12px14px16px18px

Çarpaz atəş altında: fərarilikdən qəhrəmanlığa

Zakir HÜSEYN
00:45 / 25.04.2012



İndiyə qədər yazılanlar əsasən müharibənin səbəbləri ilə nəticələrinə aid olub. O prosesi, həm qələbəni, həm də məğlubiyyəti yaşayan əsgər isə yaddan çıxarılıb. Əcəba, o günlərin döyüşçüsü ətrafında və daha uzaqlarda olub-bitənlərə necə baxırdı? Ondan ötrü müharibə nə idi, sülh nə məna ifadə edirdi? Ölüm-qalım döyüşlərinə onları könüllü aparan duyğu necə bir duyğudur? Bizim əsgər necə “yaranıb”, o, ruhən və cismən kimdir? O “məchul əsgər” haqqında nələr məlumdur bu gün?
Kim nə deyirsə desin, bütün müharibələrin əzabkeşləri olur, özü də əsasən Vətən müharibələrinin. Müharibənin ən yaxşı nişançıları da, üzərində ən qorxunc “silahların” sınaqdan çıxarıldığı nişangahlar da onlar olur – əsgərlər.
Özləri heç də doğru və yaxşı olmayanlar pis bir məqsəd güdüb fayda əldə etdikdən sonra rahatca, arxayın ürəklə işə bir az doğruluq, yaxşılıq dozası qarışdırmaqdan xoşlanırlar; sanki bir qarşılıq ödəyirmişlər, vicdanlarını təmizləyirmişlər kimi. Özlərini Azərbaycanın və Qarabağın fədakarları qismində göstərərək, bildiklərini edənlər, sərin ürəklə işə bir az dürüstlük ədvası qarışdırıb “vətənin cəngavərləri” olduqlarını sübut etmək istəyənlər kitablarda yazılan düzəni, görəsən, niyə qəbul etmək istəmədilər?
Öz vaxtında – istər yuxarıdan aşağı olsun, istərsə də tərsinə – apardığımız o müharibənin düsturu düzgün yazılmamışdı.

“Qarabağın taleyi Qarabağda yox, Bakıda həll olunur”

desələr də, Qarabağda döyüşlər gedirdi, orada səngərlər qazılırdı, həlqələr isə minalara bərkidilmişdi. Müharibənin çətinliklərinin içində olan, qarlı səngərlərdə çimir almayan əsgərlər isə Bakıdan çox şeylər gözləyirdilər: Vətənin acı taleyini bütün varlığı ilə hiss edərək! O anlarda xalqı aldadaraq özləri üçün “xoş xatirələr” yaradanların məclisindən fərqli olaraq, bu acını ən yaxşı onlar duyurdular, çünki onlar səngərdəydilər. Döyüş meydanı uzaqda deyildi, belə yerdə söz demək məclisdə söz deməyə bənzəməz. Müharibə – çətinlikdir. Çətinliksə onu hiss edənləri birləşdirir. Bu çətinliyi hiss etmiş olanlar bir daha siyasətbaz əlinə yaxa verməzlər. Buna məcbur edilsələr, onda Vətən çarpaz atəş altında qalar. Çarpaz atəş meyitlərin və yaralıların döyüş meydanında qalmasına səbəb olan, əsgər üçün arzuedilməz hadisədir. Amma müharibə hələ bitməyib, çarpaz atəş altına düşmək ehtimalı da çoxdur.
Bəs, görəsən, torpaqları işğal edilmiş yurdsevər bir xalqın içindən yüzlərlə fərari necə çıxdı? Doğma torpaq uğrunda vuruşmaq müqəddəs, ülvi bir aksiyadır. Xalq müharibəsi faktların, araşdırmaların ifadə edə bilməyəcəyi bir məfhumdur. Müharibə xalqın bağrını qanamı döndərir, yoxsa qəlbini qəddarlaşdırırmı? Hələ bu suala da cavab tapılmır. “Görəsən, torpaqları işğal olunan bir xalqın, müqəddəs müharibə edənlərin minlərlə fərarisi necə yaranmışdı” deyə bir də soruşuram.
O anlar gözlərimin qabağındadır. Həmin o günlərdə, düşmən qanımıza susayıb, kəndlərimizi atəşə verəndə

bədnam zahidlər

öz moizələri ilə hardansa peyda olmuşdular. Ancaq kəndirə, baltaya və pula sahiblik edən, “bir barmağın kəssən, dönüb haqdan qaçan” o mənfur zahidlər fərarilərə hökm oxuyub fitva verən zaman mən bu haqda düşünürdüm. “Görəsən, dünənki cəza təkrar olunacaqmı? Damarlara yayılan, ürəyi üzən qara-qorxu yenidənmi onun ruhunu dəmir məngənədə sıxacaq? “Nə olur olsun, bircə bunu etməsin” deyə Allaha yalvarırsansa da, kənardan görünür ki, o, elə məhz bunu edəcək!” Nə oldu, necə oldu – burada ən böyük sual budur.
Bizim müqəddəs müharibəmizdə günahsiz ölənlər olmadımı, məsuliyyətsizliyin, nankorluğun qurbanına çevrilənlər yoxdumu, nahaq gülləyə tuş gələn döyüşçü dostlarını, canıbir-qanıbir qardaşlarının xəyanətə uğrayıb ölümün caynağına atılmasına etiraz edib gicgahına, sinəsinin sol tərəfinə güllə sıxanlar olmadımı? Öndəki bacarıqsızlığından qeyzlənib, arxadakı aşpazdan, ocaqçıdan acığını çıxaraq, guya aşpaz, ocaqçı problemi, yarıtmazlıq sindromu yaşadığına görə onları güllələyən başıpozuq komandirlər görmədikmi? Fərarilik də vardı – rüşvətxorluğun, haqq-ədalətin tapdanmasının, qanunsuzluğun, insan heysiyyət və əxlaqındakı “qanitirmənin” nəticəsi kimi. Təsadüfi adamların maşasına çevrildik, əl agacına döndük, o viranə bayquşlarının Vətənimizi xarabazara çevirmələrinə imkan verdik.
Başqaları adamların inamını, ümidini qırıb-tökməklə məşğulkən, şəxsi nümunə olmağı hər şeydən üstün tutan bir zabit meydandakı səhər düzülüşündə düşmənlərin o istiqamətə atdığı mərmiyə cavab olaraq şəxsi heyətə

“Farağat” komandası

vermişdi. Çox da yaxına düşməyən, ancaq əsgərlərin durduğu yeri titrədən mərmilərin tükürpədən fitini, torpağa düşərkən qopardığı gurultunu əsgərlər qımıldanmadan seyr edirdilər. Əsgərləri üçün göz yaşı tökən, “əsgərlərim!” deyərək onlara ürəyinin odunu verən, onlarla son tikəsini bölən belələrinin haqqı var ki, fərarilərdən, fərarilikdən danışsın. Danışmağa haqqı olan bir əsgərin dilindən çıxanlara diqqət kəsilək:
Kimlərinsə vicdanları alıb-satdığı vaxt yenicə ələ keçirdiyimiz mövqeni köməksizlik ucbatından geri verməyə məcbur olub, qaçmağa başlayanda arxamızca səpələnən, başımızın üstündən, qulağımızın dibindən keçərək ətrafdakı kol-kosa dəyib vıyıldayan güllələrin yağışı altında qəfil bir “Anaaaa!” nidası eşidildi. O ölüm-dirim anında kimsə bunu eşitməzliyə vurdu bəlkə də. Ancaq arxadan “Dayanın, meyit qaldı!” çığıran əsgərin səsini eşidib geri dönəndə gördük ki, o, torpağa uzanmış yoldaşının əlindən tutaraq güllə yağışının içərisində dimdik dayanıb, gözlərindən yaşlar süzülür... Bax, həmin əsgərin ruh halı imkan verir ki, fərarilərdən söz açsın və fərarilərin də onu başa düşəcəyi labüddür.

Döyüşdən qaçan adamları durdurmaq

üçün mənəvi gücü çatmadığından onlara qara damğa vurmaqla kifayətlənənlər, onlarla dil tapa bilməyənlər acizdirlər, gücsüzdürlər, çünki daxilən təmiz deyillər, mənəvi səlahiyyətdən məhrumdurlar. Yoxsa əzabkeş, sadə, öz halal Vətənlərini qoruyan kasıb balalarının fərari olması, durduğu mövqedə axıradək dayanmaması mümkünmü?
Əgər düşmənlə üz-üzə duran döyüşçülər ertəsi gün hücuma keçəcəklərsə, gecə istehkamçılar düz düşmənin burnunun ucundakı mina səddindən qoşunların irəliləməsi üçün keçid açmalıdırlar. Həmin keçidlər bəlli olsun deyə mina sahəsində “gecə-keçid lampaları” qoyulur. Fənərə oxşayan “gecə-keçid lampaları” qırmızı və sarı işıq verir. Ancaq kitab qırmızı işığın qoyulmasını qadağan edir. Çünki bir azdan ölüm-dirim savaşına girəcək əsgərlərin qırmızı işığa diqqət kəsilməsi onlarda bir bədbinlik, tərəddüd yarada bilər. Müharibədəkilərə, döyüşənlərə əl içi boyda qırmızı işığın təsirindən də dəfələrlə zəif ədalətsizliklər səbəb olur fərariliyə!
Ancaq ən pis əsgərin də qəlbinin dərinliklərində vətəni qorumaq hissi olur. Həmin hissi üzə çıxarmaq, həyat kredosuna çevirmək səy və əmək tələb edir. Kim deyə bilər ki, əsgərlər Vətən naminə vuruşmaq istəmir. Generallarmı? Qətiyyən! Bununla özlərini tərksilah etmiş olarlar...
...Düşmən mərmilərinin zərbə dalğası onları havaya uçurmasın deyə, dırnaqları ilə torpaqdan yapışıb, yerə suvanıb, kol-kosdan tutub, dağa dırmaşmış, mövqeni ələ keçirmişdilər. Əməliyyat başa çatdıqdan sonra rəhbər – polkovnik ön xəttə tələsdi. Maşından düşdü: həmişə zəhmindən çəkinib, ciddiliyinə həsəd apardıqları bu adam ağlayırdı. Sizcə, əsgərlər bu göz yaşlarına biganə qala bilərdilərmi?
Sayı 40 minə yaxın ordudan “firar” edən vətəndaşlarımızın çoxu döyüşlərdə olub. Ordunu tərk edib, sonra yenə geri qayıdıb döyüşlərə qoşulanlardan elələrini göstərmək olar ki, günümüzün qəhrəmanıdırlar. Döyüşçü düzgün cəzanı qiymətləndirir. Ancaq cəza onu insanlıqdan çıxarmağa, sıradan kənara atmağa, əskiltməyə xidmət etməməlidir.

Çevrilmə

Üzüntülü, ölüm-dirim mübarizəli bir gecənin səhərində nə ilə qarşılaşsaq yaxşıdır? Səhərin sükutunu pozan qumru quşunun gah həzinlik, gah da vahimə yaradan səsinə iki əsgərin ayaqlarının tappıltısı, tövşümələri, xırıltıları qarışmışdı. Çiyinlərindəki əsgər torbası qumla dolu idi. Başları qırxılmışdı. Üzlərinin rəngi avazımış, dodaqları partlamışdı. Taqətləri qalmadığından artıq onlar qaça (fiziki cəza kimi verilmişdi) bilmirdilər, sadəcə, heysiz halda vurnuxma demək olardı buna.
Bu döyüşçülər başqa hərbi hissədən idilər. Sovet ordusunda xidmət etmişdilər, ildən çox idi bizim orduda vuruşurdular. Hərbi hissəni özbaşına tərk edərkən bizim alayın patrulları tərəfindən yaxalanmışdılar. Burada da hansısa ağıllı ortaya atılmışdı ki, bu “biqeyrət”lərə “ölümünə cəza” kəssin. İlahi, belə məqamlarda əllər necə uzanarmış, dillər necə ötərmiş, ürək necə daş olarmış... Adamı sarsıdan – “yıxılana balta vurmaq” psixologiyası! Halbuki bu cür cəza əvəzinə onun yaddaşını geri qaytarmaq lazım idi. Bunun üçün, Nayman Ana və manqurt oğul mükaliməsindəki kimi, bir qızmar ürəyin “Sənin atan Donenbaydır, Donenbay” deməsi kifayət edəcəkdi.
Kim necə təsəvvür edir, özünü Vətən uğrunda pulemyotun ağzına ata biləcək ogul nə boyda olmalıdır? Özü pulemyotun ağzına atıla biləcək komandir bu işi edərkən heç çətinlik çəkməyəcək adamı – hələ təlimə yenicə başlamış yeniyetməni göstərəndə qarşımızda arıq, çəlimsiz, üzünü çil basdığından sifəti tutqun görünən, ancaq gözlərindən qaynayan birisi dayanmışdı. Söhbətin ürəkdən, odlu, qaynar getdiyini başa düşmək çətin deyildi!
Hərbi qulluğa bir həftə idi ki, başlamışdıq. Gecə, yoldaşlardan ikisi müharibənin, xidmətin psixoloji sarsıntılarına tab gətirə bilməyib qaçmışdı. Bəlkə də biri o birinin felinə uymuşdu. Orduda belə vəziyyətləri dərhal çözürlər, qaçanların izinə düşüb tezcə tapır, geri qaytarırlar. Onların da yolu belə bağlanmışdı. Cəza proseduru başlandı. Biri Azərbaycanda doğulmamışdı. (ancaq dost-doğma azərbaycanlı idi.) Buna görə də onlarla fərariyə bəs edəcək cəza onun payına düşdü. Əslində o heç fərari də deyildi, sadəcə hərbi hissəni, müvəqqəti olaraq, özbaşına tərk etmişdi. Sonra guya “yoldaşlıq məhkəməsi” quruldu. Hamı istəyirdi ki, o ağlasın. Nə qədər əziyyət çəksə də, onun gözündən yaş çıxmadı. O vaxtdan sonra xeyli xəstəhal kimi dolaşdı. Aradan 8 ay keçdi. Vuruşmaların birində bütün alay qaçmağa başladı. Həmin vaxt onun “Hara qaçırsınız, qaçmayın, gəlin vuruşağın, gəlin...” deyə haray çəkərək düşmənə tərəf yeriyib atəş açmağı gözümün önündən getmir. Demə, o, bütün alayın, əliavtomatlı əsgərlərin, qumbaraatanların, snayperlərin əksinə gedib, düşmənin qarşısında durmağa qadir imiş!
Bəzən situasiya elə gətirirdi ki, təcrübəli, hərbi istedada malik mütəxəssislər “hərbi reketlərin”, qaraguruhun əlində əsir-yesir olurdu. Belə bir vaxtda nizam-intizam, qayda-qanun yaratmaq, qanunların komandir üzərinə qoyduğu vəzifələri yerinə yetirmək istəyən bir zabit ətrafındakı qaraguruhun təpikləri altına düşdü. Güc toplayıb ayağa qalxdı, qanla qarışıq, bir neçə dişini də tüpürüb dedi:
– Burada qanun adamı mənəm! Siz mənə tabe olacaqsınız! Görərsiniz, mən deyən olacaq! Hər iş qanun üzrə görüləcək!
O, dediyini – qanunun hökmünü yeritdi və döyüşlərdə kimin kim olduğunu sübuta yetirdi. Əməllərini, dediklərini, cəsarətini sübut etmək üçün döyüş ən yaxşı şəraitdir.
Hər şeyin qiymətinin eyni olduğu şəhərdə, su gətirənlə kuzə qıranı bərabər tutanda...
Fərarilər bağışlanmazdır. Ancaq insan təbiəti ziddiyyətlidir. Birdən-birə ani hissin təsirilə yanlış addım atılması ehtimalı hər zaman və hamı üçün var. Belə hallarda anlama və bağışlama bəzən ən sərt cəzadan da faydalı olur. Ən çox da o zaman ki, ətrafda qızğın döyüş gedir, ölüm-dirim hissiyyatı insanın təbiətini, daxili iqlimini az qala anbaan dəyişir.
Reallıq çox acıdır. Sadalanan gerçəkliklərin, yaddaşda canlanan epizodların fonunda o məşum sual hələ də aktual səslənir: doğrudanmı bizim əsgərlər vuruşmaq istəmir və ya qalibiyyətə layiq vuruşmağı bacarmırdılar? Sualdan qaçmaq, ona qəti cavab verməyib qüvvədə qalmasına göz yummaq da hardasa fərariliyə yozula bilər. Odur ki, bu lənətə gəlmiş sualı öz aktuallığından bu dəfə hamımız birlikdə düşürməliyik.
Zakir HÜSEYN


Bu yazı ( 226 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar