı canlanır. F.Poladovun Həsənzadəsi Nargilənin (M.Aslanqızı) məhəbbətinə hörmətlə yanaşaraq, onun qəlbini sındırmaq istəmir. Buna görə də Nargilənin “sevgi nağılını” övladın ataya olan məhəbbətinə çevirməklə sanki odun üstünə sərin su səpmiş olur. Gözəl sənətkarımız Fuad Poladovun Həsənzadəsi Nargilənin (M.Aslanqızı) xoşbəxtliyi üçün əlindən gələni edir, hətta nəticədə isti ocağını da qoyub, bu “sevgi nağılı”ndan uzaqlaşmağı qərarlaşdırır.
Tanınmış rejissorumuz Azər Paşa Nemətovun təqdimatında Nargilə (M.Aslanqızı) ilə Həsənzadə (F.Poladov) ruhən, qəlbən, əqidəcə bir-birinə bağlı insanlardır. Fuad Poladovun Həsənzadəsi mövcud vəziyyətə tam nəzarət edir. Həsənzadə (F.Poladov) Nargilənin (M.Aslanqızı) sevgi hücumlarına ata nəvazişi ilə cavab verir. Tamaşada Nargilə (M.Aslanqızı) öz daxili hisslərini saxlaya bilməyib, Həsənzadənin (F.Poladov) üstünə hücum edərək, onu qucaqlamaq istəyəndə belə, o, əllərini yuxarı qaldırıb, sanki təslim olmuş kimi, onun qəlbini qırmır. Həsənzadə-Nargilə dialoqu bütün tamaşanın leytmotivini təşkil edir və bu prosesdə uğurlu aktyor ifası nəticəsində hər iki personaj səhnə əsərinin sonunda dəyişir. Həsənzadə ata kimi, məhrəm adam kimi Nargiləni həm anlayır, həm də qoruyur. Artıq Həsənzadə onu tənhalıqdan qurtarmış Nargiləni heç doğma anasının belə haqsız mühakiməsinə vermək istəmir. Nargilənin ərköyünlüyünü isə, onun sadəlövhlüyünə bağışlayır. Bütün bunları sevimli aktyorlarımız, mahir tərəf-müqabilləri Fuad Poladovun Həsənzadə və Məsmə Aslanqızının Nargilə obrazlarının ifalarında izləyirik. Hər iki aktyor gözəl ifaları ilə əvvəldən axıradək tamaşaçıların rəğbətini qazana bilir. Həmişə mükəmməl obrazları ilə seçilən və yadda qalan xalq artisti Şüküfə Yusupova isə tamaşada Həsənzadənin daim xatirələrində yaşayan həyat yoldaşı Xurşud xanımın ruhunun çox dəqiq təcəssümünə nail olmuşdur. Bu obraz dramaturji materiala görə Həsənzadənin dünyasını dəyişmiş sevimli xanımının surətidir. Rejissor yozumuna və aktrisanın təqdiminə görə, Xurşud xanımın ruhu da öz həyat yoldaşını bu günəcən sevməkdədir. Ona görə də istər Fuad Poladovun Həsənzadəsi, istərsə də Şükufə Yusupovanın Xurşud xanımı sevib-sevilmiş kişi-qadın obrazları kimi təqdim edilir. Bəlkə də elə bu səbəbdəndir ki, tamaşa boyu seyrçilər Şükufə xanımın canlandırdığı Xurşud xanım obrazının ruh olduğunu çox vaxt unudurlar.
Tamaşada Nargilənin anası Nəzakətin (H.Nəsirova), onun atalığı Fərəc obrazını təqdim edən (S.Məmmədov), Fərəcov obrazını nümayiş etdirən (E.Qarayev) və Surik surətində çıxış edən gənc aktrisanın (F.Əliyeva) işəri təqdirəlayiqdir.
Əməkdar artist Hicran Nəsirova Nargilənin anası Nəzakətin ziddiyyətli xarakterini inandırıcı boyalarla təqdim edir. Hicran Nəsirovanın uğurlu ifasında bu obraz Fərəc (S.Məmmədov) tərəfindən alçaldılmış, təhqir edilmiş, miskin bir qadında analıq hissinin oyanmasının dinamik inkişafını tamaşaçıya çatdırmağa nail olur.
Nargilənin atalığı Fərəc obrazı isə, əməkdar artist Sabir Məmmədovun ifasında ifa dəqiqliyi ilə göz oxşayır. Hər iki ifa tamaşa içində tamaşa prinsipinə müvafq olaraq seyrçi funksiyasını yerinə yetirir. Dramaturji materiala və rejissor yozumuna müvafiq olaraq onlar tamaşaçıların nifrətinə səbəb olur.
Surik obrazını yaradan gənc aktrisa Fəridə Əliyeva əvvəl şıltaq və ərköyün, sonra isə Həsənzadənin təsiri ilə həyatı anlamağa cəhd edən qızcığaz surətini təqdim edir.
Hər bir obraz, musiqi və tərtibat da daxil olmaqla əslində quruluşçu rejissor Azər Paşa Nemətovun düşüncəsinə görə ümuminin, bütövün ayrı-ayrı parçaları kimi təqdim olunur. Quruluşçu rejissor mürəkkb bir bütövün hissələrini qeyri-adi dəqiqliklə bir müstəvidə toplayaraq, təqdim etməyə nail olmuşdur.
Quruluşçu rejissor Azər Paşa Nemətov “Boy çiçəyi” tamaşası ilə bədii həyatın bütün cazibəsini təqdim olunan kəskin ziddiyyətlərin sosial mahiyyətini dərk etməklə, tamaşasının insanlar arasında qarşılıqlı əlaqə və təsir vasitəsi olduğunu duyub, tamaşaçını mənəvi təkamülə səsləyir. Bədii bütövlüyü ilə seçilən bu əsər, həm də obrazlı mahiyyətə malik olub, müasir tamaşaçıya estetik həzz verir. “Boy çiçəyi” əsərinin yüksək sənətkarlıq nümunəsi olan tamaşası yeni mənəvi-əxlaqi münasibətlərin təbiiliyi baxımından da qiymətlidir. Tamaşa bədii tamlığı, obrazlı strukturu, rəng çalarlarının bütövlüyü və dramatik hadisənin mükəmməl təqdimi ilə yadda qalır.
Tamaşanın rəssamı, musiqi tərtibatı və ümumən müəllifi Azər Paşa Nemətovdur. Rejissor tərəfindən təqdim olunan maraqlı səhnə tərtibatı və dəqiqliklə verilmiş, düşünülmüş musiqi tamaşanın estetik qavrayışına və çox maraqlı forma həllinə görə tamaşaçını lirik-psixoloji ovqata kökləyir. Tamaşanın musiqisi səsləndiyi andan səhnənin və obrazların görüntülərinə yardımçı olub, sanki tamaşanın musiqili obrazı kimi görünür.
Tamaşanın musiqi həlli emosional təsir gücü ilə obrazların zəngin həyəcan və yaşantılarını ifadə edir. Bu musiqi əsərin rejissor yozumuna müvafiq olaraq ideya-emosional məzmununu təcəssum etdirərək harmonik vəhdətdə səslənir. Tamaşanın musiqisi səsləndikcə dramatik hadisənin və bu hadisədə iştirak edən personajların xarakterlərinin açılmasının şahidi oluruq.
Tamaşa quruluşçu rejissor tərəfindən yüksək zövqlə və dəqiqliklə işlənmişdir. Hər bir obrazın qavrayışına və fikir yükünün tarazlaşmasına xidmət edən mizan hərəkət toplusu rejissor tərəfindən obrazların dramaturji fikir yükünə müvafiq təqdim edilmişdir.
Tamaşanın hər bir komponenti quruluşçu rejissor tərəfindən məharətlə işlənərək vahid kompozisiya daxilində birləşir. Maraqlı rejissor işləri ilə həmişə seçilən Azər Paşa Nemətovun quruluş verdiyi, daha dəqiq desək, müəllifi olduğu “Boy çiçəyi” tamaşasının poetik vüsəti, qeyri-adi zərgər dəqiqliyi ilə işlənmiş hərəkətlər toplusu, ritmi, dinamika və dramatizmin qeyri-adi harmoniyası tamaşaçıların duyğu və düşüncəsinə müsbət təsir edir. Tamaşada təsvir olunmuş obrazlar dünyasının psixofiziki hərəkətlər toplusu quruluşçu rejissorun yaratdığı əsərin bədii bütövlüyünü təmin edir.
Lirik-psixoloji janrda işlənmiş yüksək peşəkarlıq nümunəsi olan əsər başa çatır. Tamaşanın birinci hissəsində gördüyümüz ərköyün və şıltaq Nargilənin (M.Aslanqızı) yerinə əvvəl xalatda, sonra isə gözlərimiz qarşısında ona çox yaraşan plaşda cavan, gözəl və yetkin bir qız obrazı canlanır. Nargilə (M.Aslanqızı) artıq Həsənzadənin (F.Poladov) bir rəssam, bir yazıçı kimi yaratdığı və həyata hazırladığı kamil bir obraz – vətəndaşdır. Tamaşa boyu biz Boy çiçəyinin öz mütləq funksiyasını həyata keçirdiyinin şahidi oluruq. Bu baxımdan Həsənzadə (F.Poladov) gənc yaşlarında həyatdan küsdürülmüş qızcığazı – Nargiləni (M.Aslanqızını) pessimizmdən və depressiyadan çıxararaq onu ürəyi həyat eşqi ilə döyünən insana çevirir, onun anası Nəzakəti (H.Nəsirovanı) isə Fərəcin (S.Məmmədov) köləliyindən azad edir. O, hətta Nargilənin ətrafına da müsbət təsirini göstərərək, Suriki (F.Əliyeva) öz dünyasından qopararaq, normal həyata qaytarmağa nail olur. Artıq o, buradan gedə bilər. O, öz missiyasını başqa yerdə davam etdirməlidir. O, daha Nargiləyə (M.Aslanqızı) gərək deyil. Boy çiçəyi özü qalmır, xəzan olur, onun ətri isə, daimidir. Xurşud xanım (Ş.Yusupova) özü olmasa da, ancaq ruhu onu tanıyanların xatirəsində daim yaşamaqdadır. Xatirələrdə qalan insan isə canlı kimidir. Həsənzadə (F.Poladov) özünün becərdiyi boy çiçəyi kimidir. Harada yaşamağından asılı olmayaraq, o, həmişə insanlara yaxşılıq edir. Həsənzadənin (F.Poladov) evinin əşyalarını daşıyırlar. O, dibçəkdə becərdiyi boy çiçəyini özü ilə götürür.
Hamı, hətta Həsənzadənin sevimli xanımı Xurşudun ruhu da bir məkanın paralel üç müstəvisində qalır. Uzaqdan ayrılıq qatarının səsi eşidilir, işıqları görünür. O, səhnədə saat istiqamətində hərəkət edərək, üzü gələcəyə doğru yola düşür. Bir məkanın üç paralel müstəvisində qalanlar isə, saatın əks istiqamətində keçmişə qayıdırlar. “Boy çiçəyi” əsəri xatirələrə həkk olunmuş əfsanədir. “Boy çiçəyi” əsəri keçmişin xoş xatirəsidir. Keçmişin xoş xatirəsi isə keçmişdə qalmalıdır. Tamaşanın gözəlliyi də ondadır ki, rejissorun təqdimatında bu səhnə əsəri gözlərimiz qarşısında keçmişimizdən bugünümüzə açılan işıqlı bir pəncərə kimi canlanır.
İlyas Əfəndiyevin özü də yaratdığı əsərlərilə, əslində elə bizim üçün Boy çiçəyidir. Bu əsərlər boy çiçəyi kimi, İlyas Əfəndiyevin ideyalarını nəsillərdən-nəsillərə ötürür. Ülvi məhəbbətə və mənəviyyata ehtiyacın artdığı müasir dünyamızda İlyas Əfəndiyevin “Boy çiçəyi” və ya “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Unuda bilmirəm”, “Mənim günahım”, “Atayevlər ailəsi”, “Mahnı dağlarda qaldı” və başqa əsərləri bizi mənəvi paklığa səsləyir. Bu əsərlərə hər zaman müraciət edəcəklər, hər bir nəsil bu əsərlərdə öz həyatlarına uyğun nəsə tapa biləcək. Bu təbiidir. Çünki “Boy çiçəyi” özü xəzan olsa da, ətri uzunömürlü, bəlkə də əbədidir.
Əsər bitir. Xoş ovqat, xoş xatirə isə bizimlə qalır.
Hesab edirik ki, bu maraqlı və baxımlı əsər görkəmli dramaturqumuz İlyas Əfəndiyevin növbəti uğurlu premyerasıdır.
İnanırıq ki, mərhum İlyas müəllimin ruhu bu gün sağdır və bu tamaşaya öz xeyir-duasını verir.
Üzümüzü İlyas müəllimin ruhuna sarı tutub: Növbəti premyeran mübarək, ustad, quruluşçu rejissora isə: Uğuruna xeyir, Azər Paşa Nemətov! – deyirik.
Aydın AĞAZADƏ


Bu yazı ( 205 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar