12px14px16px18px

Ordu ruhu

Zakir Hüseynov
04:26 / 24.09.2011
Özünü vurmuş əsgərin məzarı üstündə güllə atılmır. Döyüşdə həlak olanın məzarı önündə isə üç güllə atılır. Hərbi nizamnamədə belə təsbit olunub. Qanla yazılmış nizamnamələr əsgər şərəfini belə tərəziyə qoyub. Orduda qayda belədir bölmənin şəhid üzvlərinin adı axşam yoxlanışı kitabından çıxarılmır, adı birinci çəkilir, onun əvəzində, “mən”- deyə sıradaşlarından biri dillənir. Şəxsi heyətin yatmazdan qabaq marş oxuyub axşam gəzintisinə çıxdığı yer, həlak olmuş döyüş dostları ilə vidalaşdıqları yer – sıra meydanı məhz buna görə də müqəddəsdir. Sıra meydanından başlayan səfər, yürüş, gurultulu yaylım atəşi, əlbəyaxa döyüş... Böyük ruhu – ordu ruhunu, bilmirəm, anlada bildimmi.
Elə bilməyin ki, topların şam-şum elədiyi səngərlərdən toplara atəş açırlar. Onlar da qarşı topları susdurmaq üçün, əks səngərdəki piyadaları “döyürlər”. “Müharibənin allahı” artilleriya uzaqlarda, yüksəkliklərin arxasında gizlənmiş olur. Bu bir taktikadır. Gördünüz ki, şahmat gedişi kimi, “top” “piyada”nı vurur. Bəlkə elə buna görədir ki, bəzən həyatı, bəzən də döyüş meydanını şahmat taxtası hesab edən dahilər olub. Bəzən hərbi təlimlərin hərbi oyunlar adlandırılması da təsadüfi deyil. Böyük oyunun piyadalarına çevrilməmək üçünsə çox güclü olmalısan. Sonda qələbə qazanmaq üçün. Zəifliyin illüziyaya səbəb olmaması üçün. Sərkərdənin yoxoluşu haqqında xəbər yayan “panikaçı” və məğlub ruhlu döyüşçüyə – özünü vurmuş əsgərin o biri üzünə çevrilməmək üçün.
İndi müharibə yoxdur. Döyüş meydanları səssizdir. İnildəyən yaralı dostumuzun iztirablarına dayana bilməyib göz yaşı tökmürük, döyüş meydanında qalan silahdaşımızı çıxarmaq üçün ölümə atılmırıq.
Amma bugünün özünü vurmuş əsgərləri döyüş meydanında deyil, media sahəsində ordu üzərinə hücuma keçənlərdir. Burada bəzi mənafebazlar ordu şərəfini amansızlıqla ayaqlar altına atırlar.
Freyd “İki süni qurum: ordu və kilsə” əsərində ordu və kilsənin eyni düzənlə bütövləşdiyini isbata yetirməyə çalışırdı. Dindarlar və əsgərlər başçının ətrafında birləşirlər, burada hər hansı bir fərdə, din qardaşına və silahdaşa qarşı edilən hərəkət başçının əleyhinə yönəlmiş sayılır. Əslində burada fərdə sitayiş ümumiyə sitayişdir. Elə bu qurumları qoruyan da təkbaşlılıqdır, hamının yuxarı pillədəkinə hörmətlə yanaşmasının vacibliyidir. Məhz ona görə də dini demirəm, amma orduda siyasət qadağası var. Ordunu siyasətə çəkmək, onu böyük oyunun piyadalarına çevirmək olmaz. Qarabağ müharibəsi bunun ən böyük sübutudur. Qarabağ müharibəsi haqqında bir məqalədə yazılmışdı: “Minaatan dəhşətli silahdır, onunla ən dərin səngərin dibindəkiləri vurmaq olur. Minaatandan atılmış mərmi kimi istiqaməti bilinməyən və düz üzümüzə gələn, bizi parçalayaraq, ayıraraq məhv edən fikirlərin haradan gəlməsi, kimə xidmət etməsi sonradan bəlli oldu. Bənzətmə yerindədir. Minaatanla atəş zamanı, həm də mərmi düz aşağı millənən anda göydə qapqara bir tüstü buludu görünür. Dəfələrlə aramıza atılan məkrli ideyaların qara nəticəsi qədər”.
Qarabağ müharibəsində “libido” komandirlərdi. Azərbaycan zabitinə, komandirə sevgi ordan başlamışdı. Əsgərlə döyüşə gedən zabit, əsgəri döyüşə çağıran zabit alnıaçıq, üzağ idi. Onu Vətəni qorumaq düşündürürdü. Axı ən pis əsgərin də, qəlbinin dərinliklərində bir Vətən sevgisi var. Müharibə sübut edir ki, artıq, gərəksiz Vətən övladı yoxdur. Bu ən pisin qəlbinin dərinliklərindəki sevgini qaldırmaq üçün qəzet səhifələrində ittihamlar yox, əsgər səflərinə önündə komandir səsi ilə Vətəni xilasa aparan çağırışlar etmək lazımdır.
Bir də, zabit şərəfi həmişə uca tutulub. İndi Azərbaycan zabitinə qara yaxanlar yuxarıda demək istədiklərimizin müqabilində necə də duyğusuz və qəddar görünürlər. Bəs komandirinə qara yaxan zabit əsgərlər qarşısına necə çıxacaq? Ordusunu gözdən salmağa çalışan cəmiyyət üzvləri “illüziya və məğlubiyyət” arzusundadırlarmı? Keçmişin acı nəticələrindən ibrət götürməliyik. Nə qədər ki, gec deyil...
Zakir Hüseynov



Bu yazı ( 252 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar